Ədalət tərəzisinin tarazlığı pozulanda onu güc bərpa etməlidir

Ədalət tərəzisinin tarazlığı pozulanda onu güc bərpa etməlidirƏdalət tərəzisinin tarazlığı pozulanda onu güc bərpa etməlidir
Son 30 ildə özümüz-özümüzü çox qınamışıq, cəmiyyət,  millət, xalq olaraq. Necə oldu ki, erməni torpaqlarımızı işğal edə bildi? Baxmayaraq ki, kim bilməsə də, bir çox tarixi faktlar, erməni xisləti bizə yaxşı məlum idi.
Saxta "erməni soyqırımı" adı altında özlərindən məzlum, əzilən, tarixən təqib olunan millət obrazı yaratdıqlarından da, dünyanı buna inandırmaq ücün apardıqları təbliğatdan da məlumatsız deyildik. 1983-cü ildə Parisin Orli beynəlxalq hava limanında ASALA-nın törətdiyi, əsl hədəfi türklər olan faciə erməni terrorizmindən yalnız biridir. Ermənistanın dövlət siyasəti səviyyəsinə qaldırdığı, o dönəmdə gizli şəkildə, pərdə arxasından idarə etdiyi bu cür faciələrin hamısından olmasa da, bəzilərindən məlumatlı idik. Orlidəki terrorda iştirakına görə ASALA ilə bağlılığı olan 51 nəfər həbs edilmişdi. Əsas təşkilatçı isə məhz Suriyadan olan erməni mənşəli Varujan Karapetyan idi. Nə oldu? Fransa bu terrorçunu sonradan Ermənistana təhvil verdi. Səkkiz nəfərin ölümünə, 61 nəfərin şikəst qalmasına səbəbkar olan terrorçunu Ermənistan həbsdən azad etdi və erməni millətinin  qəhrəmanı qismində təbliğ etməyə başladı. Yəni terroru təbliğ etdi. Bu da çoxlarımız üçün sirr deyildi. ASALA-ya bağlı, erməni mənşəli bu terrorçunun məhz Suriyadan olduğunu təsadüfən yada salmadım. Bu gün Suriyadan olan muzdluların guya Azərbaycan tərəfində döyüşdüyünü iddia edənlər, nədənsə unudurlar ki, Livandan, Suriyadan və digər ölkələrdən olan etnik ermənilər uzun illərdir ki, məhz Ermənistan tərəfindən işğal etdikləri Qarabağa köçürülür. Qarabağda qanunsuz məskunlaşdırma, etnik tərkibin dəyişdirilməsi, işğal və ilhaq siyasəti 30 ildir ki, məhz Ermənistan tərəfindən həyata keçirilir. Suriyadan, Livandan olan etnik ermənilərin Qarabağda, qədim Şuşamızda yerləşdirilməsini sübut edən videosüjetlər Ermənistanın özü tərəfindən məqsədli şəkildə sosial şəbəkələrdə yayılır və təbliğ olunur. 1949-cu il Cenevrə Konvensiyası, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, BMT Baş Assambleyasiyanın 62/243 nömrəli qətnaməsi və beynəlxalq hüquq normaları məhz Ermənistan tərəfindən ayaqlar altına atılır. Son günlər sərt bəyanatlar verən bəzi Avropa dövlətlərinin və beynəlxalq təşkilatların qanunsuz məskunlaşdırmaya etiraz səsini bu illər ərzində eşitdikmi? Eyni sərt bəyanatlarına şahid olduqmu? Olmadıq. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını alıb əks-hücum əməliyyatına başlayan Ordumuz düşmənə hərbi məğlubiyyətin acısını yaşatdıqdan dərhal sonra, həmin ölkələrdən humanitar atəşkəslə bağlı Azərbaycana ünvanlanan çağırışları isə eşitdik. Bir çox avantüraların altında imzası olan Paşinyanın dörd dəfə Rusiya Prezidentinə, beş dəfə Fransanın dövlət başçısına telefon zənglərinin, yalvar-yaxarının şahidi olduq. Amma döyüş bölgəsindən onkilometrlərlə uzaqlıqda yerləşən Gəncə, Mingəçevir, Xızı və hətta Abşeronun, digər rayonlarımızın mülki əhalisi Ermənistan ərazisindən atılan raketlərin,kasetli bombaların qurbanına çevriləndə, etiraz səslərini, Ermənistana dur, dayan çağırışlarını eşitdikmi? Eşitmədik.
Hərbi məğlubiyyətlərə qədər yalnız bir siyasi ünvana sığınan, məğlubiyyətdən sonra isə iki siyasi qucaqda oturmaq məcburiyyətində qalan Paşinyanın yalvarışları nəzərə alındı, humanitar atəşkəs elan olundu. Üstündən heç bir gün keçməmiş Ermənistan atəşkəsi xaincəsinə pozdu. Ağdam və Tərtər rayonları artilleriya atəşinə məruz qaldı, Hadrut və Cəbrayıl  istiqamətində hücum cəhdi edildi. 11 oktyabr gecə saatlarında Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutuldu. Aralarında azyaşlı uşaqlar olmaqla 9 mülki şəxs həlak oldu, 34 mülki vətəndaşımız yaralandı. Birinci Vitse-prezident Mehriban xanım Əliyeva oktyabrın 11-də Ermənistanın bu vəhşiliyinə kəskin etirazını bildirib, dünya birliyinə müraciət etdi: "Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. İrəvan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır".
Humanitar atəşkəsin təşəbbüskarlarından, ilk növbədə ermənipərəst bəyanatlara müəlliflik etmiş Fransadan Ermənistanın bu vandalizminə qarşı eyni sərt bəyanatını eşitdikmi? Hələ ki, eşitməmişik. Əgər bügünkü Ermənistanda Njde kimi faşist buyruqçusu dünyanın gözü qarşısında ermənilərin milli qəhrəmanı elan olunursa, şərəfinə abidə ucaldılırsa, bu susqunluğa niyə təəccüblənməliyik ki?! Susanlara baxmayaraq, ermənilərin tarixən sürüşkən, güclünün qarşısında ürkək olduqlarını bizlər hər zaman bilmişik. Onların öz maraqları naminə yalnız güclünün yanında yer almaq "istedadını", beləsinin zəifləmə mehini hiss etdikləri andan yeni güclünün yanında yer aldıqlarını da dəfələrlə görmüşük. Necə ki, eyni riyakarlığı Paşinyan dünyanın gözü önündə bu gün edir. Çünki bu, erməni siyasətinin xislətidir. Bəzi dövlətlər və ışğalçıya havadarlıq edənlər ya onların bu xislətindən xəbərsizdirlər, ya da özlərini hansı səbəbdənsə görməməzliyə vururlar. Belələri başqa bir həqiqətin, Azərbaycan və Ermənistan cəmiyyətləri arasındakı real fərqin də mahiyyətinə varmırlar. 30 il davam edən hərbi təcavüzə  baxmayaraq, ölkəmizdə, paytaxt Bakıda etnik ermənilərlə qarışığı olan minlərlə ailə bu gün də sərbəst və ləyaqətli şəkildə yaşamaqda, çalışmaqda davam edir. Onların sayı 30 mindir, bəlkə də indi daha çoxdur. Ermənistan isə tarixən monoerməni cəmiyyəti yolunu seçib. Bu bir həqiqətdir. Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, guya orada ermənilərin etnik təmizlənməsi aparılacağını Qərb dünyasına sırıyan işğalçıya da bu həqiqət yaxşı məlumdur. Bugünlərdə Ermənistandan atılan raketin Gəncədə yaşayan erməni qadınının özünə və evinə ziyan vurması da danılması mümkün olmayan faktdır. Amma nədənsə bəzi dövlətlər yenə də özlərini görməməzliyə vurur. Onların media qurumları Ermənistanın qərəzli təbliğatına uyub, Qarabağda guya ermənilərin etnik təmizləməyə məruz qala biləcəyi yalanını xüsusi qabardır, bunu manşetlərə çıxarırlar. Beynəlxalq mediada ermənilərin bu yalanının təbliğat mövzusuna çevirməsinin səbəbi, təbii ki, ciddi suallar doğurur. Bəlkə də bu, ermənilərin həmin cəmiyyətlərə assimilyasiyasının pərdə arxasında qalan təsirinin nəticəsidir və qərəzli təbliğat da elə bundan qaynaqlanır. Təəssüf ki, belə bir qənaətin ortaya çıxması  artıq təsadüfi görünmür...
