Ərazimizdən əvvəl qorxularımız kiçilmişdi

Ərazimizdən əvvəl qorxularımız kiçilmişdiƏrazimizdən əvvəl qorxularımız kiçilmişdi
Aqşin Yenisey yazır...
Mədəniyyətin kökünün qorxu hissinə söykəndiyini izah və sübut edən yüzlərlə fikir sahibi mövcuddur. İnanc, yazı, silah, müqəddəslik və s. bizi mədəni edən bütün ünsürlərin müəllifidir qorxu hissi. İnsanlıq cəmiyyət halında yaşamağın verdiyi avantajları ildırıma borcludur. Bu gün, adətən, balkondan baxaraq uşaqları əyləndirdiyimiz göydə ildırım çaxması, yerdə gözünüzə sataşan nə qədər insan yaradıcılığı varsa, hamısının qədim müəllifi odur. 
Türk aydını Xalis Çətinin "Qorxu siyasəti və siyasət qorxusu" adlı kitabı (oxumayanlara tövsiyə edirəm) fillərin itaətə necə öyrədilməsinin təsviri ilə başlayır. Fil dedikdə isə adam istər-istəməz Hindistanı, Hindistan dedikdə ingilis müstəmləkəsini, müstəmləkə dedikdə isə öz tariximizi xatırlamaya bilmir.
Demək, fillər su içmək üçün həmişə eyni yoldan istifadə edirlər. Bunu müşahidə edən ilk fil əhlilləşdirənlər həmin yolda fillərə tələ qururdular. Özləri isə qara paltarlar geyir, filin tələyə düşdüyünü görcək, gizləndikləri yerdən çıxıb tələdəki filin başına, üzünə, qulaqlarına, xortumuna, harası gəldi, dəmir uclu qarmaqlarla, üzəri mismarlı dəyənəklərlə döyərək işgəncə verirdilər. Sonra filləri al qan içində və ac-sussuz tələdə ölümə tərk edirdilər. Bu dəyənəklərə də "tərbiyə" dəyənəkləri deyirdilər. Fillərin ölüm, aclıq və qorxuya qarşı müqaviməti zəiflədikdə və onlar tələdə qan içində can verməyə başladıqda həmin qara paltarlı adamlar bu dəfə ağ paltarlarını geyinir, filləri tələdən xilas edir, yaralarını sağaldır, qarınlarını doyururdular. Beləliklə, fillər onları ölümdən qurtarmış bu ağ paltarlı adamlara canla-başla itaət etməyə başlayırdılar. 
Hindlilərin fillərə etdiyini sonralar ingilislər hindlilərə etdilər.
Postsovet məkanında Rusiyanın əvvəl əzib, sonra "çiçəkləndirdiyi" ölkələrə, latın Amerikasında və ərəb dünyasında Qərbin əvvəl yaradıb, sonra devirərək xalqı "zülmündən xilas etdiyi" diktaturalara baxanda bu metodun təkcə filləri deyil, insanları, xalqları da itaət həzzinə qovuşdurduğuna şahidlik etmək olar. 
Bizi maraqlandıran suala keçməyin vaxtıdır; gəlin görək qorxu mühiti necə yaradılır, qorxu hissi necə kollektiv duyğuya çevrilir? Fillərin nümunəsində gördük ki, hindlilər filləri tələyə tək-tək salıb ram edirdilər, sonra bu ram edilmiş tək fillərdən ibarət itaətkar bir fil sürüsü yaranırdı. Bu itaətkar sürüdəki filləri birləşdirən biopsixoloji amil qorxunun və xilaskarın eyni olması idi. Eyni üsul cəmiyyət həyatında da keçərlidir. Əvvəlcə şəxsi qorxular yaradılır, sonra onlar ümumi bir xilaskarın mərhəmətinə həvalə edilir. Məsələn, hər kəs özünün cəhənnəmindən qorxur, qonşunun cəhənnəmdə yanacağı fikri heç kimi maraqlandırmır, hər kəs elə bilir ki, cəhənnəmdə tək yanacaq. Əsas məsələ bu şəxsi cəhənnəm qorxusunun hamılaşması və kollektivləşdirilməsidir. Elə ki ayrı-ayrı şəxslərin cəhənnəmi ümumiləşdi, bu zaman teokratik mafiya ümumi xilaskarı, məsələn, İsa Məsihi ortalığa çıxarır.
Ayrı-ayrılıqda qorxduqları üçün əzab çəkən insanlar, özlərinə oxşayanlarla bir yerə yığışaraq birgə əzab çəkəcəkləri sosial və siyasi quruluşları yaradırlar. Beləliklə, öz dərdlərini iztirablara birgə dözmə ittifaqına çevirirlər (Xalis Çətin). Tək-tək qorxmaq əndişəsini birlikdə qorxmaq rahatlığı ilə əvəzləyirlər. Diqqətlə baxsanız görərsiniz ki, hamının qorxduğu cəmiyyətlərdə heç kim özünü qorxaq hesab etmir. Çünki təşkilatlanmış qorxaqlıq özünəməxsus bir cəsarət yaradır. Böyük şairimiz Ramiz Rövşən bu məqamı xüsusi bir istedadla bircə misraya yerləşdirə bilib: "Qorxaq köpəklərin igid sürüsü". 
Kənd uşaqları yəqin ki, həyət itlərinin canavara hücum taktikasını görüblər. Kəndə canavar girdikdə əvvəlcə ayrı-ayrı itlər öz həyətlərindən hürməyə başlayırlar, amma heç birinin təkbaşına canavara cummağa cəsarəti çatmır. Elə ki itlər hürə-hürə, bir-birilərini çağıra-çağıra bir yerə yığışır, bu zaman "qorxaq köpəklərin igid sürüsü" yaranır və kollektiv qorxu müdhiş bir cəsarətə çevrilir. Hər bir it sürünün qəhrəmanı olmağa çalışır. Canavara hücum uğrunda, sanki, bir yarış başlayır; kim birinci və daha çox qoparacaq. Linç psixologiyası.  
İnsan kollektiv həyat tərzini totalitarizmə borcludur. Stalinin QULAK-ından sonra hər nə qədər lənətlənsə də, ictimai şüur öz başlanğıcını totalitarizmdən alır. Vahid qorxu (məsələn, ildırım) onu tanıyanları vahid inanca, vahid ideologiyaya səmimi-qəlbdən inanmağa məcbur etməsəydi, bəlkə də, indi insanın adı dinozavrlarla eyni siyahıda olacaqdı; nəslikəsilmişlər. 
Bizim ərəblərin gəlişi ilə başlayan və rusların gəlişi ilə "çiçəkləyən" "Qorxu çağı"mızın ömrü ona görə uzun oldu ki, islama və kommunizmə qarşı qoyduğumuz ideyaların totalitarizmini, yəni "qorxaq igidliyinin sürüsünü" yarada bilmədik. Sıravi azərbaycanlı orucunu pozmaqdan qorxduğu qədər cümhuriyyətini itirməkdən qorxsaydı, indi biz tarixdən başqa mətləbləri oxuyacaqdıq. Biz torpaq itirməkdən qorxmadıq, amma tək səbirdən, qara pişikdən qorxduq. Bizim qorxularımızı kiçiltdilər. Qorxularımız kiçildikcə ərazimiz də kiçildi. Müstəmləkəçilik bizə kiçik qorxularla yaşamağı öyrətdi.    
Bizi böyük qorxularımızın ətrafında kollektivləşməyə, təşkilatlanmağa qoymadılar. Ona görə Rəsulzadənin qurduğu cumhuriyyət cəmi 1 il 11 ay yaşadı. Çünki xalqda cümhuriyyəti itirmək adlı böyük qorxu yaratmağa macal vermədilər. İlk cümhuriyyət qurucuları totalitarizmin klassik gücünü, məsələn, Atatürk kimi "iyiyə kullanmaq" məsələsində yanaşı, ya da çox "kövrək" idilər. Amma sovet hökuməti və onu itirmək qorxusu ümumi düşmənə (ağlara, faşizmə) qarşı təşkilatlandı və hətta bu gün də artıq olmayan sovet hökumətini itirməkdən qorxanlar var məhəllədə nərdtaxta oynayanlar arasında. 
Bu yerdə fransız filosofu Qustav le Bonnun "Xalqların xarakteri" kitabından bir sözünü xatırlayacağam: "Heç bir xalq tarixdən dərs almır". Yəni bir xalq icmalaşma, təşkilatlanma kimi şeyləri başqalarının tarixinə baxaraq özündə yarada bilməz. Bundan ötrü xalqın ümumi böyük qorxuları olmalıdır; sürgün illərinin yox olmaq qorxusu ilə üzləşən yəhudiləri kimi. 
Mən bunları yazmaqla totalitarizmi öymürəm, əksinə, demək istəyirəm ki, ölkə o zaman müstəmləkəyə, xalq o zaman köləyə çevrilir ki, onun ümumi qorxularını başqaları yaradırlar.
Ölkə və xalq o zaman azad olur ki, özü öz qorxularını tanıyır və sahibinə çevrilir. Əgər bir xalq həyət-bacasında canavar görmək istəmirsə, mütləq öz "qorxaqlarının igid sürüsünü" yaratmalıdır. /oxu.az

Sosial       Tarix: 26 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır

Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, vətəndaşların raha

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 30 vaqon propan qazı göndəriləcək

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan qazı göndəriləcək. xəbər verir ki, 30 vaqon Rusiya mənşəli propan qazı bu gün Biləcəri stansiyasından yola salınacaq

Heydər məscidində təmir işləri aparılacaq: Layihənin dəyəri açıqlandı

Heydər Məscidi İdarəsi məscidin ərazisində cari təmir işləri aparacaq. -ə istinadla xəbər verir ki, təmir layihəsinin ehtimal olunan dəyəri 279 min manat təşkil edir. Təmir işləri çərçivəsində məscidin həyətyanı sahəsini

Bu şəxslər daha tez pensiyaya çıxa biləcək

"Bu aydan Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi. Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtlər ilə pensiy

Paytaxtın bu rayonlarında işıq kəsiləcək

Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, iyulun 7-də Yasamal Rayon Enerj

Bunlar saç tökülməsini artırır - Həkim səbəbləri açıqladı

Son illərdə saç tökülməsi ilə bağlı şikayətlərin artması təsadüfi deyil. Mütəxəssislər bildirirlər ki, bu problemin geniş yayılmasının əsas səbəbi bir neçə mənfi amilin eyni vaxtda orqanizmə təsir göstərməsidir. Dermatoloq-trixoloq

Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü

İyulun 5-də Şərurun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü – ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub. Qəza ilə bağlı Baş DYP İdarəsi məlumat yayıb. İlkin araşdırma zamanı məlu

Autizmli uşaqlara qarşı davranış qaydaları: Hər kəs bunları bilməlidir

Xəbər verdiyimiz kimi, dünən Bakıda liftə minmək istəyən autizm sindiromlu azyaşlıya qarşı zorakılıq edilib. Qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan hadisə cəmiyyətdə autizmli şəxslərə münasibət və ictima

Cəlilabadda sensasiyalı tapıntı: Cənubi Qafqazda analoqu olmayan daş kürə aşkarlandı

Cəlilabad rayonunda Cənubi Qafqaz üçün analoqu olmayan sferik daş kürə aşkar edilib. "Report"a istinadən xəbər verir ki, tapıntı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun ba


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar xabarlar cəbhədən son məlumat en son xəbərlər bugün