Ceyran Rəhimova: "Güclü qadın ifadəsini xoşlamıram" - MÜSAHİBƏ

Ceyran Rəhimova: Ceyran Rəhimova: "Güclü qadın ifadəsini xoşlamıram" - MÜSAHİBƏ
"Verilişdə şou yaratmaq istəyirsənsə, ayrıca şou-proqram hazırla. Amma bütün verilişləri şouya çevirmək olmaz".
Bu sözləri tanınmış aparıcı Ceyran Rəhimova Teleqraf.com-a müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
- Ceyran xanım, uzun illər AzTV-də "Sən bir nəğmə" verilişinin aparıcısı olmusunuz. Maraqlıdır ki, yenidən televiziyada fəaliyyət göstərməyi düşünürsünüzmü?
- Yeni mövsümdə veriliş aparıcısı kimi tamaşaçıların qarşısına çıxa bilərəm. Hər şey qismətdən asılıdır. Aparıcı kimi fəaliyyət göstərməyə hazırlaşırdım, bacım Mehriban dünyasını dəyişdi.
- Əksəriyyət televiziyalarımızın bugünkü səviyyəsindən narazılıq edir. Peşəkar aparıcı kimi siz kanallarımızı necə dəyərləndirirsiniz?
- Əslində, demək olmaz ki, bu kanalda vəziyyət belədir, digərində daha yaxşıdır. Düzdür, hamının əziyyəti var, hər kəs zəhmət çəkir. Hər bir televiziya rəhbəri istəyər ki, kanalda yayımlanan verilişlər yüksəksəviyyəli olsun, bütün televiziya tamaşaçıları proqramları izləsinlər. Sadəcə, müəyyən kanallarda bəzi verilişlər var ki, onları ələkdən keçirmək lazımdır. Mən istəmərəm ki, kiminsə zəhmətini yerə çırpım. Elə kanal var, tamaşaçılar məhz o verilişlərə baxırlar, həmin proqramın və aparıcının daimi izləyiciləridir.
Bilirsiniz ki, zövqlər fərqlidir. Təbii, televiziyalar müəyyən auditoriya üçün çalışmamalıdır, bütün təbəqələri nəzərə almalıdırlar. Ziyalımızın da, yaşlı və gənc nəslimizin də baxa biləcəyi verilişlər yayımlanmalıdı. Məni ən çox narahat edən məsələ aparıcıların, layihə rəhbərlərinin efirdən şou çıxarmaq məqsədilə istifadə etmələridir. Süni şou yaratmaq lazım deyil. Tamaşaçı bir aparıcının gülüşünün belə saxta olduğunu hiss edirsə, o şounun nə əhəmiyyəti olacaq?
Məsələn, mən bir tamaşaçı kimi süniliyi hiss edirəm. Bir verilişin aparıcısı, adını qeyd etməyəcəyəm, hər sözünün əvvəlində də, sonunda da gülür. Baxan düşünür ki, hansı sözə və niyə güldü?! Axı, ortada gülməli bir şey yoxdur... Adi gülüşün də mənasızlığı, yersizliyi tamaşaçıya dərhal çatır.
Verilişdə şou yaratmaq istəyirsənsə, ayrıca şou-proqram hazırla. Amma bütün verilişləri şouya çevirmək olmaz. Bəzi aparıcılara məəttəl qalıram ki, bunu necə bacarırlar? Mən şəxsən aparıcı kimi heç vaxt elə hərəkəti edə bilməmişəm. Tamaşaçı süniliyi hiss edir. Görür ki, müəyyən səhnələr qeyri-peşəkarcasına qurulub.
- Bəs, hansı kanallarımızı izləyirsiniz?
- Sırf izlədiyim hansısa kanalımız yoxdur. Ancaq sosial mediada verilişlərdən qarşıma çıxan qısa süjetlərə baxıram. Televiziyalarımızda yayımlanan verilişlərimizi izləməyə nə zamanım, nə də səbrim var. Hansısa verilişimizi sona qədər izləyim... Xeyr, belə bir şey yoxdur.
- "Sən bir nəğmə"dən sonra fəaliyyətinizə fasilə verməyinizə rəğmən insanlar tərəfindən unudulmadınız və daim gündəmdə qaldınız.
- İnsanların məni unutmaması üçün xüsusi nələrsə etmədim. Amma doğrudur, bir aparıcı kimi yaddan çıxmadım.
- Siz həmçinin mətbuata, televiziyalara çıxmadınız, sosial şəbəkələrdən istifadə etmədiniz.
