Erməni təxribatları, Rusiyanın növbəti addımı və ABŞ-ın ssenarisi - Türkiyəli ekspertlə GÜNDƏM
"Azərbaycanın hərbi gücü ilə Ermənistanın hərbi gücü müqayisəolunmazdır. Nəticəni və Azərbaycan Ordusunun üstün olduğunu İkinci Qarabağ müharibəsində açıq şəkildə gördük".
Bu sözləri Türkiyənin Batman Universitetinin beynəlxalq əlaqələr fakültəsinin dosenti Yusuf Çınar KONKRET.az-a müsahibəsində deyib.
Ekspertlə geniş müsahibəni təqdim edirik:
– Yusuf bəy, ermənilərin Laçın yolundakı "TIR şousu" davam edir. Onlar öz yalanlarını dünyaya inandırmaq üçün beynəlxalq təşkilatlara müraciət edirlər. Bəs onların bu təxribatlarına qarşı hansı addımları atmaq lazımdır? Xüsusilə Türkiyənin bu məsələdəki dəstəyi necə olmalıdır?
– Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olduğu üçün çox böyük problem yaşayır. Soyuq müharibə dövründən sonra SSRİ-nin hərbi birliklərinin ermənilərin əlində olması və Azərbaycanın o dönəmdəki hərbi gücünün yetərli olmaması Ermənistana Birinci Qarabağ müharibəsində ciddi bir özgüvən vermişdi. Hətta İkinci Qarabağ müharibəsində belə özgüvənləri ilə problemi həll edə biləcəklərini düşünürdülər. Amma Azərbaycan texniki imkanlara sahib güclü infrastruktur qurdu və diplomatiyadan mükəmməl şəkildə istifadə etdi. Xüsusilə Azərbaycanın Türkiyə və Rusiya ilə yaxşı münasibətlərini qeyd etmək lazımdır. Bütün bunların fonunda Qarabağ zəfəri baş tutdu.
Ermənilər isə illər boyunca qondarma "soyqırım" iddiaları ilə öz kimliklərini göstərdilər və bundan istifadə edərək, beynəlxalq aləmdən özlərinə dəstək almağa çalışdılar. Onlar İkinci Qarabağ müharibəsində məğlub olduqları üçün indi Laçın yolunda təxribatlar edərək, yenidən toqquşmalar yaratmağa və özlərini məzlum rolunda göstərməyə çalışırlar.
Ancaq rəsmi Ankara onlara qarşı bu məsələdə uğurlu diplomatiya həyata keçirir və Azərbaycan-Türkiyə dostluğunun daimi olduğunu göstərir. Üstəlik, Türkiyə beynəlxalq aləmə Laçın yolundakı təxribatların ermənilərin tərəfindən qəsdən törədildiyini izah edir. Onsuz da bu baş verdiyi andan etibarən Türkiyədən həmən açıqlamalar gəldi. Amma mən ermənilərin təxribatlarının bitəcəyini zənn etmirəm. Azərbaycan və Türkiyə də bununla bağlı beynəlxalq ictimaiyyətə öz narahatlığını bildirir. Həmçinin, diplomatiyanı da davam etdirməyin vacib olduğu qənaətindəyəm.
Ümumiyyətlə, Nikol Paşinyan Ermənistanın Rusiyaya bağlılığından çox narahat idi. Hətta Paşinyanın Ermənistanı Rusiyanın asılılığından qurtarmağa çalışması da İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəbləri arasında göstərilir.
İrəvan hakimiyyəti yeni dönəmdə Moskva ilə bağlı bir az daha balanslı siyasət aparmağa çalışır. Amma Türkiyə bu nöqtədə açar rolunu oynayır. Geosiyasi gerçəklər düşünüldüyü zaman Rusiya hazırda Türkiyəni oyundan kənarlaşdıracaq bir həmlə edə bilməz. Həmçinin, rəsmi Ankara dərdini beynəlxalq ictimaiyyətə çox gözəl izah edir. Üstəlik, Türkiyə NATO üzvü olsa da, Rusiya ilə yaxşı münasibətə sahibdir. Paşinyanın həmlələrinin isə Rusiya və ya digər dövlətlərin Azərbaycanla Türkiyəyə qarşı birləşdirəcəyini də düşünmürəm. Onlar ancaq bu cür addımlarla keçici gündəm yarada bilərlər. Lakin bu cür manevrlər Ermənistana heç nə qazandırmayacaq.
– Həmçinin, son günlərdə Ermənistanın Azərbaycanla şərti sərhədə əsgər və hərbi texnika yığdığını görürük. Sülh müzakirələrinin davam etdiyi bir zamanda İrəvan hakimiyyəti nə etməyə çalışır?
– Bəli, Ermənistan Azərbaycanla şərti sərhədə davamlı olaraq hərbi texnika yığır. Nəzərə almaq lazımdır ki, ölkələrin beynəlxalq aləmdəki nüfuzu iqtisadi və hərbi gücündən asılıdır. Ermənistan isə iqtisadi cəhətdən problemlər yaşayan bir ölkədir. Həm kənardan gələcək puldan asılıdır, həm də diasporlarının güclü olduğu bir ölkədir. Bununla yanaşı, erməni gənclərin bir çoxu xaricə getməyə məcbur olub. Dolayısı ilə Ermənistan həm nüfuz, həm də iqtisadi cəhətdən hərbi gücünü artıra biləcək manevrlərə sahib deyil. Ermənilərin şərti sərhəddəki son addımları toqquşmaları gündəmə gətirərək, Azərbaycan və Türkiyənin daxildəki düşmənlərinə qarşı birləşdirici bir həmlə kimi dəyərləndirilə bilər.
Ümumiyyətlə, yeni müharibə hər zaman ola bilər. Amma Azərbaycanın hərbi gücü ilə Ermənistanın hərbi gücü müqayisəolunmazdır. Nəticəni və Azərbaycan Ordusunun üstün olduğunu İkinci Qarabağ müharibəsində açıq şəkildə gördük. Revanşist ermənilərin müharibə təzyiqlərini azaltmaq üçün belə addımlar atılır. Yəni demək istəyirlər ki, "biz də onlara qarşılıq veririk". Əslində Ermənistan heç bir cəhətdən yeni müharibəyə hazır deyil. Azərbaycanın Türkiyə ilə münasibətləri yaxşıdır, hərbi cəhətdən güclüdür, amma Rusiya ilə də yaxşı münasibətlərinə davam etməsi önəmlidir. Düşünürəm ki, gələcək zamanlarda ermənilərin yeni müharibə istəyi İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti qəbul etməsi ilə azalacaq. Burada sadəcə bir az zamana ehtiyac var.
– Rusiya Prezidenti Vladimir Putin ötən günlərdə tərəfdaş ölkələri hərbi əməkdaşlığa dəvət etdi. Bəs bənzər bir hərbi ittifaq türk dövlətləri arasında qurula bilərmi?
– Azərbaycan və Türkiyənin qurucularından olduğu Türk Dövlətləri Təşkilatı (TDT) çox önəmli bir ittifaqdır. Burada mədəni və iqtisadi əlaqələr mövcuddur. Buranın üçüncü halqası isə hərbi işbirliyi ola bilər. Amma bunun üçün bir az zamana ehtiyac olduğunu düşünürəm. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı (Aİ) belə NATO səbəbi ilə öz daxilində hərbi birlik formalaşdıra bilməyib. Çünki hamısı NATO-ya bağlı vəziyyətdədir. Hazırda Avropanın güvənli olub-olmadığı müzakirə olunur. Əslində iqtisadi və mədəni işbirliyinin bir az daha irəliləməsi Türk Dövlətləri Təşkilatı içərisində unikal birlik yarada bilər. Hətta bunun hərbi işbirliyinə qədər çata biləcəyini düşünürəm. Belə bir birlik Orta Asiyada bu təşkilata üzv olan ölkələrin strateji önəmini artıracaq, həm də beynəlxalq siyasətdə Türk Dövlətləri Təşkilatı dövlətlərinin daha çox söz sahibi olmasına səbəb olacaq. Amma hazırda bunu danışmaq üçün erkəndir. Buna baxmayaraq, dövlətlərin mənfəətləri əsasdır. Yəni irəlidə belə bir hərbi işbirliyinin ərsəyəgəlmə ehtimalı yüksəkdir. İndiki vəziyyətdə isə zamana ehtiyac olduğu ortadadır.
– Türkiyə-Suriya münasibətlərində normallaşma gözlənilərkən Bəşər Əsəd sərt açıqlamalar verdi. O, Türk Silahlı Qüvvələrinin Suriyadan çıxması şərtini bir daha gündəmə gətirdi. Bu vəziyyətdə rəsmi Ankaranın siyasəti necə olacaq? Yaxın gələcəkdə hansı proseslərin şahidi ola bilərik?
– Türkiyənin Misir və digər ölkələrlə münasibətlərini normallaşdırması ən çox Suriya Prezidenti Bəşər Əsədi narahat edir. Xatırlayırsınızsa, Əsədin atası da Türkiyənin suverenliyinə qarşı açıqlamalar verirdi. O, hətta Hatayın Türkiyənin olmadığını belə iddia edirdi. Bu səbəbdən də Suriya Türkiyəyə qarşı terror qruplaşmalarına dəstək verir. Bəşər Əsədin Türkiyə ilə münasibətlərin düzəlməsinə qarşı sərt cümlələr qurmasının arxasında onun ölkəmizə qarşı mənfi addımları da dayanır. Əsəd Türkiyənin Suriyanın şimalından çəkilməsini istəyir. Amma Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün o bölgədə bir terror dövlətinin formalaşmasını əngəlləməyi lazımdır. Xüsusilə ABŞ-ın Yaxın Şərqdən çəkilməsindən sonra bölgədə bir boşluq var. Bu boşluğu isə qondarma dövlət iddiasında olan qruplaşmalarla doldurmağa çalışdığını görürük. Rəsmi Ankara isə öz təhlükəsizliyi üçün belə "dövlət"lərin yaranmasına icazə verməz. Bu səbəbdən də Türkiyənin Suriyanın şimalında olması legitimdir. Çünki biz orada olmasaq, terrorçular Türkiyəni hədəf alırlar. Bu isə qəbuledilməzdir.
Unutmayaq ki, Ankara hakimiyyəti diplomatiyadan çox yaxşı yararlanır. Yəni Əsəd bu gün belə açıqlamalar versə də, sabah dialoq təklifi verə bilər. Əslində beynəlxalq siyasətdə 24 saat uzun müddətdir. Suriya öz təhlükəsizliyini təmin edə bilsəydi, bu vəziyyətə düşməzdi. Ona görə də Türkiyə öz təhlükəsizliyini riskə atmayacaq. Hesab edirəm ki, Türkiyə-Suriya münasibətlərinin normallaşması istiqamətində hələ zamana ehtiyac var.
– Avqustun 5-də Pakistanın sabiq baş naziri İmran Xan həbs olundu. Xan daha əvvəl saxlanılanda və ona qarşı ittihamlar sürüldüyü zaman dəstəkçiləri etiraz aksiyaları keçirmişdilər. Hətta bir müddət sonra onun barəsindəki ittihamlara xitam verildiyi və sərbəst buraxıldığını görmüşdük. Yenidən bənzər ssenari yaşana və İmran Xan sərbəst buraxıla bilərmi?
– Asiyanın cənubunda qurulan dövlətlərdə ciddi problemlər var. Oralarda tez-tez çevrilişlər olur. Adətən ABŞ başda olmaqla, imperialist dövlətlər sözügedən ölkələrdəki çevrilişlərə təsir edirlər. Vyetnamdan Pakistana qədər çevrilişlərin böyük əksəriyyətinin arxasında ABŞ dayanır. Xüsusilə Ağ Evin hərbi çevrilişlərdən öz iqtidarını gücləndirəcək bir vasitə kimi istifadə etdiyini görürük. Bunu edərkən dövlətlərin başındakı şəxslərin korrupsiyaya bulaşdığını iddia edərək, xalqla iqtidarı uzaqlaşdırırlar. Hətta sivil iqtidarlar hakimiyyətə gələndə əsgərlər siyasətin həll yolu olmadığını deyirlər. Amma inkişaf etmiş Qərb demokratiyasında siyasət ciddi bir həll yoludur. Bundan uzaqlaşan xalq isə çevrilişlər edir.
Pakistan isə yarandığı gündən indiyə kimi çevrilişlərin yaşandığı bir yer olub. Bunların da böyük bir hissəsinin arxasında rəsmi Vaşinqton dayanıb. İmran Xanın da siyasətdən uzaqlaşdırılması və korrupsiya ilə ittiham olunması bununla bağlıdır. Əlbəttə ki, qanunsuzluq varsa, cəzası olmalıdır. Amma Pakistan kimi tez-tez çevrilişlərin olduğu bir ölkədə bunların yaşanması və İmran Xanın həbs olunmasının arxasında ABŞ-ın olduğunu düşünürəm.
İmran Xanın Pakistan daxilində nüfuzu və dəstəkçiləri var. Lakin ABŞ-la hərbi cəhətdən anlaşa bilməyən sivil siyasətçilərə yenidən fürsət verildiyinin şahidi olmamışam. Ona görə də Xanın qarşıdakı zamanlarda sərbəst buraxılacağını təxmin etmirəm. Məncə, İmran Xanın həbsdə qalma dönəmi bir müddət daha davam edəcək. Demokratiya baxımından məyusedici bir vəziyyət olsa da, oradakı ölkələrin çoxunda siyasətçilərin əksəriyyəti məhkum həyatı yaşayır.
Elmir Kamal,
KONKRET.az