Bir dollar yatırım et, dörd dollar götür
Bir dollar yatırım et, dörd dollar götür
Xarici ölkələrdə səyahət zamanı dəmir yolu turizmindən istifadə çox əlverişli hesab edilir. Həm Avropa ölkələri, həm də şəhərlərarası qrafiklər saat dəqiqliyi ilə qurulub. Məsələn, dünyanın hər hansı bir nöqtəsindən internet üzərindən Avropanın müxtəlif şəhərlərinə onlayn qaydada bilet əldə etmək olur.
"Kaspi" qəzetinin məlumatına görə, rahat, təmiz qatarlar insanları gün ərzində istədikləri məkana daşıyır. Həmçinin dəmir yolu səyahətləri zamanı müxtəlif ölkələrin şəhərkənarı həyat və yaşayışını, təbiətini, təsərrüfatını seyr etmək, səfərə ayrıca ovqat qatır. Bu baxımdan, dəmir yolu turizmi dünyada insanların istirahət və gəzinti üçün seçdiyi ən məşhur turizm növləri sırasındadır.
Hazırda Qərb ölkələrində əhalinin rifahı naminə həyata keçirilən dəmir yolu turizmi genişlənir və öz istehlakçısını tapır. Üstəlik, dəmir yolu nəqliyyatı, hətta son illərdə rəqabətə girərək hava nəqliyyatı turizminin bazarını sıxışdırmağa başlayıb. Turizmçilər hesab edirlər ki, dəmir yolu turizmi ölkələrdə daxili turizmin inkişafına, ümumən iqtisadiyyatın yüksəlişinə kömək edən mühüm amildir.
Dəmir yolu şəbəkəsinin açılması, sonsuz biznes imkanları ortaya çıxarır. Ona görə də, demək olar ki, bütün inkişaf edən ölkələrin turizm baxımından coğrafi və tarixən ən maraqlı bölgələrə çıxışını təmin edən dəmir yolu şəbəkələri fəaliyyətdədir.
Modern qatarların, ixtisaslaşmış heyətin yoxluğu
Bizim ölkəmizdə dəmir yolu turizmi, demək olar ki, hələ turizm növləri sırasında yer almayıb. Bu sahənin inkişafı üçün hələ çox işlərin görülməsinə ehtiyac var. Azərbaycanın dəmir yolu xəritəsinə nəzər salanda Bakı-Köçərli-Balakən, Bakı-Böyük Kəsik, Bakı-Astara-Horadiz, Bakı-Gəncə-Bakı, Bakı-Yalama (elektrik qatarı), Bakı-Şirvan-Hacıqabul (elektrik qatarı) dəmir yolu xətləri üzrə hərəkət edən qatarların qrafiki ilə rastlaşırsan. Ancaq pandemiya səbəbindən bu xidmət, demək olar ki, bir çox hava reysləri kimi ətalətdədir.
Digər tərəfdən, insanlar nəqliyyatın bu növünə səyahət turizmi kimi deyil, daha çox gediş-gəliş xidməti kimi yanaşırlar. Bu baxımdan, dəmiryolu nəqliyyatı turizm üçün tələbat yaradan sahə hesab edilməyib. İndi də insanlar, daha çox avtobus və ya şəxsi avtomobilləri ilə səyahət etməyə üstünlük verirlər. Təbii ki, bu yanaşmaya modern qatarların, ixtisaslaşmış heyətin yoxluğu və bu istiqamətdə düz-əməlli təbliğatın olmamağı da təsir göstərib.
Bu yaxınlarda Bakı-Qəbələ-Bakı dəmir yolu xəttinin açılması, ölkəmizdə qatar turizminin inkişafına olan ümidləri bir qədər artırıb. Turizmçilər "Dəmiryolu nəqliyyatı ilə səyahət Azərbaycanda da daxili turizmin ən perspektivli sahələrindən birinə çevrilə bilər" kimi fikirlər səsləndirirlər.
