Ana, gör necə qəhrəman olacam dedi və oldu

Ana, gör necə qəhrəman olacam dedi və olduSözünə sadiq igid kimi son damla qanınadək savaşıb əbədiyaşarlıq qazandı
Həmin gün özündə deyildi. Cismi evdə, ruhu başqa yerdə idi... 
Ətrafındakı hər kəsi görür, amma dediklərini eşitmirdi... 
"O" məşum zəng gəldikdən sonra isə, həmişə Əlihüseynin sevinc, gülüş səsləri ilə dolan evləri əbədi olaraq kədərli sükuta, zülmətə qərq oldu...
Bir andaca dünyası qaralan, beli bükülən ananın qulaqlarında "ana, gör sənin oğlun necə qəhrəman oğul olacaq...", - deyən qürurlu bir səs dayanmadan təkrarlanmağa başladı. 
Bu, ana torpaq uğrunda sinəsini düşmən mərmisinə sipər edən cəsur Azərbaycan oğlu Əlihüseyn Məmmədovun şəhadətə ucalmazdan öncə anası Arzu xanıma dediyi son sözləri idi. 
Beləcə, vətəninə canı qədər bağlı olan, torpağını anası qədər sevən Əlihüseyn  son dəfə anasına dediyi kimi, düşmənə qarşı igidliklə vuruşmuş,  müqəddəs torpaq uğrunda qəhrəmancasına şəhid olaraq şərəfli adını Azərbaycan tarixinə yazmışdı. 
"Söz ver mənə, işdir birdən ölsəm, mənim üçün ağlama"
Əlihüseyn Elşad oğlu Məmmədov 1998-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. Uşaqlıqdan qoçaqlığı, vətənpərvərliyi ilə yaşıdlarından seçilirdi. Şəkidə orta məktəbi bitirərək 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Energetika mühəndisliyi" fakültəsinə daxil olur. Məktəb və tələbəlik illərində mərdliyi, ədalətsevərliyi, mədəniyyəti ilə həmişə seçilir və sevilir.
Universitetə qəbul olduğu andan elə hey ali təhsili bitirib hərbi xidmətə getmək üçün tələsirdi. O, diplom müdafiəsi üzrə işlərini tamamladıqdan sonra bütün fikrini tamamilə hərbiyə yönəltmişdi. Gözü yolda, hərbi komissarlıqdan gələcək məktubda idi.
2020-ci ilin yayında Əlihüseyn evə gələrək, "Hərbi komissarlıga getdim, komissiyadan keçdim, iyulun 7-si gedirəm", - deyərək əlindəki qeydiyyat vərəqini sevinclə anasına göstərdi. 
Yaddaşına ömürlük həkk olunan o günlə bağlı anası Arzu Məmmədova deyir ki, Əlihüseynin sevincinin hədd-hüdudu yox idi, uçmağa tək qanadı çatmırdı. Anasının gözlərindəki yaşı görən Əlihüseyn, "Ana, niyə ağlayırsan? Mən hərbi xidmətə getməliyəm, hamı kimi vətənə olan borcumu ödəməliyəm. Axı bu məhəbbəti, Vətən borcunu ödəmək hissini mənə siz aşılamısız. İndi isə xeyir-dua ver. Söz ver mənə, işdir birdən ölsəm, mənim üçün ağlama. Sənin göz yaşlarına dözə bilmədiyimi bilirsən axı...", - deyib onu bağrına basır.
"İstəmirəm ki, şəhid anasını dərddən beli bükülmüş görsünlər"
Beləliklə, 2020-ci ilin yayında Əlihüseyn hərbi xidmətə yollanır. Onun xidmət etdiyi hərbi hissə uzaq rayonda yerləşdiyi üçün valideynlərinə əziyyət verməmək məqsədilə yanına gəlmələrini istəmirdi.  Buna baxmayaraq, valideynləri onu görməyə gedirlər. Özü də bu görüşün Əlihüseynlə son görüşləri olacağından xəbərsiz...
Sentyabrın 27-də, işğal altında olan torpaqlarımız uğrunda əks-həmlə əməliyyatı başlayanda Əlihüseynin anası özünə yer tapmır. Çünki övladını yaxşı tanıyırdı. Bilirdi ki, o, qərar tutub yerində qalmayacaq, heç hərbi xidmətdə təcrübəsinin az olmasına da məhəl qoymayacaq. Könüllü olaraq komandirinə döyüşə getmək istədiyini deyəcək... 
Hər gün böyük həyəcanla telefon zəngini gözləyən ana oktyabrın 7-si sonuncu dəfə övladının səsini eşidir. Arzu xanım Əlihüseyn ilə o son dialoqunu belə xatırlayır: "Çox sevincli idi. Sanki nəsə qazanmışdı və onun sevincini yaşayırdı, qürurla danışırdı, "Yaxşıyam, ana, narahat olma" deyirdi".
Amma ana narahat olur. Bu da əbəs deyilmiş. Oktyabrın 9-u Əlihüseynin şəhadət xəbəri gəlir, həmin gündən dünyası qaralır.
Arzu xanım deyir ki, övladının bir daha dönməyəcəyini bilsə də, ürəyi bunu qəbul etmir, hələ də Əlihüseynin yolunu gözləyir: "Hər gün işdən gələndə gözüm onu axtarır. Başıma qara da bağlamıram. Bağlasam, onun yoxluğunu qəbul etmiş olaram. Ağlamamağa çalışıram, çünki istəmirəm şəhid anasını aciz, sıxılmış, dərddən beli bükülmüş görsünlər. Əksinə, şəhid anası güclü, mərd, qorxmaz, yenilməz olmalıdır. Əgər övlad itkisinə dözə bilirsə, demək hər şeyə gücü çatar". 
Gözün arxada qalmasın, şəhidim
Əlihüseyn Məmmədov 2020-ci il oktyabrın 9-da Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 
Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı Vətən borcunu şərəflə yerinə yetirmiş, igidliyi və şücaəti nümayiş etdirmiş Əlihüseyn Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Gözün arxada qalmasın, şəhidim. Başladığın yolu silahdaşların şərəflə bitirdi. 30 ildir həsrətini çəkdiyimiz torpaqlarımız düşmən tapdağından azad olundu. 
Ruhun arxayın dolaşsın vətənin aydın səmalarında, bizə əmanət etdiyin əzizlərinin istiqbalında.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"  / azxeber.com

