Gənclərdə panik atakları artıran 5 əsas səbəb

Gənclərdə panik atakları artıran 5 əsas səbəbGənclər arasında panik atak hallarında artım müşahidə olunur. Təhsil və iş həyatı ilə bağlı təzyiqlər, sosial media təsiri, qeyri-müəyyən gələcək narahatlığı, yuxu pozuntuları və gündəlik stress bu problemin əsas səbəbləri sırasında göstərilir.
Maraqlıdır, gənclər arasında panik atak hallarının artmasının əsas səbəbləri nələrdir?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən neyropsixoloq Aytəkin Aslan söyləyib ki, son illərdə gənclər arasında panik atak hallarının nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur:
"Əgər əvvəllər bu problemlə daha çox yetkin yaş qrupunda rastlaşırdıqsa, bu gün yeniyetmələr və gənc yetkinlər arasında da eyni vəziyyətə daha tez-tez təsadüf edilir. Öz klinik təcrübəmdə də bu tendensiyanı aydın şəkildə müşahidə edirəm. Müraciət edən gənclərin əksəriyyəti ilk baxışdan səbəbini izah edə bilmədikləri ürəkdöyünmə, nəfəs darlığı, boğulacaqmış kimi hiss, başgicəllənmə, bədəndə titrəmə və qəfil ölüm qorxusu yaşadıqlarını bildirirlər. Əslində isə bu əlamətlərin arxasında çox zaman uzun müddət yığılıb qalan psixoloji gərginlik dayanır. İnsanı davamlı qorxu içində saxlayan əsas amillərdən biri məhz naməlumluq hissidir. Buna görə də panik atakın necə yarandığını anlamaq və bu barədə məlumatlı olmaq qorxunu, eləcə də tutmaların şiddətini azaltmağa kömək edə bilər. Panik atak beynin təhlükəyə qarşı verdiyi müdafiə reaksiyasının həddindən artıq aktivləşməsidir. Bu prosesin mərkəzində amiqdala – beynin təhlükəni qiymətləndirən "siqnalizasiya sistemi" dayanır. Amiqdala real təhlükə ilə xəyali və ya emosional təhlükəni hər zaman dəqiq ayırd edə bilmir. Davamlı stress şəraitində o, "yüksək həssaslıq" rejiminə keçir və ən kiçik narahatlıq siqnalını belə həyati təhlükə kimi qəbul edir. Bununla paralel olaraq hipotalamus–hipofiz–böyrəküstü vəzi (HPA) oxu aktivləşir və orqanizmə kortizol və adrenalin ifraz etməsi üçün siqnal göndərir. Bu hormonlar ürək döyüntüsünü sürətləndirir, tənəffüsü dəyişir və əzələləri gərginləşdirir. Panik atak zamanı müşahidə olunan fiziki əlamətlərin əsas səbəbi də məhz budur. Eyni zamanda prefrontal korteks – məntiqi düşünmə və emosiyaların tənzimlənməsinə cavabdeh olan beyin nahiyəsi güclü stress zamanı fəaliyyətini zəiflədir. Nəticədə insan hadisələri sakit şəkildə təhlil etmək qabiliyyətini qismən itirir və bədənində baş verən normal fizioloji reaksiyaları həyati təhlükə kimi qiymətləndirir. Bu səbəbdən panik atak keçirən bir çox gənc infarkt keçirdiyini və ya nəfəsinin dayanacağını düşünür. Halbuki tibbi müayinələr zamanı ciddi fiziki problem aşkar olunmur. Müasir dövrdə gənclərin üzərində hiss etdikləri təzyiq əvvəlki illərlə müqayisədə daha mürəkkəb xarakter daşıyır. Akademik uğur qazanmaq, yüksək nəticələr göstərmək, nüfuzlu universitetə qəbul olmaq, daha sonra isə yaxşı iş tapmaq kimi gözləntilər onları davamlı performans göstərməyə məcbur edir. Bu uzunmüddətli gərginlik sinir sistemini yorur və beynin emosional tənzimləmə mexanizmlərini zəiflədir".