Yeni iş yerləri yaradır, iqtisadi fəallığı artırır
Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov "Kaspi"yə açıqlamasında bildirib ki, Azərbaycanda, eləcə də dünya ölkələrində nəqliyyat turizmi dəyər zəncirində ən əsas yer tutmaqdadır. Belə ki, nəqliyyat xidmətləri turistlərin istifadə etdiyi əsas xidmətlərdəndir ki, bu da səyahətlərin ümumi keyfiyyətinə təsir edir. Ümumilikdə, turizmin inkişafı fonunda qatarla səyahətin ölkə iqtisadiyyatına verə biləcəyi fayda böyükdür:
"Nəqliyyat sistemi yaxşı təşkil edilməyən ölkələrdə, nəinki xarici turistlərin, hətta yerli turistlərin səfərlərini təşkil etmək yerli və xarici şirkətlər, eləcə də fərdi şəxslər üçün böyük çətinliklər yaradır. Bu səbəbdəndir ki, daxili və getmə turizmi stimullaşdırmağı hədəfləyən ölkələr, ilk növbədə nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırırlar. Nəqliyyat sisteminin, ələlxüsus, dəmir yolu şəbəkəsinin genişləndirilməsi turizm sənayesi üçün ən böyük problemlərdən olan mövsümilik amilini aşağı salır, turistlərin yerləşmə məntəqələrinə daha tez, təhlükəsiz və az xərc çəkməklə çatmalarına kömək edir.
Bəzi hallarda hava nəqliyyatı da qatarla səyahətə uduzur ki, bunun da əsas səbəbi son məntəqəyə kimi izlənilməli olan təhlükəsizlik və texniki prosedurlardır. Bu baxımdan, xüsusilə, coğrafi cəhətdən kiçik ölkələrdə dəmiryolu şəbəkəsinin genişləndirilməsinə üstünlük verilir".
Sektor müdiri bildirib ki, ölkəmizin əlverişli tranzit coğrafi mövqedə yerləşməsi qonşu ölkələrdən keçməklə sərnişin və yükdaşımaları üçün imkanlar yaradır. Belə ki, beynəlxalq xətlər üzrə (Bakı-Moskva-Bakı, Bakı-Rostov-Bakı, Bakı-Tbilisi-Bakı, Bakı-Tbilisi-Qars Bakı-Kiyev-Bakı) sürətli səyahətin təşkili, gələcəkdə xaricdən qatarla Azərbaycana səyahət edən turistlərin sayını artıra bilər:
"Müqayisə üçün bildirmək olar ki, 2019-cu ildə Azərbaycana dəmir yolu ilə gələn əcnəbi vətəndaşların sayı 408,9 min nəfər, xarici ölkələrə dəmir yolu ilə gedən vətəndaşların sayı isə 588,1 min nəfər olub. Bu, onu göstərir ki, dəmir yolu ilə səyahətin turizmdə daha da inkişaf etmə potensialı mövcuddur. Dəmir yolu xətlərinin inkişaf etdirilməsi ölkə daxilində, nəinki Bakıdan regionlara turist axınına, eyni zamanda regionlar arasında da səyahət imkanlarını asanlaşdıraraq, turist məmnuniyyəti yaradacaq və nəticədə daha çox xərcləmənin əldə edilməsinə səbəb olacaq".
E.Cavadovun sözlərinə görə, dəmir yolları şəbəkəsinin genişləndirilməsi və turist daşıyan sərnişin qatarlarının sayını artırmaqla, regionlara daha çox turist səfərlərini təşkil etmək mümkündür:
"Dünya təcrübəsində də müşahidə olunub ki, turizmi ölkə iqtisadiyyatının prioritet sahəsinə çevirmək istəyən ölkələr, nəqliyyat şəbəkəsini, xüsusən dəmir yolları sisteminin təkmilləşdirilməsini həyata keçirirlər. Bu gün Avropa dəmir yolu şəbəkəsində bir biletlə uzunmüddətli səyahət imkanı yaradan turist paketləri mövcuddur. Bu, həm də qatarla səyahətin hava nəqliyyatı ilə rəqabətdə olduğunu göstərir".
