Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır
"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımdan inkişafın yüksək zirvələrini fəth etmişdilər. Belə bir şəraitdə Azərbaycanda qəti inam vardı ki, Avropa təşkilatları və dövlətləri bizə işğalın nəticələrinin aradan qaldırılmasında, torpaqlarımızın azad edilməsində, eləcə də hüquqi və demokratik dövlət quruculuğunda böyük dəstək göstərəcəklər. Təəssüflər olsun ki, zamanla bu inamın itirildiyinin şahidi olduq".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirib. O qeyd edib ki, bir sıra hallarda Qarabağ məsələsi regionu idarə etmək, Qərb təşkilatlarının iqtisadi-siyasi maraqlarını həyata keçirmək üçün vasitəyə çevrildi:
"Lakin sonrakı dövrdə maraq və mənafelər müəyyən qədər balanslaşdırılmağa başladı. Azərbaycan istər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə, istərsə də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra Avropa dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlığa nail ola bildi. Bu dövlətlərin sayı 14-dən çoxdur. Digər tərəfdən, Qərb strukturlarının diktə etdiyi siyasətin qarşısında ciddi müqavimət formalaşdırıldı. Zamanla şahidi olduq ki, Avropa Şurası mübarizəmizin platformasına çevrildikcə ölkəmizə qarşı qarayaxma kampaniyaları genişlənir və bu proses Avropa Parlamentinə qədər uzanırdı. Daha sonra ABŞ Konqresi, Dövlət Departamenti, onların ətrafında fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları və qlobal medianın vasitəsilə ölkəmizə qarşı hücumlar geniş miqyas aldı. Yekunda bütün bunlar mahiyyət etibarilə işğalı qorumağa və Azərbaycanın qarşısını kəsməyə xidmət edən addımlar idi.
Ancaq digər tərəfdən, Qərbin rasional düşünən bir hissəsi də var. Məhz bu gün ölkə rəhbərinin Avropa Siyasi Birliyinin növbəti sammitində iştirak etmək üçün İrlandiyada olması da bunun sübutudur. Bu, həmin dairələrin Azərbaycanın regional əhəmiyyətini, gücünü və əvəzolunmazlığını başa düşdüyünü, qəbul etdiyini göstərir. Əslində, yüz illər əvvəl də vəziyyət belə olub".
Deputat əlavə edib ki, Britaniya qoşunları böyük məsafələri qət edərək Xəzər dənizi üzərindən Bakıya gələndə, general Tomson burada general-qubernator olanda və müəyyən müddət Azərbaycanın idarəçiliyini ələ keçirəndə də Qafqazın Qərb üçün əhəmiyyəti aydın görünürdü:
"Eyni zamanda, Almaniya qüvvələrinin də Gürcüstanda yerləşdiyini xatırlayırıq. Qafqaz həmişə Qərb üçün mühüm əhəmiyyət daşıyıb. Bunun birinci səbəbi regionun strateji mövqeyidir. Qafqaz Rusiya ilə İran arasında yerləşən mühüm geosiyasi arealdır. İkinci səbəb zəngin neft sərvətləridir. Üçüncüsü isə Azərbaycanın Şərqə açılan qapı olmasıdır. Digər tərəfdən, Çin və Asiyanın digər ölkələri də tarixən bu region vasitəsilə Avropaya çıxıblar. Böyük İpək Yolu da həmin siyasətin mühüm bir parçası olub. Belə olan təqdirdə Azərbaycanla münasibətləri qoruyub saxlamaq xətti yenə də güclü olaraq qalacaq. Lakin burada iki mühüm məqamı ayrıca vurğulamaq lazımdır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə "Əsrin müqaviləsi" imzalandı. Həmin dövrdə Rusiyanın imperiyaçı qüvvələri bu qərarı Azərbaycanın iqtisadi müstəqilliyinə və gələcəkdə hərbi zəfərinə aparacaq proses kimi qiymətləndirirdilər. Məhz buna görə təxribatlar və sui-qəsdlər həyata keçirilir, dövlət xadimlərimiz terrora məruz qalırdı.
