Prezidentin sədrlik etdiyi müşavirədə nazirlərin ÇIXIŞI

Prezidentin sədrlik etdiyi müşavirədə nazirlərin ÇIXIŞIİyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.
KONKRET.az xəbər verir ki, müşavirə zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edərək dedi:
– Möhtərəm cənab Prezident, verdiyiniz yüksək qiymətə görə təşəkkür edirəm. Həqiqətən də Sizin rəhbərliyiniz altında Azərbaycanda həyata keçirilən dövlət siyasətinin ana xəttini hər zaman əhalimizin sosial rifahı təşkil edib. Bu istiqamətdə ardıcıl olaraq verdiyiniz tapşırıqlar nəticəsində təkcə cari il ərzində üçüncü sosial islahat paketi çərçivəsində 3 milyon 400 min vətəndaşımızı əhatə edən böyük bir islahatlar paketi icra olunub. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşımıza əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşımızı əhatə edib və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Son dörd il ərzində 3 sosial islahat paketi ilə 4 milyon vətəndaşımız əhatə olunub. Onlar üçün illik 6 milyard manatlıq əlavə dövlət vəsaiti ayrılıb və nəticədə Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Əməkhaqqı fondu 2,2 dəfə, əhali arasında gəlirlərin bölgüsünün ədalətlilik göstəricisi olan median əməkhaqqı 86 faiz artıb.
Sosial ödənişlərdə isə artımlar daha böyük rəqəmlərlə ifadə olunur. Minimum pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta pensiya 75 faiz artıb. Sosial müavinətlər və təqaüdlər isə 3,5 dəfə artıb ki, bu da xüsusilə həssas təbəqədən olan insanları əhatə edir. Əlavə sosial islahatlar çərçivəsində təkcə sosial müavinət və təqaüdlərə də illik 1 milyard manat ayrılıb.
Bu dövrdə Sizin tapşırığınızla əsas hədəfimiz, əlbəttə ki, Ali Baş Komandanlığınız altında Azərbaycan Ordusunun Vətən müharibəsində böyük Zəfər qazanmasından sonra şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçılarının sosial müdafiəsinə, sosial dəstək tədbirlərinə yönəlib. Postmüharibə dövründə 100 min unikal fərdə 193 min xidmət göstərilib. Bunun ən böyük istiqaməti sosial ödənişlərdir. Sosial ödənişlər çərçivəsində 94 min unikal şəxsə 105 min sosial ödəniş təyin olunub. Bu ödənişlərin məbləğləri – ötən il sosial müavinətlər 60 faiz, bu il isə təqaüdlər 60 faiz artırılıb. Bu ödənişlərin mütləq əksəriyyəti proaktiv qaydada – sənədlərin elektron qaydada toplanması ilə əlaqədar şəffaf şəkildə baş verib.
Siz mənzil proqramı ilə bağlı görülmüş işləri artıq qeyd etdiniz. Bu il bu kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilib və nəzərdə tutulan plan 1500 mənzildir. Növbəti iki ay ərzində daha 500 mənzil və fərdi evin bu kateqoriyadan olan insanlarımıza təqdim edilməsi planlaşdırılır. Beləliklə, biz Bakı, Sumqayıt və Abşeron ərazisində Sizin tapşırığınıza uyğun olaraq, əsas kontingent olan şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yekunlaşdıracağıq. Paralel olaraq regionlarımızda, böyük şəhərlərimizdə də bu iş davam etdirilir. Əlavə olaraq cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib.
Digər bir istiqamət məşğulluqdur. Postmüharibə dövründə artıq 19 min şəhid ailəsi üzvü, müharibə əlili və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Onların aktiv məşğulluq proqramına cəlb olunmaları üçün imkanları dəyərləndirilib, istəklərinə uyğun olaraq, böyük bir qismi – 8 min nəfəri özünüməşğulluq proqramlarına cəlb edilib. Bu, 8 min ailədə kiçik ailə təsərrüfatının qurulması onların daimi gəlir mənbəyinin yaradılması imkanıdır. Burada əsas mənbə İşsizlikdən Sığorta Fondu, yəni, dövlət vəsaitləri olub. Paralel olaraq, Dünya Bankı ilə layihə də icra edilir. Sizin ötən müşavirələrdə verdiyiniz tapşırığa uyğun olaraq, Banklar Assosiasiyası və Həmkarlar İttifaqları Konfederasiyası da bu prosesə qoşulub.
İşədüzəldilmə proqramı üzrə 5400 müharibə əlili və veteranı münasib işlə təmin olunub. Burada da Sizin qeyd etdiyiniz Məşğulluq Marafonu çox böyük rol oynadı, özəl sektordan 600-dən çox şirkət 2500-dən çox müharibə əlilini işlə təmin etdi. Bu proses davam edir.
