Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi - YENİLƏNDİ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul etdi - YENİLƏNDİAzərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.
KONKRET.az xəbər verir ki, görüşdə çıxış edən dövlət başçısı İlham Əliyev deyib:
– İlk növbədə, idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan Bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm.
Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.
Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.
Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır.
Daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki, idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm, növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq.
Əlbəttə, tam əminəm ki, həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqlarımızın sayı çox olacaq və bunu arzulayıram. Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik.
Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.
Bir daha sizi ürəkdən təbrik etmək və sizə yeni qələbələr, uğurlar arzulamaq istəyirəm.
x x x
Olimpiya çempionu, cüdoçu Hidayət Heydərov çıxış edərək deyib:
– Cənab Prezident, bu gün bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun. Mən çox xoşbəxtəm ki, dünya çempionu olanda Siz məni təbrik etdiniz, mənə dəstək oldunuz. Olimpiya çempionluğunda ilk olaraq Siz mənə zəng edib təbrik etdiniz. Düzdür, özü burada olmasa da, mən bizim Olimpiya çempionumuz Elnur Məmmədliyə "Çox sağ ol" demək istəyirəm. Biz bir-birimizə söz vermişdik ki, Avropa, dünya və Olimpiya çempionu olacağıq və olduq. İnşallah, bundan sonra da Los-Anceles Olimpiadasına birlikdə hazırlaşıb orada da öz qələbəmi göstərəcəyəm.
Mən fəxr edirəm ki, Fransanın Paris şəhərində Olimpiya çempionu oldum, bizim Bayrağımız qalxdı və Himnimiz səsləndirildi. Mən bununla çox fəxr edirəm, çox sağ olun, minnətdaram Sizə.
Prezident İlham Əliyev: Sağ ol.
X X X
Dövlət başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini deyib.
Azərbaycan Prezidenti qeyd edib ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı dedi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev uzun illər Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında ölkəmizin adını ucaldan veteran idmançılara minnətdarlığını ifadə edib.
Dövlət başçısı Azərbaycan idmançılarına və məşqçilərinə yeni qələbələr və uğurlar arzulayıb.
X X X
Sonra Olimpiya çempionları, cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev Azərbaycan Prezidentinə xatirə hədiyyələri təqdim ediblər.
Daha sonra dövlət başçısı XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunan idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
X X X
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.
KONKRET.az xəbər verir ki, dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.

İdman       Tarix: 14 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Millətlər Liqası: Türkiyə Belçikaya qarşı

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 8 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, I qrup. 21:00. Türkiyə – Belçika;. 23:45. İtaliy

"Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. bildirir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşm

Mbappedən Arda ilə bağlı paylaşım

Fransalı futbolçu Kilian Mbappe Arda Gülerin "Real Madrid"lə müqaviləsini 2032-ci ilədək uzatması ilə bağlı paylaşımına maraqlı reaksiya verib. KONKRET. -a istinadən xəbər verir ki, Madrid klubunun hücumçusu türkiyəl

Yağışa görə bu oyun təxirə düşdü

Azərbaycan 2-ci liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Şirvan" – "Marafon" qarşılaşması təxirə salınıb. PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb matçın təyin olunduğu vaxtadə

FİFA prezidentliyi uğrunda 3 namizəd

FİFA-nın yeni prezidentinin seçilməsi uğrunda üç namizəd mübarizə aparacaq. xəbər verir ki, beynəlxalq futbol qurumunun rəsmi saytında namizədlərin adları açıqlanıb. Bunlar Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo

İllik 26 milyon avro maaşdan imtina edir

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi Simone İnzaqi komandadan ayrılmaq qərarına gəlib. KONKRET.azxəbər verir ki, bu barəd insayder Nikolo Skira məlumat yayıb. O bildirib ki, italiyalı mütəxəssi

Timoteuş Puxaç "Sabah"dan gedir?

"Sabah"ın futbolçusu Timoteuş Puxaç gələcəkdə Polşanın "Lex" klubuna qayıtmaq istədiyini açıqlayıb. -a istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə "Meczyki" nəşrinə müsahibəsində danışıb

"Mançester Yunayted" Maykl Karriki qovdu

"Mançester Yunayted" baş məşqçi Maykl Karriki istefaya göndərib. xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Klubun bununla bağlı bu gün açıqlama yayacağ

"Sabah" doğma meydanda xal itirdi

Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib. KONKRET.azxəbər verir ki, günün ikinci matçında "Sabah" "İmişli"ni qəbul edib. "Sabah Arena"da keçirilən qarşılaşma 2:2 hesablı heç-heç


son xeberler yeni xeberler azerbaycan xeberleri krminal bu gun cəbhədən son dəqiqə son xeberler azerbaycan meherremlik 2026