Elnarə Xəlilova: "Xanımlara səslənirəm ki, bir az ağıllı olsunlar!" - MÜSAHİBƏ + FOTO

Elnarə Xəlilova: Elnarə Xəlilova: "Xanımlara səslənirəm ki, bir az ağıllı olsunlar!" - MÜSAHİBƏ + FOTO
"Biz ANS-də işləyəndə aparıcı efirin bir növ idarəçisi idi. Aparıcı hara aparırdısa, mövzu da ora gedirdi. Bu gün aparıcıların bir çoxunun ağzından kartof-soğan tökülür. Onun apardığı efir nə olacaq? Qonaqları da elə özlərinə tay olur. Savadsız aparıcı efirə sanballı qonaq çağırıb özünü pis etməz. Elə özü necədirsə, qonağı da özü ağılda, səviyyədə olur. Qonaqla aparıcı ağız-ağıza verir, iki saatlıq efirdə bazardan danışırlar. Nə etika qalır, nə mədəniyyət, nə uşaq qalır, nə də böyük".
Oxu.Az "El Yaradıcılıq Mərkəzi"nin təsisçisi, müğənni Elnarə Xəlilova ilə müsahibəni təqdim edir:
- Elnarə xanım, uzun müddətdir televiziya efirlərində çox az görünürsünüz. "Döngə" qrupu ilə birlikdə ərsəyə gətirdiyiniz "Darıxıram" mahnısı bir anda gündəmi zəbt etdi. Bunu fəaliyyətinizdə fasilə adlandırmaq olardımı?
- Əslində, heç bir fasilə olmayıb. Mənim "YouTube" platforması üzərindən kanalıma baxsanız, hər ay yeni bir layihənin yerləşdirildiyinin şahidi olarsınız. Bu, il ərzində 12 layihə edir. Son beş ildə hər ay bir mahnımız, iki aydan bir isə yeni kliplərimiz işıq üzü görür.
- O zaman belə deyək, həmkarlarınızı tez-tez seriallarda, reklam çarxlarında görürük. Göz önündə yalnız musiqi ilə deyil, reklamlarla qalan şou-biznes əhli çoxdur...
- Reklam çəkilişlərimiz də olur. Təkliflər təbii ki, çox olur, lakin mən özümə uyğun bildiyim təklifləri dəyərləndirirəm. Zaman-zaman məni radio və televiziyalarda boya, meyvə şirələrinin reklamlarında həm eşidə, həm də görə bilərsiniz.
Qaldı ki həmkarlarıma, bəli, bəlkə də haqlısınız. Bu gün televiziya kanallarımızın, radio dalğalarının sayı həddindən artıq çoxdur. Sosial şəbəkələr çoxdur, ifaçılar, incəsənət, eləcə də, şou-biznes nümayəndələrinin sayı həddindən artıq çoxdur. Onların da hərəsi gündə bir mahnı oxuyur. Son dönəmlərdə informasiya yükü də çoxalıb. Bütün bu qarışıqlıq içərisində gündəmdə qala bilmək, unudulmamaq həqiqətən çətindir. Mənim öz üzərində çalışan, yeni-yeni layihələri ilə sevənlərinin qarşısına çıxan çox gözəl, peşəkar həmkarlarım da var. Amma deyəsən oktyabr ayında "Döngə" qrupu ilə ərsəyə gətirdiyimiz "Darıxıram" mahnısı onların hamısını üstələyib.
- Başqa hansı səs-küylü layihələriniz gözlənilir?
- Bundan başqa noyabr ayında biz Xalq artisti Sərxan Sərxanla, dekabrda isə reper Uran ilə duet oxumuşuq. Uranla birgə duetimizə klip də çəkdirmişik. Mənim həmkarlarımla müştərək layihələrlə yanaşı, eyni zamanda özümə aid fərdi layihələrim də işıq üzü görür. Noyabr ayında Zəfər Gününə həsr etdiyimiz "Zəfər Günü" marşı, sentyabrda "Qəmzə" adlı mahnımız, dekabrda isə "Kukla" adlı mahnımız işıq üzü gördü. Hiss edirəm ki, bu gün zamanın nəbzi aktivlik tələb edir.
Elnarə Xəlilova: - Elə "Kukla" mahnısı yerinə düşdü. Son günlər bu mahnı ilə bağlı "Instagram"da edilən paylaşımlar, yazılan şərhlər də diqqətdən yayınmır. Bu, bir növ mahnının piarına xidmət edir, yoxsa kimlərəsə ünvanlanıb?
- Təbii ki, hər kəs bilir ki, bir layihə üzərində işləyirsənsə, onun gündəmdə qalması üçün də əmək sərf etmək lazımdır. Əslində bu paylaşımları kim necə istəyirsə, elə də qəbul edə bilər. Əgər kimsə bu paylaşımlarda özünü görüb, özünə bir pay götürübsə, nə xoş mənim halıma (gülür). Sevinə bilərəm ki, bu gün incəsənət sahəsində mən nümunə gətirilən şəxslərdənəm. Eləcə də, yeri gələndə musiqi tənqidçisi kimi, bu sahənin təhsilini almış biri kimi öz sözümü də deyə bilirəm. Kimsə "Kukla" ilə bağlı paylaşımları öz üzərinə götürüb, bundan dərs çıxarıb nələrisə düzəldəcəksə, bu, bizim musiqimizə, incəsənətimizə töhfə verəcək.
Amma etiraf edim ki, məqsədim diqqəti "Kukla" mahnısına çəkmək idi. Çünki fikir verdim ki, o paylaşımlardan sonra mahnıya baxış sayı üç dəfə artıb. Sanki mahnı çıxanda baxış iki min idisə, hazırda altı mindən çoxdur. Gördüm ki, diqqət çəkə bildim. Paylaşımlarda media nümayəndələrinə də bildirmişdim ki, mahnının piarıdır, burada xəbər axtarmayın (gülür). Yenə deyirəm, kim istəyir öz üzərinə ala bilər, kim də istəyir mahnının reklamı kimi qəbul etsin.
- Heç küsülü olduğunuz həmkarlar varmı?
- Mən heç bir həmkarımdan küsməmişəm. Bunu dəqiq deyə bilərəm. Amma həmkarımdan hansısa biri məndən küsübsə, onu deyə bilmərəm. Mən özümə cavabdehəm. Kim özü küsür, özü barışır, bundan xəbərim yoxdur.
- Yeni ilə partlayış gətirəcək eksklüziv layihələr varmı?
- Gələn il üçün planlaşdırdığım ən böyük layihə mənim solokonsertim olacaq. Artıq üç ildir konserti ertələyirik. Bunun səbəbləri də məlumdur. 2020-ci ildə biz konsertin afişalarını hazırladıq, amma təəssüf ki, pandemiya başladı. Daha sonra Ordumuzun zəfər qazandığı Vətən müharibəsi başladı. Təbii ki, mən də bu ölkənin bir vətəndaşı olaraq bu hadisələrin hər birinin sevincini də, kədərini də xalqımla bərabər yaşadım. Son olaraq keçən il sentyabrda həyata keçirilən antiterror əməliyyatlarımız oldu. Mən vətəndaş kimi, ana kimi ordumuzun Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən igid oğullarının analarının keçirdiyi hissləri dərindən bölüşürəm. Mənim ambisiyalarım onların hisslərindən üstün ola bilməz. İnsanlar empatiya qurmağı bacarmalıdırlar. Odur ki, gec olsun, güc olsun deyib səbirlə gözlədik.
İnşallah 2024-cü ilin ən böyük layihəsi solokonsertim, hətta deyərdim konsertlərim olacaq. Düşünürəm ki, konsert üçün yaz ayları daha münasib olar. İlkin olaraq mart, may ayı, amma düşünürəm ki, payız fəslinə təsadüf etsə, sentyabr ayı da konsert üçün uyğun olar. Artıq bu, işlərin həmin ərəfələrdə gedişatından da asılıdır. 
Elnarə Xəlilova: - İllər öncəki Elnarə Xəlilova ilə indiki Elnarə Xəlilova arasında fərq çoxdur? Sizə görə ən önəmli dəyişikliklər hansılardır?
- Əslində mən 1993-cü ildə, yəni 13 yaşımda "Bənövşə" uşaq xorunda solistlərdən biri idim. Amma 19 yaşımda AzTV-də "Qızıl açar" müsabiqəsinə qatılmışam və dəfələrlə laureat olmuşam. İlk dəfə Vaqif Gərayzadə ilə tanışlığım da elə 19 yaşıma təsadüf edir. Ondan sonra artıq bütün kütləvi informasiya vasitələri məni V.Gərayzadənin yeni proyekti kimi ictimaiyyətə təqdim etməyə başladı. İlk dəfə 2000-ci ilin may ayında V.Gərayzadənin 40 illik yubileyində Respublika sarayında (indiki Heydər Əliyev sarayı – red.) "Jazz band" ilə ifa etdim. İndiki kimi yadımdadır, həyəcandan dizlərim əsirdi.
Daha sonra bildiyiniz "W-Trio" qrupu yarandı. İki il bu qrupda çıxış etdikdən sonra hər kəs müəyyən səbəblərdən qrupdan ayrıldı. 2004-cü ildən etibarən artıq mən öz solokaryeramı qurmağa başladım. Müxtəlif janrlarda özümü sınamışam. 2007-ci ildə Milli Konservatoriyaya daxil oldum və televiziyalarda 2 ilə yaxın muğam üçlüyü ilə çıxış etməyə başladım. 2010-cu ildə "Qan" adlı rok qrupu yaratdım və onlarla iki il layihələr həyata keçirdim, canlı konsertlər verdim. Daha sonra təkrar pop-musiqiyə qayıtdım.
Ümumiyyətlə mən getdiyim səfərlərdən də məhsuldar qayıtmağı sevirəm. Hindistanda, İsveçrədə, Londonda və bir çox ölkələrdə kliplər çəkdirmişik. 
- Ümumiyyətlə, sizin müxtəlif janrlarda ifanız da gözdən qaçmır. Hətta reperlərlə duetləriniz də çox dinlənilir. Sizcə, digər sənət yoldaşlarınız niyə öz üzərində işləmirlər?
- İnanın ki, heç axtarmayın, öz üzərində çox çalışan sənət adamları o qədər azdır ki, hətta yoxdur deyə bilərəm. Bu sahədə hər kəs yalnız cibini düşünür və ancaq qazanmaq istəyir. Təbii ki, sənət yalnız toydan ibarət deyil. Mən 25 ildir səhnədəyəm, özümü tanıyandan ilk amalım Azərbaycanın musiqi mədəniyyətinə xidmət etmək olub. Nə vaxt, nə zaman dövlət tədbirlərində müraciət olunubsa, təmənnasız o tədbirlərdə iştirak etmişəm. 2004-cü ildən bu günə qədər Azərbaycanın elə bir hərbi hissəsi yoxdur ki, mənim ayağım ora dəyməsin. Murovdağdan tutmuş cəbhə bölgələrinə qədər əsgərlərimiz üçün konsert proqramları təşkil etmişik.
Bilirsiniz, əsas məsələ odur ki, mən qeyri-ixtisas sahədən gəlməmişəm. Mənim iki ali təhsilim var – Xarici Dillər Universitetini və Milli Konservatoriyanı bitirmişəm. İxtisaslarım - vokal müəllimi, xanəndə və musiqi tənqidçisidir. Musiqiçi olduğum üçün mənə yaraşmaz ki, ancaq toyda oxuyum, yalnız pul qazanmağı düşünüm. Təbii ki, hər kəs gördüyü işin müqabilində ödəniş alır. Bütün sahələrdə olduğu kimi bizdə də belədir. Amma prioritet olan və olmayan nüanslar var.
- Müğənnilər nə üçün ancaq toya getməyi, bunu biznesə çevirib pul qazanmağı düşünür?
- Bilirsiniz, mən son 20 il ərzində bir çox janrlarda ifa etmişəm və layihələr həyata keçirmişəm. Bu layihələrdən əldə etdiyim gəlirlər heç də toydan əldə edilən gəlirlərdən az deyil. Mən monoton ifadan çox tez yorulan adam olduğum üçün hip-hop, caz, rok və musiqinin digər janrlarında özümü sınamışam. Bu illəri yalnız pop janrı ilə yola verməmişəm. Bəlkə gələcəkdə klassik musiqi də ifa edə bilərəm. Sözümün canı odur ki, mənim səs imkanlarım buna imkan verir və edirəm. Əsl ustalıq tək səs tembri yox, səsdən düzgün istifadədən də asılıdır. Söhbət hər janrın özünəuyğun registr və pozisiyasının, eyni zamanda ifa tərzi və melizmlərin düzgün seçilməyindən gedir. Bunun təhsilini alan şəxslər bu nüansları ustalıqla tətbiq edə bilirlər. Toylara dırnaqarası baxa bilmərik. Toy özü belə, musiqiçi üçün ciddi təcrübədir. Ən azı 200-400 nəfərlik auditoriya qarşısında çıxış etmək sizə asan gəlməsin. Hətta məktəb adlandırardım ki, bunu zamanla bir çox sənət adamları keçib.
Mən bunun təhsilini aldığım üçün artıq dörd ildir fəaliyyət göstərən "El Yaradıcılıq Mərkəzi"ndə də bunu tətbiq edirəm. Bu mərkəzin fəaliyyətinin əsas məqsədi bayağı musiqilərlə mübarizə aparmaq olub. Başa düşdüm ki, tək əldən səs çıxmaz və öz ətrafıma Azərbaycan musiqisinin qeydinə qalan, təəssübkeş sənət adamlarını toplayıb, gələcək üçün istedadlı musiqiçiləri birləşdirmək qərarına gəldim.
"El Yaradıcılıq Mərkəzi"nin kollektivi 30 nəfərə yaxındır və təkcə ötən il mərkəzimizdə 6 layihə işıq üzü görüb.
Elnarə Xəlilova: - Hazırda müasir estradamızda kifayət qədər yeni nəsil ifaçılar var. İndi bu gənclər arasında gələcəyin Elnarəsini görürsünüzmü?
- Bir yox, bir neçə şəxsin adını çəkə bilərəm. Mən bu mərkəzi yaradanda istəyirdim ki, ən azı özüm kimi sənət vurğunu olan Elnarələr yetişdirim. Özümü klonlamaq və daha 50 Elnarə yaratmaq istəyirəm ki, Azərbaycan musiqisini bayağılaşmaqdan qorusun. Eldar Qasımovun komandasında səs müsabiqəsində iştirak edən Firuzə Məmmədova düşdüyü ortamlarda eyni mənim kimi özünü doğrultmağı bacarır. Caz festivalında iştirak edən Rafiq Mirzoevin adını çəkə bilərəm. Baxmayaraq ki, yer tutmamışdı, amma hər kəs onun ifasını paylaşırdı. Bu özü də cəmiyyət tərəfindən qiymətləndirmə deməkdir. Belə başa düşdüm ki, festivalda paylaşılmalı olan yəqin bir o var idi, hamı onu paylaşırdı (gülür). Caz janrında ifa edənlər bilirlər ki, canlı olaraq ifa zamanı improvizə etmək asan iş deyil. Üstəlik adını çəkdiyim gənclərin ikisi də Xarici Dillər Universitetinin məzunudur və istedadlı olsalar da, musiqi təhsilləri yoxdur. Onlar özləri söz, musiqi bəstələyə biləcək qədər yaradıcı, musiqi duyumu yüksək səviyyədə olan sənətçilərdir. Bu gün səhnəmizdə olan bir çox peşəkardan daha çox peşəkar təəssüratı bağışlayırlar. Onlar "Bakı Payızı" yarışmasında da iştirak ediblər.
- 30-dan çox əməkdaşı olan "El Yaradıcılıq Mərkəzi" çox maraqlı layihələr edirdi. Hətta ötən il 6 yeni layihənizi təqdim etdiyinizi demişdiniz. Bu il ilk olaraq bizimlə bölüşəcəyiniz layihələr varmı?
- Bəli, bu il bizim üçün çox məhsuldar oldu. İnanıram ki Mərkəzimiz fəaliyyətinə belə də davam edəcək. Rahib, Firuzə, Ələsgər "Bakı Payızı" müsabiqəsində "Bossa Nova" parçasını ifa etmişdilər. Bundan başqa Nərgiz Məcidli var, hazırda Türkiyədə Orxan Zeynallı ilə bir səhnəni bölüşür. Kifayət qədər konsert proqramları veriblər. Hətta deyərdim ki, bu gün gənclər arasında çox dinlənilən və sevilən müğənnilərdəndir. Tofiq Yadigarın yeni layihəsi işıq üzü görüb. Sözləri və musiqisi mənə aid olan "Sən" adlı mahnı "Sirr" adlı layihəmizin ifasında işıq üzü görüb.
- Sizcə, karyeranızın ən yaxşı ifası hansı olub?
- Mən düşünürəm ki, "Məhəbbət payım". Musiqisi Vüqar Camalzadə, sözləri Aqşin Əliyevə aid olan parçadır. Bu mahnının ilk orijinal versiyası rok janrında olub. Bu mahnı mənim üçün bir başqadır. Mən onu 2 fərqli formatda – rok və akustik ifa etmişəm. Üçüncü variant hələ işıq üzü görməyib, yaxın zamanlarda "Məhəbbət payım"ı fərqli formatda eşidəcəksiniz. İnanıram ki, bu da digər variantlar kimi seviləcək.
- Hər zaman fərqli aranjimanda ifa etmək istədiyiniz, amma hələ də risk etmədiyiniz bir ifa varmı?
- Konkret bir mahnı adı çəkə bilməyəcəyəm, amma əlbəttə ki, var. Bu sualın cavabını inşallah qarşıdakı illərdə eksklüziv, yeni layihələrimlə cavablandıracağam. Amma bu gün üçün deyim ki, bəli, üzərində çalışdığım layihələr var. Eksklüziv olaraq onu deyim ki, 10 nəfərdən ibarət "H3" adlı caz-rok qrup var. Mən solokonsertimi də onlarla edəcəyəm. Qərara aldıq ki "Döngə" qrupu ilə etdiyimiz kimi onlarla da bir köhnə mahnını yeni formatda ifa edək. Hələ ki seçimlər gedir, qərarlaşdırmamışıq. Tamamilə sıfırdan hazırlanan mahnı da ola bilər. Eldar Mansurov, Vaqif Gərayzadə, Ələkbər Tağıyev, Tofiq Quliyev, Faiq Sücəddinovdan bir mahnı ola bilər, hələ dəqiq deyil. Bir mahnı seçib onu yeni formatda hazırlayacağıq.
- Niyə daha "W-trio", "N-Brothers", "Dəyirman" və s. kimi istedadlı gəncləri üzə çıxaracaq qruplar yoxdur? Niyə hamı eyni məzmunda beş cümləni yazır, mübtəda ilə xəbərin yerini dəyişib "mahnı" adı ilə "YouTube" kanalına yerləşdirib "müğənnilik" eşqinə düşür?
- "Sevən Ürəklər" qrupunun üzvlərindən biri bu gün həm solokaryerasını davam etdirir, həm də ixtisasca həkimdir. Sumqayıtda tibb müəssisələrindən birində şöbə müdiri kimi çalışır. Mən bunu biləndə çox təəccüblənmişdim, amma həkimlik çox ağır və məsuliyyətli peşədir. Onunla paralel həm toylara gedir, həm prodüserlik, həm rejissorluq etmək çətindir. Amma istedadlı insan olduğunu danmaq olmaz.
Sadəcə bu gün o dediyiniz mübtəda ilə xəbərin yerini dəyişib, bunun "mahnı" adı ilə cəmiyyətə təqdim edilməsi mənim yaralı yerimdir. Mən dilçiyəm və öz dilimi çox sevirəm. Qrammatika, ahəng qanunu, vurğu, intonasiya mənim üçün həssas mövzudur. Düşünürəm ki, bu mövzuda mən tək mübarizə aparıram. Media, Mədəniyyət Nazirliyi, Milli Teleradio Şurası əl-ələ verib bu bayağılıq ilə mübarizə aparmasa, biz daha heç vaxt sadaladığınız kimi qruplar, mənalı musiqilər eşitməyəcəyik. Çünki bu gün çox bəsit, primitiv söz yığını üzərinə bir zümzümə edib mahnı adı ilə təqdim edirlər. Daha da dəhşətlisi bu "mahnıların" dinlənilməsidir. Mən gözləyirəm ki, sənəti, musiqi təhsili olan, yaşca məndən böyük olan həmkarlarımız bu məsələyə bir dur desinlər. Azərbaycan musiqisi unudulur.
"Darıxıram" mahnısının ən azı 40 yaşı var. Sözləri Zivər Ağayevaya, musiqisi Məmmədbağır Bağırzadəyə məxsus mahnıdır və dövrünün çox hit ifası olub. Bunu mən yox, hər kəs deyir. Niyə sevildi? Çünki bu mahnıda harmoniya, səslənmə, sözlərin vurğusu yerindədir. Hətta biz "Döngə" qrupu ilə bunu yeni rok janrda ifa etdik, o da gündəm oldu. Qəbul edilməyə bilərdi, uğursuz olduğu deyilə bilərdi. Amma bir neçə gün ərzində bütün televiziyalar, radiolar, sosial şəbəkələr bu mahnı ilə partladı. Yeni janrda üç fərqli ifaçı, üç fərqli janr harmoniyası var. Amma bəzən bəzi bisavad həmkarlarım Azərbaycanın xalq mahnılarını, bəstəkar mahnılarını götürüb elə bir hala salırlar ki, adam üzülür. Soruşanda da deyirlər ki, "sintez"dir. Vallah sintez başqa şeydir, bu, sadəcə mahnını məhv etməkdir. Bəstəkarın bəstələdiyi harmoniyanı, kantatanı sən necə dəyişə bilərsən? Buna nə haqqın var? Bəstəkarın müəllif hüquqlarını pozmaq ayıbdır.
Elnarə Xəlilova: - Bəs sintez etmək nə deməkdir? Elə bizim vasitəmizlə musiqi təhsili olmayan savadsız incəsənət adamları da öyrənmiş olsun.
- Sintez bir neçə musiqi cərəyanının birləşməsindən ərsəyə gələn musiqidir. Ən azı iki cərəyanın birləşdirilməsinə daha çox rast gəlinir, lakin istedadı imkan verən şəxs bir neçə musiqi cərəyanını da bir araya gətirə bilər. Misal olaraq - şərq və qərb musiqi cərəyanlarının birləşdirilməsini misal çəkək. Belə olanda hər iki tərəfin musiqisi sintezdə yarıbayarı öz yerini tapmalıdır. Qərb mədəniyyətindən janrı, ritm seksiyanı, alətləri gətirdiniz, bəs şərq mədəniyyəti hanı? Heç olmasa harmoniya ilə kantataları yerində saxlayın ki, şərq musiqi mədəniyyətindən də nəsə qalsın.
Vallah bu cür sintezlərlə 50 ildən sonra heç kim bu mahnıların Azərbaycana aid olduğunu sübut edə bilməyəcək. Biz öz musiqi mədəniyyətimizi qərb musiqi mədəniyyətinə qurban veririk. Onların hər xırda nüanslarını təbliğ edirik. Xahiş edirəm ki, Azərbaycan musiqilərini korlayıb, təhrif edib adını sintez qoymayın. Bacarırsınızsa, sintez edin, sanballı, savadlı şəkildə birləşdirin. Öyrənmək heç vaxt gec deyil, peşəkarlara müraciət edin. Ən yaxşı halda "El Yaradıcılıq Mərkəzi"nə gəlin, mən sizə nəyi nə ilə birləşdirmək lazım olduğunu məsləhət verərəm (gülür). Tam təmənnasız, məqsəd musiqimizi qorumaq, bayağı mahnılara son qoymaq olsun. Mənim qapım hər bir həmkarıma açıqdır. Hələ bir müddət əvvəl yadınıza gəlirsə, "Döngə" qrupu Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısını rok janrında ifa etdi. Dinləyici tərəfindən necə sevildi, qəbul edildi. Hətta Niyaməddin müəllim özü də burada oldu və dedi ki, 300-ə yaxın mahnısı var, bu mahnı onun üçün mühüm əhəmiyyət kəsb edir. O, bu mahnıya öz möhürünü, imzasını vurub. Bunun hamısı musiqinin, mahnının müvafiq normalarının qorunmasından irəli gəlir. O, bu mahnı ilə stadionları doldurub.
Bax məni yandıran odur ki, niyə erməni bizim yuxaya bürünüb efirə çıxır, adını da qoyur "lavaş". Olmayan "genosid"dən bəhs edib dünyaya car çəkirlər. Bəs biz nə edirik? Biz isə ancaq soyunuruq. Mədəniyyətimizi göstərin də. Milli ornamentləri istifadə edin də. O boyda "Avroviziya" müsabiqəsində Elnur ilə Samir ifasında muğam boğazları etdilər. Əslində, bundan sonra da "Avroviziya" mahnı müsabiqələrində Azərbaycan adları və avazına üstünlük verilsə, lap yaxşı olar. Bundan başqa bizim milli musiqilərimizi təbliğ edən yoxdur.
- Dinlədikcə qulaqları qanadan o "ts", "dz", "c", "ç" səsləri ilə dolu olan "YouTube" müğənniləri necə? Baxmayaraq ki, ortada mahnı yoxdur, milyonlarla baxış, paylaşım olur.
- Açığı, mən onları alverçi adlandırıram. Çünki mən sənətkaram, sənətin nə olduğunu bilirəm və sənətə qiymət verirəm. Biri var sənətdən başı çıxan adam, biri də var yaxşı dildə desək, alverçi. Onların bir məqsədi var - bir gecədə mahnı yazıb, üstünə effekt verib, əfqan ritmləri ilə "çıkka-çıka" , "tıkka-tıka", Hind ladı, özbək ritmi ilə hazırlayıb kanala yerləşdirmək. Siz niyə özbək, tacik, əfqan musiqisini, ritmini təbliğ edirsiniz? Mənim öz musiqim, mədəniyyətim, ritmim yoxdur? Ona görə onlar alverçidirlər, sənət adamı deyillər. Onlar musiqi makleridirlər. Mahnını "YouTube"a yükləyir, reklamına da 3 min manat pul qoyur, gecədən səhərə qədər 30 milyon baxış hazırdır. Mən onu edə bilmirəm? Əlbəttə edə bilərəm.
