Günəş altında bu saatlarda ehtiyatlı olun: Dəri xərçəngi riskini artıra bilər
Yay aylarında tez-tez rast gəlinən günəş yanıqları təkcə müvəqqəti qızartıya səbəb olmur. Mütəxəssislərin sözlərinə görə, uzun müddət qorunmadan günəş altında qalmaq dəri hüceyrələrinin DNT-sində zədələnmələr yarada, erkən qocalma, qalıcı piqment ləkələri və dəri xərçəngi riskini artıra bilər.
Yay mövsümündə dəniz və istirahət mövsümünün canlanması ilə yanaşı, günəş şüalarının sağlamlığa mənfi təsirləri də yenidən diqqət mərkəzinə gəlib. Xüsusilə saat 10:00–16:00 arasında ultrabənövşəyi (UV) şüaların təsiri maksimum səviyyəyə çatır və bu saatlarda qorunmadan günəş altında qalmaq qısa müddətdə ciddi yanıqlara səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, günəş yanıqlarını sadəcə dəri qızartısı kimi qiymətləndirmək düzgün deyil. UV şüaları dərinin yalnız üst qatını deyil, hüceyrə səviyyəsində DNT-ni də zədələyə bilər. Bu isə zaman keçdikcə erkən dəri qocalması, piqment ləkələri və dəri xərçənginin yaranma ehtimalını artırır.
Dermatoloq Dr. Mələk Kəsir Koçun sözlərinə görə, uşaqlar, yaşlılar və açıq dərili insanlar günəş yanıqlarına qarşı daha həssasdırlar. Körpə və uşaqların dərisi daha nazik olduğu üçün UV şüaları dərinin dərin qatlarına daha asan nüfuz edir.
Mütəxəssis 6 aydan kiçik körpələr üçün qoruyucu geyim və enli kənarlı papaqlardan istifadə etməyi, daha böyük uşaqlarda isə mineral filtrli SPF 50+ günəş kremlərinə üstünlük verilməsini tövsiyə edir. Yaşlı insanlarda isə dərinin bərpa qabiliyyətinin zəifləməsi və bəzi dərmanların günəşə həssaslığı artırması riski yüksəldir.
Günəş yanığı baş verdikdə, ilk yardımın düzgün göstərilməsi sağalma prosesinə birbaşa təsir edir. Həkimlər bol su qəbulunu, yanıq nahiyəsinə soyuq kompres tətbiq etməyi və tərkibində spirt və ya ətir olmayan nəmləndirici vasitələrdən istifadə etməyi məsləhət görürlər. Həmçinin dərinin qıcıqlanmaması üçün geniş və pambıq parçadan hazırlanmış geyimlər seçilməsi tövsiyə olunur.
Bununla yanaşı, xalq arasında geniş yayılmış qatıq və ya diş məcunu sürtmək kimi üsulların faydadan çox zərər verə biləcəyi vurğulanır. Bu vasitələr müvəqqəti sərinlik hissi yaratsa da, dərinin nəfəs almasına mane olaraq infeksiya riskini artıra bilər.
Mütəxəssislər su toplamış qabarcıqların partladılmamasını, soyulan dərinin qoparılmamasını, həmçinin isti su ilə çimmək və ya dərini sərt şəkildə ovmaqdan çəkinməyi tövsiyə edirlər.
Əgər günəş yanığından sonra yüksək hərarət, üşütmə, şüur bulanıqlığı, güclü baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, həddindən artıq susuzluq, ağız quruluğu və sidik ifrazının əhəmiyyətli dərəcədə azalması kimi əlamətlər müşahidə olunarsa, dərhal tibb müəssisəsinə müraciət etmək lazımdır.
Mütəxəssislərin fikrincə, ən böyük təhlükə təkrarlanan günəş yanıqlarıdır. UVB şüaları dəri hüceyrələrinin DNT-sini zədələyir, UVA şüaları isə kollagen və elastin liflərini zəiflədərək dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Xüsusilə uşaqlıq dövründə ağır günəş yanıqları keçirən insanlarda melanoma inkişaf etmə riski təxminən iki dəfə artır.
Həkimlər bildirirlər ki, günəşdən qorunmaq üçün təkcə günəş kremindən istifadə kifayət etmir. Ən azı SPF 30, yay aylarında isə SPF 50+ və geniş spektrli qoruyucu vasitələrdən istifadə olunmalı, krem çölə çıxmazdan 15–20 dəqiqə əvvəl çəkilməli, üzgüçülük və ya güclü tərləmədən sonra yenidən tətbiq edilməlidir.
Bundan əlavə, enli kənarlı papaq, UV qoruyuculu gün eynəyi və qoruyucu geyimlərdən istifadə də vacib hesab olunur.
Mütəxəssislər xatırladırlar ki, kölgədə olmaq və ya havanın buludlu keçməsi tam təhlükəsizlik demək deyil. Qum və dəniz səthi günəş şüalarını əks etdirdiyi üçün kölgədə belə UV şüalarına məruz qalmaq mümkündür. Buludlu havalarda da ultrabənövşəyi şüaların böyük hissəsi Yer səthinə çatmağa davam edir.
Sağlam dəri üçün gün ərzində 2,5–3 litr su içmək, günəşdən sonra duş qəbul edərək dərini duz və xlordan təmizləmək, ardınca nəmləndirici və ya günəş sonrası qulluq vasitələrindən istifadə etmək tövsiyə olunur. Həmçinin çimərliyə getməzdən əvvəl ətir və spirt tərkibli kosmetik vasitələrdən istifadə etməmək məsləhət görülür.
Çünki bu məhsullar günəşlə qarşılıqlı təsirə girərək qalıcı dəri ləkələrinin yaranmasına səbəb ola bilər.
/Demokrat.az / azxeber.com

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib