İnsanlar monitor arxasında şirə dönürlər, virtual qəhrəmana çevrilirlər' - Naqif Həmzəyev 'Onun 10 cavabı'nda

İnsanlar monitor arxasında şirə dönürlər, virtual qəhrəmana çevrilirlər' - Naqif Həmzəyev 'Onun 10 cavabı'ndaazxeber.com-un "Onun 10 cavabı" rubrikasının bu həftəki qonağı Milli Məclisin deputatı Naqif Həmzəyevdir.
Deputat ona ünvanlanan 10 suala cavab verib.

1. Naqif bəy, xoş gəlmisiniz. Yaşınıza görə gənc deputat hesab edilə bilərsiniz, ancaq həm də 9 ildir ki, deputatsınız. Özünüzü hansı kateqoriyaya aid edirsiniz gənc yoxsa təcrübəli deputat? 
- Açığını deyim, mən ilk dəfə deputat seçiləndə gənc idim. Sonradan təbii ki, bioloji yaş öz sözünü deyir. İnsanın yeni təqvim ili üzərinə gəlir. Ancaq mən bacardığım qədər çalışıram ki, ruhən həmişə gənc qalım. Ancaq fiziki görünüş baxımından da mən özümü gənc hesab edirəm. Xüsusilə də gənclərlə mütamadi işlədiyim üçün düşünürəm ki, gənclərdən özümü ayıra bilmirəm və özümü həm gənc millət vəkili hesab edirəm, eyni zamanda təcrübəli millət vəkili hesab edirəm. Çünki nə qədər olmasa, hər saniyənin, hər dəqiqənin öz hökmü var. Mən də kifayət qədər, məndən qat-qat təcrübəli olan millət vəkillərindən və o cümlədən mühitdən çox şeylər öyrənmişəm. Lakin yenə də öyrənməyə davam edirəm. Bacardığım qədər çalışıram gəncliyimi qoruyum, eyni zamanda təcrübənin üzərinə təcrübə gəlsin.
 
2. Gəncənin problemlərini tez-tez Parlamentdə dilə gətirirsiniz. Sizcə, hazırda Gəncənin hansı problemləri var? 
- Bilirsiniz, ümumiyyətlə, Azərbaycan dövləti regionların inkişaf proqramlarını həyata keçirir və Gəncə şəhəri də bu proqramlardan ən çox fayda görmüş şəhərlərdən biridir. Gəncə şəhərinin siması gündən-günə dəyişir. Böyük inkişaf var. Ancaq istənilən halda inkişaf olan yerdə, iş olan yerdə nöqsan da olur, problem də olur və bilirsiniz ki, vətəndaşların heç var istək, arzusu da bitmir. Bu da normal bir haldır. Ancaq istənilən halda bizi ən çox narahat edən Gəncə şəhərinin yollarının Bakı ilə müqayisədə yaxşı vəziyyətdə olmamasıdır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Biz bilirik ki, Gəncədə su kanalizasiya layihələri icra olunmaqdadır. Bu layihələr tam yekunlaşmadığı üçün bir çox küçələrdə və prospektlərdə asfaltlanma işini həyata keçirə bilmirlər. Ancaq bəzi ərazilər var ki, o asfaltanma işini keyfiyyətli görmədikləri üçün çox təəssüflər olsun ki, nöqsanlar hələ də qalır. Bununla yanaşı ikinci böyük problem çox təəssüflər olsun ki, işsizliklə, məşğulluqla əlaqədərdir. Çoxlu fabrik zavodlar var idi ki, onlar fəaliyyətini dayandırıblar və Gəncə şəhəri şəhər statusundadır. Burada kənd təsərrüfatı ilə məşğul olmaq olmaz. Sənaye şəhəri olmalıdır və uzun illər Qarabağ işğal altında olduğu üçün, məhz sahibkarlar tərəfindən bu yeni iş yerlərinin yaradılması ilə bağlı böyük sərmayə qoyula bilmədi. Bu da müəyyən çətinliklər yaradır. Çünki Gəncə şəhərin əhalisi çoxdur, gənclərimizin sayı çoxdur və gənclərin iş yerini tapa bilməməsi bizi narahat edir. Savadlı, bilikli gənclərimiz Bakı şəhərinə üz tuturlar. Çünki onlar iş tapa bilmədikdə biz o gəncləri Gəncə şəhərində itiririk. Ancaq istənilən halda bu problemlərin həlli ilə bağlı müvafiq aidiyyatı dövlət qurumları çalışırlar. Mən inanıram ki, yaxın gələcəkdə biz problemləri həll edə biləcəyik.
 
3. Uzun illər Gəncədə yaşayırdınız, hazırda bildiyim qədərilə Bakıya köçmüsünüz. Bakıdan Gəncə necə görünür?
- Bu suala səmimi olaraq cavab verəcəm. Açıq deyim, Gəncəyə gedəndə Bakıya gəlmək istəmirsən, Bakıda olanda da Gəncəyə getmək istəmirsən. Çox maraqlı bir hissdir. Çünki istər-istəməz inkişaf daha çox Bakıda gedir, özünüz bilirsiniz. Televiziyalar Bakıdadır, bizim iş yerimiz daha çox Bakıdadır, ancaq bizim seçildiyimiz yer isə Gəncə şəhəridir. Biz hər dəfə Gəncəyə gedirik, vətəndaşlarla görüşürük, seçicilərimizlə görüşürük. İstər-istəməz çoxlu problemlər bizim qarşımızda qaldırırlar. Biz yerli icra hakimiyyəti orqanları, mərkəzi icra hakimiyyəti orqanları ilə problemlərinin həllinə çalışırıq. Mən istəyirəm ki, Gəncədən Bakıya baxanda biz Gəncə ilə Bakıya arasında heç bir fərq görməyək. Mən bunu istəyirəm, ancaq təbii ki, bu istəkdir və bunun əldə edilməsi üçün çox çalışmalıyıq. Çünki Bakı şəhəri paytaxt şəhərdir, Gəncə şəhəri isə qədim paytaxtımızdır. İstər-istəməz bu müəyyən dərəcədə o qədər də asan görülən iş deyil. Gəncədən öz koloriti var, Gəncənin öz xüsusiyyətləri var, gəncəlilərin proseslərə öz fərqli yanaşma tərzləri var. Bu baxımdan da bunlar da müəyyən çətinliklər yaradır ki, biz Bakı ilə tam rəqabətə gedək. Ancaq istənən halda mən istəyərdim ki, bu sağlam rəqabət olsun. Necə ki, biz Bakıdan Gəncəyə gedəndə və yaxud başqa bir rayondan, şəhərlərimizdən Gəncəyə gələndə Gəncəni sevirik, qucaqlayırıq və Gəncədən getmək istəmirik. Mən istəyirəm həqiqətən yerli camaatla Gəncədə qalsınlar, xüsusilə də gənclərimiz Gəncədə qalsınlar. Gənclər üçün orada yaxşı şərait yaradılsın. İdmanla məşğul olmaq üçün yaxşı şərait yaradılsın və bizim Gəncədə böyüyən, boya-başa çatan bizim gənclərimiz və vətəndaşlarımız Gəncəyə öz bilik və bacarıqlarını Gəncəyə versinlər. Gedib başqa yerdə çalışmasınlar.
 