Əslində, onlar əldə olunacaq böyük gəlirlərin orduya yönəldiləcəyini, iqtisadi həyatın inkişaf edəcəyini, Ermənistanla rəqabətdə Azərbaycanın önə çıxacağını və nəticədə torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayacağımızı yaxşı dərk edirdilər. Digər tərəfdən, Heydər Əliyev qabaqcıl texnologiyalara malik güclü Avropa dövlətləri ilə əlaqələrə regionda hərbi-siyasi balansın bərpası vasitəsi kimi baxırdı. O, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün həmin qüvvələrin imkanlarından maksimum dərəcədə yararlanmağa çalışırdı. Prezident İlham Əliyev 2020-ci ildə Ermənistanın təxribatları qarşısında müharibə qərarı verərkən də Qərbin müəyyən qədər ədalət tərəfdarı olan, beynəlxalq hüququn prinsiplərini qorumağa çalışan qüvvələrinə istinad etdi. Məsələn, Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Həmin dövrdə Britaniya əleyhimizə yönələn çağırışlara və Fransanın sanksiya təşəbbüslərinə qarşı çıxdı, prosesin neytrallaşdırılmasında rol oynadı. Bununla da müəyyən mənada Avropanın simasının xilas edilməsinə töhfə verdi. Çünki Strasburqda və Brüsseldə yerləşən möhtəşəm binalardan demokratiya və insan hüquqları haqqında bəyanatlar verən, ərazi bütövlüyünün müdafiəsini əsas prinsip kimi təqdim edən dairələr və siyasətçilər həmin prinsipləri unudaraq ölkəmizi mühakimə etməyə çalışırdılar".
Müsahibimiz vurğulayıb ki, 2020-ci il müharibəsində işğalı Avropa Şurasında və Avropa Parlamentində siyasi qətnamələr, qərarlar, saxta məqalələr və digər platformalar vasitəsilə müdafiə edən qüvvələr də məğlub oldular:
"Təbii ki, bundan sonra da müəyyən müqavimət göstərildi. Qarabağın tanınması ilə bağlı aktlar, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin mandatının dayandırılması və digər addımlar bunun nümunəsidir. Azərbaycan qələbədən sonra geosiyasi statusunu daha da gücləndirdi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arealını birləşdirən mühüm aktora çevrildi və hazırda Yaxın Şərqə çıxış istiqamətində də vacib siyasət həyata keçirir. Azərbaycan bu baxımdan enerji təhlükəsizliyində mühüm rol oynayır. Çünki bu gün qlobal ticarət dəhlizləri və təchizat zəncirləri pozulur. Hörmüz boğazının dünya üçün nə qədər böyük əhəmiyyət daşıdığını görürük. Azərbaycan isə Qafqazda kommunikasiyaların açılması, nəqliyyat xətlərinin birləşdirilməsi və gələcəkdə regionda embarqo və sanksiyalardan kənar, daha dayanıqlı bir mühitin formalaşdırılması istiqamətində çalışır. Prezident bu istiqamətdə mühüm addımlar atır. Sülh müqaviləsinin imzalanması ilə regionun taleyi həqiqətən də kəskin şəkildə dəyişə bilər. Belə bir şəraitdə Qərb də Azərbaycanla münasibətlərini yenidən qurmaq və qoruyub saxlamaq istəyəcək.
Biz xarici siyasətimizdə prinsiplərə söykənirik. Ölkə rəhbəri dəfələrlə bəyan edib ki, biz heç bir qüvvəyə qarşı çirkin oyunlarda iştirak etmirik. Bu yanaşma özlüyündə dövlətimizə etimad və etibar qazandırır.
Digər tərəfdən, qalib ölkə statusumuzu da hər kəs qəbul etməkdədir. Zamanla görəcəyik ki, bu gün Avropa Siyasi Birliyinin sammitinə toplaşan liderlər də qələbəmizi təbrik edəcəklər. Hazırda isə hələ də ikili mövqe nümayiş etdirirlər. Çünki yaxşı başa düşürlər ki, Azərbaycanın güclənməsi regionda böyük dəyişikliklərə yol aça bilər. Onları narahat edən məqamlardan biri də Azərbaycanın daha da güclənməsi və artıq kənardan idarəolunan ölkəyə çevrilməməsidir. Ona görə də Avropa-Azərbaycan münasibətləri qarşılıqlı xarakter daşıyır. Biz bu münasibətləri pozmaqda qətiyyən maraqlı deyilik. Lakin heç kim düşünməməlidir ki, ölkəmizdə hakimiyyətin formalaşdırılmasına, kimin nazir təyin edilməsinə və ya hansı qərarların qəbul olunmasına kənardan müdaxilə edə bilər. Məsələn, Ukraynada uzun müddət bu istiqamətdə proseslər həyata keçirildi. Eyni zamanda, parlamentin səlahiyyətlərinin əvəzinə qərar vermək iddiasında olan qüvvələr də mövcuddur. Bu cür iddiaları olan qüvvələr zamanla dərk edəcəklər ki, təzyiq dili ölkəmiz üçün keçərli deyil. Prezidentin xarakteri, idarəçilik üslubu, dünyagörüşü və xalqımızı qələbəyə gətirdikdən sonrakı mərhələnin də strateji yol xəritəsini müəyyənləşdirməsi bizə əsas verir ki, gələcəkdə də Qərblə münasibətlərimizi bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında qoruyub saxlayacağımıza əmin olaq".
Aynur Babazadə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü