"Bu məbləğlə ləyaqətli yaşamaq mümkün deyil" – Yaşayış minimumu müzakirəsi
Son dövrlər gündəlik tələbat məhsullarından tutmuş kommunal xidmətlərə və digər xərclərə qədər bir çox sahədə qiymət artımı ailə büdcəsinə təsir göstərir. Maaş və pensiyalarda artımlar olsa da, vətəndaşlar gəlirlərinin gündəlik ehtiyaclarını qarşılamağa kifayət etmədiyini bildirirlər. Xüsusilə kirayə, ərzaq, kommunal ödənişlər və kredit borcları olan ailələr üçün ayı başa vurmaq getdikcə çətinləşir.
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a açıqlama verən vəkil Əkrəm Həsənov bildirib ki, burada əsas meyar prinsip etibarilə yaşayış minimumudur:
"Hökumətimiz bu məbləği 300 manatdan bir qədər artıq müəyyən edib. Lakin yaşayış minimumu hesablanarkən əsasən ərzaq xərcləri nəzərə alınır. Belə ki, həmin məbləğin 70-80 faizi ərzağa, qalan 20-30 faizi isə dərman, təhsil və digər ehtiyaclara ayrılır. Təbii ki, bu məbləğ insanın ləyaqətli yaşaması üçün deyil, sadəcə minimum ehtiyaclarını qarşılaması üçün nəzərdə tutulub.
İnkişaf etmiş ölkələrdə isə vəziyyət fərqlidir. Orada yaşayış minimumunun 70-80 faizini qeyri-ərzaq xərcləri – səhiyyə, təhsil, mədəniyyət və digər ehtiyaclar təşkil edir. Ərzaq xərclərinin payı isə 20-30 faiz civarındadır. Bizdə də bu metodologiya tətbiq olunsa, yaşayış minimumu ən azı 600 manat olmalıdır. Məsələn, dörd nəfərlik ailənin normal yaşayışını təmin etmək üçün aylıq 2400-2500 manat gəliri olmalıdır. Bu məbləğ yoxdursa, deməli, həmin ailə yoxsulluq şəraitində yaşayır".
Vəkil qeyd edib ki, maaş və pensiyaların artırılmasına baxmayaraq, insanların bu artımı gündəlik həyatlarında hiss etməməsinin əsas səbəblərindən biri inflyasiyadır:
"Mərkəzi Bankın proqnozlarına görə, inflyasiya təxminən 6 faizdir. Maaş və pensiyalarda artımın isə 7 faiz civarında olduğu bildirilir. Lakin burada inflyasiyanın hesablanma metodologiyası da mühüm rol oynayır.
Belə ki, Mərkəzi Bank inflyasiyanı hesablayarkən 300-400 adda mal və xidmətin qiymətini nəzərə alır və onların orta göstəricisi əsasında nəticə çıxarır. Halbuki insanların gündəlik tələbatı bu qədər geniş məhsul və xidmət çeşidini əhatə etmir. Əksər ölkələrdə inflyasiya hesablanarkən daha məhdud sayda, gündəlik tələbatı əks etdirən məhsul və xidmətlər əsas götürülür. Məsələn, bu göstərici 200 və ya daha az çeşid üzrə hesablana bilər.
Xüsusilə pensiyaçıların gündəlik xərcləri nəzərə alınmalıdır. Onların əsas xərcləri ərzaq və dərman preparatlarına yönəlir. Dərmanların qiyməti də kifayət qədər yüksəkdir. Bu səbəbdən həmin qrup üçün real inflyasiya göstəricisi rəsmi rəqəmlərdən daha yüksək ola bilər. Belə olan halda qiymət artımı gəlirlərin artımını üstələyir.
Bununla yanaşı, digər amillər də mövcuddur. Ölkədəki iqtisadi çətinliklər səbəbindən hər kəs iş tapa bilmir. Bu da ailələrin maddi vəziyyətinə ciddi təsir göstərir.
Ailə büdcəsində əsas xərclərdən birini ərzaq məhsulları təşkil edir. Kirayə, kommunal xidmətlər və nəqliyyat xərcləri də əhəmiyyətli yer tutur. Xüsusilə aşağı gəlirli ailələr və pensiyaçılar qiymət artımından daha çox təsirlənirlər.
Bütün bunları nəzərə alsaq, minimum əməkhaqqı və pensiya məbləğləri real yaşayış xərcləri ilə uzlaşmır".

Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
PAŞA Bank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib - FOTOLAR
Ermənistan bu xəbərlə çalxalanır: Paşinyan böyük "təmizliyə" start verdi – SİYAHI
Gürcüstan Azərbaycana 460 milyon investisiya yatırıb
"Azərlotereya"dan iki yeni "Poz-Qazan" oyunu: Böyük uduş imkanları
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi
Bu şəxslərə 20 min manat vergi güzəşti tətbiq olunur
Dekabrda kredit faizləri aşağı düşəcək? – Ekspert AÇIQLADI
"Sabah" La Liqa səviyyəsində komandadır" - Hansi Flik