4. Sosial şəbəkələrdən aktiv şəkildə istifadə edən deputatlardan birisiniz. Cəmiyyət sosial mediada niyə əsəbidir? Niyə hər şeyi qara görən kütlə formalaşıb? 
- Smartfon və ya kompüter arxasında çox təəssüf olsun ki, təkcə Azərbaycanda deyil, hər bir ölkədə belə bir hallar var, insanlar şirə dönürlər, virtual qəhrəmana çevrilirlər və yaxud öz hədəflərində olan, oxşamaq istədikləri qəhrəmana xarakteri sosial mediada və yaxud da virtual aləmdə canlandırmaq istəyirlər. Real həyata gəldikdə isə biz həmin insanlardan eyni hərəkəti görə bilmirik. Bütün bunlarla yanaşı bəzən bizim çox təəssüflər olsun ki, insanlarımız öz uğursuzluqlarının səbəbini uğurlu insanların irəli getməsində və yaxud uğur qazanmasında görürlər. Onlar anlamırlar ki, sən də uğur qazanmağın üçün əziyyət çəkməlisən. Yəni, biz vaxtımızı düzgün idarə edə bilsək, sosial şəbəkələrdə kimlərəsə fayda verib özümüzə ziyan verməyə dayandıra bilsək, inanın ki, həmin insan da çox irəli gedə bilər, çox böyük uğur qazana bilər. Bu baxımdan da o gərginlik istər-istəməz günü-gündən sosial mediada artır. Xüsusilə də burada başqa bir məsələ də var. Xarici faktorlar var. Hansı ki, onlar sosial media vasitəsilə insanları manipulyasiya etmək istəyirlər və insanları daha da qəzəbləndirmək, əsəbləşdirmək, insanları fərqli bir istiqamətə yönləndirmək hətta insanları çox pis vərdişlərə sövq etmək, insanların vəsaitlərini, enerjilərini sovurmaq, almaq və onlardan istifadə etmək istəyirlər ki, bunların da çox böyük səbəbləri var. Mən düşünürəm ki, biz bu baxımdan gənclərimizi xüsusilə də sosial medianın mənfi təsirlərindən gözləməliyik.
 
5. Həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirildi. Sizin bu qərara münasibətiniz necədir?
- Bilirsiniz, həqiqi hərbi xidmətlə bağlı hər ölkənin öz fərqli yanaşmaları olur və hər ölkənin reallıqları olur. Biz də bilirsiz ki, müstəqilliyimizi yenidən bərpa etdikdən sonra topraqlarımız Ermənistan tərəfindən işğal edilmişdir və Ermənistan havadarlarının dəstəyi ilə 30 ilə yaxın bu işğal prosesi davam etdi. Bu baxımdan da biz hərbi xidmətə öz prizmamızdan yanaşırdıq və şükürlər olsun ki, bizim qəhrəman əsgərlərimiz və zabitlərimiz canı, qanı bahasına topraqlarımızı işğaldan azad etdi. Bu gün görürsünüz ki, 44 günlük Vətən Müharibəsində zəfərdən sonra artıq Azərbaycan yeni ordu modelinə keçid başladı. Cənab Prezidentin, Ali Baş Komandanın rəhbərliyi altında artıq biz komando tipli hərbi hissələr, hərbi birləşmələr yaradırıq və ordunun daxilində çoxlu islahatlar həyata keçirilir. Yeni texnikalar, silah-sursatlar ordunun inventarına daxil edilir. Bunlar artıq peşəkar ordunun vacibliyini şərtləndirir. Bu baxımdan da biz böyük ehtimalla mərhələli şəkildə, yaxın gələcəkdə daha çox professional əsgərlərin, müddətdən artıq xidmət edən gizirlərimizin və zabitlərin sayının çox olmasına çalışacayıq. Əgər sülh əldə olunarsa və regionda uzun müddətli və dayanıqlı sülhə nail olarıqsa, mən düşünürəm ki, bu müzakirə olunan məsələ və ordu ilə, yaşla bağlı, daha sonra orada nəzərdə tutulan bir çox sosial işlərin hərbi xidmət müddətində icrası ilə bağlı layihələri reallaşdıra bilərik. Ancaq hazırda isə gördüyünüz kimi, hələ sülh əldə olunmayıb, hələ də Ermənistan tərəfindən təhlükə qalmaqdadır, eyni zamanda bizim regionumuza baxanda, ətrafımızdakı bütün ərazilərdə münaqişələr var və hər an bu münaqişələr alovlana bilər. Bu baxımdan da bizim güclü və qüdrətli orduya ehtiyacımız var və bu baxımdan da biz orduya sərf olunan xərclərimizi daim artırmalıyıq və yaş məsələsinə də yəqin ki, bu problemləri həll etdikdən sonra baxa bilərik.
6. Bir neçə il öncə çox səmimi bir müsahibə vermişdiniz və uşaqlıqda ördək saxladığınızı demişdiniz. Ancaq bu cəmiyyətdə birmənalı qarşılanmadı. Cəmiyyətimiz niyə rəsmi şəxsləri səmimi görmək istəmir və ya qəbul etmir?
- Çox təəssüflər olsun ki, cəmiyyət məmurları və yaxud rəsmi şəxsləri bir qəlibə salıb. Onların aləmində bu belədir və belə də olmalıdır. Yaxud keçmişdə uğursuz hansısa məmurların, hansısa rəsmi şəxslərin fəaliyyəti, gülünc doğuran hansısa bir hadisəni hər kəsə şamil edirlər. Bir də unudurlar ki, məmur da insandır. Məmurun da uşaqlığı olur, məmurun da məktəb illəri olur, məmur da tələbə olub, həmin rəsmi şəxs də bu gün insandır. Necə ki, Sovet dövründə bizim böyüklərimiz düşünürdülər ki, müəllimlər ümumən yemək yemir və müəllim sanki fərqli bir enerji hesabına yaşayır. Bir mif var idi. İndi də biz bu süni və saxta bir mif formalaşdırmışıq. Bəlkə də bizim də bunda bir günahımız olub. Bu baxımdan da bəzən səmimi olduqda və yaxud hər hansı bir səmimi hərəkət etdikdə cəmiyyət tərəfindən bu bir mənalı qarşılanmır. O cümlədən də, məsələn, uşaqlıq xatirələrindən danışanda reallıqları deyirsən, hansı ki, bütün uşaqlar o yaş dövründə o hadisəni edibdir. Orada 5-10% olar ki, etməyib. Kimin kənd həyatı olubsa, kim kənddə yaşayıbsa və yaxud babası, nənəsini kənddə gedib evində tətil vaxtları ziyarət edibsə, onların mütləq dediyim kimi kənd həyatında təmasda olub və o kənd həyatında normal rutini var, o rutinin tərkibində olub. Bu baxımdan da mən düşünürəm ki, biz bu yanaşmanı qırmalıyıq. Ona görə də bizim rəsmi şəxslərimiz, məmurlarımız mediadan, cəmiyyətdən qətiyyən çəkinməməlidir. Biz çalışmalıyıq ki, özümüzü rəsmi qalstuklu bir şəxs kim yox, eyni zamanda cəmiyyətin bir fərdi üzvü kimi də yaxşı mənada təqdim edə bilək. Düşünürəm ki, mərhələli şəkildə bu problem öz həllini tapacaqdır və gənclərimizi xüsusilə də bizləri lazım olduğu kimi qəbul edə biləcəkdir. 
 
7. ⁠Bildiyim qədəri ilə sağlam həyat tərzi sürürsünüz, idmanla, yoqa ilə məşğulsunuz, ət yemirsiniz. İstərdim ki, bu haqda danışaq. 
- Sağlam həyat tərzi çox düzgün yanaşmadı. Biz çalışmalıyıq ki, əczaxanaların növbələrinin sayını azaltmalıyıq. Xəstəxanalardakı həkim qəbulundakı növbələrinin sayını azaltmalıyıq. Bunun da tək və yeganə çıxış yolu sağlam həyat tərzidir. Biz özümüz-özümüzün həkimi olmalıyıq. Çoxlu dərman qəbul etməkdənsə, çoxlu vəsait, pul xərcləməkdənsə, biz qədərində qidalansaq, lazımıi hərəkət etsək, hansısa bir idman növü ilə məşğul olsaq, daim hərəkətdə olsaq, biz dediyim o nöqsanlardan və o problemlərdən müəyyən dərəcədə özümüzü sığortalamış olarıq. Çox ciddi problemlər olanda həkimə üz tutmağımız daha məqsədəuyğundur. Biz elə 2 dəqiqədən bir xəstələnək və ya tez-tez külək əsən kimi qrip olaq. Bu baxımdan da biz insanlarımızı mütləq sağlam həyat tərzinə sövq edə bilərik. Bu mənada sağlam həyat tərzini və istənilən idman növü, fərq etməz yetər ki, özünə ziyan vurmadan idmanla məşğul oluram, mən bütün idman növlərini dəstəkləyəm. Əslində, yoga sözü bizim cəmiyyətdə yeni-yeni populyarlaşmağa başlayır. Ancaq biz elə qədim dövrdən də yoganın müxtəlif elementləriylə tanış olmuşuq və bizim cəmiyyətdə də bu idman hərəkətləri olmuşdur. Yoga heç bir kənar ağırlıq olmadan, öz bədən ağırlığınla etdiyin hərəkətlərdir. Burada hədəf, məqsəd ondan ibarətdir ki, biz bütün əzələlərimizi hərəkətə gətirək, bizim vətəndaşlarımız həmişə gənc qalsın, əzələlərimiz aktiv olsun. Nəticə etibarilə biz piy kütləsini azaldaq və əzələ kütləsini artıraq. Ancaq təbii yollarla, hər hansı bir qida, bioloji qida əlavəsi qəbul etmədən, hər hansı bir ağırlıq qaldırmadan, öz bədənimizin ağırlığı ilə biz bütün bədən əzələlərini aktiv şəkildə saxlayırıq və bədənimizdə enerji axınını təmin etmiş oluruq. Buna paralel olaraq da biz düzgün nəfəs almağı öyrənirik və alışdırırıq özümüzə.
Açığını deyim, biz necə ki, qədimdən dörd ünsürə inanmışıq və həmin dörd ünsürü əsas götürərək yoga və sağlam həyat tərzini özümüzə tətbiq eləsək, mən düşünürəm ki, çox yaxşı nəticələr ala bilərik.
8. ⁠Dünyada gedən prosesləri necə qiymətləndirirsiniz? 3-cü dünya müharibəsi başlaya bilər? 
- Dünya müharibəsi sözü və yanaşması artıq 1-ci və 2-ci dünya müharibələrindən fərqli olaraq dəyişib. Bu gün əvvəlki kimi proseslərin cərəyan etməsinə ehtiyac yoxdur. Əslində, dünya müharibəsi bəlkə də başlayıbdır. Bəzi ekspertlər, hətta belə deyirlər ki, başlayıb, ancaq bəzi ekspertlər isə 3-cü dünya müharibəsinin 2030-2035-ci illər arası başlama ehtimalını irəli sürürlər. Burada müxtəlif fikirlər var, ancaq istənilən halda biz təbii ki, sülh olmasının tərəfdarıyıq və münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik. Görürsünüz ki, Azərbaycan da məcburiyyət qarşısına qalmasa 2-ci Qarabağ savaşına başlamazdı. Biz torpaqlarımızı işğaldan azad etdik, ləyaqətli və ədalətli savaş apardıq və qisasımızı qarşı tərəfdən fərqi olaraq kişi kimi,  şərəflə aldıq. Qadına, uşağa, yaşlıya silah qaldırmadıq və dinc vətəndaşların ölməsinə ümumiyyətlə şərait yaratmadıq. Ancaq çox təəssüf olsun ki, dünya müharibəsi dedikdə mən sadaladığım o müsbət tərəflər olmur. Müharibə qaydalarına çox vaxt əməl olunmur. Bu baxımdan mən dünya müharibəsi ümumiyyətlə başlamasını istəməzdim.
 
9. Bir az da istərdim ki, Qərbi Azərbaycana qayıdışla bağlı danışaq. Siz özünüz də Qərbi Azərbaycanlısınız. Ora ilə bağlı hansı xatirəniz var? Biz Qərbi Azərbaycana nə vaxt qayıdacağıq? 
- Mənim demək olar ki, uşaqlıq illərim Qərbi Azərbaycanda keçib, Basarkeçər rayonunda doğulmuşam və orada birinci sinifə getmişəm. Xatirələrim çoxdur və həmişə bir şeyə sevinirəm ki, ən azından oraları görmüşəm və orayla bağlı çoxlu xatirələrim var, saatlarla danışa bilərəm. Qarabağ savaşı imkan vermədi ki, biz Qərbi Azərbaycan məsələsini önə çıxardaq. Çünki bizim birinci dərdimiz Qarabağ məsələsidir və Qarabağ problemini Ali Baş Komandanın rəhbərliyi altında həll edə bildik. Xalq-lider birliyi bizi zəfərə gətirib çıxardı və görürsünüz ki, bu zəfərdən sonra cənab Prezident məhz Qərbi Azərbaycanlıların da hüquqlarının müdafiəsi məsələsini qaldırdı və Qərbi Azərbaycan İcması da aktiv şəkildə bu sahədə çalışır. Cənab Prezidentin təbirincə desək, nəyin bahasında olursa olsun, biz o torpaqlara qayıdacağıq. Biz təbii ki, dinc yolla istəyirik torpaqlara qayıdaq, biz Qərbi Azərbaycanlıların hüquqlarının müdafiəsini təmin etmək üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmışıq. Mən inanıram ki, Ermənistan hərbi siyasi rəhbərliyi də gec-tez özündə cəsarət tapıb Qərbi Azərbaycan İcmasının müraciətlərini cavablandıracaq və bizim hüquqlarımız bərpa olunacaq.
 
10. Azxeber oxucularına nə demək istərdiniz…
- Mən ilk növbədə "azxeber.com" xəbər portalına dərin təşəkkürümü bildirirəm ki, kirli informasiyadan bizim cəmiyyəti qoruyursunuz və cəmiyyətimizə, oxuculara maraqlı və həqiqətən də insanlar üçün faydalı olan informasiyaları ötürürsünüz. Bir daha minnətdaram.
 
Mikayıl Mirzəzadə
Xanlar Əlizadə

Siyasi     Baxılıb: 35   Tarix: 24 dekabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bolqarıstan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. -un məlumatına görə, mətndə deyilir:. "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətil

Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək - RƏSMİ

"Azərbaycan Hava Yolları"nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək. xəbər verir ki

Peskov: "Putinin  Paşinyanla təkbətək  görüşü nəzərdə tutulmur"

Sabah Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti öz işinə başlayacaq. -ya istinadən xəbər verir ki, həmin görüşdə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayrıc

Bəzi mallar gömrük rüsumundan AZAD EDİLDİ

Dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı gömrük rüsumlarından azad edilib.  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiy

Azərbaycanla sərhəddə 3-cü qüvvə olmamalıdır

Sərhəd zonasında üçüncü dövlətin qüvvəsi olmamalıdır. xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. Onun sözlərinə görə, yaxın beş-on ildə Avropa İttifaq

Hazırda Astanadakı səfirliyimizin önü - FOTO

Azərbaycanın Qazaxıstandakı Səfirliyinin qarşısına gül dəstələri gətirilir. xəbər verir ki, vətəndaşlar Astanadakı səfirliyimizin önünə gələrək təyyarə qəzasında həlak olanların xatirəsini yad edir və onların ailələrinə

ABŞ və Avropa Ukraynadakı müharibəyə təqribən 300 milyard avro xərcləyib

Macarıstanın Baş naziri Viktor Orban ABŞ və Avropanın Ukraynadakı müharibəyə təqribən 300 milyard avro xərclədiyini deyib. Bu barədə Macarıstan Baş naziri Ofisinin Beynəlxalq kommunikasiya və əlaqələr üzrə dövlət katibi Zolta

Putin: Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. O bunu Sankt-Peterburqd

Peskov MDB-nin sammitində iştirak etməyən Ermənistandan danışdı

Ermənistanın MDB-də fəaliyyəti hər iki tərəf üçün faydalıdır. TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: "Bizim erməni tərəfdaşlarımız KTMT-də iştirak etmirlər


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou beynelxalq bank mezenne valyuta məzənnələri son xəbərlər