Nicat Rəhimov: "Röyanı toya aparanda məni də yanında çağırırlar ki..." - MÜSAHİBƏ + FOTO
Nicat Rəhimov: "Röyanı toya aparanda məni də yanında çağırırlar ki..." - MÜSAHİBƏ + FOTO
"Bir dəfə Yaşar Nuri ilə mətbəxdə oturmuşduq, söhbət edəndə onu elə güldürdüm ki, mənə dedi ki, "Nicat sən aktyor olmalısan".
Bunu tanınmış aktyor Nicat Rəhimov Teleqraf.com-un suallarını cavablandırarkən deyib.
Onunla müsahibəni təqdim edirik:
- Xəzər televiziyasında yayımlanan "Komedixana" adlı komediya verilişində çəkilirsiniz. Çəkilişlər necə gedir?
- Bəli, artıq bir ildir ki, "Komedixana"da çəkilirəm. Çox məsuliyyətli komanda ilə çalışıram. Layihənin rəhbəri Ənvər Abbasovdur. "Komedixana"nın ssenarisini Ənvər Abbasov, Həsrət Həsrətov və Samir Ağayev yazırlar. Onlar gecə saat 5-dək ssenari üzərində işləyirlər. Ssenari yazmaq çox çətindir, çünki həftənin ikinci və beşinci günləri canlı tamaşa təqdim edirik. Məşqlərimiz saat 12-dən başlayır, saat 7-də isə səhnəyə çıxırıq. Kollektivimiz çox mehribandır və hər kəs peşəkar aktyordur. Məsuliyyət hissimiz böyükdür, çünki tamaşaçı qarşısında canlı ünsiyyətdə oluruq. Hər sözün gülüşlə yanaşı əksi də ola bilər. Elə səhnə olub ki, tamaşaçının diqqətini çəkə bilməmisən, sonra yavaş-yavaş ona təsir etmisən. Səhnələr canlı olduğu üçün məsuliyyəti böyükdür.
- Səhnədə səhv etdiyiniz anlar olurmu?
- Bəli, hərdən səhv edirik, amma peşəkarlıq baxımından səhvi tez düzəldə bilirsən, tamaşaçı onu hiss etmir.
- Eşitdiyimizə görə "Komedixana"da maaş yüksəkdir. Bu doğrudurmu?
- Hər kəs ayrı-ayrı maaş alır. Şükür Allaha, maaş yaxşıdır.
- "Komedixana" bir müddət əvvəl Türkiyə mətbuatında da səs-küyə səbəb oldu. Türklər sosial şəbəkə vasitəsilə sizə müraciət edirmi?
- Türklər sosial şəbəkədə mesaj yazırlar. Sizə bir xatirəni danışım, iki il əvvəl Bodruma istirahətə getmişdim. O zaman iki türk vətəndaşı mənə yaxınlaşıb türk dilində dedi ki, "Qardaş, biz "Youtube"da sizin filmlərinizə baxırıq". Öncə düşünmüşdüm ki, həmin şəxslər Türkiyədə yaşayan azərbaycanlılardır. Sonra aydın oldu ki, türkdürlər.
- Türkiyədə filmlərə çəkilmək istərdinizmi?
- Məncə Türkiyədə layihə edə bilərəm. Düzdür, türk dilini yaxşı bilməsəm də, aktyorluq qabiliyyətim ilə obrazımın öhdəsindən peşəkarcasına gələrəm.
- "Bozbash Pictures"dən sonra "Buğlama"da davam etdiniz. "Şirin" obrazı tamaşaçılar tərəfindən çox sevildi.
- Bəli, "Bozbash Pictures"dən sonra "Buğlama"da çəkildim. "Buğlama" bir ay yayımlanacaq, yəqin ki, yeni sezonda olmayacaq. Mən "Bozbash Pictures"də "Şirin" obrazı ilə tanındım və tamaşaçılar tərəfindən sevildim.
- Tamaşaçılar "Şirin" obrazı ilə müraciət edirlərmi?