On bir min müharibə əlili və müharibə veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. Onlara 21 min reabilitasiya vasitəsi təqdim edilib. Qeyd etdiyiniz kimi, artıq 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Daha öncəki dövrdə Qarabağ müharibəsi əlillərindən 130 nəfər də bu protezlərlə təmin edilib. Yəni, son bir il yarımda bu protezlərlə təchiz edilən hərbçilərimizin sayı 330-a çatıb. Vətən müharibəsi əlillərindən protezləşməyən cəmi iki nəfər qalıb. Onların müalicə prosesi davam etdiyinə görə hələlik texniki olaraq bu, mümkün deyil. Amma tam hazırlıq var və həmin iki nəfərin müalicəsi bitdikdən sonra protezləşmə Vətən müharibəsinin bütün qazilərini əhatə etmiş olacaq. Bu işlərin əlaqələndirilməsi üçün ötən ilin avqustunda Sizin müvafiq Fərmanınızla Vahid Əlaqələndirmə Mərkəzi yaradılıb. Artıq 48 rayon üzrə 11 regional mərkəzdə yerli icra hakimiyyəti orqanlarının və 5 mərkəzi icra hakimiyyəti orqanının 26 növ xidməti bu mərkəzdə toplanıb. Bu günədək Vahid Əlaqələndirmə mərkəzlərində 41 min şəhid ailəsinin üzvü, Vətən müharibəsi veteranı və əlilinə xidmətlər göstərilib.
Cənab Prezident, Sizin tapşırığınıza uyğun olaraq, inzibati icraatın inkişaf etdirilməsi və elektronlaşma tədbirləri çərçivəsində də iki əsas istiqamətdə islahatlarımız davam etdi. Birinci istiqamət hörmətli Birinci vitse-prezidentimizin təşəbbüsü olan DOST konsepsiyası idi. DOST konsepsiyası çərçivəsində artıq 1 milyona yaxın vətəndaşımıza xidmət göstərilib. Beş mərkəzimiz bu ilin birinci yarısında 313 min vətəndaşı qəbul edib, onlara xidmət göstərib. Qəbul edilən hər bir vətəndaşın qarşılarındakı elektron monitorda verdiyi qiymətə əsasən vətəndaşlarımızın məmnunluq səviyyəsi 98 faiz olub. Şəbəkənin genişləndirilməsi istiqamətində işlər görülüb. Artıq Zəngilanın Ağalı kəndində ilk "smart DOST" məntəqəsi Sizin iştirakınızla istifadəyə verilib. Düşünürük ki, bu "smart" məntəqələr növbəti mərhələlərdə digər ərazilərimizdə də bizə dəstək olacaq. Paralel olaraq, Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarımızda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. Onlar da istifadəyə verildikdən sonra şəbəkə bütün ölkəni əhatə edəcək.
Elektronlaşma tədbirlərimiz isə genişlənərək davam edir. Bu ilin ilk 6 ayında 125 milyon elektron xidmət göstərilib. Nazirliyin əhaliyə göstərdiyi xidmətlərin 110-u artıq tam elektron platformadan icra olunur. Cari ilin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq. Beləliklə, əhaliyə göstərilən xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq. Görülən bu işlər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilib. Bu ilin ilk 6 ayında DOST konsepsiyası, elektronlaşma işləri 18 beynəlxalq mükafat və sertifikatla təltif olunub.
Dövlət Sosial Müdafiə Fondu və elektronlaşma işləri Böyük Britaniyada keçirilən nüfuzlu müsabiqədə "İlin dövlət qurumu" mükafatına layiq görülüb. DOST Agentliyi "Avropa sosial xidmət mükafatı"nı əldə edib. İlk dəfədir ki, Avropa İttifaqının üzvü olmayan ölkənin qurumu belə yüksək mükafata layiq görülüb.
Sosial xidmət sahəsində dünyada ən böyük beynəlxalq təşkilat olan Beynəlxalq Sosial Təyinat Assosiasiya tərəfindən həm DOST Agentliyinə, həm də Dövlət Sosial Müdafiə Fonduna cari il ərzində 4 ən yaxşı təcrübə mükafatı təqdim edilib. Eyni zamanda, keyfiyyətli idarəetmə, korrupsiyaya qarşı idarəetmə və müştəri məmnunluğu sahələrində nazirliyin qurumları tərəfindən 12 beynəlxalq ISO sertifikatı əldə olunub. Bu islahatlar Sizin tapşırıqlarınıza və tövsiyələrinizə uyğun olaraq, növbəti dövrdə də icra olunacaq.
Təşəkkür edirəm.
x x x
Prezident İlham Əliyev: Sağ olun. İndi isə söz verilir iqtisadiyyat nazirinə.
x x x
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək dedi:
– Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Dünya iqtisadiyyatında və bölgədə baş verən proseslər qlobal iqtisadi aktivliyə mənfi təsir etməkdə davam edir, dünya bazarlarında başlıca əmtəələr üzrə yüksək qiymət təzyiqinə səbəb olaraq qalır. Belə ki, cari ilin iyun ayında ötən ilin iyun ayı ilə müqayisədə dünya bazarında buğda 30 faiz, xam palma yağı 50 faiz, kərə yağı 29 faiz, günəbaxan yağı 45 faiz, qarabaşaq 43 faiz bahalaşıb. Bununla yanaşı, cari il iyun ayının sonuna dünya bazarlarında təbii qazın qiyməti ilin əvvəlindən 42 faiz, "Brent" markalı neftin bir barel spot qiyməti isə 53 faiz artmışdır.
Qlobal iqtisadiyyatda baş verən mənfi meyillərə baxmayaraq, 2022-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri müşahidə olunub. Belə ki, qeyri-neft-qaz sektorunun prioritet sahələri arasında əlavə dəyər qeyri-neft qaz sənayesində 11 faiz, o cümlədən qeyri-neft-qaz emalı sənayesində 15 faiz, nəqliyyat sektorunda 27 faiz, turizm və ictimai iaşədə 86 faiz, informasiya və rabitə sektorunda 14 faiz artıb. Kənd təsərrüfatında ola bilsin ki, iqlimlə bağlı ilk altı ayda artım hələ ki, müsbət zonadadır, lakin minimal müsbət zonadadır. Sənaye zonalarının ölkədə sənayeləşmə proseslərinə töhfəsi artmaqdadır. 2022-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artmışdır.
Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə hazırda ölkəmizin sənaye potensialının maksimum reallaşdırılmasına xüsusi diqqət yetiririk. Belə ki, zəruri xammalın və enerji resurslarının fasiləsiz təmin olunması nəticəsində bir sıra dövlət və özəl müəssisələr – "SOCAR Karbamid", "SOCAR Metanol", "Azerfloat" artıq tam istehsal gücləri ilə fəaliyyət göstərir. Paralel olaraq, rəqabət üstünlüklərini gerçəkləşdirmək üçün qazdan xammal kimi istifadə etməklə bir sıra yeni istehsal layihələrinin də işə salınması üzərində fəal iş aparılır. Bu qəbildən olan və Sizin tapşırığınıza uyğun olaraq yaradılmış iki yeni müəssisəni uğurlu nümunə kimi qeyd edə bilərəm. Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat" və "Glassica" müəssisələrinin inşasını artıq başa çatdırmışıq və onlar açılışa tam hazırdır. Daha bir neçə xarici investorla iş aparılır. Eyni ərazidə yerləşən, Çin investoruna məxsus "Azərbaycan Vanhong Ceramics Co." zavodunda 400 iş yerinin yaradılması nəzərdə tutulur. İldə 18,5 milyon kvadratmetr keramik plitə istehsal edəcək müəssisə təməlqoyma üçün tam hazır vəziyyətdədir.
Daşkəsən dağ-filiz mədən klasterinin yaradılması üzrə işlər tapşırığınıza əsasən, uğurla və qrafikə uyğun olaraq həyata keçirilir. Bu gün Azərbaycan Sənaye Korporasiyası ilə Almaniyanın "Achenbach Buschhütten" şirkəti arasında alüminium məhsullarının istehsalı üzrə birgə müəssisənin təsis və dəyərləndirilməsinə dair müqavilə imzalanıb. Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 milyon ABŞ dolları həcmində sərmayənin qoyulması nəzərdə tutulur. Siz Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin aktivləşməsi mövzusuna toxundunuz və tranzit yükdaşımaları ilə bağlı bu fəaliyyəti həmkar qurum, struktur və nazirliklər ilə çalışaraq sıx əlaqələndiririk. Hesab edirik ki, zavodun fəaliyyətinin genişlənməsi bir tərəfdən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin donanmasının modernləşməsinə və nəticədə həm Azərbaycan vasitəsilə tranzit yükdaşımaların buraxılış qabiliyyətinin artırılmasına imkan yaradır, digər tərəfdən isə sənayeləşmə və məşğulluq proseslərinə mühüm töhfə verir.
İnvestisiyalara gəldikdə, ölkə iqtisadiyyatında yüksək iqtisadi artım templəri, habelə dövlət büdcəsinin investisiya xərclərinin icrasının sürətlənməsi, o cümlədən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsi fonunda cari ilin birinci yarısında əvvəlki aylarla müqayisədə əsas kapitala investisiyaların real artım tempi müsbət zonaya daxil olub. Qeyd olunan amillərin təsiri ilə qeyri-neft-qaz sektorunda əsas kapitala investisiyaların real artımı 18,5 faiz təşkil edib. Bu amillərin təsiri ilə cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə tikinti sektorunda əlavə dəyər 8 faizədək artıb.
Azad olunmuş ərazilərdə irimiqyaslı tikinti-bərpa işləri bölgədə iqtisadi fəallığa müsbət təsir göstərməklə yanaşı, bu ərazilər ətrafındakı bölgələrdən böyük işçi qüvvəsinin cəlb edilməsinə də şərait yaradır. Azad olunmuş ərazilər üçün Sizin tapşırığınızla tərəfimizdən hazırlanan və geniş iqtisadi stimulları əhatə edən xüsusi proqramın tətbiqi yaxın gələcəkdə regionda iqtisadi fəallığı əhəmiyyətli dərəcədə artıracaq.
Möhtərəm cənab Prezident, Siz xarici ticarətlə bağlı dinamikaya da toxundunuz. Onu vurğulamaq istərdim ki, qeyri-neft-qaz məhsullarının ixracının 60 faizini sənaye məhsulları təşkil etdiyi halda, sənaye məhsullarının ixracı 42 faizədək artıb. Bu da sənaye potensialının artırılması ilə birbaşa bağlıdır.
Bu ürəkaçan nailiyyətlərin əldə olunmasında əsas amillər kimi, Sizin rəhbərliyinizlə dərinləşən iqtisadi islahatların real effektlərini qeyd etmək mümkündür. Uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin enerji istehsalçısı olması və enerji ilə yanaşı, beynəlxalq əhəmiyyətli haba çevrilməsi, qeyri-neft nəqliyyat tranzit infrastrukturunun mövcudluğu, dövlət müəssisələrinin idarə edilməsində effektivliyin artırılmasının təsiri, – burada Azərbaycan İnvestisiya Holdinqi də tapşırığınızla fəaliyyətini davam etdirir, – və kölgə iqtisadiyyatının azaldılmasına yönəlmiş fəaliyyətin nəticələrini qeyd edə bilərik.
Sizin tapşırıqlarınızdan biri antiinflyasiya tədbirləri ilə bağlı idi. Cari ilin yanvar-iyun aylarında inflyasiya 12,9 faiz təşkil edib, o cümlədən qida məhsulları üzrə qiymət indeksi 19 faiz artıb. Bununla əlaqədar ölkədə antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir. Həmin tədbirlər planı çərçivəsində ərzaq bazarlarında sağlam rəqabətin təmin edilməsi və qiymət manipulyasiyasının qarşısının alınması, minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması, bu məhsullar üzrə idxalın dayanıqlılığının və ixraca effektiv nəzarətin təmin edilməsi, onların daxili istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Möhtərəm cənab Prezident, Siz vergi daxilolmalarını qeyd etdiniz, müqayisə üçün bir-iki rəqəmi əlavə etmək istərdim. Cari ildə ötən ilin eyni dövrü ilə müqayisədə vergi mədaxili 49 faizdən çox artıb. Qeyri-neft sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 38 faizdən çox artıb. Onlayn kassa aparatları quraşdırılmış vergiödəyicilərinin dövriyyələrinin 55 faiz artması ticarət sektorunun daxilolmalarının artım tempini sürətləndirən mühüm amillərdən biridir. İqtisadiyyatda "ağarma" proseslərinin miqyasını biz, həmçinin bank sektorunun bəzi göstəriciləri ilə müşahidə edə bilərik. Belə ki, nağd pul kütləsinin cəmi pul kütləsində manatla xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 49 faizdən cari il iyunun 1-nə 44 faizə enib. Plastik kartlar və ölkədaxili əməliyyatlarda isə nağd pulun çıxarılmasının xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 73 faizdən cari il iyunun 1-nə 60 faizə enib. Digər bir misal, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari il iyun ayının 1-də sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarının sayı 47 faiz artıb.
Cari ilin yanvar-iyun aylarında qeyri-neft sektorunun özəl bölməsindən vergi daxilolmalarının 35 faizindən çox artmasını da xüsusilə qeyd etmək lazımdır. Özəl bölmənin qeyri-neft-qaz vergi daxilolmalarında xüsusi çəkisi 75 faizi üstələyir. Paralel olaraq, digər yığımlarda həyata keçirdiyimiz fəaliyyət barədə məruzə edirəm ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 112 faiz, işsizlikdən sığorta haqları üzrə 118 faiz və icbari tibbi sığorta haqları üzrə 107 faiz icra edilib. Dövlət əmlakının idarə edilməsi sahəsində cari ilin ilk altı ayında özəlləşdirmə prosesinə investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması, şəffaflığın daha da artırılmasını rəhbər tutmaqla, 500-ə yaxın müəssisə və obyekt, dövlət mülkiyyətində olan 150-yə