AZAL təyyarəsi ətrafında "siçan-pişik oyunu": Kreml məsuliyyətdən yayınmaq üçün hər şey edir
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL-a məxsus təyyarə qəzası ilə bağlı cinayət işinə xitam verilməsinin səbəblərini izah etdiyi iddia olunan məktub böhran ətrafında sualları daha da artırıb.
İddia edilən məktubda qəzanın guya hava şəraiti səbəbindən təyyarənin marşrutunu dəyişməsi nəticəsində baş verdiyi qeyd olunur, atəş açılması faktına isə ümumiyyətlə toxunulmur. Bu yanaşma həm məntiqə, həm də indiyədək açıqlanmış rəsmi mövqelərə açıq şəkildə ziddir.
Bastrıkinin irəli sürdüyü arqumentlər qəza ilə bağlı Rusiyanın da təmsil olunduğu beynəlxalq komissiyanın ilkin araşdırma nəticələri ilə üst-üstə düşmür. Daha önəmlisi, bu mövqe Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə Prezident İlham Əliyevlə görüş zamanı səsləndirdiyi fikirlərlə də ziddiyyət təşkil edir. Putin həmin görüşdə hadisənin sırf texniki və ya meteoroloji səbəblərlə izah edilə bilməyəcəyini dolayısı ilə etiraf etmişdi.
Belə bir məktubun gündəmə gətirilməsi Rusiyanın məsuliyyətdən yayınmaq və hadisəni süni şəkildə "hava şəraiti" pərdəsi arxasında gizlətmək cəhdi kimi qiymətləndirilir. Bu yanaşma nə həlak olanların xatirəsinə hörmətlə, nə də dövlətlərarası münasibətlərin elementar etik normaları ilə uzlaşır.
Politoloq Elxan Şahinoğlu azxeber.com-a açıqlamasında bildirib ki, Rusiya bu məsələdə ikiüzlü və ziddiyyətli siyasət aparır:
"Rusiya bu məsələdə yenə də ziddiyyətli mövqe sərgiləyir. Bir tərəfdən oktyabrın 9-da Düşənbədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan tərəfi ilə müzakirələr apardı, cinayətkarların cəzalandırılacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vədlər verdi. Lakin müəyyən müddət sonra Rusiya İstintaq Komitəsinin rəhbəri təyyarənin vurulması ilə bağlı cinayət tərkibinin olmadığını açıqladı. İndi isə belə bir məktubun ortaya çıxması onu göstərir ki, Rusiya faktiki olaraq məsuliyyəti üzərinə götürmək istəmir".
Politoloqun sözlərinə görə, Rusiya nə günahı etiraf edir, nə də kompensasiya ödəmək niyyətindədir.
"Görünən odur ki, kompensasiya ödənilməyəcək. Bu da məsələnin mahiyyətini açıq şəkildə ortaya qoyur".
E.Şahinoğlu qeyd edib ki, məsələ tam həllini tapmayınca iki ölkə arasında münasibətlərin normallaşması mümkün deyil:
"Azərbaycan tərəfi haqlı olaraq tələb edir ki, günahkarlar cəzalandırılsın və zərərçəkənlərə kompensasiya ödənilsin. Lakin Rusiya bu tələbləri yerinə yetirmək istəmir. Təyyarə qəzası ilə bağlı tam aydınlıq yaranmayana qədər münasibətlərin əvvəlki səviyyəyə qayıtması mümkün deyil. Rusiya qonşu dövlətdir, iqtisadi əlaqələr və müəyyən təmaslar davam edə bilər, lakin siyasi münasibətlər normallaşmayacaq".
Politoloq vurğulayıb ki, Rusiya kimi böyük dövlət üçün kompensasiya ödəmək problem deyil:
"Rusiya böyük dövlətdir və kompensasiya ödəmək onun üçün çətin məsələ deyil. Sadəcə bunu etmək istəmirlər. Əgər istəsəydilər, indiyədək üzr istənilə, səhv etiraf edilə və kompensasiya ödənilə bilərdi. Rusiya imperiya təfəkküründə olan ölkədir və üzr istəməyi zəiflik kimi qəbul edir. Gələcəkdə Rusiyada hakimiyyət dəyişikliyi baş verərsə, münasibətləri bərpa etmək mümkün ola bilər".
Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı–Qroznı reysini həyata keçirən "Embraer 190" tipli təyyarə Aktau şəhərindən 3 kilometr məsafədə qəzaya uğrayıb.
Şahanə Ziyad

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib