Tibb elminə həsr olunmuş ömür

Tibb elminə həsr olunmuş ömürAzərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. 
Ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları insanı riqqətə gətirəcək qədər təsirlidir. Zərifə xanım Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. 
Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı. Doğulub boya-başa çatdığı mühitin onun taleyində həlledici rolu olub. Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Baş nazirin müavini kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir.
Həmin dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq lazım idi. Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1960-cı ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu.
Görkəmli alim sonra fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların da müəllifi olub. Onların arasında "Herpetik göz xəstəliyi", "Ağır virus konyunktivitləri", "Kəskin virus konyuktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" əsərləri xüsusi yer tutur. Alimin göz yaşı xəstəliklərinə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və digər əsərləri tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Təsadüfi deyildi ki, Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o özündən sonra dəyərli məktəb qoymuşdu.
Bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.
Xatirə Xəlilova,
25 saylı şəhər poliklinikasının baş həkimi / azxeber.com

Sosial     Baxılıb: 163   Tarix: 12 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Bu metal rekord həddə bahalaşdı

Donald Trampın 50% gömrük rüsumu haqqında danışmasından dərhal sonra misin qiyməti 17% artaraq tarixi ən yüksək səviyyəsinə çatıb. xəbər verir ki, Comex birjasında sentyabr ayı mis fyuçersləri çərşənbə axşamı 17,3% artara

Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb. . xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Bildirilib ki, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanla

Laçında insan skeletinin qalıqları tapıldı

Laçında insan skeletinin qalıqları tapılıb. Report-a istinadən xəbər verir ki, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb. Belə ki, kənd sakini köhnə evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqlar

Bu sektorda orta aylıq maaş 3743 manatdır

Ölkdə üzrə ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesindədir. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, bu sektorda orta aylıq nominal əməkhaqqı 3 743 manat təşkil edir. Orta aylıq nomina

Neft bahalaşdı

Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb. KONKRET.azxəbər verir ki, iyulun 11-də dünya bazarlarında neft qiymətləri artıb. Belə ki, Nyu-York birjasında (NYMEX) WTI markalı xam neftin avqust fyuçerslərinin qiymət

Bankların əhalidən cəlb etdiyi depozitlərin orta faiz dərəcəsi artdı

2025-ci ilin iyun ayının 1-nə Azərbaycanda bankların manatla cəlb edilmiş müddətli depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8.87 faiz təşkil edib. Bu barədə  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu dövrd

Professor Rəhman Bədəlov vəfat edib

Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib. xəbər verir ki, bu barədə APA-ya onun qızı Heyran Qorçu xəbər verib. O bildirib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib. 

Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqladı - FOTO

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Atəşgah Sığorta" ASC ( 1.27 indeksi ilə) olub. "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəz

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.  xəbər verir ki, 2025-ci il iyulun 7-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat təşkil edib. Türkiyə lirəsi 0,04276 manatadək, avro 2,001 manatadə


yeni xeberler son xeberler azerbaycan xeberleri dunya xeberleri cəbhədən son xəbər az xeber havanın temperaturu