"Məni gündə azı 10 nəfərlə görüşdürürdü, pulları özü alırdı..." - Ülviyyə Həsənovanin Antalyada "satdiği" qadinlar

Azərbaycandan qadınları Türkiyənin Antaliya şəhərinə apararaq onları cinsi istismara məruz qoymaqda ittiham olunan 37 yaşlı Ülviyyə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi bu günlərdə yekunlaşıb.
azxeber.com virtualaz.org-a istinadən bildirir ki, Ülviyyə Həsənova İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən ötən il iyunun 23-də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham irəli sürülüb və Nərimanov rayon  məhkəməsi tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib.
İttihama görə, Ü.Həsənova tanışları Aliyə Qurbanova və Səmayə Muradovanı (ad və soyadlar dəyişdirilib-red.) aldadaraq onları Türkiyədə yüksək maaşla işə düzəldəcəyini vəd edib. Həmin qadınları 2016-cı ilin payızında Türkiyənin Antaliya şəhərinə aparıb və əvvəlcədən kirayə tutduğu mənzildə yerləşdirib. Daha sonra hər iki qadını müxtəlif şəxslərlə pul müqabilində görüşdürərək onları cinsi istismara məruz qoyub.
Təqsirləndirilən Ülviyyə Həsənova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Biləsuvar rayonunda kafedə işlədiyi vaxtlar Rəhilə adlı qadınla tanış olduğunu deyib. Aldıqları məvacib onları qane etmədiyindən Türkiyəyə gedərək fahişəliklə məşğul olmaq qərarına gəliblər.
"Rəhilə mənim telefonumdan Türkiyədəki tanışına görüntülü zəng vurub oraya gəlmək istədiyini dedi. Bir müddət sonra mən Bakıya gəlmişdim. Türkiyədən mənə zəng vuran tanışım dedi ki, burada yaxşı işləyib pul qazanmaq olar. Bu barədə Rəhiləyə heç nə demədim. Özüm təyyarəyə bileti alıb Antaliyaya, oradan da taksi ilə Finikiya rayonuna getdim. Orada məni tanışım Osman qarşıladı, kirayə tutduğu evə apardı", - o ifadəsində deyib.
Ülviyyənin ifadəsinə görə, Osmanın kirayə tutduğu evdə ondan başqa bir neçə azərbaycanlı qadın olub. Həmin evdə digər qadınlarla birlikdə kişi müştərilərə intim xidmət göstəriblər. Ən qəribəsi odur ki, Osman pul müqabilində müştərilərlə görüşdürdüyü Ülviyyə ilə bir müddət sonra özü qeyri-rəsmi münasibət qurub və ona ayrıca ev tutub, birlikdə yaşayıblar.  Özü isə "Serpil" ləqəbli türk qadınla birgə qadınları faişəliyə cəlb etməklə məşğul olub.
"Nə Aliyəni, nə də Səmayəni fahişəliyə cəlb etməmişəm. Onları Osmanın kirayə tutduğu evdə tanımışam. Hər ikisi Osmanın nəzarəti altında müştərilərə xidmət ediblər. Onları bu işə mən məcbur etməmişəm. Mən özüm Osman tərəfindən cinsi istismara məruz qalmışam. Sonradan Səmayə türk vətəndaşı ilə evlənib Osmanın yanından getdi"- Ü.Həsənova ifadəsində belə deyib.
Məhkəmə təqsirləndirilən şəxsin dediklərini inandırıcı hesab etməyib və özünümüdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirib.
Zərərçəkmiş Aliyə Qurbanova ifadəsində çay evində ofsiant işlədiyini, Ülviyyəni də müştəri kimi çay evinə gəlib-gedəndə tanıdığını deyib. Ülviyyə ona Türkiyədə yüksək maaşla işə düzəldə biləcəyini dedikdə maddi sıxıntıları olduğundan razılaşıb: "Mənə təyyarəyə bileti də özü aldı. Birlikdə Türkiəyyə getdik. Orada pasportumu istədi, "oturum" alacağını dedi, inandım, verdim. O gündən məni həmin evdə işlətdi, pasportumu qaytarmadı, məcburən tanımadığım şəxlərlə pul müqabilində görüşmək üçün şərait yaratdı. Onun yanında bir türk kişi də vadı. Bu çirkin əməllərini birlikdə həyata keçirirdilər".
Ailə üzvlərindən birinin ağır xəstə olduğunu, son günlərini yaşadığını Ülviyəyə deyən Aliyə yalvar-yaxar edərək onu Azərbaycana göndərməsini xahiş edib. Məhz bundan sonra Ülviyyə onun geri qayıtmasına icazə verib. Zərərçəkmiş Ülviyyə ilə barışmadığını, onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş edib.
Zərərçəkmiş qismində dindirilən Səmayə Muradova bir neçə dəfə müalicə olunmaq məqsədilə Türkiyəyə gedib-gəldiyini, təyyarədə Rəhilə adlı qadınla tanış olduğunu, aralarında səmimi münasibət yarandığını, bir-birləri ilə telefonla əlaqə saxladıqlarını deyib: "Maddi vəziyytimlə bağlı danışanda Rəhilə dedi ki, Türkiyədə bir tanışı var, mənə iş tapmaqda köməklik edə bilər. Beləcə, Rəhilə məni Ülviyyəyə calaşdırdı. Mən Ülviyyəyə zəng vuranda dedi ki, yaxşı gəlirli işə düzəlməyə köməklik edə bilərəm. Maddi imkanımı nəzərə alıb mənə bilet pulu da göndərdi. Təyyarə ilə Antaliyaya getdim. Hava limanında məni Ülviyyə və "Baba" ləqəbli şəxs (Osmanla birlikdə işləyib-red.) qarşılayıb öz yaşadıqları evə apardılar".
Səmayə deyir ki, ertəsi gün Ülviyyə onun pasportunu əlindən alıb və özünə də hədə-qorxu gələrək Türkiyədəki işinin kişi müştərilərə intim xidmət göstərməsindən ibarət olduğunu bildirib. Etiraz etdikdə isə "mənə borclusan, dediklərimi eləməzsən, qohumlarına, tanışlarına burada əxlaqsızlıqla məşğul olduğunu deyəcəyəm, səni rüsvay edəcəyəm" deyib. Həmin şəhərdə kimsəni tanımayan, pasportu əlindən alınan, geri qayıtmağa yol pulu olmayan Səmayə məcburiyyət qarşısında qalaraq onunla razılaşıb: "Qızların hansısa Ülviyyənin dediyinə əməl etməyəndə onları döyürdü. Dəfələrlə qızların döyülməsinin şahidi olmuşdum. Ülviyyə məni öz tapdığı müştərilərlə görürşdürürdü. Pulu özü götürürdü. Bir ay orada qaldım. Məni gündə ən azı on nəfərlə görüşdürürdü".
Anası ilə telefon əlaqəsi saxlayan Səmayə Ülviyyənin onun başına gətirdiyi oyunlar barədə məlumat verib. Qadın özü Ülviyyəyə zəng vuraraq qızını azad etməsini, əks halda barəsində polisə şikayət edəcəyini bildirib. Məhz bundan sonra Ülviyyə qorxuya düşüb və Səmayənin Azərbaycana qayıtmasına etiraz etməyib.
Zərərçəkmiş həmçinin ifadəsində Ülviyyənin yanında qaldığı zamanlar bir türk vətəndaşı ilə tanış olduğunu, başına gələnlər barədə danışdığını, ondan yardım istədiyini, onun köməyi ilə Azərbaycana geri qayıtdığını, sonradan həmin şəxslə rəsmi nikaha daxil olub ailə qurduğunu deyib.
Məhkəmənin hökmü ilə Ülviyyə Həsənova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Sosial     Baxılıb: 563   Tarix: 26 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Şuşadakı bu Kompleks müqavilə əsasında idarəetməyə verildi - Sərəncam

