Azərbaycan və Gürcüstan liderləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2

Azərbaycan və Gürcüstan liderləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında "Qarabağ xanlığının irsi" sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
KONKRET.az xəbər verir ki, əvvəlcə Gürcüstanın Baş naziri mətbuata bəyanatla çıxış etdi.
Baş nazir İrakli Qaribaşvilinin
bəyanatı
-Cənab Prezident.
Hörmətli dostlar, qonaqlar.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi burada səmimiyyətlə salamlayıram. Cənab Prezidentə təşəkkür edirəm ki, bu gün Gürcüstana səfərə gəlib.
Ölkələrimiz arasında olan mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq, o cümlədən əməkdaşlığımızın gündəliyi Sizin səfərinizin əhəmiyyətini vurğulayır. Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür. Bizim ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mən əminəm ki, mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq.
Bu gün bizim çox vacib görüşümüz oldu, müxtəlif məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığı bir daha vurğuladıq. Biz hazırda dünyada baş verən prosesləri müzakirə etdik və razılığa gəldik ki, bu gün Ukraynada baş verən hadisələr məhz danışıqlar yolu ilə həll edilməlidir.
Onu da nəzərdən keçirdik ki, dünyada baş verən hadisələr yalnız sülh və sabitlik yolu ilə həll olunmalıdır. Bu, həm bizim regionumuz, həm də xalqlarımız üçün vacibdir.
Bununla yanaşı, biz regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik.
Cənab Prezident, Sizin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləyirəm.
Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.
Mən Sizin atanızdan, ölkənizin Ümummilli Liderindən sitat gətirmək istəyirəm. Onun xatirəsinə bizim dərin ehtiramımız var. O, vaxtilə Gürcüstanda Tbilisidə olanda demişdi, Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək.
Cənab Prezident, bir daha təşəkkür edirəm.
x x x
Sonra dövlətimizin başçısı bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin
bəyanatı
-Hörmətli cənab Baş nazir.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, cənab Baş nazir, ölkənizə dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Biz Gürcüstanın bu gözəl yerində görüşürük, çox gözəl mənzərəli yerlərdir. Eyni zamanda, küləkdir, sanki Bakı küləyidir. Bu, onu göstərir ki, külək də bu gün bizim burada olmağımızı alqışlayır. Yəni, mən doğrudan da özümü evimdəki kimi hiss edirəm. Mən yenidən Gürcüstanda olmağımdan çox məmnunam.
Cənab Baş nazirlə bizim görüşlərimiz tez-tez keçirilir. Təkcə keçən il hörmətli cənab Qaribaşvili iki dəfə Azərbaycanda səfərdə olub. Eyni zamanda, beynəlxalq təşkilatların keçirdiyi tədbirlər çərçivəsində də biz daim görüşürük. Əminəm ki, bugünkü səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Bu münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.
Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Cənab Baş nazir qeyd etdiyi kimi, bu gün bir çox məsələlər müzakirə olundu. Hələ müzakirələr davam edəcək. Əlbəttə ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər müzakirələrin mərkəzində idi. İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda, bizim niyyətimiz bundan ibarətdir. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaqdır. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Bu gün eyni zamanda, söhbət əsnasında Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq.
O ki qaldı, ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq. Baş nazir də qeyd etdiyi kimi, həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir. Biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracatını artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni, bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır. Beləliklə, biz planlaşdırırıq ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, bununla əlaqədar görüləcək işlər həm ikitərəfli formatda müzakirə olundu, həm də gələcək müzakirələrə ehtiyac var. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Biz bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə etmək istəyirik. Bu barədə də danışmışıq. Mən bizim planlarımız haqqında cənab Baş naziri məlumatlandırdım. Buna da böyük ehtiyac və böyük potensial var.
Həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Əlbəttə, təbii ki, bizim ixrac istiqamətimiz Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Yəni, bu, beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş rəqəmdir və bu, çox böyük rəqəmdir. Əlbəttə ki, bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Burada Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcək. Yəni, bir sözlə, bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanlar var – enerji resursları, nəqliyyat dəhlizləri.
Onu da bildirməliyəm ki, Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır. Mən bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini biz 5 milyon tona çatdırmaq fikrindəyik. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaq. Artıq bütün sərmayələr hazırdır və biz bu prosesə start vermişik. Çünki dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Biz buna hazır olmalıyıq. Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyirik. Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir.
Yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz, xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyət durur. Odur ki, mən bu gözəl fürsətə görə, məni bu gözəl yerə dəvət etdiyi üçün hörmətli Baş nazirə bir daha təşəkkürümü bildirmək istəyirəm, dost, qardaş gürcü xalqına daim firavanlıq, rifah və sülh arzulayıram. Sağ olun.
***
14:40
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında "Qarabağ xanlığının irsi" sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
***
14:10
Oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında "Qarabağ xanlığının irsi" sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış edirlər.
KONKRET.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.


Siyasi     Baxılıb: 159   Tarix: 24 oktyabr 2022
f Paylaş

Xidmetler

Oxşar xəbərlər

Kim Çen Inın bacısı Amerikanı hədələdi

"ABŞ və müttəfiqləri təhlükə altında olacaq". xarici KİV-ə istinadən xəbər verir ki, bunu Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, Kim Çen Inın bacısı Kim Yo Conq bildirib. O vurğulayı

Ukraynanın Vardanyanın Nobel mükafatına namizədliyinə etirazı

Ukraynanın xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizəd göstərilməməsi ilə bağlı öz mövqelərini açıq şəkildə ifadə etdilər. Bununla bağlı müraciətimizi göndərmişik.  xəbər verir ki, bunu Report-a açıqlamasınd

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığı

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məluma

ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB

ABŞ-nin Rusiyadakı səfirliyi diplomatik missiyanın ərazisinə daxil olan suyun keyfiyyətinin qiymətləndirilməsi üçün göstəriş verib. xəbər verir ki, bu, ABŞ-nin dövlət satınalmaları portalının məlumatlarından irəli gəlir

ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

"ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır". "Report"un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedan

Makron Leyeni əvəz edəcək adam axtarır - Mümkün namizəd açıqlandı

Beş il əvvəl Ursula fon der Leyenin Avropa Komissiyasına (AK) başçı seçilməsində mühüm rol oynamış Fransa prezidenti Emmanuel Makron indi bu vəzifəyə başqa namizəd tapmaq üçün Aİ liderləri ilə danışıqlar aparır. xəbər veri

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

"Desəm ki, İrəvan Azərbaycanındır, bunu necə qəbul edərsiniz?" - Erməni general

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Tiqran Xaçatryan Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinin başlanmasına və Ermənistan hakimiyyətinin Azərbaycana verilməsi planlaşdırıla


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi en son xeberleri cəbhədən ən son xəbər son.xabar