Tarix və təbiətin ahəngi: İsgəndərin dirilik suyu axtardığı yerdən REPORTAJ - FOTO
Tarix və təbiətin ahəngi: İsgəndərin dirilik suyu axtardığı yerdən REPORTAJ - FOTO
"Go Türkiye" proqramı çərçivəsində baş tutan Türkiyə səfərimizin ikinci günündə Bingöl şəhərinə üz tutduq. Düzünü desək, bura öncəki yazımızda bəhs etdiyimiz Muş şəhəri qədər tarixi abidələrlə zəngin deyil. Səbəb isə tarix boyu Bingölün bəyliklərə, Elazığ və Ərzincan kimi şəhərlərə bağlı bir rayon statusunda olmasıdır. Lakin 1946-cı ildə ərazi şəhər statusu alır. İlkin adı da Çapaqçur olur. Bələdçimiz bildirir ki, "çapaqçur" sözü çayın başlanğıcında qurulan bir şəhər mənasını verir.
Bu məkanın təsvirini detallı vermək üçün tarixə qısa ekskursiya etməyin yerinə düşəcəyi fikrindəyəm. Söhbət o tarixdən gedir ki, həmin vaxt Əmir Teymur ilk dəfə rəqibinə məğlub olub. Bəli, 1387-ci ildə Ərzurumun Çapaqçur suyu adlanan yerində Əmir Teymurun ordusu Qaraqoyunlu Qara Məhəmmədin qüvvələri tərəfindən darmadağın edilir. Çapaqçur təkcə 1946-cı ildə şəhər olaraq deyil, həm də ondan 559 il əvvəl bu döyüşlə adını tarixə yazıb.
Deyilənə görə, bu yer hələ ən qədimdə urartuların məskəni olub. Hətta Urartu kralı burada müdafiə məqsədilə qala qurdurub. Lakin sonradan dağılıb. Başqa bir rəvayətə görə isə buradakı qala Makedoniyalı İsgəndər tərəfindən inşa etdirilib. Belə ki, bir gün Makedoniyalı İsgəndər ağır xəstəliklə üzləşir, ondan xilas üçün həkimlərini çağırır, lakin heç kəs onun dərdinə əlac tapmır. Nəticədə İsgəndər ab-həyat (həyat suyu) arxasınca bugünkü Bingölə gəlir. Onun mənbəsini tapmasa da, mənbədən bəslənən bir bulaq tapır, dərhal sudan içir və sağlamlığına qovuşur. Hesab edir ki, Allah onu sevdiyi üçün cənnət suyunu tapmasına kömək edir. Bunun şərəfinə həmin yerdə bir qala inşa etdirir. Lakin çoxsaylı müharibələr nəticəsində qala dağılır.
Çapaqçurun Bingölə çevrilmə yoluna keçməzdən öncə bir maraqlı məlumatı da bölüşmək istərdim. Bələdçimiz Ramazan bəyin sözlərinə görə, hazırda dünyada Urartu dilini bilən üç nəfər var, onlardan biri Vanda yaşayan Mehmet adlı şəxsdir. Pandemiyadan əvvəl tez-tez konfranslarda çıxış etmək üçün ABŞ-dən dəvətlər alırmış. Mehmet bəy bu dili yeni nəsillərə öyrətməyə maraqlı olsa da, təəssüf ki, gənclərdə öyrənməyə həvəsin olmadığını deyirlər.
Qayıdaq yenidən Çapaqçura… Şəhər 1950-ci ildən etibarən Bingöl adlandırılır. Bu gün Bingölün 250 minə yaxın əhalisi var. Mərkəzdə universitet də fəaliyyət göstərir və Bingöl Universitetində hazırda 15 min tələbə təhsil alır. Yerli əhali, əsasən, təsərrüfat və heyvandarlıqla məşğuldur. Etnik tərkib isə Hind-Avropa əsilli zazalardan formalaşıb. Şəhərdə turistləri cəlb edən ən maraqlı məkan Üzən Adalardır. Bu adalardan dünyanın bir çox yerində var. Türkiyədə isə 20 məkanda onlara rast gəlmək mümkündür. Burada suyun dərinliyi 57 metrdir. Adaların yaranma yolu isə olduqca qəribədir. Belə ki, bu kiçik adacıqlarda olan bitkilər mikrohüceyrələri yeyir və yedikdən sonra metan qazı ifraz edir. Nəticədə həmin qaz suda hərəkət edərək torpağın batmamasına şərait yaradır. Biz ərazini ziyarət edərkən ətraf bataqlıq olduğu üçün adalara çox yaxınlaşmaq mümkün olmadı. Müşahidələrimə əsasən, yaxın vaxtlarda öz-özünə yeni bir adacığın da yaranacağını deyə bilərəm.
