Elazığda "kürsübaşı" ənənəsi, Uzun Həsəndən yadigar bürclər - REPORTAJ + FOTO
Elazığda "kürsübaşı" ənənəsi, Uzun Həsəndən yadigar bürclər - REPORTAJ + FOTO
Türkiyədə yaşadığım müddətdə oranın gözəlliklərinə hər gün bir az da artıq vurulduğumu deyə bilərəm. İş o yerə çatmışdı ki, həyatımı sonsuzadək Foçadakı kiçik bir evdə xoşbəxt keçirə biləcəyim qənaətinə gəlmişdim. Əvvəl bunu qaldığım şəhərin - İzmirin ölkənin əsas turistik zonası olması ilə əlaqələndirirdim. Ancaq digər şəhərlərinə səfər imkanı tapdıqca Türkiyənin çox yerində səliqənin, estetikanın göz oxşadığının fərqinə vardım.
Ölkəyə son səfərim də əvvəllər yanıldığımı bir daha sübut etdi. Bu dəfə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Türkiyə Turizm Təşviqat və İnkişaf Agentliyinin həyata keçirdiyi "Go Türkiye" proqramı çərçivəsində beş günə beş şəhər gəzdik, amma fikrimcə, həmin torpaqlar üçün bu vaxt çox azdır. Ümumiyyətlə, Türkiyədə bir şəhəri bir günə kəşf etmək mümkün deyil. Çünki daşı, torpağı - hər tərəfi tarixdir. Addımbaşı rast gəldiyin fərqli tarixi sənət nümunələri göz oxşayır. Zənginlikləri ilə insanı ovsunlayan şəhərlərdən biri də Elazığdır.
Eradan əvvəl dördüncü minillikdə salınan bu yerdə görməli o qədər rəng var ki, insan darıxmaq hissini unudur.
Təxminən 440 min əhalisi olan Elazığ vilayəti 11 rayon və 537 kənddən ibarətdir. Elazığın iqtisadiyyatını sənaye, kənd təsərrüfatı və ticarət ayaqda saxlayır. Türkiyənin ən böyük su elektrik stansiyalarından biri burada yerləşdiyi üçün sənaye ciddi inkişaf edib. Təhsil də Elazığda diqqət yetirilən sahələrdəndir. 1975-ci ildə Elazığ vilayətinin eyniadlı mərkəz şəhərində Fırat Universiteti açılıb. Elazığın zəngin mədəni irsinin kökü isə Harputa söykənir. Bura Şərqi Anadolu bölgəsində klarnet alətindən istifadə edən yeganə şəhərdir.
Elazığda ilk ziyarət etdiyimiz məkan Harputda yerləşən Şefik Gül Mədəniyyət Evi oldu. Elazığ şəhər Mədəniyyət və Turizm Mərkəzinin Turizm Şöbəsinin müdiri Hasan Doğanın verdiyi məlumata görə, bu mədəniyyət mərkəzini XIX əsrin əvvəllərində Məhərrəm adlı şəxs inşa etdirib. Lakin fərqli tarixlərdə malikanənin fərqli sahibləri olub. Evin dördüncü sahibi Sarıqamış döyüşündə şəhid olub. 1990-cı ilədək burada yaşayış olub, 1990-2000-ci illər arasında isə boş qalıb. Tarixi qədim olduğu üçün müxtəlif vaxtlarda ciddi zərər görüb, hətta axur, samanlıq kimi də istifadə edilib. Bir sözlə, Harput zibilliyinə çevrilib. 2000-ci ildə isə şirkətlərdən biri malikanəni satın alıb, binanın tarixiliyi qorunmaqla restavrasiyası həyata keçirilib və 2005-ci ildə xalqın xidmətinə verilib. Bu gün ev ödənişsiz şəkildə ziyarətə açıqdır, hər şey şirkət tərəfindən qarşılanır. Tarixi Harput mədəniyyətini əks etdirən bir evdir, muzey konsepsiyasına əsasən hazırlanıb. Ətraf kəndlərdə, rayonlarda tapılan qədim ev əşyaları, alətlər hazırda burada nümayiş etdirilir.
Məkanda 20 min əhalisi olan Harput antik şəhərinin qədim qapı mədəniyyəti haqqında da məlumat əldə edirik. Burada qapının xüsusi döyülmə şəkli var. Belə ki, əgər qapı arxasındakı kişidirsə, qapını bir az zərblə, qadın müəyyən qədər incə, uşaq isə daha yavaş döyməlidir. Bunun əsasında ev sahibi qapı arxasındakının yaşını və cinsiyyətini müəyyən edir, qadını qadın, kişini kişi, uşağı isə uşaq qarşılayır.
Mədəniyyət evində Elazığın qədim adəti olan "kürsübaşı" fəaliyyəti də əks etdirilib. UNESCO-nun irs siyahısına daxil edilən bu adətə görə, insanlar qış gecələri ocaq başında toplaşaraq söhbət edir, gündəmdə olan məsələlərdən danışır, yeyib-içir, sonda isə söhbəti musiqi ilə bitirirlər.
Elazığda Türkiyənin, demək olar ki, bütün şəhərlərində olduğu kimi, şivə fərqliliyi var. Hətta buranın ağsaqqallarının başlarına qoyduqları papaqlar da digər bölgələrinkindən seçilir. Bu papaqların mütləq səkkiz küncü olmalıdır. Çünki həmin künclərin hər biri fərqli keyfiyyətin rəmzidir. Şəhərdə süryanilər də yaşayırlar. Süryanilərin İsa peyğəmbərin dilində danışan millət olduğu deyilir.
Muşda olduğu kimi, Elazığda da Ulu Cami var. Bu məscid digərlərindən minarəsinin əyri olmasıyla fərqlənir. Minarənin əyriliyi ilə bağlı isə müxtəlif rəvayətlər var. Bir rəvayətə görə, memar bilərək minarəni əyri hazırlayıb ki, qonaqların diqqətini çəksin. Digər rəvayətə görə isə 1800-cü illərdə Harputda böyük bir zəlzələ olub. Həmin zəlzələ nəticəsində minarə əyilib.
Üçüncü baş çəkdiyimiz məkan isə tarixi Harput qalasıdır. Hərbi qarnizon kimi inşa edilən bu qalanın əsası eramızdan əvvəl XIII əsrdə Urartu hökmdarı tərəfindən qoyulub. Qala Roma, Sasani, Bizans, Abbasi, Artuklular, Səlcuqilər, Ağqoyunlular və Osmanlı mədəniyyətlərinə ev sahibliyi edib. Burada aparılan qazıntı işlərində Urartulara aid qədim möhürlər, eləcə də digər avadanlıqlar tapılıb. Mütəmadi olaraq ziyarətçi qəbul edən bir məkandır.
Qala ilə bağlı ilk qazıntı işləri 2005-2009-cu illər arasında professor Vəli Sevinin rəhbərliyi altında aparılıb. Nəticədə katapult daşları aşkara çıxarılıb. Müxtəlif ölçülərə malik daşlar katapult mexanizminə qoyularaq düşmən tərəfə atılırmış. Qalada tarixi savaşların necə aparıldığını göstərən məlumat lövhələri də mövcuddur. 2014-cü ildən günümüzə qədər isə qazıntı işləri Fırat Universitetinin professoru İsmayıl Aytacın rəhbərliyi altında aparılır. Qaladakı bəyaz qayalar Urartu dövründən qalıb. Vaxtilə hərbi qarnizon kimi istifadə edilsə də, burada ziyarətgah və məbəd də mövcuddur.
Harputda Bizans dövrünə aid istehkam qalıqlarını da görmək mümkündür, hazırda Mədəniyyət və Turizm Nazirliyi onların restavrasiya prosesini həyata keçirir. Qazıntılar zamanı yerin altında qədim dövrə aid dəmirçi və şüşə emalatxanaları da aşkarlanıb.
Qalaya gələn hökmdarlardan biri Ağqoyunlu Uzun Həsən olub. O, Harput qalasını ələ keçirdikdən sonra bir müddət burada hökmdarlığını davam etdirib. Hətta qalada bəzi təmir işləri həyata keçirdikdən sonra buraya öz bürcünü inşa etdirib. Onun hökmdarlığının simvolu olan fil və aslanın mübarizəsinin təsviri də daşlara işlənib. Qala məhəlləsinin bazarı da olub. Həmin bazarda məscid, mağaza fəaliyyət göstərib. Qazıntı nəticəsində iki su anbarı da aşkara çıxarılıb. Onların 10 metr dərinliyi var, təbii qaya oyularaq hazırlanıb. Bu məkanda kilsə də yer alır. İldə bir dəfə ayinlər icra olunur.
Harputu məşhurlaşdıran əsas şey isə dünya arxeologiyasına daxil edilən Harput relyefidir. 2016-cı ildə təsadüfən tapılan relyefin orijinalı Elazığ Muzeyində qorunur. Üzərində savaş səhnəsi təsvir olunub. Relyefdə mifoloji ilahə fiquru, o cümlədən kral və kraliçanın başındakı taclar detallı işlənib. Gəzdikcə bir-birindən maraqlı tapıntılar qarşımıza çıxır. Buranı gəzib bitirməyə günlərin yetməyəcəyini və vaxtımızın məhdud olduğunu bildiyimiz üçün növbəti məkana - Harput Musiqi Muzeyinə keçirik.
UNESCO-nun müvəqqəti irs siyahısında olan tarixi Harput rayonunda yerləşən muzeydə musiqi alətləri, "kürsübaşı"nı əks etdirən heykəllər, karaoke zalı var. Üçmərtəbəli muzeyin birinci mərtəbəsində "kürsübaşı" ənənəsi əks etdirilib, burada qədim musiqi alətləri nümayiş olunur. İkinci mərtəbədə Harputun musiqi tarixi video şəklində nümayiş etdirilir. Üçüncü mərtəbə isə karaoke zalıdır.
Türkiyə səfərimizin sonuncu şam yeməyi Eskibağlar Şərab Evində baş tutur. Burada istehsal olunan müxtəlif növ şərab növlərini dadaraq səfərimizin zövqlü anlarından birini yaşayırıq. Yolu Elazığdan düşənlər həm qalanı, həm də bu məkanı mütləq ziyarət etməlidirlər.
Sayad Həsənli / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]