Uçurumun qırağındayıq, xəbərimiz yoxdur. Azərbaycan musiqisi uçurumdan düşür, quyunun dibinə çatır. Mədəniyyətimizə qulluq edənlər məsələdən agah olanda gec olacaq. Vallah mən özümü mədəniyyət fədaisi hesab edirəm. Eləcə də, radiolarımızı alqışlayıram. Televiziyalardan fərqli olaraq radiolar musiqi mədəniyyətinə, estetikasına önəm verir. Pul xətrinə bayağılığın təbliğinə zəmin yaratmır.
- Televiziyalardan da narazısınız?
- Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya istisna olmaqla, digər televiziyalarımızın vəziyyəti o qədər də ürəkaçan deyil. Vallah biz ANS-də işləyəndə aparıcı efirin bir növ idarəçisi idi. Aparıcı hara aparırdısa, mövzu da ora gedirdi. Bu gün aparıcıların bir çoxunun ağzından kartof-soğan tökülür. Onun apardığı efir nə olacaq? Qonaqlar da elə özlərinə tay olur. Savadsız aparıcı efirə sanballı qonaq çağırıb özünü pis etməz. Elə özü hansı gündədirsə, qonağı da özü ağılda, səviyyədə olur. Qonaqla aparıcı ağız-ağıza verir, iki saatlıq efirdə bazardan danışırlar. Nə etika qalır, nə mədəniyyət, nə uşaq qalır, nə də böyük.
Heç bir aparıcı efiri atasının evindən gətirməyib. Bunu kimsə onlara izah etməlidir. Televiziya efiri Azərbaycan xalqının, cəmiyyətinin mənəvi dəyəridir. Redaktorlar nəzarət etsinlər. Aparıcı qonağı çağırır efirə, başlayır məzələnməyə, təhqir etməyə. Bu nədir? Kimin kimə nə sözü var getsin kənarda otursun, üzbəüz sözünü desin. Efir sizin üçün atmaca yeridir? Bu efirə uşaqlar baxır. Mənim uşağım niyə belə mədəniyyətsiz verilişlərə baxmalıdır? Niyə kimsə kimisə efirdə tənqid yox, təhqir etməlidir, biz də izləməliyik? Bizim evimizdə illərdir bu səbəbdən televizora baxılmır.
Vay o günə ki, mən makiyajsız bir şəkil çəkim, yaxud küçəyə çıxım. O dəqiqə kimsə çəkilən şəkilin böyür-başını iki cümlə ilə bəzəyib xəbər edir. Bu, xəbərdir? Eyni ağılda olan digərləri də başlayırlar şərh yazmağa ki, "Hanı bunun kipriyi?", "Hanı saçının "uklatka"sı?" və s. Cəmiyyət hələ də səhnə geyimi ilə normal həyatı qarışdırır.
Rəşid Behbudov, Şövkət Ələkbərova efirlərə çıxan dövrlərdə efir geyimi var idi. Selektiv yanaşılırdı, bədii şura nəyi təsdiq edirdisə, ona icazə var idi. Pencəyin yaxasında yaylıq olmayanda efirə buraxılmırdılar. İndi televiziyaların sayı çoxdur deyə biabırçılıq olmalıdır?
Xalq artistləri, millət vəkilləri söz sahibləridir. Belə bayağı, camaatın evinin biabırçı söhbətlərini efirə daşıyan verilişlərin bağlanmasını tələb etmək lazımdır. Bağlamaq da yox e, zibil vedrəsinə tullamaq lazımdır. Axı siz səlahiyyətli insanlarsız. O televiziyaların, aparıcıların, TV rəhbərlərinin məqsədi nədir? Cılızlaşa-cılızlaşa hara getməyi düşünürlər? Mən dörd övlad böyüdürəm, 10 ildir televizora baxmırıq. Övladım o televiziyada nə mədəniyyət, nə tərbiyə görəcək?
Eləcə də, jurnalistlər cılızlaşırlar. Gözləyirlər ki, bir sosial şəbəkələrin"hekayə" bölməsində paylaşım, iki cümlə yazıb xəbər etsinlər. Bu, xəbər deyil. Peşəkarlıq başqa cür olur. Heç kim işləmək istəmir. O qədər savadsızdırlar ki, normal sual hazırlaya bilmirlər.
Elnarə Xəlilova: - Siz həm də Dövlət Sərhəd Xidməti Hərbi Nümunəvi Orkestrin solistisiniz. Orada nizam-intizam, sənətdə isə bir az sərbəstlik. Bu sizə çətinlik yaratmır?
- Mən sənətim və zabit kimi xidmətim arasında heç bir çətinlik çəkmirəm. Məni sənətimə görə seçib bu şərəfli işi mənə həvalə etdiyi üçün Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Vətənpərvərlik insanın ruhunda olur. Vətənə xidmət, təəssübkeşlik hər zaman özünü əməldə göstərir. Mənim illərdir hərbi hissələrdə hərbçilər üçün təmənnasız verdiyim konsertləri də hər kəs görürdü. Mənim yazdırdığım vətənpərvər mahnılar var. Düşünürəm ki, hər insan layiq olduğu yerə gedib çıxır. Əziyyət çəkən hər kəs bir gün bəhrəsini görür.
- Siz həyat yoldaşınızla sevib ailə qurmusunuz və 18 illik ailə təcrübəniz var. İncəsənət aləmində çox nadir ailələrdənsiniz ki, sevginiz, sədaqətiniz örnək gətirilir. Digərləri 6 ay, 1 il sonra ayrılırlar. Uzunmüddətli evliliyin sirri nədir?