Şuşa Otel-Konqres Mərkəzi Kompleksi müqavilə əsasında idarəetməyə verilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərində yerləşən və İqtisadiyyat Nazirliyinin balansınd

Hesablama Palatası: 'İçərişəhər' Dövlət Tarix-Memarlıq Qoruğunda nöqsanlar qalır

2024-cü ildə aparılmış uyğunluq auditi nəticəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və onun tabeliyindəki təşkilatlarda dövlət vəsaitinin və əmlakının istifadəsi ilə bağlı bir sıra nöqsanla

FHN əməkdaşları Xaçmazda köməksiz vəziyyətdə qalan kənd sakinini xilas edib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin Mətbua

Şəmkirdə küçədə söyüş söyən kişi həbs edildi

Şəmkir rayonunda küçədə ictimai qaydanı pozan və söyüş söyən şəxs həbs olunub. -a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində, mərkəzi küçələrdən birində baş verib. 58 yaşlı Aqil Kərəmov (ad və soyad şərtidir

Həmin şəxslər bu ölkələrə vizasız gedə biləcək

"Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağl

Üzünə vurulan zərbə ölümünə səbəb oldu

Yanvarın 12-də Şəki rayonu ərazisində Səttar Nəbiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. xəbər verir ki, bu barədə Şəki Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı 200-ci il təvəllüdl

Azərbaycan Pakistandan sarıkök tədarükünü bərpa etdi

Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verri ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 % çox

Sabah Bakıya sulu qar yağacaq

Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiyada Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntını

Azərbaycanlı alim ABŞ-də saxlanıldı

ABŞ-də yaşayan azərbaycanlı alim Şövqi Hüseynov bu ölkənin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki, bu barədə "Investigative Post" nəşri məlumat yayıb. 


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən yeni xəbərlər idman xeberleri cəbhədən xəbər valyuta