- Bəli, küçədə "Şirin" obrazı ilə müraciət edənlər çoxdur. Amma arada xətrimə dəyir (gülür). Müraciətdən çox şey asılıdır. Bəzi insanlarda hansısa tanınmışı görüb, onunla ünsiyyət qurmaq mədəniyyəti formalaşmayıb. Məsələn, "Şirin müəllim", "Şirin qardaş", "Şirin əmi" və s. deyə müraciət etsələr xətrimə dəyməz. Yoxsa küçədə "Ay Şirin" deyə müraciət etmək… Mən küçədə tək olmaya bilərəm, yanımda ailə üzvlərim ola bilər. Qışqıra-qışqıra "Ay Şirin" deyə müraciət ediləndə xoşuma gəlməyə bilər.
- Sizə "Ay Şirin" kimi müraciət edilməsini sevmirsiniz. Bəs həmin an necə reaksiya göstərirsiniz?
- Həmin tamaşaçıya izah edirəm ki, belə münasibət yaratma! Biz artıq psixoloq kimi bilirik ki, kim bizi necə qarşılayıb, reaksiya göstərəcək. Çünki nə qədər insanlarla qarşılaşırıq. Əslində, hər kəs bir-birinə hörmət etməlidir, istəyir tanınmış olsun, istər də yox. Görəndə ki, vəziyyət başqa cürdür, dərhal mimikam və yaxud da sözümlə cavab verirəm.
- "Bozbaş Pictures" komandasını əvvəlki kimi bir arada görmürük. Dostluq münasibətiniz davam edirmi?
- Bəli, "Bozbash Pictures" komandası dağıldı və hərə öz işindədir. Amma İlkin Misgərli ilə "Komedixana" və "Buğlama"da oynayırıq. "Buğlamanı"nın prodüseri isə İlkin Həsənidir. Azər Baxşəliyev, Elşən Orucov və Ramil Babayev ilə də görüşüb, danışırıq.
- Necə düşünürsünüz, "Bozbash Pictures" komandasından hazırda kim daha çox sevilir və tanınır?
- "Bozbash Pictures"dən hərənin öz tamaşaçısı var idi.
- Məsələn, "Bozbash Pictures"də Elşən Orucov "Fəlakət" obrazı ilə daha çox sevilirdi...
- Ola bilər, bu, çətin sualdır. Məsələn, mən aktyor kimi nə ilə fərqlənə bilərəm. Komediya aktyoru olaraq dram janrında da oynadım. CVN tərəfindən çəkilən "Kloun" filmində dramatik obraz canladırdım. Film bir milyondan çox izlənilib. Çoxlu sayda izləyicilər şərh yazıblar ki, "Bizi güldürən Nicat bu dəfə ağlatdı", "Sən əsl aktyor imişsən", "Səni belə bilməmişik" və s. Üç dram janrında filmə çəkmişəm, inşallah, "Youtube"da yayımlanacaq. Dram janrında çəkilən filmlərdən təklif gəlsə, dəyərləndirərəm. Düşünürəm ki, Azərbaycanda komediya aktyoru olaraq ilk dəfə mən dram janrında oynamışam. Özümü bütün janrlarda görürəm.
- Xalq artisti Röya Ayxan ilə ifa etdiyiniz "Dəli kimi" dueti maraqla qarşılandı. Röya Ayxanla toy mərasimlərinə də gedirsiniz?
- Bəli, Röya Ayxanla toy mərasimlərinə də gedirəm. Toy sahibləri var ki, Röya Ayxanı dəvət edəndə mənim də iştirak etməyimi istəyirlər. Əlavə qonorar danışılır və toy mərasiminə gedirəm.
- Duet təklifi Röya Ayxan tərəfindən oldu?
- Röya Ayxanı 1998-ci ildən tanıyıram. Aktyor olmaq istəyirdim, amma heç yerdə tanınmırdım, işləmirdim. Röya Ayxan "W-Trio"da oxuyurdu, oradan ayrıldıqdan sonra tək sevilməyə başladı. Biz Röya xanımla danışırdıq, anam ona deyirdi ki, Nicatla bağlı nə etmək olar? 2005-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. O vaxtdan Röya Ayxan deyirdi ki, darıxma nəsə edəcəyik. Bu söhbət bu günə gəldi. Düzdür, mən də universiteti bitirdim, aktyor oldum, tanındım. Həmişə Röya Ayxan mənə deyirdi ki, vaxtı var. Elə bir layihə etdik ki, duetimiz çox səs-küyə səbəb oldu. "Dəli kimi" mahnısı bütün tədbirlərdə səslənir. Hətta illərdir ki, aktyor kimi fəaliyyət göstərirəm, filmlərə çəkilirəm, amma məni kliplə də tanıyan olub. Deyiblər ki, Röya Ayxanın klipində çəkilən oğlan... Çox şadam ki, Röya Ayxanla belə bir layihə etdim.
- Röya Ayxanla növbəti işbirliyi ola bilərmi?
- Bu barədə düşünürük, mahnı seçimi edirik. İnşallah, yeni duetimiz olmalıdır.
- Röya Ayxan ilə duet ifa etdikdən sonra başqa müğənnilərdən iş təklifi aldınızmı?
- Bəli, başqa müğənnilərdən də təklif aldım, amma ad çəkməyəcəyəm. Başqa bir müğənni ilə duet oxumaq fikrim yoxdur. Amma bir insan var ki, onunla gələcəkdə duet ifa edə bilərik.
- Müğənnilik, yoxsa aktyorluq sənəti daha çox pul qazandırır?
- Musiqili komediya aktyoruyam, vokal dərslərinə getmişəm. Vaxt olub ki, toy mərasimlərində restoranlarda oxumuşam. O vaxt serial və filmlər çəkilmirdi və mən oxuyaraq pul qazanmışam. Universitetdə təhsil alarkən mahnı oxuyurdum.
- Mərhum xalq artisti Yaşar Nurinin bacısı oğlusunuz. Sizin aktyorluq sənətinə gəlməyinizdə onun rolu nə dərəcədə olub?
- Mənim 14 yaşım var idi. Bir dəfə Yaşar Nuri ilə mətbəxdə oturmuşduq, söhbət edəndə onu elə güldürdüm ki, mənə dedi ki, "Nicat sən aktyor olmalısan". Orta məktəbdə oxuyurdum, dedi ki, oradan çıx, sənədlərini İncəsənət Gimnaziyasına ver. İncəsənət Gimnaziyasını bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum.
- Sizə Yaşar Nuri sənətdə dəstək olubmu? Onun dayınız olmasının məşhurlaşmağınızda rolu oldumu?
- Yaşar Nurinin adı üzərimdə ola bilərdi. Amma bildirim ki, mənə aktyor kimi tanınmağımda heç kim dəstək olmayıb. Yenə deyirəm ki, Yaşar dayının adı ola bilərdi, desinlər ki, filankəsin qohumudur. Amma mən öz istedadımla tanınmışam. Yaşar Nuri 2012-ci ildə dünyasını dəyişdi və ondan sonra tanınmamağa başladım. Mənim daha çox populyarlığım 2014-cü ildə oldu. 2013-cü ildə "Bacanaqlar" serialı və "Bozbash Pictures"ə çəkildim. Mən öz istedadım və əziyyətimlə tanınmışam.
- Bir müddət əvvəl Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qeyd etdi ki, müğənni Rüfət Axundov və siz onların evinə çox getmirsiniz...
- Bizim Rəhimə xala ilə münasibətimiz çox yaxşıdır. Sadəcə Rüfət Axundovun da, mənim də vaxtım olmadığına görə, onlara tez-tez gedə bilmirik. Buna də Rəhimə xala inciyir. Amma sonuncu dəfə onunla beş gün əvvəl əlaqə saxlamışıq. Biz hamımız Rəhimə xalanı çox istəyirik. Mən Ülviyyə və Ülkərlə də danışıram. Münasibətimiz yaxşıdır və vaxt baxımından görüşə bilmirik. Hazırda, vallah, doğma xalamgilə belə gedə bilmirəm. Çünki bütün günü işlə məşğulam və ailəmin yanındayam. Ona görə də heç kimin heç kimdən inciməyə haqqı yoxdur. Rüfət Axundov da dayısına qarşı yaxşı bacı oğlu olub, həmçinin mən də.
- Bir müddət əvvəl komediya janrında çoxlu sayda filmlər çəkildi, sonra davamı gəlmədi. Bunun səbəbi nədir?
- Bəli, 2014-cü ildə filmlər çəkilməyə başladı. "My name is İntiqam" və "Xoxan" filmləri çəkildi. Həmin vaxt "Bozbash Pictures" də çox məşhurlaşmışdı. Hamı bizi tanıyırdı, amma filmimiz yox idi. "Axırıncı yol" adlı film çəkdik. Bu film kinoteatrlarda yerli və xarici filmlər arasında rekord sayda izlənilən film oldu. Sonra isə "Stalinin başı", "Bir xalanın sirri", "Kəklikotu" və s. kimi filmlər çəkildi. Sonra hər kəs film çəkməyə başladı və ekran əsərlərinin keyfiyyəti aşağı düşdü. Beləliklə, kinoteatrlara gələn tamaşaçıların sayı azaldı. Filmlərin izlənməsinə pandemiyanın da təsiri oldu. İnşallah, gələn il tamaşaçını kinoteatrlara cəlb etmək olar.
- Siz aktyorluq sənəti ilə yanaşı prodüser və ssenarist kimi də fəaliyyət göstərirsiniz?
- Bəli, prodüser kimi də fəaliyyət göstərirəm, reklam çəkilişlərim olur. Prodüser kimi 20 dəqiqəlik qısametrajlı filmlər də çəkirəm. Ssenarist kimi ssenari yazmıram, amma ideyalar verirəm. Ssenari yazmaq çətindir və hər adamın işi deyil.
- Az öncə tələbəlik illərində restoranlarda mahnı oxuduğunuzu qeyd etdiniz. Bu nədən irəli gəlirdi?
- Bəli, o vaxt dostum şadlıq sarayı işlədirdi. Gün ərzində yeddi-səkkiz şadlıq sarayına gedib, iki mahnı oxuyub çıxırdım. Günə 100-150 manat qazanırdım. O pulları yığıb özümə avtomobil aldım. İlk avtomobilim "Chevrolet Aveo" olub. İndi isə "Jeep" markalı avtomobil idarə edirəm. O vaxtdan beş avtomobil dəyişmişəm.
- Komediya janrında çəkilən filmlərin daha peşəkar səviyyədə olması üçün nələri təklif etmək istərdiniz?
- Hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar. Hər kəs ssenari yazır. Ssenari yazmaq asan bir iş deyil. Filmdə, seriallarda ssenarinin peşəkar yazılması vacibdir. Peşəkar aktyorların ssenarisi də güclü olmalıdır. İnsanları güldürmək çox çətindir. Onu da deyim ki, güldürmək ağlatmaqdan çətindir.
- Tamaşaçı hansısa səhnəyə gülməyəndə necə reaksiya göstərirsiniz?
- Ümumiyyətlə, onu bildirim ki, tamaşaçı hansısa səhnəyə gülməyəndə aktyor həvəsdən düşməməlidir. Məsələn, filmlərə də baxanda o demək deyil ki, sona qədər gülürsünüz. Filmi hiss edirsən, ləzzət alırsan. Elə tamaşaçı olub ki, zarafat ona çatmayıb. Aktyor o zaman ruhdan düşməli deyil. Əsas rolunu layiqincə canlandırmalıdır. Hamı aktyor, rejissor, ssenarist olub. Yəni ki, bu asan deyil. Hazırda bu haqda fikir bildirməyə də haqqım çatır. 20 ildir ki, bu sahədəyəm. 2003-cü ildən fəaliyyət göstərirəm. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar.
- Necə düşünürsünüz, aktyorluq sahəsində qeyri-peşəkarlar çoxdurmu?
- Əsas odur ki, insan olmalısan. Bəzi özündən razı aktyorlarımız var. Ona görə də Allah onların ruzisini vermir. Mehribanlıq olan yerdə həmişə ruzi-bərəkət olur. Əgər bir insan səninlə səmimi davranırsa, sən isə özünü dağ başına qoyursansa, bu, artıq yaxşı hərəkət deyil. Bu, mənim aləmimdə günahdır, olmaz.
- Yaxın günlərdə müsahibələrinizin birində şəxsi həyatınız haqqında danışdınız və qeyd etdiniz ki, övladınız yoxdur.
- Şükür Allaha, xoşbəxt ailəm var. Həyat yoldaşımla mehribanıq. Müsahibələrin birində sual verdilər ki, "Övlada necə baxırsınız". Mən isə cavab verdim ki, hələ övladım yoxdur. İnşallah ki, övladım olar. Bu, Allahın qismətidir. / oxu.az
f Paylaş