Qayıdaq son 30 ildə özümüzün-özümüzə verdiyimiz suala və onun hər birimizə məlum olan cavabına: Necə oldu ki, tarixən bizimlə hesablaşan erməni torpaqlarımızı işğal edə bildi? Əksəriyyətimizin həmin suala cavabı belə olub və bu, bir həqiqətdir ki, erməni heç vaxt təkbaşına bunu bacarmazdı, Qarabağı zəbt etməyə cürət etməzdi. Bu, milli və mənəvi rahatlığımız naminə özümüzün-özümüzə, bir-birimizə verdiyimiz təskinlik deyil, həqiqətdir. Rəsmi səviyyədə bu həqiqəti Prezident İlham Əliyev Ermənistanın iyul ayındakı Tovuz təxribatından sonra açıq mətnlə ifadə etdi: "Gəl bizimlə təkbətək vuruş, baxaq görək bunun axırı nə olacaq". Dövlətimizin başçısının buna aydınlıq gətirən növbəti açıqlaması da elə bu səbəbdən təsadüfi deyildi. Cənab Prezidentin oktyabrın 9-da "CNN İnternational" televiziya kanalının "The Connect World" verlişinə müsahibəsində dediyi bu fikir dünya ictimaiyyətinə bir ismarıc idi: "Mən,həmçinin Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var".
Elə bu acı həqiqətin və reallığın nəticəsidir ki, əvvəlcə Qarabağda erməni separatizmi, daha sonra ərazilərimizin 20%-nin işğal faktı ilə üz-üzə qaldıq. 30 ilə yaxındır ki, Qarabağ Ermənistanın işğalı altındadır. 27 ildir ki, BMT Təhlükəsizlik Şurasının nömrələri dilimizi yağır edən məlum dörd qətnaməsinə işğalçı Ermənistan məhəl qoymur. 27 ildən sonra N.Paşinyan kimi avantürist birisinin həyasızlığı o həddə çatıb ki, BBC-yə müsahibəsində bu qətnamələri yersiz və əhəmiyyətsiz sənəd, yəni mənasız kağız parçası adlandırır. O,bu cəsarəti ona görə tapa bilir ki, 28 il ərzində ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi işğalçıya ciddi siyasi və hüquqi təzyiq göstərməyib. Ermənistandan tələb etməyib ki, BMT qətnamələrinə əməl etsin, heç bir şərt irəli sürmədən Azərbaycan ərazilərindən çıxsın. Əksinə, Ermənistanın danışıqlardakı imitasiya oyunlarına hansı səbəbdənsə göz yumulub, adekvat reaksiya göstərilməyib. Düşünüblər ki, onilliklər keçəcək, nəsillər dəyişəcək, Azərbaycanda Qarabağın üzünü belə görməyən, havasını udmayan yeni nəsil yetişəcək və Qarabağ onların umurunda olmayacaq, status-kvo isə işğalın qanuniləşdirilməsi ilə yekunlaşacaq. Amma yaşadığımız bu günlər o cür düşünənlərin, Ermənistana havadarlıq edənlərin də yanıldığını sübut etdi.
Ordumuzun əks-hücum əməliyyatı düşmənin və havadarlarının gözləmədiyi səviyyədə uğurlu, qətiyyətli oldu. Çünki bugünkü Azərbaycan Ermənistanın 90-larda gördüyü ölkə deyil. Azərbaycan artıq sözün əsl mənasında müstəqil, yalnız öz gücünə güvənən, ciddi iqtisadi potensiala malik olan bir dövlətdir. Onun arxasında yetişdirdiyi, ən yüksək səviyyədə təchiz etdiyi peşəkar və vətənpərvər Ordusu, ən başlıcası, milli ruhunu qoruyub saxlaya bilmiş Azərbaycan xalqı dayanır. Status-kvo vəziyyətini süni və məqsədli şəkildə saxlamağa çalışanlar, buna göz yumanlar Azərbaycanın bugünkü reallığını hesablaya bilməmişdilər.