Əvvəldə də qeyd etdiyim kimi, Bingöl müasir və gözoxşayan şəhər olsa da, tarixi abidələr çoxluq təşkil etmir. Ona görə də qısa müddət sonra üçüncü şəhərə - Tunceliyə yol alırıq. Ərazidə ilk məskunlaşma eramızdan əvvəl 2200-cü illərdə olub. Tunceli dənizdən 940 metr yüksəkdə yerləşir. Əhali sayı 85 min nəfərdir. Burada yerləşən universitetdə yeddi min tələbə təhsil alır. Kiçik şəhər olsa da, əhalinin oxuma səviyyəsi yüksəkdir. Ölkənin savadlı vəkillərinin buralı olduğuna dair fikirlər də var.
İlk səfər etdiyimiz məkan Munzur Vadisi Milli Parkıdır. Vadi Tuncelidən səkkiz kilometr yuxarıda yerləşir və uzunluğu 70 kilometrdir. Ancaq vaxt məhdudiyyəti səbəbilə bizim vadini tam gəzməyimiz mümkün olmadı. Bura Türkiyənin ən böyük milli parklarından biridir və 1972-ci ildə milli park statusunu alıb. Məkanın spesifik xüsusiyyəti isə burada 1600-ə yaxın endemik bitkinin yetişməsidir. Onlardan 47-sini dünyanın başqa yerində tapmaq mümkün deyil. Ətrafdakı sular Munzur dağının ətəklərindən axır. Bu dağ isə Orta Tavr və Şərqi Tavr dağı arasında yerləşir, ən yüksək təpəsi 3340 metrdir. Munzur vadisi su idman növləri ilə məşğul olmaq üçün olduqca əlverişlidir. Müxtəlif zamanlarda ərazidə yerli və xarici turistləri cəlb etmək məqsədilə festivallar keçirilir.
Şəhərdəki ən baxımlı ikinci məkan Malazgirt Muzeyində olduğu kimi, tarixilik və müasirliyin vəhdəti ilə gözqamaşdıran Tunceli Muzeyidir. Muzeyin müdiri Kənan Öncerin sözü ilə desək, Tunceli şəhərini şəhər edən yerdir bura. Çünki bina inşa edildiyi dövrdə Tunceli şəhər statusu daşımırmış. Muzey binasının təməli 1935-ci ildə atılıb. Avstriya və alman memarları tərəfindən dizayn verilib. 1936-cı ildə binanın inşası başa çatıb, lakin muzey statusu alması XX əsrdə mümkün olmayıb.
Bina 1937-ci ildə Milli Müdafiə Nazirliyi tərəfindən hərbi məqsədlə istifadə olunub. 1949-cu ildən 1990-cı illərə kimi məmurların yaşayış yeri kimi istifadə edilib, 1990-2015-ci illərdə isə Tuncelinin 65 imkansız ailəsinin evi olub. Yəni şəhərdə kasıbların yaşadığı bina muzeyə çevrilib, bu mənada Tunceli sakinləri üçün böyük əhəmiyyət daşıyır. Muzeyə çevrilmə işləri 2015-ci ildə başa çatıb, lakin 2020-ci ilin dekabrında istifadəyə verilib. Şəhərin mərkəzində 33 min insanın yaşadığı halda, muzey 23 ayda 40 mindən çox ziyarətçi qəbul edib. Bura klassik bir arxeologiya muzeyi deyil, bu məkan Tuncelinin bütün hekayələrini diqqətə çatdırır.
Kənan Öncer deyir ki, muzey açılmadan əvvəl Tuncelinin arxeologiyası elə dərindən bilinmirmiş. Ancaq muzeydən sonra bölgədə qazıntı və tədqiqat işlərinə başlanıb. Bu məkanda Paleolit dövründən günümüzədək olan yaşayış tərzi əks etdirilib. Əvvəllər Tuncelidə muzey olmadığı üçün bölgədə aşkarlanan bütün mədəniyyət tapıntıları Elazığ Muzeyinə aparılıb. Burada ilk dəfə 1968-ci ildə beynəlxalq əməkdaşlıq çərçivəsində qazıntı işləri aparılıb. Muzey açılandan sonra isə Mədəniyyət və Turizm Nazirliyinin icazəsi ilə Elazığ Muzeyindəki əsərlər Tunceliyə gətirilib. Hazırda da müəyyən sahələrdə qazıntı işləri, elmi tədqiqatlar aparılır.
Mədəniyyət mərkəzində Urartu mədəniyyətinə aid 1980-ci ildə aşkarlanan tapıntılar da var. Ən maraqlı məqam isə 3D animasiyanın yaradılmasıdır. Animasiyada bundan yeddi min il əvvəl Tunceli coğrafiyasındakı bir kəndin necə olduğu göstərilir.
Hətta muzeydə romalılara aid əsərlərə də yer verilib. Onlara göz yaşı şüşələri deyilir. Rəvayətə görə, Roma əsgəri savaşa və ya səfərə getmədən əvvəl nişanlısı və ya sevgilisi onu ağladıb göz yaşını həmin şüşəyə tökərmiş, bu, sədaqətin nümayişi imiş.