yaxın torpaq sahəsi özəlləşdirilib. Sizin 2021-ci ildə imzaladığınız sərəncamlarla özəlləşdirməyə açılmış "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin bir sıra müəssisələrinin investisiyalara cəlb edilməklə özəlləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Belə ki, investisiya müsabiqələri nəticəsində özəlləşdirilmiş "Azərtütün" və "Şəki Şərab" MMC üzrə investorlar tərəfindən dövlət büdcəsinə 8,3 milyon manat məbləğində vəsait artıq köçürülüb. Bağlanmış müqavilələrə əsasən, 12,7 milyon manatdan artıq sərmayə qoyuluşunu nəzərdə tutan investisiya proqramlarının icrası çərçivəsində artıq 7,5 milyon manata yaxın məbləğdə investisiya qoyulub, 350 iş yeri yaradılıb, müəssisələrin fəaliyyəti tam bərpa olunub. "Gəncə xalça kombinatı"nın öz profili üzrə fəaliyyətinin dirçəldilməsi və inkişafı ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi məqsədilə hazırlıq işləri gedir və yekun mərhələdədir.
Möhtərəm cənab Prezident, son olaraq mən dövlət şirkətləri sahəsində islahatların nəticəsinə toxunaraq qeyd etmək istərdim ki, İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş əksər dövlət müəssisələri 2021-ci ildə olduğu kimi, 2022-ci ilin birinci rübündə də müsbət maliyyə nəticələri əldə ediblər. Belə ki, SOCAR, "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank 2021-ci ili əməliyyat mənfəəti ilə başa vurublar. Bu şirkətlərin əksəriyyəti tərəfindən dividend ödənilməsi imkanını müsbət qiymətləndiririk. Ən iri portfel şirkəti olan SOCAR 2021-ci maliyyə ilini 8 milyard manat əməliyyat mənfəəti ilə başa vuraraq fəaliyyət tarixinin ən yüksək nəticəsini əldə edib. Xalis mənfəət 2,1 milyard manat olub. Eyni zamanda, 2022-ci ilin birinci rübünün nəticələri də təqribən 3 milyard manat təşkil edərək, artan tendensiyanı qoruyur.
Möhtərəm cənab Prezident, ölkə iqtisadiyyatı inkişaf etdikcə yaranmış maliyyə imkanları ilə yanaşı, sosial-iqtisadi inkişafın sürətləndirilməsi maliyyə ehtiyaclarını da artırır. Dayanıqlı iqtisadi artımın təmin olunması ölkəyə sərmayələrin cəlb edilməsi imkanlarından əhəmiyyətli dərəcədə asılıdır. Bu müstəvidə Sizə müraciət edərək, müvafiq tapşırığınıza uyğun olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının mütəxəssisləri ilə birlikdə hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış dövlət-özəl sektor tərəfdaşlığına dair Prezident Administrasiyasına təqdim etdiyimiz qanun layihəsinin baxılmasına dəstək verməyinizi xahiş edirəm. Alternativ enerji resurslarının istehsalı sahəsində ölkəmizə sərmayə qoyuluşlarına olan yüksək maraq Azərbaycanın böyük potensialını əks etdirir. Digər sahələrə də analoji dünya miqyaslı sərmayələrin cəlb edilməsi üçün zəruri normativ hüquqi çərçivənin yaradılması olduqca vacibdir. Bu baxımdan dövlət-özəl sektor tərəfdaşlığı timsalında effektiv bir mexanizmin uğurlu tətbiqi məhdud dövlət resurslarının ölkənin digər strateji inkişaf istiqamətlərinə yönəldilməsinə də imkan verəcək. Eyni zamanda, Rəqabət Məcəlləsinin layihəsi hökumətə təqdim olunub.
İqtisadiyyatın şəffaflığının təmin olunmasında, hesab edirəm ki, mühüm istiqamətlərdən biri də dövlət satınalmalarının şəffaflığıdır. Verdiyiniz göstərişlərə uyğun olaraq, məruzə edirəm ki, cari ilin altı ayında müsabiqə əsaslı satınalmaların həcmi 94 faizdən çox artıb. Ümumi satınalmalarda müsabiqə əsaslı satınalmaların xüsusi çəkisi hazırda 60 faizə çatır.
Çıxışımın sonunda sahibkarlığa verdiyiniz dəstəyi xüsusi qeyd etmək istəyirəm. Təşəkkürümü bildirmək istəyirəm ki, büdcə dürüstləşməsi prosesində xüsusilə kiçik və orta biznesə yönəldilməsi nəzərdə tutulan kreditlərə əhəmiyyətli əlavə vəsait ayrılıb. Onu da məruzə edirəm ki, verilən kreditlərin 94 faizi regionlarda fəaliyyət göstərən sahibkarların layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Bütün kreditlərin 76 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalının payına düşür.
Diqqətinizə görə təşəkkür edirəm.