Azərbaycan Ordusu işğal altındakı rayon və kəndlərimizi azad etdikcə, faktiki olaraq vasitəçilərin danışıqlarda qansız-qadasız görməli olduğu işi hərb yolu ilə həll etdikcə, həmsədrlərdən siyasi dəstək nümayişini görmək əvəzinə, son günlərdə bəzi dövlətlərin nümunəsində rəzalətin şahidi olduq. BMT Nizamnaməsinin tələbinə görə, əgər hər hansı bir dövlətin ərazi bütövlüyü güc yolu, hərbi gücün tətbiqi ilə dəyişdirilibsə, həmin dövlət ərazi bütövlüyünü eyni üsulla bərpa etməkdə haqlıdır. Ərazi bütövlüyünün toxunulmazlığı kimi ən üstün beynəlxalq prinsip də məhz bu hüquqi təmələ söykənir. Üstəgəl, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli imperativ, icrası məcburi olan qətnamələri...
27 il əvvəl həmin qətnamələrin qəbuluna səs verən, altında imzasını qoyan, tərəfsiz vasitəçilik öhdəliyini üzərinə götürən həmsədr dövlətlərin bəzilərindən gələn bəyanatlar istənilən cəmiyyəti çaş-baş salmaya, işğala məruz qalanı məyus etməyə, işğalçını isə yeni təcavüzə şirnikləndirməyə bilməz. Bu bəyanatlar cəmiyyətimizi haqlı olaraq belə bir sual verməyə məcbur edir ki, demokratiya məkanı, haqq-ədalətin qarantı kimi tanıdığımız dövlətlərin söykəndiyi mənəvi dəyərlər  budurmu? Ədalət tərəzisinin tarazlığı həqiqətənmi yoxsa artıq pozulub? Torpaqlarımızın müqəddəratını etibar etdiyimiz, ədalətli yanaşma, ən azından tərəfsiz münasibət gözlədiyimiz Fransadan, nə qədər acı olsa da, bu açıqlamanı eşitdik: "Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik". Tərəfsiz vasitəçilik öhdəliyinə, beynəlxalq hüquqa,altında öz ölkəsinin imzası qoyulan BMT-nin dörd qətnaməsinə etinasızlıq və hörmətsizlik nümunəsi olan bu bəyanat mütərəqqi Avropa dövləti tərəfindən səsləndirildi. Tariximizdə bu cür bir çox ədalətsizlikləri görmüş əcdadlarımız ona görə deyərdilər ki,"dağıl səni belə dünya"...
Prezident İlham Əliyev "CNN-Türk" televiziyasına bugünlərdəki müsahibəsində, işğalçı Ermənistanın hərbi təchizatı ilə, S-300-lə bağlı suala belə bir diplomatik cavab verdi: "Yalnız bir fərq ondadır ki, biz bunu pulla alırıq və bu da çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuz alır. Yəni, hədiyyə kimi, ya da ki, kredit şəkildə alır. Amma o kredit kağız üzərində qalır, qaytarılmır. Təbii ki, bu bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan çözülərdi. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər. Yəni, fərq bundadır".
Ermənistanın keçmiş prezidenti S.Sarqsyan da bu yaxınlarda belə bir etiraf etmişdi ki,təkcə onun səkkiz illik rəhbərliyi dövründə Rusiyadan Ermənistana pulsuz-parasız 50 min tondan artıq hərbi-texniki təyinatlı yük, sursat  göndərilib. Bu da cəmiyyətimizi ciddi narahat edən həqiqətlərdən biridir. ABŞ prezident seçkilərinə hazırlaşır. Oradakı erməni lobbisi isə milli maraqlarımıza zidd olan 1165 nömrəli qətnamə layihəsini Konqresdən keçirmək üçün çabalayır...