- Hər gün efirə çıxan aparıcılarımız var, düşünürlər ki, bir ay efirdə görünməsələr, həyat dayanar. Mən bu məsələyə o qədər laqeyd yanaşmışam ki... Efirdən getsəm, unudularam və sair düşünməmişəm. Özümü reklam etməklə məşğul olmamışam. Reklamla məşğul olum, gecə-gündüz işləyib pul qazanım kimi düşüncədə olmamışam.
Televiziya sahəsində çalışmaq çox çətin və məsuliyyətlidir. Ömür gedir, bir də ayılırsan ki, 50 yaşın var, həyatdan zövq almamısan. Mən həyatımı elə yaşamadım, amma, maşallah, indiki aparıcıların həyatlarının mərkəzində televiziya dayanır. Onlar özlərinə televiziyadan kənar həyat qura bilmirlər. Mən heç vaxt elə olmamışam.
Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) bitirmişəm. Televiziya sahəsinə təsadüfən gəlmişəm. İkinci ali təhsilim jurnalistika sahəsi ilə bağlı olub. Məşhurlaşım, tanınım, hamı məndən danışsın və sair fikrindən uzaq olmuşam. Günü bu gün də bu xüsusiyyətlərə can atmıram.
Sosial şəbəkədən istifadə məsələsinə gəlincə, buna heç kim mane olmayıb. Rəfiqəm, Xalq artisti Nəzakət Teymurova birgə şəkillərimizi sosial media hesabında paylaşırdı. O, şəkillərimizi paylaşanda da demirdim ki, Nəzakət, paylaşma. Həmişə Nəzakətin qızı Nigar deyirdi ki, Ceyran xala, gəlin birlikdə şəkil çəkdirək.
Yəni qadağa olsaydı, bunu Nəzakət Teymurova hiss edər və fotolarımızı paylaşmazdı. Bir az əvvəl dediyim kimi, qarşıma məqsəd qoymamışam ki, hamı məndən danışsın, reytinqli olum...
- AzTV-dən ayrılmağınıza səbəb nə oldu?
- Mən 23 yaşımdan 17 il televiziyada fəaliyyət göstərdim. AzTV-də beş-altı layihənin aparıcısı və müəllifi oldum. Müəllifi olduğum verilişlərə aparıcılıq etdim. Sonra AzTV-nin rəhbəri dəyişdi. Müəyyən şərtlər məni qane etmədi. Əslində, elə bir kaprizlərim də yox idi. Bir az özümü tükənmiş hiss etdim. Məzuniyyətə çıxdım, istirahət etmək xoşuma gəldi. Bunun üçün də televiziyadan uzaqlaşdım (Gülür).
Təbii ki, televiziyadan uzaqlaşmağımdan ailəmin də xoşu gəldi və buna öyrəşdilər. Evdə fəaliyyətə başlayacağımı deyəndə qulaqlarını çəkdilər ki, Allah eləməsin, sən işə dönəsən.
- Televiziyadan uzaqlaşmağınızın şəxsi həyatınızla da əlaqəsi vardımı?
- Xeyr, əgər elə bir qadağa olsaydı, bu sahədə davam etməzdim. Ailə qurandan sonra da "Sən bir nəğmə" verilişində aparıcılıq etdim. Mənə 25-30 yaşımda qadağa qoyulmayıbsa, 40 yaşımda niyə qoyulmalıydı?.
Sadəcə televiziyadakı problemlər evimizin içində cərəyan edirdi və həyatımıza, istirahətimizə mane olmağa başlamışdı. O dönəmdə televiziyada böyük dəyişikliklər aparılırdı. Bu dəyişikliklər mənə istər-istəməz təsir edirdi. Beləliklə, dediyim kimi, məzuniyyətə çıxdım və daha geri dönmədim. Anam da dedi ki, qızım, evdə otur. Onun 82 yaşı var, Əməkdar müəllimədir. Mənə televiziyaya qayıtmaq üçün təkan verən yox idi. Məsələn, indi dostlarım, ətrafım, media nümayəndələri, həyatımda müəyyən hadisələr baş verdiyinə görə istəyirlər ki, işimə qayıdım.
Özümü tamamilə ailəmə həsr etdim. Bundan çox rahat idim. Amma itkilər insanın həyatında çox böyük boşluqlar yaradır. Son 9-10 ayda iki ailə üzvümü itirdim. Bacım Mehriban 2019-cu ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun özü də xəstəliyini bilirdi, həkim idi. Xaraktercə çox güclü insan idi. Son nəfəsinə qədər xəstəliklə bağlı gözündən bir damla yaş da düşmədi. Həyatımda yaşadığım itkilərimə görə yaxınlarım televiziyaya dönməyimi istəyirlər.