DTA rəsmisi hesab edir ki, ölkədə yüksək sürətli qatarların (YSQ) inkişafına investisiyalar yatırılarsa, iqtisadi baxımdan çoxlu faydaları olar: "ABŞ təcrübəsinə əsasən, YSQ-nin tikintisinə tətbiq olunan hər 1 milyard dollar, 24 000 yeni iş yerinin yaradılmasına səbəb olur. Bundan əlavə, ABŞ iqtisadiyyatında dəmir yollarına yatırılan hər 1 dollar iqtisadi fayda olaraq geri qaytarılan 4 dolları yaratmaqdadır.
Bu baxımdan, dəmir yollarına qoyulan sərməyə yeni iş yerləri yaradır və iqtisadi fəallığı artırır. Yüksək sürətli qatar xətləri turizmin inkişafına müsbət təsir edə bildiyi üçün iqtisadi fəallığın yüksəldilməsində birbaşa əlaqəlidir. Dünya ölkələrində müşahidələrə əsasən, turizm potensiallı regionların inkişafında, bütün destinasiyaların turizmdən bərabər şəkildə pay almasında dəmir yolu nəqliyyatının rolu əvəzsizdir.
Bu, xüsusən də, kiçik kəndlərin, ucqar ərazilərin və uzaq turizm destinasiyaların inkişafı üçün əhəmiyyətli hesab edilə bilər". Sektor müdiri qeyd edir ki, ölkəmizdə Bakı-Gəncə sürət qatarından sonra Bakı-Qəbələ sürət qatarının istifadəyə verilməsi, Bakıdan gedən turistlər üçün qərb və şimal-qərb regionunu daha əlçatan edib:
"Artıq turistlər üçün alternativ bir nəqliyyat vasitəsi seçimi yaranır ki, bu da öz növbəsində yeni imkanlar formalaşdırır. Turizmdə nəqliyyat vasitələrinin çoxnövlülüyü, turizm dəyər zənciri və əlavə qazancın əldə edilməsinə şərait yaradır. Qatarla səyahət vərdişinin artması yollarda yüklənməni azaldacaq, insanların daha çox vaxta qənaət etməsinə və nəticədə iqtisadi fəallığın çeşidlənməsinə rəvac verəcək. Sürətli qatar xətlərinin bütün turizm destinasiyalarına getməsi, yeni turizm paketlərinin və xidmətlərinin yaranmasına imkan verməklə, asudə vaxtın daha səmərəli istifadəsini təşviq edəcək".
Dəmir yolu turizminin spesifikliyini bilmək
Turizmçilər hesab edirlər ki, ölkəmizin regionlarına müxtəlif istiqamətlər üzrə dəmiryolu xətləri açmaq mümkündür.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov dəmir yolu turizminin inkişafını vacib hesab edir:
"Qatar turizmi səyahətin gözəl bir növüdür. Bu turizmi ölkə daxilində və xaricində inkişaf etdirmək olar. Ölkə daxilində yeni dəmir yollarının inkişafı ilə əlaqədar qatar turizminin inkişafına da nail olmaq mümkündür. Gələcəkdə regionların hamısına dəmir yolu xətlərinin çəkilişi baş tutsa, daha böyük uğura nail olmaq olar. Bu, turistlərə həm ucuz başa gələr, həm də turizmin kütləviliyini bərpa edər. Eyni zamanda, dəmir yolu turizmi vasitəsilə Türkiyə, Gürcüstan, İran və s. ölkələrə turist səfərləri həyata keçirmək olar".
M.Ağakərimov hesab edir ki, turizmin bu növünü inkişaf etdirmək üçün dəmir yolu turizminin spesifikliyini bilmək və bu sahədə işi bilən mütəxəssisləri dəyərləndirmək daha faydalı olar:
"Dəmir yolu turizmi maraqlı səyahət növü olduğu üçün insanları cəlb edər. Sovet dövründə qatar turizmi var idi. Hazırda da Rusiya və Türkiyədə, o cümlədən Avropa ölkələrində dəmir yol turizmi inkişaf edib. Rusiyanın ərazisi böyük olduğuna görə, Moskva, Sankt Peterburq kimi şəhərlərdən Vladivostoka qədər turizm səfərlərinə getmək üçün münbit şərait var".