Hərbi məğlubiyyətin növbəti acısını görən Paşinyanın yalvar-yaxarından sonra Azərbaycan Moskvada humanitar atəşkəsə razılıq verdi. Lakin Ermənistan bir daha göstərdi ki, o, hər zaman olduğu kimi, indi də sözünün sahibi deyil. Paşinyan razılığı pozdu, mülki əhalimizi hədəf seçdi. Bu təxribatın da məqsədi münaqişəni dövlət sərhədinə keçirmək,ölkəmizi adekvat cavaba təhrik etmək və nəticədə üçüncü tərəfləri açıq şəkildə münaqişəyə cəlb etməkdir. 1949-cu il Cenevrə Konvensiyasını, beynəlxalq humanitar hüquq normalarını heçə sayan, müharibə və insanlığa qarşı cinayət törədən Ermənistana humanitar atəşkəsə çağırış edənlərin kəskin etirazını, dayan əmrini isə eşitmirik. Müşahidə etdiyimiz beynəlxalq reallıqlar şəraitində buna niyə təəccüb etməliyik ki? Ədalətsizlik və tərəfkeşlik nümunələrinə şahidlik etdiyimiz bir zamanda, məlum ünvanlardan hətta BMT  qərargahının İrəvana köçürülməsi kimi absurd bir təklif gəlsə, artıq buna da təəccüblənməməliyik. Əgər bu cür haqlı sual və mühakimələr üçün əsas verilirsə, müharibə və insanlığa qarşı cinayət törədən işğalçı Ermənistan durdulurmursa, onda BMT qətnamələri, beynəlxalq konvensiya və humahitar hüquq normaları ədalət tərəzisinin hansı gözünə qoyulur? Humanitar atəşkəsə çağırış etmiş dövlətlərin hər hansı biri hərbi təcavüzə, işğala, mülki əhalisinə qarşı cinayətlərə məruz qalsaydı, hansı yolu seçərdilər? 30 il boyunca davam edən hərbi təcavüz faktı ilə barışardılarmı, danışıq masasını yeganə həll yolu kimi seçərdilərmi? Eyni siyasi ritorikanı onlardan o zaman da eşidə bilərdikmi?
Cəmiyyətimiz bu cür narahat suallara məntiqi cavabların axtarışığında olduğu bir şəraitdə, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın "Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi Azərbaycan ərazisidir. Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in məlum qərarlarına və çağırışlarına baxmayaraq, Ermənistan bu torpaqlardan geri çəkilmir. İndiyədək Minsk qrupu problemi həll etmək üçün heç bir səy göstərməyib. Ermənistanın məsələyə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğalın dayandırılmasıdır. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunma şansı yoxdur" kimi ədalətli siyasi açıqlaması Azərbaycanda hörmət və rəğbətlə qarşılanırsa, bu, kimlərdəsə niyə qıcıq doğurmalıdır?! Axı, həmin siyasi bəyanatın arxasında yalnız tarixi ədalət və beynəlxalq hüquqa göstərilən ali hörmət nümunəsi dayanır. Niyə məhz Türkiyə tərəfindən verilən ədalətli bəyanat və çağırışlar dünya güclərini narahat etməlidir?
Cəmiyyətimizi ciddi düşündürən bir sual da var (əslində onların sayı daha çoxdur). Tərəfsiz vasitəçilik öhdəliyini üzərinə götürən ölkələr tərəfindən dünya ictimaiyyətinə hansı səbəbdən təlqin edilir ki, münaqişənin çözümündə söhbət yalnız ətraf yeddi rayondan getməlidir? Beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ nə zamandan ölkəmizin yurisdiksiyasından çıxarılıb, bunu kim edib, yaxud hüquqi baxımdan kim edə bilər? Bu cür təlqinetmə cəhdləri əbəsdir, beynəlxalq hüquqa və tarixi ədalətə ziddir. Elə bu səbəbdən, "Sky News" televiziya kanalının müxbirinin oktyabrın 9-da dövlətimizin başçısına bu mövzuda verdiyi sualın qaynaqlandığı mənbələrin siyasi ünvanı cəmiyyətimizi düşündürməyə bilməz. Prezident İlham Əliyev  bu qərəzli suala konkret və birmənalı cavab verdi: "Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Dağlıq Qarabağın da daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyır". Lakin belə bir sualın beynəlxalq medianın gündəminə gətirilməsi onun qaynaqlarının təsadüfi siyasi ünvanlar olmadığı barədə düşünməyə əsas verir. Həmin kanalın müxbirinin "Siz Dağlıq Qarabağın müstəqilliyini tanıyarsınız?" sualına da Prezidentin cavabı konkret oldu: "Xeyr.Heç vaxt".
Məhz belə sualların nəticəsidir ki, Ermənistan məqsədli şəkildə Rusiya və Türkiyə kimi siyasi nüfuz sahiblərini üz-üzə qoymaq, münaqişədə Rusiyanı açıq şəkildə hərbi iştiraka cəlb etmək üçün hələ də dəridən-qabıqdan çıxır. Rusiya Prezidenti  Vladimir Putinin "KTMT razılaşması çərçivəsində Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Döyüşlər bu günə qədər davam edir. Ancaq bunlar Ermənistan ərazisində aparılmır" kimi açıqlaması da cəmiyyətimiz tərəfindən hörmətlə qarşılandı. Çünki bu, KTMT-nin nizamnamə prinsiplərinə uyğun olan hüquqi yanaşmanın ifadəsi idi. Ermənistanın  Rusiya və Türkiyə kimi böyük dövlətləri regionda üz-üzə qoymaq cəhdi ciddi və planlaşdırılmış təxribatdan xəbər verir. Siyasətdə təsadüfi fiqur olan Paşinyan hələ də anlamır ki, böyük siyasi oyunların öz qaydası var və burda onun kimi təsadüfi fiqurlar əvvəlcədən seçilmiş qurbanlardandır. Nəzərə alsaq ki, hakimiyyətə gəlişinə görə Paşinyan fərqli xarici ünvana borcludur və yalnız o ünvan qarşısında konkret siyasi öhdəliyi var, bu avantüranın arxasında kənardan gələn təlimatın dayana bilməsi ehtimalı kifayət qədər yüksəkdir. Rusiya və Türkiyə kimi dövlətlərin nəzərindən bu ehtimalın yayına bilməsi sıfıra bərabərdir. Ermənistanın və onun təhrikçilərinin Rusiyanı qıcıqlandırmaq üçün istifadə etdiyi psevdo-arqument Türkiyənin NATO üzvü olması faktıdır. Cəmiyyətimizdə ciddi suallar doğuran və haqlı etirazına səbəb olan həm də budur ki, dünyəvi Azərbaycana dünyəvi Türkiyənin yalnız siyasi bəyanatlarla mənəvi dəstək verməsi, Ermənistandan savayı kimləri isə niyə narahat etməlidir? Məgər ATƏT-in Minsk qrupundakı üç həmsədrdən ikisi - ABŞ və Fransa NATO-nun üzvü deyillərmi? Məgər Sovetlər dönəmində NATO hərbi bloku ilə üz-üzə dayanan Varşava Müqaviləsi Təşkilatı öz fəaliyyətini 29 il bundan əvvəl, 1991-ci ilin iyulunda dayandırmayıbmı? Nəhayət, hansı məntiqlə Cənubi Qafqazdan minlərlə kilometr uzaqlıqda yerləşən, NATO-nun üzvü olan dövlətlər münaqişənin həllində iştirak edə bilər, amma NATO-nun digər üzvü -Türkiyə bunu edə bilməz? Hətta o da nəzərə alınmır ki, Türkiyə NATO-nun üzvü olmaqla yanaşı, ATƏT-in Minsk qrupunun 11 üzvündən biridir. NATO üzvü olan Türkiyənin İncirlik bazası ilə bağlı mövqeyi, hərbi blokdakı etirazlara baxmayaraq, S-400-ləri məhz Rusiyadan alması faktı da məqsədli şəkildə kölgədə saxlanılır. Əgər Ermənistan növbəti dəfə siyasi riyakarlıq etmirsə və onu, yaxud bir başqasını narahat edən həqiqətən də Türkiyənin NATO-ya üzvüdürsə, Ermənistanın kəşfiyyat sahəsində Fransa ilə bağladığı saziş narahatlıq keçirənlərin diqqətindən niyə yayınır?
Prezident İlham Əliyevin "CNN İnternational" televiziya kanalına müsahibəsindəki bu fikir ən ədalətli arqumentin ifadəsi idi: "Lakin sözsüz ki, biz başa düşürük, bəzi ölkələr daha çox ermənipərəstdir, bəzi ölkələr hətta həddindən çox ermənipərəstdir". 
Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı Cənubi Qafqaz bölgəsindəki marağı yalnız Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə məhdudlaşmır. TAP, TANAP, Qədim İpək yolu və digər beynəlxalq layihələrdə, Ermənistandan savayı, regionda marağı olan bütün dövlətlərin,eləcə də Türkiyənin təhlükəsizliyinə ölkəmiz tərəfindən eyni səviyyədə təminat verilir. Bu, regionda mühüm nüfuz sahibi olan Rusiyanın da çıxarlarına tam uyğundur. Prezident İlham Əliyevin "Rusiya və Türkiyə uzunmüddətli sülhün bərqərar olmasına zəmin yaradan əsas dövlətlərdir" açıqlaması Ermənistanın növbəti avantürasına ən layiqli cavabdır, Azərbaycanın bölgədəki qonşuları ilə münasibətlərində etibarlı tərəfdaş olduğunun ifadəsidir.
Dövlətimizin başçısının Türkiyənin ölkəmizə göstərdiyi mənəvi dəstək və verdiyi bəyanatlarla bağlı müxbirin sualına cavabı da birmənalıdır: "Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır" ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox guman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı".
Sentyabrın 27-dən sonra beynəlxalq siyasi müstəvidə baş verənlər,müşahidə edə bildiyimiz reallıqlar cəmiyyətimizdə yaranan və onu düşündürən haqlı sualların cavablarından bəzilərini tapmağa imkan verir. Təəssüf ki, bu cavablar arasında dünyanın ədalət tərəzisinin tarazlığının  pozulması ilə bağlı şübhələr üçün əsaslı arqumentlər də var. Çünki bu haqq tərəzisinin bir gözündə BMT qətnamələri və beynəlxalq hüquq normaları dayanırsa, o biri gözündə işğalçı Ermənistanın maraqları, cənab Prezidentin qeyd etdiyi kimi, "bəzi ölkələrin hətta həddindən çox ermənipərəst" olması mövqeyi yer alır. Görünən odür ki, üstünlük hüquqa yox, daha çox siyasi maraqlara verilir. Elə ona görə də, dünyanın ədalət tərəzisinin tarazlığına, beynəlxalq hüquqa olan ictimai inama ciddi kölgə salınır. Belə olan halda tarixi ədalətin bərpa edilməsinin yeganə yolu gücdür, xüsusən haqlı olan tərəfin gücüdür.
Müxbirin "Siz bütün Dağlıq Qarabağı,mübahisə predmeti olan bütün torpaqları geri götürmək niyyətindəsiniz? sualına cənab Prezidentin cavabı dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə birmənalı ismarıc idi: "Biz Dağlıq Qarabağdan və sabiq Dağlıq Qarabağ muxtar vilayətini əhatə edən yeddi rayondan danışırıq". Dünyanın pozduğu ədalət tərəzisinin tarazlığının bərpasına xidmət edə biləcək yeganə və ədalətli cavab da məhz budur.
Bu da tarixi bir həqiqətdir ki, Ermənistan adlı işğalçı qonşumuz de-fakto heç vaxt müstəqil olmayıb və bu gün də deyil.Bu ölkənin siyasi hakimiyyətində kimin olmasından asılı olmayaraq, o, müstəqil siyasi iradənin sahibi olmayıb və rəhbərlik etdiyi ərazi kiminsə əyaləti, özü isə vassalı olub. Prezident İlham Əliyevin oktyabrın 10-da Rusiyanın RBK televiziya kanalına verdiyi müsahibədə söylədiyi bu fikir tarixi həqiqətin açıq ifadəsidir: "Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun".
Ədalət tərəzisinin tarazlığının pozulduğu dünyada, beynəlxalq hüququn deyil,siyasi maraqların və bu üzdən tərəfkeşliyin ağırlıq gətirdiyi bir şəraitdə, cəmiyyətimizin şahidi olduğu və xüsusi dəyər verdiyi bir tarixi həqiqət də var. Prezident İlham Əliyevin istinad edib xüsusi vurğuladığı kimi, artıq "Azərbaycan tək deyil".    
Milli Məclisin deputatı
Ülvi Quliyev /oxu.az


Siyasi     Baxılıb: 538   Tarix: 12 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayı

İlham Əliyev Sadır Japarovu qarşıladı

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxr

Japarovun şərəfinə dövlət ziyafəti verildi - YENİLƏNİB

Aprelin 24-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib. xəbər verir ki, ziyafətd

Ukraynanın Vardanyanın Nobel mükafatına namizədliyinə etirazı

Ukraynanın xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizəd göstərilməməsi ilə bağlı öz mövqelərini açıq şəkildə ifadə etdilər. Bununla bağlı müraciətimizi göndərmişik.  xəbər verir ki, bunu Report-a açıqlamasınd

Rusiya-Azərbaycan münasibətləri möhkəm təmələ əsaslanır

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü

Kreml Türk Hava Yolları ilə bağlı problemləri ARAŞDIRIR

Kreml Moskvanın Türk Hava Yolları ilə problemləri ilə bağlı sualı cavablandırıb. xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin rəsmi sözçücü Dmitri Peskov bildirib ki, "Moskva Türk Hava Yolları ilə bağlı Ankar

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb 

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. xəbər verir ki, bu barəd

Keçmiş nazir evində ölü tapıldı - Türkiyədə

Türkiyənin keçmiş idman naziri Mehmet Əli Yılmaz İstanbulun Beşiktaş rayonundanki evində ölü tapılıb. KONKRET.azxəbər verir ki, bu barədə NTV məlumat yayıb. Qeyd olunub ki, onun cəsədi qızı tərəfindən tapılıb. Əli Yılma

Prezidentin xüsusi nümayəndəsi: Qarabağı Azərbaycanın ekoregionu adlandırmaq olar

Qarabağ regionunu bütövlükdə Azərbaycanın ekoregionu adlandırmaq olar. Bunu jurnalistlərə Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. V.Hacıyev qeyd edib ki


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun cəbhədən son məlumat meherremlik 2024 son xeberler bugun 2024 muharibe