- Belə bir söz var, gözəl qadınlar bəxtsiz olurlar. Bu ifadə ilə razısınızmı?
- "Gözəl qadınlar bəxtsiz olurlar" ifadəsi mənə yaddır. İstər qadın gözəl, istər də kifir olsun, Allah sənə hansı qisməti yazıbsa, onu yaşamağa məhkumsan. Onun gözəlliyə aidiyyəti yoxdur. Ola bilər, bəzi gözəl qadınlar daha yaxşı yaşamaq arzusunda olurlar, bu alınmayanda deyirlər ki, gözələm, ona görə bəxtim yoxdur.
İnsan öz həyatını gözəlləşdirməli, özünü xoşbəxt görməyi bacarmalıdır. Təbii, xoşbəxtlik əlimizdə deyil. Əlimizdə olanlara şükür etməliyik. Məgər mənim həyatımda əksikliklərim yoxdur? Əvvəla mən özümü gözəl hesab etmirəm. Çirkin qadın yoxdur, baxımsız qadın var. Mən qismətə inanan insanam.
- Duyğusal baxımından ən zəif anlarınız nə zaman olur?
- İndiyə qədər bütün çətinliklərin öhdəsindən Allahın köməyi ilə gəlmişəm. Heç vaxt gücsüz olmamışam. Güclü qadın ifadəsini də xoşlamıram. Qadın zərif və zəifdir. Amma həyat və düşdüyümüz situasiyalar bizi möhkəmləndirir. Xaraktercə möhkəm olmaq məcburiyyətini qəbul edirik. Mən heç bir çətinliyin qarşısında aciz qalmadım, amma itkilərin qarşısında acizəm.
Həyatımın ən aciz günlərini yaşadım. Üsyan etmirəm, Allah özü bilən məsləhətdir. Heç vaxt kövrək insan olmamışam. Bacım uşaqları məni ağlayan görəndə şoka düşürdülər ki, Cina ağlayır. Onlar mənə xala yox, "Cina" deyirlər. Doğmalarımı itirdikdən sonra gözümün yaşı qurumur... (Kövrəlir). Görürəm ki, itki qarşısında hər bir insan acizdir.
- Haqqınızda yayılan hansı şayiə sizi təəccübləndirib?
- Əvvəla deyim ki, haqqımda yaxşı və pis şayiələr yayıblar. Yaxşı şayiədən başlayım…Deyiblər ki, Ceyranın iki oğlu var.
Bacım uşaqları hər zaman mənimlə olublar. Mən uşaq sevənəm, ətrafımda hamı bilir ki, kimin uşağı olur-olsun onları əzizləməliyəm. Orta məktəbi bitirdikdən sonra atam mənə avtomobil almışdı. Mən sükan arxasına oturan kimi uşaqlar mütləq o avtomobilə minməli idilər. Hamı elə bilirdi ki, rəhmətə gedən bacımın iki oğlu mənim övladlarımdırlar. Deyirdilər ki, Ceyran Rəhimovanın iki oğlu var, daim onlarla bir yerdədir.
Haqqımda ən ağır şayiə isə odur ki, deyiblər, Ceyran avtomobil qəzasına düşüb ölüb. O şayiə üç ilə yaxın davam etdi. "Sən bir nəğmə" verilişinin efirə gedən vaxtları idi. Hər dəfə efirə çıxanda deyirdilər ki, veriliş lent yazısıdır. Fikirləşirdim ki, hər həftə efirə çıxıram və bu şayiə sona çatacaq. / oxu.az


Maraqlı     Baxılıb: 80   Tarix: 03 may 2024
f Paylaş

Oxşar xəbərlər

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Mədəniyyət AFİŞASI: Bakıda bu həftə hansı tədbirlər olacaq? - FOTO

Mədəniyyət AFİŞASI: Bakıda bu həftə hansı tədbirlər olacaq? - FOTO. yaxın günlərdə baş tutacaq tədbirləri bir siyahıya toplayıb. Burada mayın 6-dan 12-dək Azərbaycanın paytaxtında keçiriləcək tamaşalar, konsertlər, sərgilər

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı. ABŞ-də mütəxəssislər 1990-cı illərdə yoxa çıxan "S73-7" eksperimental peyki tapıblar. Peyki Harvard-Smitson Astrofizika Mərkəzinin alimləri aşkarlayıblar. Qey

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo


tezbazar son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeber en son xeberleri cəbhədən video en yeni xeberler