Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Salyan rayonunda 1981-ci il təvəllüdlü Sənan sosial şəbəkədə tanış olduğu Sevdaya (adlar şərti verilib – red.) təcavüz edib.
KONKRET.az Teleqraf.com-a istinadla xəbər verir ki, Sənan 11 aprel 2024-cü ildə saat 23 radələrində istifadəsində olan mobil telefonun "Azar" mobil tətbiqi ilə internetdə tanış olduğu 2011-ci il təvəllüdlü Sevdanı evlənmək məqsədilə qaçırmaq qərarına gəlib. Aprelin 12-də səhər saatlarında Salyan şəhər sakini Mədətin idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Sevdanın yaşadığı evin qarşısına gəlib.
Sevdaya evin qarşısındakı küçədə olması barədə telefonla məlumat verib, qız evdən çıxaraq həmin avtomobilə əyləşib. Sənan onu Salyan rayonunun kəndindəki yaşadığı evə gətirib. Aprelin 13-nə keçən gecə birlikdə yemək yedikdən sonra onunla seksual xarakterli hərəkətlər edib.
Daha sonra Sənan həm özü soyunub, həm də Sevdanı soyunduraraq cinsi əlaqədə olmaq istədiyini deyib. Bu zaman qızın 13 yaşının bir neçə ay əvvəl tamamlandığını və məktəbli olduğunu bildirməsinə əhəmiyyət verməyib.
Sənan Sevdanın müqavimət göstərmək imkanında olmamasından və özünün fiziki üstünlüyündən istifadə edərək onunla zorla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Sənanın barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama – on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.
"Cinsi əlaqədə olmamışam"
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, mobil telefonun "Azar" mobil tətbiqi ilə internet sosial tanışlıq şəbəkəsi vasitəsilə canlı yayım açıb:
"Canlı yayıma sonradan adını öyrəndiyim Sevda daxil oldu. Onunla tanış olduq. Sevda mənə iyirmi üç yaşı olduğunu, əvvəllər evli olub boşandığını, atasının vəfat etdiyini, anasının onu atdığını, nənəsi ilə birlikdə yaşadığını, nənəsinin də ona gün verib, işıq vermədiyini bildirdi.
Sevdaya mənim də əvvəllər evli olub boşandığımı, istəsə onunla ailə qura biləcəyimi söylədim. Mənə ailə qurmaq niyyətim varsa, yaşadığı ünvana gəlməyimi istədi. Səhər taksi ilə onun məkan atdığı ünvana getdim. Birlikdə taksi ilə yaşadığım Salyan rayonunun kəndinə yola düşdük.
Yolda əvvəlcə avtomobilin ön sərnişin hissəsində əyləşdim. Bir qədər getdikdən sonra avtomobili saxlatdırdım, arxa oturacaqda, Sevdanın yanında əyləşdim. Sevda başını mənim sinəmə qoydu, mən də onun saçlarını sığalladım.
Lakin evdə Sevda ilə cinsi əlaqədə olmamışam. Buna heç imkanım da olmayıb. İşdən evə qayıtdıqdan sonra polis əməkdaşları məni saxlayaraq özləri ilə rayon polis şöbəsinə apardılar".
"Özümü yalnız bunda təqsirli bilirəm"
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Sevda ilə ilk dəfə görüşdükdə ondan yaşını öyrənmək məqsədilə şəxsiyyət vəsiqəsini istəyib:
"O, şəxsiyyət vəsiqəsinin anasında qaldığını bildirdi. Mənə yaşı barəsində yanlış məlumat verdi. Sevdanın azyaşlı olmasını anlamamışam. Azyaşlı olduğunu bilsəydim, onunla münasibət qurmazdım. Sevda ilə cinsi əlaqədə olmamışam. Özümü yalnız Sevdanı evimə gətirməkdə təqsirli bilirəm".
Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu müəyyən edilib. Bu səbəbdən onun həmin ifadəsi elan edilib.
"22 yaşlı olduğunu dedi"
Sənan ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, 11 aprel 2024-cü ildə gecə saat 23 radələrində "Azar" sosial şəbəkə proqramına daxil olub: "Aprelin 12-də gecə saat 1 radələrində isə həmin sosial şəbəkədə canlı yayımda əvvəllər tanımadığım, sonradan adını bildiyim Sevda ilə tanış oldum. O mənə atasının öldüyünü, anasının Bakı şəhərində yaşadığını, özünün 22 yaşı olduğunu bildirdi.
Mən də həmin vaxt 43 yaşım olduğunu, evli olub ayrıldığımı və hazırda ailə qurmaq istədiyimi bildirdim. Sevda mənimlə ailə qurmağa razı olduğunu dedi".
"Anam qızı geri qaytarmağı məsləhət bildi"
Sənan qeyd edib ki, bir neçə saat Sevda ilə "İnstagram" sosial şəbəkəsi vasitəsilə danışmağa başlayıb: "Mənimlə evlənmək istədiyini və qaçmağa razılıq verdiyini bildirdiyi üçün onun yaşadığı ünvana getməyi qərara aldım.
Gecə Salyan rayonunda tanışım olan taksi sürücüsü Mədətə zəng vurdum və yaşadığım evə gəlməsini istədim. Evlənmək üçün onun avtomobilində qız gətirəcəyimi bildirdim. Mədətlə gedib-qayıtmağa görə 120 manata razılaşdıq, gecə saat 4 radələrində birlikdə Salyan rayonundan Yevlax şəhərinə yola düşdük.
Səhər saat 8 radələrində Yevlax şəhərinə çatdıq. Yol boyunca Sevda ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq danışırdıq. Yevlax şəhərində Sevdanın atdığı məkanla onun yaşadığı evin yerini tapdıq. O, evdən çıxaraq avtomobilin arxa oturacağında əyləşdi. Salyan rayonuna yola düşdük, təxminən saat 13 radələrində Mədət bizi evin qarşısında düşürtdü.
Anam Nəzakət həyətdə idi. Üstümdə pul az olduğundan anamdan əlavə 20 manat da alıb Mədətə verdim. Geri qayıtdıqda Sevda ilə anamın evdə öz aralarında mehribancasına söhbət etdiklərini gördüm.
Anam mənə Sevdanın yaşının az olduğunu və onu geri qaytarmaq lazım gəldiyini bildirdi. Mədətin kafedə Sevdanın yaşının az olması barədə dediyi söz yadıma düşdü. Ardınca anamın da Sevdanın yaşının az olmasını deməsi məni şübhələndirdi.
Anama hazırda bərbər dükanına iş görməyə gedəcəyimi və evə gəldikdən sonra bu barədə söhbət edəcəyimizi bildirdim".
"Evə tez gəlməyimi istədi"
Sənanın sözlərinə görə, evdən çıxıb işlədiyi bərbərxanaya gedib: "Sevda "İnstagram" vasitəsilə mənə SMS yazaraq işdə yubanmamağımı, evə tez gəlməyimi istədi. Əlimdəki işi bitirərək qayıdacağım cavabını yazdım. Axşamadək bərbərxanada bir neçə müştərinin saçını kəsdim. Müştərilərdən yalnız qohumlarım Həsəni və Sadiqi xatırlayıram.
Təxminən saat 22 radələrində işimi bitirib evə gəldikdə anam Nəzakət və Sevda evdə idilər. Mən işdə olanda Sevda hamamda çimmişdi. Mən də hamama girib yuyundum".
Sənan deyib ki, gecə həyətdəki birmərtəbəli evə gəlib: "Çünki Sevda da həmin evdə idi. Anam isə yuxarı evdə öz otağında yatmışdı. Sevda kolbasa-çörək doğradı, birlikdə yemək yedik.
Sonra Sevdanı özümə tərəf çəkərək qucaqladım, onu öpməyə başladım. Ehtiraslandığım üçün əynimi tam soyundum. Sevda məni bu vəziyyətdə görəndə qorxdu. İlk dəfə onda dedi ki, 13 yaşı bir neçə ay əvvəl tamam olub, məktəblidir. Mən ehtiras içində olduğumdan onun yaşının az və məktəbli olmasına əhəmiyyət vermədim. Əynindəki paltarı tam soyundurdum, yatağa uzatdım, seksual hərəkətlər etməyə başladım.
Sevda mənə qarşılıq vermədi, məni sinəmdən itələyərək öz ayaqlarını bükdü. Təkrar cəhdlər etdikdə yenə qarşılıq vermədi, məktəbli olduğunu, evlərinə getmək istədiyini dedi.
Artıq öz güclü ehtiraslarıma dözə bilmədim. Onunla təbii yolla cinsi əlaqədə olmağa başladım. Cinsi əlaqədən sonra Sevdanın qız uşağı olduğunu, onun bakirəliyini pozduğumu başa düşdüm".
Sənan qeyd edib ki, Sevda onunla bir yataqda gecələyib: "Səhər yuxudan ayıldım, evdən çıxıb işə getdim. Günorta saatlarında mən bərbərxanada olarkən polis əməkdaşları evə gəlib və Sevdanı Salyan Rayon Polis Şöbəsinə aparıblar.
Saat 16 radələrində polislər gəlib məni də apardılar. Tutduğum əməldən peşmanam. Bir daha belə hərəkətlərə yol verməyəcəyəm".
"Yaşı dediyindən lap çoxdur"
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sevdanın sözlərinə görə, 12 aprel 2024-cü ildə gecə saat 1 radələrində canlı yayımda olan Salyan rayon sakini Sənanla tanış olub: "Həmin vaxt 25 yaşı olduğunu bildirdiyi üçün onunla tanış oldum, dost kimi münasibət saxlamağa razılaşdım. Daha sonra "İnstagram" sosial şəbəkəsini də telefonuma yüklədim və orada əlaqə saxlamağa başladıq.
Sənan mənimlə görüşmək istədi. Yaşadığım ünvandan telefonla məkan ataraq yerimi ona bildirdim. Aprelin 12-də səhər saat 10 radələrində Sənan mənə "İnstagram" sosial şəbəkəsi vasitəsilə zəng vurdu və yaşadığım evin yaxınlığında olduğunu bildirdi. Mən də evdə heç kimə bir söz demədən küçəyə çıxdım, Sənanın gəldiyi "Mercedes" markalı avtomobilə əyləşdim.
Sənan həmin vaxt qabaq sağ oturacaqda oturdu, digər tanımadığım şəxs isə avtomobili idarə etdi. Sənam mənə dedi ki, gedək gəzək, daha sonra səni yaşadığın evə qaytaracağam. Mən avtomobildə gördüm ki, Sənan məni aldadıb, yaşı dediyindən çoxdur.
Sənan sürücüyə maşını Salyan rayonuna sürməyi tapşırdı. Ona israrla məni evə qaytarmasını bildirsəm də, buna məhəl qoymadı".
"Məni öldürəcəyi ilə hədələdi"
Sevda qeyd edib ki, Ucar rayonu ərazisində Sənan avtomobili saxlatdırıb və çay içməyi təklif edib: "Sənanla sürücü çay içmək üçün avtomobildən düşdülər. Yenə israrla Sənana məni geri qaytarmasını, evdə məni axtaracaqlarını, orta məktəbdə oxuduğum üçün dərsə gətməli olduğumu söylədim. Sənan isə mənim bu sözlərimə əhəmiyyət vermədi və məni öldürəcəyi ilə hədələdi. Mən də qorxduğum üçün heç nə deyə bilmədim.
Sənan mənimlə evlənəcəyini bildirdikdə, mən isə ona uşaq olduğumu, onunla yalnız rayon ərazisində gəzdikdən sonra məni evə qaytaracağına razılaşdığımı və onunla evlənmək istəmədiyimi bildirdim.
Sənan sürücü ilə Ucar rayonunda çay içdikdə mən də məcburən onlarla oturdum. Lakin mən çay içmədim. Yenidən yola düşdük. Salyan rayonuna gələnə qədər yolboyu eyni sözləri dedim. Sənan isə mənə gözünü bərəldərək qorxutdu, sözlərimə əhəmiyyət vermədi".
"Anası oğlunun hərəkətlərindən bezdiyini dedi"
Zərərçəkmiş qeyd edib ki, həmin gün saat 13 radələrində Sənangilin həyətinə daxil olub: "Sənan taksiyə vermək üçün evdən pul götürərək çölə çıxdı.
Sənanın anası məndən neçə yaşım olduğunu soruşdu, 14 yaşa yenicə keçdiyimi dedim. O, əvvəllər də Sənanın bir neçə dəfə cinsi əlaqədə olmaq üçün evə qadın və qız gətirdiyini, evli olub ayrıldığını, 2 uşağı olduğunu, oğlunun bu hərəkətlərindən bezdiyini dedi.
Sənangilin evində olarkən ora bir qız gəldi, məndən neçə yaşım olduğunu soruşdu. Ona 14 yaşıma yenicə keçdiyimi bildirdim. Həmin qız da mənə Sənanın əxlaqsız adam olduğunu, əvvəllər də evə bir neçə dəfə qadın-qız gətirdiyini, camaatın onun əlindən qızını çölə buraxa bilmədiyini xəbər verdi".
"Zorla cinsi əlaqədə oldu"
Sevda bildirib ki həmin gün saat 22 radələrində Sənan evə gəlib: "Yemək istədiyi üçün məcbur qalaraq həyətdəki digər evdə ona yemək verdim. Aprelin 12-dən 13-ə keçən gecə Sənan mənim bədənimin müxtəlif yerlərindən öpməyə və bədən üzvlərimi oynatmağa, daha sonra əynində olan paltarları çıxarmağa başladı.
Ona bakirə olduğumu, cinsi əlaqədə olmaq istəmədiyimi bildirdim. Sözlərimə məhəl qoymadan məni tamamilə lüt soyundurdu, özü də lüt soyundu. müqavimət göstərsəm də, fiziki cəhətdən məndən güclü olduğu üçün zorla mənimlə cinsi əlaqədə oldu".
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sənan 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qeyd edək ki, Sənan əvvəllər dəfələrlə məhkum olunub. O, ilk dəfə 2010-cu ildə Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək), 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə mühakimə olunub və məhkəməmin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bundan başqa, o, 2014-cü ildə Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib, ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Turlar.az [newsid: 0-123300]