Neyropsixoloq əlavə edib ki, neyrobioloji baxımdan xroniki stress yaddaş və emosiyaların idarə olunmasında mühüm rol oynayan beyin strukturlarında funksional və struktur dəyişikliklərə səbəb ola bilər:
"Bu isə gələcəkdə insanın stressə davamlılığını azaldır. Çalışdığım pasiyentlər arasında xüsusilə imtahan dövründə və ya universitetə qəbul ərəfəsində ilk panik atak epizodunu yaşayan gənclərə tez-tez rast gəlirəm. Digər mühüm amillərdən biri sosial medianın psixoloji təsiridir. Sosial şəbəkələrdə insanların uğurlu, xoşbəxt və problemsiz həyat yaşadığı görüntüsü formalaşır. Gənclər isə çox vaxt öz real həyatlarını başqalarının paylaşdığı seçilmiş anlarla müqayisə edirlər. Bu müqayisələr zamanla özünəinamın azalmasına, uğursuzluq hissinin güclənməsinə və gələcəklə bağlı narahatlığın artmasına səbəb olur. Bundan əlavə, bildirişlər və daimi onlayn olma hissi beyində dopamin əsaslı "gözləmə-mükafat" mexanizmini davamlı aktiv saxlayır. Nəticədə sinir sistemi daim oyanıq vəziyyətdə qalır ki, bu da uzunmüddətli narahatlıq üçün əlverişli zəmin yaradır. Klinik praktikada tez-tez rast gəldiyim hallardan biri də budur ki, gənclər özlərini kifayət qədər uğurlu hesab etmədiklərini, daim nəyisə ertələdiklərini və başqalarından geri qaldıqlarını düşünürlər. Bu düşüncə tərzi isə narahatlıq pozuntularını qidalandıran əsas mexanizmlərdən biridir. Gələcəklə bağlı qeyri-müəyyənlik də panik atakların artmasında mühüm rol oynayır. İqtisadi çətinliklər, əmək bazarındakı rəqabət, maddi müstəqillik qazanmaq istəyi və cəmiyyətin yüksək gözləntiləri gənclərdə davamlı gərginlik yaradır. Beyin uzun müddət qeyri-müəyyənlik şəraitində qaldıqda təhlükə siqnallarını daha həssas qəbul etməyə başlayır. Neyrobiologiyada bu vəziyyət allostatik yük adlanır. Yəni orqanizm uzun müddət "hazır ol" rejimində işləyir və zamanla tükənir. Nəticədə kiçik bir narahatlıq belə güclü panik reaksiyasına çevrilə bilir. Son illərdə diqqət çəkən digər problem isə yuxu pozuntularıdır. Gec saatlara qədər telefon istifadəsi, sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək və nizamsız həyat tərzi beynin kifayət qədər istirahət etməsinə imkan vermir. Halbuki keyfiyyətli yuxu emosiyaların tənzimlənməsi üçün həyati əhəmiyyət daşıyır. Dərin yuxu fazasında beyin gün ərzində toplanmış emosional gərginliyi emal edir və amiqdalanın həssaslığını normal səviyyəyə qaytarmağa kömək edir. Yuxusuzluq zamanı isə diqqət, yaddaş və emosional nəzarət zəifləyir, bu da narahatlıq səviyyəsini daha da artırır. Müşahidələrim göstərir ki, panik atak səbəbilə müraciət edən gənclərin əhəmiyyətli hissəsində yuxu rejimi ciddi şəkildə pozulub".
Aytəkin Aslan panik atakın yaranmasına təsir edən amillərin yalnız bir səbəblə məhdudlaşmadığını qeyd edib:
"Çox vaxt ailədaxili problemlər, emosional travmalar, itkilər, münasibətlərdə yaşanan çətinliklər və gündəlik stress bir-birinə əlavə olunaraq sinir sisteminin həddindən artıq yüklənməsinə səbəb olur. İnsan beyni müəyyən müddət bu yükü kompensasiya edə bilir, lakin resurslar tükəndikdə panik atak həmin yüklənmənin görünən nəticəsinə çevrilir. Təəssüf ki, bir çox gənc yaşadığı panik atakı fiziki xəstəlik hesab edir və dəfələrlə müxtəlif tibbi müayinələrdən keçir. Nəticələr normal olduqda isə özünü daha da çaşqın hiss edir. Halbuki panik atak zəif xarakterin və ya iradəsizliyin göstəricisi deyil. Bu, beynin və sinir sisteminin uzunmüddətli psixoloji yüklənməyə verdiyi reaksiyadır və düzgün psixoloji müdaxilə ilə uğurla idarə oluna bilir. Sevindirici tərəfi odur ki, beyin sabit quruluş deyil. Neyroplastiklik sayəsində düzgün psixoloji müdaxilə, nəfəs tənzimləmə texnikaları, idrak-davranış terapiyası və sağlam gündəlik vərdişlər vasitəsilə amiqdalanın həssaslığını azaltmaq, prefrontal korteksin tənzimləyici rolunu gücləndirmək mümkündür. Başqa sözlə, beyin bu reaksiyanı öyrəndiyi kimi, sakitliyi də yenidən öyrənə bilir. Mənim klinik təcrübəmdə ən vacib məqamlardan biri gənclərə yaşadıqları vəziyyətin təhlükəli olmadığını, lakin diqqətdən kənarda saxlanılmamalı olduğunu izah etməkdir. Onlar panik atakın mexanizmini anladıqca öz bədən reaksiyalarını daha düzgün qiymətləndirməyə başlayırlar. Paralel olaraq stressin idarə olunması, emosional tənzimləmə bacarıqlarının inkişaf etdirilməsi, yuxu gigiyenasının bərpası və lazım gəldikdə psixoterapevtik dəstək əksər hallarda müsbət nəticələr verir. Bu yolda Hz. Mövlanaya aid edilən belə bir fikir xatırlanır: "Yara işığın içəri girdiyi yerdir." Panik atak da müəyyən mənada bədənin göndərdiyi bir xəbərdarlıqdır. O, diqqətdən kənarda qalmış yorğunluğun, sıxıntının və emosional yüklənmənin görünən ifadəsidir.
Gənclər arasında panik atak hallarının artması təkcə fərdi problem deyil, həm də cəmiyyətin psixoloji sağlamlığı baxımından mühüm göstəricidir. Bu səbəbdən ailələrin, təhsil müəssisələrinin və mütəxəssislərin birgə fəaliyyəti, psixi sağlamlıq sahəsində maarifləndirmənin artırılması və gənclərin vaxtında peşəkar dəstəyə yönləndirilməsi böyük əhəmiyyət daşıyır. Erkən müdaxilə həm panik atakların təkrarlanmasının qarşısını almağa, həm də gənclərin həyat keyfiyyətini və psixoloji dayanıqlığını əhəmiyyətli dərəcədə artırmağa imkan verir". / azxeber.com

Sosial       Tarix: 05 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son vəziyyət son xeber.az xeber saytlari az xeber