Müxtəlif dövlətlərə aid dəmir pullar da burada yer alır. Həmçinin fotolarla vaxtilə ərazidə mövcud olan rituallar canlandırılır. Məzarlıqlarda da rastlaşacağımız qoç başlı məzar daşları göstərilir və s.
Kənan Öncer hər danışanda insan bütün muzeylərdə belə bilgili idarəçilərin olmasını arzulayır. İşinə o qədər sevgi ilə yanaşır ki, arabir insanların dəyərlərinə sahib çıxmamasından da gileylənir:
"Biz bu gün öz istehsal etdiklərimizə sahib çıxmırıq. Məsələn, Munzur dağlarının pendiri çox məşhurdur, amma sahib çıxmadığımız üçün Ərzincanda markalaşıb. Arıçılıq bölgənin ən əsas məşğuliyyətlərindəndir. Ən zəngin bal burada istehsal olunur, amma Bingöldə markalaşıb. Biz bu otağı hazırlayarkən dəyərlərimizi göstərməyə çalışdıq. Düşündük ki, bu yolla Tunceli insanları sahib olduqlarını xatırlayar və qoruyarlar. Flora və fauna olaraq ən zəngin coğrafiyalardan biri Tuncelidir. Təxminən 1600 bitki növü var. Amma insanlarımız əllərində olan sərvəti təqdim etməyi bacarmırlar. Ona görə də muzeydə onları nümayiş etdirməyə çalışdıq".
Tunceli Muzeyi ələvilik inancının təsvir olunduğu yeganə yerdir. Ələvilik nədir, dörd qapı hansı mənaya gəlir - bir sözlə, dərin qatlardakı inancların burada detallı izahı verilir. Buranın insanları səhər oyandıqda Günəşə doğru üç addım ataraq ona dua edirlər. Bu adət də muzeydə əks olunub. Məlumatlar həm digital formada, həm də canlandırma yolu ilə qonaqlara ötürülür. O qədər hərtərəfli bir məkandır ki, gəzməklə bitmir, insanları tanımadan onlar haqqında fikir sahibi olursan, görmədən doğmalaşırsan.
Ələvilikdə əsas qəhrəmanlardan biri Munzur babadır. Bu muzeydə onun da canlandırmasına yer verilib. Munzur baba mifoloji bir qəhrəmandır. Hətta əfsanəsi var. Deyilənə görə, vaxtilə burada bir pir yaşayır. Pirin gözəl qızı olur, o qız bir gün vəfat edir. Öləndən sonra pir yuxuda görür ki, qızı ona: "Ata, qəbrimi aç, məndə bir əmanət var, onu sənə verməliyəm", - deyir, pir bu yuxunu bir neçə dəfə görür. Nəhayət yuxu yozanlarla məsləhətləşir və məzarı açmağa qərar verir. Açanda məzarın içində bir körpənin şəhadət barmağını əmdiyini görür. Uşağı oradan götürüb məzarı örtür. Qızı pirə uşağın adının Munzur qoyulmasını istədiyini deyir. İllər keçir, uşaq yeddi yaşına çatır. Ovacıq kəndində bir ağanın yanında çoban kimi işə başlayır. Həcc vaxtı ağası həcc ziyarətinə gedir. Uşaq ağanın xanımının yanına gəlib: "Ağam halva istəyir, hazırlayarsanmı?" -deyir. Ağanın xanımı təəccüblənsə də, halvanı hazırlayır, boğcaya qoyub uşağa verir. Ağa isə Məkkədə namaz qılır, namazı bitirməyinə az qalmış Munzuru görür, o da Munzurun buraya gəlməyinə təəccüblənir. Munzur isə: "Ağam, ürəyin halva istədi, sənə halva gətirdim", - deyir. Ağa yenidən təəccüblənir, çünki doğrudan da, ürəyi halva istəyirmiş. Halvanı alan kimi Munzur yoxa çıxır. Həcdən qayıdanda hamı ağanı ziyarətə gəlir, hədiyyə verir. Munzur isə çoban olduğu üçün qoyundan süd sağıb ağasına süd gətirir. Hamı ağanın əlini öpmək istəyəndə, ağa "Munzurun əlini öpün" deyib hadisəni danışır. Munzur isə bunu eşidən kimi əlini öpdürməmək üçün oradan qaçır. Qaçarkən Munzur çayının başladığı yerdə süddən bir-iki damcı yerə düşür və oradan su çıxır. O qaçmağa davam edir və əlindəki süd bu dəfə tamamilə tökülür, beləliklə, Munzur çayı yaranır…
Bingöl və Tunceli şəhərlərini görmək, bələdçilərdən belə maraqlı hadisələri eşitmək insanı təkrarən həmin torpaqlara getməyə sövq edir. Bu qısa zaman kəsiyində bizi özünə belə valeh edən şəhərlər, yəqin ki, əraziyə daha uzun müddətə gələn turistlərin könlündə taxt qurar…
Ardı var…
Sayad Həsənli / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]