Turizmçinin fikrincə, Azərbaycan ərazisində də turizmin bu növünü inkişaf etdirmək olar:
"Təəssüf ki, bu barədə dəfələrlə deyilsə də, bir irəliləyiş yoxdur. Turizm qurumları bununla bağlı hər hansı bir addım atmırlar. Hətta gələcəkdə gəmi turizmini də inkişaf etdirmək olar. Xəzər dənizi vasitəsilə, Xəzərdən Volqa çayına çıxmaqla turizmin bu növü insanların diqqətini cəlb edə bilər. Əslində turizmin bu növü sovet dövründə vardı. Sadəcə qatar turizmini yenidən bərpa edib inkişaf etdirmək lazımdır".
Həm qənaətli, həm də rahat
Şirkət rəhbəri Rəhman Quliyev qatar turizmini təhlükəsiz səyahət növü hesab edir:
"Təbii ki, insan səyahətə gedirsə, yaşadığı yerdən digər məntəqələrə üz tutmalıdır. Bunun üçün də o, hər hansı nəqliyyat vasitəsindən istifadə etməlidir. Hesab edirəm ki, təhlükəsizlik baxımından ən uyğun nəqliyyat vasitəsi dəmir yoludur. Bəzən turistlər arasında dəmir yolu, qatarla səyahət etmək hobbiyə çevrilir. Bu, onların rahat hərəkətinə, uzanıb dincəlmələrinə, ətrafı seyr etmələrinə imkan verir.
Hələ sovet dövründə sərnişindaşımada ən çox yük dəmir yolunun üzərinə düşüb. Həm relyef, həm qənaətcillik, həm də rahatlıq baxımından dəmir yolu nəqliyyatı daha əlverişli idi. Regionlarımıza dəmir yollarının çəkilişi və turist axınının intensivləşdirilməsi günün tələblərindən biridir.
Nəzərə alsaq ki, işğaldan azad olunan Qarabağa, məsələn, Bakıdan Zəngilana birbaşa dəmir yolu xətti çəkiləcək – bu, çox əhəmiyyətli olacaq. Regionlarda beynəlxalq hava limanlarının inşası gedir. Bu, turistlərin həm hava nəqliyyatından, həm də dəmir yolu nəqliyyatından istifadəsini təmin edəcək. Zəngilana gedən dəmir yolunun Füzulidən keçməsi bu regiona turist axınına səbəb olacaq".
Turizmçi hesab edir ki, bu yaxınlarda istismara verilən Bakı-Qəbələ dəmir yolu xətti müxtəlif kateqoriyadan olan turistlərin cəlb edilməsində böyük rol oynayacaq. Belə ki, Qəbələ Azərbaycanın ən çox turist cəlb edən regionlarından biridir. Bu region ölkənin həm mədəni, həm təbiət, həm də biznes turizmlərində təmsil olunur və müxtəlif yaşlardan və kateqoriyalardan olan turistləri cəlb edə bilir. İnsanlar Qəbələyə istər avtomobil, avtobus, istərsə də hava nəqliyyatı ilə gələ bilir:
"Bu istiqamətdə qatarların istifadəyə verilməsi dəmir yolu turizminin inkişafına təkan verəcək. Daha çox xətlərin açılması turizm baxımından olduqca vacibdir. Bu, insanların istiqamətlərə, müxtəlif yollarla çata bilmələrinə imkan yaradacaq. Digər rayonlarımıza da dəmir yolu xətləri var. Amma bunların sayı artsa, daha geniş coğrafiyanı əhatə etsə, əhəmiyyətli olar. Bu artım, həm turizmin, həm də iqtisadiyyatın inkişafına töhfə olar".
Xidmetler [newsid: 0-123300]