Sosial     Baxılıb: 286   Tarix: 09 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

FHN: Binəqədidə quyuya düşərək köməksiz qalan şəxsin axtarışları davam etdirilir

Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziy

Azərbaycanın Rus icması azərbaycanlılara qarşı Rusiya güc strukturlarının qəddar davranışını pisləyir

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib. xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir. Bəyanatda xatırladılır ki, iyunun 27-də Yekaterinburqda hüquq-mühafiz

Deputat: Rusiya mehriban qonşuluq siyasəti anlamadı

Rusiya bu cür təzyiqlərlə qonşu müsəlman ölkələrinin öz siyasətinə dəstək verməsini istəyir. xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov danışıb. O qeyd edi

Azərbaycanda iki valyuta yenidən bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, 2025-ci il iyunun 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0429 manat təşkil edib. Rusiyanın 100 rublu 2,173

Üç nazirlikdən radiasiya - Açıqlaması

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, "İzotop" xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasını

Kəlbəcərdə yük maşını çaya aşıb, sürücü ölüb

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb. Tovuz rayon sakini 1998-ci il təvəllüdlü O. Mustafayev idarə etdiyi "HOWO" markal

Füzulidə kanalda batan şəxsin kimliyi məlum olub

Füzulidə su kanalında batan şəxsin kimliyi məlum olub. "Report"un Qarabağ Bürosuna istinadən xəbər verir ki, Füzuli rayonu Kərimbəyli kənd sakini 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlu kənd ərazisində

Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb

Yekaterinburqda Rusiya güc strukturları tərəfindən zorakılıqla saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə iclası başa çatıb. "Report"a istinadən xəbər verir ki, üç şəxs – Akif, Ayaz və Məzahir Səfərovlar barəsind

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti "Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası"nı təsdiq edib. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri hava son xəbərlər azərbaycanda qurban bayrami 2025 valyuta mezennesi