Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq

Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.
Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir. Bu istiqamətdə atılacaq addımların gələcəkdə müxtəlif sahələrdə, o cümlədən təhsil sistemində necə əks olunacağı maraq doğuran məsələlərdəndir. Xüsusilə ali təhsil müəssisələrində dərs cədvəllərinin daha çevik təşkil edilməsi, tədris prosesinin fərqli iş qrafiklərinə uyğunlaşdırılması və tələbələrlə müəllimlər üçün daha elastik təhsil modelinin formalaşdırılması məsələsi gündəmə gələ bilər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Taleh Mirzəyev Cebhe.info-ya bildirib ki, hazırkı mərhələdə universitet olaraq müvafiq qaydaların təsdiq olunmasını və səlahiyyətli orqanlar, yəni mərkəzi icra hakimiyyəti orqanları tərəfindən həmin qaydalara uyğun tövsiyələrin verilməsini, eləcə də hansı iş modellərinin tətbiq olunacağına dair qərarların qüvvəyə minməsini və bu modellərin açıqlanmasını gözləyirlər.
Xəzər Universitetinin İctimaiyyətlə Əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli bildirib ki, hər il olduğu kimi bu dərs ilində də çevik iş vaxtı rejiminin tətbiqindən istifadə ediləcək. Azərbaycan İqtisad Universitetinin (UNEC) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova bildirib ki, bu məsələ hələ müzakirə edilməyib.
Azərbaycan Texniki Universitetinə mətbuat katibi Sevinc İsgəndərova bildirib ki,AzTU-da dərslər saat 9:00-da başlayır. Dərs saatının dəyişdirilməsi müzakirə olunmur.
Universitetlərdə dərs saatlarının dəyişməsi labüddürmü?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
"Prezidentin Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı" dövlətin makroiqtisadi və sosial siyasətində keyfiyyətcə yeni bir mərhələnin başlandığını göstərir. Beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejimi modellərinin hüquqi və praktiki əsaslarının yaradılması təkcə korporativ sektoru deyil, insan kapitalının reproduksiyası ilə məşğul olan ən fundamental institutu – ali təhsil sistemini də dərindən transformasiya etmək zərurəti yaradır. Bu kontekstdə ali məktəblərdə dərs saatlarının dəyişdirilməsi məsələsinə sadəcə qrafik islahatı kimi deyil, təhsilin fəlsəfəsinin və təşkilati idarəetmə sosiologiyasının dəyişməsi prizmasından yanaşmaq lazımdır".
Fəlsəfə doktoru əlavə edib ki, akademik və administrativ idarəetmə nöqteyi-nəzərindən universitetlərdə dərs saatlarının mexaniki şəkildə dəyişdirilməsi mütləq və hər kəs üçün eyni olan, yəni unifikasiya edilmiş bir labüdlük deyil:
"Lakin qrafiklərin diversifikasiyası və fərdiləşdirilməsi qaçılmaz bir prosesdir və bu şaxələndirilmənin bir neçə fundamental səbəbi vardır. Birincisi, "Ali təhsil haqqında" qanunvericiliyin prinsiplərinə görə, universitetlər publik hüquqi şəxs kimi öz daxili nizamnamələrini və tədris qrafiklərini müəyyən etməkdə müstəqildirlər. Məhz bu səbəbdən vahid və şaquli bir əmrlə bütün universitetlərdə dərslərin eyni vaxtda dəyişdirilməsi effektiv deyil və gözlənilmir. İkincisi, bu gün tələbəlik təkcə təhsil almaq mərhələsi deyil, çünki yuxarı kurs tələbələrinin böyük qismi əmək bazarına erkən inteqrasiya edir. Əgər dövlət əmək bazarında çevik iş rejimlərini qanuniləşdirirsə, ali təhsil sistemi bu bazara kadr hazırlayan bir struktur kimi öz qrafikini həmin işləyən tələbələrin və müəllimlərin zaman büdcəsinə uyğunlaşdırmağa məcburdur".
İlqar Orucova görə, mediada əks olunan universitet rəsmilərinin mövqelərindəki fərqlilik təhsil müəssisələrinin institusional hazırlığı və funksional profili ilə birbaşa bağlıdır:
"Belə ki, özəl ali təhsil müəssisələri beynəlxalq kredit sistemini (Boloniya prosesi və ECTS) daha dinamik tətbiq edir. Onların təşkilati strukturu bürokratik ləngimələrdən uzaq olduğu üçün bazardakı və qanunvericilikdəki dəyişikliklərə çevik reaksiya verir. Əksinə, texniki və iqtisadi profilli universitetlərdə laboratoriya dərslərinin intensivliyi və tələbə sayının çoxluğu kütləvi qrafik dəyişikliyini mürəkkəbləşdirir. Məsələn, AzTU-nun "dərs saatının dəyişdirilməsi müzakirə olunmur" açıqlaması müəssisənin mövcud infrastruktur və auditoriya imkanlarının tam yüklənməsi ilə izah oluna bilər. ADPU isə dövlət müəssisəsi olaraq müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi çərçivəni tam formalaşdırmasını gözləyir ki, bu da klassik hüquqi idarəetmənin təbii elementidir. Bu baxımdan, 2026-2030-cu illər ərzində normativ aktlar qəbul edildikdən sonra universitetlərin keçə biləcəyi bir neçə fundamental model mümkün ola bilər. Məsələn, nəzəri mühazirələrin asinxron formatda təşkili, universitet binalarında isə yalnız praktiki seminar və laborator dərslərin keçirilməsi fiziki olaraq dərs saatının deyil, tədris məkanının dəyişməsi ilə nəticələnə bilər. Və yaxud dərslərin saat 09:00-da başlaması stereotipindən qaçaraq, günün pik saatlarını relyefli şəkildə bölmək variantı da mümkündür. Ölkəmizin bəzi universitetlərində tətbiq olunduğu kimi bakalavr pilləsi üçün səhər, magistratura və MBA proqramları üçün isə modul tipli axşam qrafiklərinin təşkil edilməsi formatı daha da genişlənə bilər. Üstəlik, Bakı kimi böyük meqapolisdə universitetlərin dərs qrafiki həm də urbanistik və logistik bir problemdir. Universitetlərin dərs başlama saatlarını daxili qərarlarla differensiasiya etməsi (məsələn, bəzilərində 08:30, bəzilərində 10:00) şəhərin nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azaldacaqdır ki, bu da müasir təhsil menecmentinin sosial məsuliyyət istiqamətidir".
Müsahib yekun olaraq qeyd edib ki, universitetlərdə dərs saatlarının mexaniki şəkildə dəyişməsi birtərəfli bir məcburiyyət deyil, institusional zərurətdir:
"Müasir idarəetmə metodologiyası tələb edir ki, ali məktəblər inzibati əmrləri gözləmədən öz daxili resurslarını, tələbə sosiologiyasını və rəqəmsal infrastrukturunu vaxtında təftiş etsinlər. Beynəlxalq təcrübə göstərir ki, əmək bazarında çevik iş rejiminə keçən cəmiyyətlərdə ali təhsil müəssisələri sabit zaman-məkan çərçivəsindən çıxaraq ömürboyu təhsil platformasına çevrilir. Azərbaycan ali təhsil sistemi də bu hüquqi-struktur islahatlara təhdid kimi deyil, təhsilin keyfiyyətini, inklüzivliyini və əlçatanlığını artıracaq qlobal trendlərə inteqrasiya imkanı kimi baxmalıdır". / azxeber.com

Sosial       Tarix: 12 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər son xabar xeberler bugun 2026 hava durumu