Siyasi     Baxılıb: 258   Tarix: 16 iyul 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

Müstəqil Dövlətlər birliyinin (MDB) İqtisadi Şurasının növbəti 101-ci iclası martın 29-da Moskvada keçiriləcək. bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir. İclasa MDB İqtisadi Şurasının sədri

Latviyanın XİN başçısı qalmaqala görə istefa verdi

Latviyanın xarici işlər naziri Krisjanis Karins istefa verəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Delfi" nəşri yazıb. O, bu qərarı baş nazir Evika Silina ilə görüşdən sonra verib. Nazir aprelin 10-da vəzifəsin

Almaniyanın səfiri Türkiyə XİN-ə çağırıldı

Almaniyanın Türkiyədəki səfiri Yurgen Şults terror təşkilatı PKK tərəfdarlarının Hannoverdə törətdiyi təxribatla əlaqədar martın 27-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, Türkiyə tərəfinin kəskin mənf

Azərbaycan XİN: Aİ və ABŞ-nin açıqlamaları qərəzli xarakter daşıyır

Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. XİN qeyd edib ki

Prezident bu qanuna dəyişiklik etdi

"Avtomobil yolları haqqında" Qanuna dəyişiklik edilib. xəbər verir ki, qanuna dəyişikliklə bağlı müvafiq sənədi Prezident İlham Əliyev imzalayıb. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiy

PA rəsmisindən Rasmussen PAYLAŞIMI: Pullar danışır

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Andres Rasmussenlə bağlı paylaşım edib. xəbər verir ki, Prezidentin köməkçis

Təhlükəsizlik xidməti hər bir dövlətin onurğa sütunudur' - Azərbaycan xalqı DTX-ə minnətdarlıq bildirməlidir

"Təhlükəsizlik xidməti hər bir dövlətin onurğa sütunudur. Təhlükəsizlik olmayan yerdə dövlətin hər hansı inkişafını təsəvvür etmək olmaz". Bu sözləri -a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda ola

Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. . xəbər verir ki, məktubda deyilir:. "Bu ilin fevral ayında Azərbayca

"Biz artıq Moskva ilə bu məsələni müzakirə etmirik"

"İrəvanın "Zvarnots" aeroportundan rusiyalı sərhədçilərin çıxarılması məsələsi artıq həll olunub". "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonya


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri en yeni xeberler gunun xeberleri en son xəbərlər bugün xeberler bu qun