- Bizim ailə qurmağımız asan olmayıb. Doğrudur, yoldaşımgilin ailəsi məni əvvəl birmənalı qarşılamadı. Mən onları qınamıram. Çünki üzdə görülən, televiziyanın cəmiyyətə təqdim etdiyi şou-biznesin nə vəziyyətdə olduğunu görürük. Bayağı mahnılar, efirdə soyunanlar, nalayiq söhbət edənlər və s. o qədər var ki, insanlar bu sektorda normal adamların da olduğuna bir qədər çətin inanır. Amma mən öz ailəmə sübut etdim ki, yalnız sənətimlə məşğulam. Müğənni kimi müğənni, ailə xanımı kimi evdarlığımı da bilirəm.
Çox qısa zamanda həyat yoldaşımın ailəsi məni tanıdı və bağrına basdı. İnsan əgər düzdürsə, əxlaqlıdırsa, fərq etmir harada, necə, hansı fəaliyyət sahibidir. Onun alnı açıq, üzü ağ olacaq. Odur ki, bu gün bəzi ailələrin dağılmasına səbəb dominantlıqdır. Kişinin kişi yeri var, qadının qadın yeri.
Mən bu günə qədər həyat yoldaşımın məsləhətlərindən ziyan görməmişəm. Tam tərsinə illər sonra onun uzaqgörənliklə dediyi sözlər o qədər gerçək olub ki, hətta təşəkkür etmişəm. Sağ olsun ki, illər əvvəl məni filan addımı atmağa qoymayıb. Amma bu gün qadınlar evdə kişinin sözünü saymır. Həm də biz heç vaxt ailə məişət söhbətləri ilə gündəmə gəlməmişik. Mənim həyat yoldaşımı da ictimaiyyətdə kifayət qədər tanıyırlar. Amma bu gün insanlar var ki, sənətləri ilə gündəmdə qala bilmədiyi üçün ailədaxili söhbətləri önə verirlər. Mən bunu doğru bilmirəm. Onlara görə də insanlara elə gəlir ki, ölkədə boşananların çoxu müğənnilər, aktrisalar, sənət adamlarıdır. Xeyr, elə deyil. Boşananların sayı ilbəil artır. Bunu danmaq olmaz. Amma üzdə olan simaların ailəvi durumları mediada işıqlanır deyə gözə batır. Bu o demək deyil ki, müğənnilərin hamısı evlənir və boşanır. Həkimlər də, müəllimlər də, elə jurnalistlər arasında da ailə qurub, sonra ayrılan kifayət qədər insanlar var.
Hər ailənin uğurlu olması da individualdır. Bizim ailədə anlayış, hörmət çox önəmlidir. Biri od olanda, biri su olar. Biz bir-birimizi başa düşürük və çox şükür, 18 ildir övladlarımızla birlikdə xoşbəxtik. Allah hər kəsin ailəsini, övladlarını qorusun.
- Biri od olanda, biri su olar dediniz. Ailədə Rövşən müəllim, yoxsa siz daha çox su olursunuz?
- Vallah yerinə görə o da su olur, mən də. Mənim həyat yoldaşım bir anda əsəbləşir, bir anda sakitləşir. Mən bilirəm ki, o əsəbi olanda onun üstünə getmək olmaz. Sakitləşdikdən sonra isə elə bilirsən ki, bayaqkı əsəbi adam o deyil.
Mən də hərdən çəkilişlərdən yorğun gəlirəm. Birdən olur ki, aidiyyətsiz xırda məsələlərə ilişirəm. Sağ olsun, onda da o məni anlayışla qarşılayır. Belə dolana-dolana gedirik (gülür). Mən əsl müsəlman kimi yaşayıram. Dünya malında gözüm yoxdur. Bu dünyadan gedəndə varlısı da, kasıbı da iki metr kəfən aparacaq, vəssalam. Ona görə də, pul-para üçün, qır-qızıl üçün, daş-qaş üçün ailədə söz-söhbət salmaq olmaz. Xanımlara səslənirəm ki, bir az ağıllı olsunlar. Kişiyə qarşı diqqət göstərsinlər. Vallah kişilər uzaqgörən olurlar.
- Dörd övladınız var. Bir gün oğullarınızdan biri desə ki, mən müğənni qız sevirəm. Siz necə davranarsınız?
- Ona artıq zamanı gələndə baxmaq lazımdır. Qurunun oduna yaş da yanır, amma halbuki elə olmamalıdır. O qızın oturuşuna-duruşuna, davranışlarına baxmaq lazımdır. O sabah evinin xanımı ola biləcəkmi, cəmiyyətdə sağlam övladlar tərbiyə edə biləcəkmi? Mənim övladlarım bu gün mənim qürur mənbəyimdir. Onlar mənim hər şeyimdir. Uşaqlar almazdır, onları düzgün istiqamət verib, cilalamaq lazımdır. Uşaqlar ağ kağızdırlar - nə yazsan, o da gedəcək. Mən əsas onların təhsillərinə önəm verirəm.
Valideyn bu gün var, sabah yoxdur. Təhsilləri yaxşı olsun ki, sabah cəmiyyətə, sərbəst həyata atılanda çətinlikləri olmasın. İnsanları tanımaq, insan sərrafı olmaq isə zaman işidir. Ona görə də, Allah hər kəsin qarşısına xeyirli, yaxşı insanlar çıxarsın. Bütün balalar xoşbəxt olsun.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli


Şou Biznes     Baxılıb: 107   Tarix: 03 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Natavan Dado ilə küsülüdür - 'Qara siyahıdadır

"Dado ilə küsülüyük. Bir aydır onu "qara siyahı"ya atmışam". xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi deyib. Sənətçi, keçmiş həyat yoldaşı, reper Dado ilə oğlunun münasibətlərindən danışıb:. "Mə

Masterchef'in iştirakçısı həbs olundu

"Survivor" və "Mastershef" yarışmasının iştirakçısı olmuş Yasin Obuz barəsində qanunsuz mərc oynamaq ittihamı ilə həbs qərarı çıxarılıb. Türkiyə mətbuatına istinadən xəbərverir ki, İstanbul Respublik

Əməkdar artistin anası dünyasını dəyişdi

Əməkdar artist Manana Caparidzeyə ağır itki üz verib. xəbər verir ki, əməkdar artistin anası Makvala Caparidze vəfat edib. Sənətçi sosial media hesabında xəbəri izləyiciləri ilə bölüşüb:. "Mənim sevimli, əziz, misilsi

Brilliant əl'in aktrisası dəfn olundu

Rusiyanın xalq artisti Svetlana Svetliçnaya dəfn olunub. Rusiya mətbuatına istinadən xəbər verir ki, Svetlana Svetliçnaya pərəstişkarlarının alqışları altında vida mərasiminin keçirildiyi "Kino Evi"ndən aparılıb

Adımın onlarla bir verilişdə səslənməyini istəmirəm' - Natavandan sərt tənqid

"Mən ona görə kənardayam ki, artıq hər şey ilə razılaşmışam. Musiqimizin içinə girən kənar amillər qəbul olunub və trend adlandılırsa mən də artıq etiraz edə bilmirəm". xəbər verir ki, bu sözləri Natavan Həbibb

Aparıcıdan vəfat edən qızına doğum günü təbriki - FOTO

ARB kanalının aprıcısı Aynur Bağırova vəfat edən qızı Sevgi ilə bağlı payılaşım edib.  . xəbər verir ki, aparıcı ilk dəfə övladın məzarının görüntüsünü paylaşıb. Aynur Bağırova bu gün doğum günü olan övladına duyğusal təbri

Mənim qolum, qanadım Aydanım' - İbrahimdən Aydana doğum günü təbriki

"Mənim qolum, qanadım Aydanım. Səninlə nəfəs alırıq, mən və balaca Mehriban". xəbər verir ki, bu sözləri aktyor İbrahim Çingiz həyat yoldaşı Aydan Çingizin ünvanına yazıb. Aktyor, həyat yoldaşını doğum günü münasibətil

Əməkdar artist yeni kitabını təqdim edəcək

Əməkdar artist Dilarə Əliyeva yeni kitabının təqdimatını edəcək.  . xəbər verir ki, kitab "Dilarənin monoloqları" adlanır. 28 noyabrda baş tutacaq gecədə müxtəlif sənət nümayəndələri və Dilarə Əliyevanın həmkarlar

Adel səhnə ilə vidalaşdı - FOTOLAR

Hello, Someone Like You, Easy On Me və Rolling in the Deep hitləri ilə tanınan britaniyalı müğənni Adel Las-Veqasdakı "Weekends With Adele" şousu ilə səhnəylə vidalaşıb. xəbər verir ki, Las-Veqasda 100-cü konsertin


tezbazar son xeberler azerbaycan xeberleri yeni xeberler zelzele qarabag cəbhədən son məlumatlar sonxabar az