Geosiyasi dahinin böyük uğurları: Rusiyanı bu vəziyyətə salmaq üçün əsl istedad lazımdır
Etiraf etmək lazımdır: 25 il mütləq hakimiyyətdə qalmaq, neft pullarının dibsiz dənizində üzmək və bütün bunların sonunda adambaşına düşən nominal ÜDM-i Çili səviyyəsinə, hətta Kosta-Rikadakından da aşağı həddə endirmək üçün əsl dünya siyasəti qrossmeysteri olmaq lazımdır.
Həqiqətən də, bu, böyük nailiyyətdir: cəmi 15 il əvvəl Rusiyanın ən yaxın və ən dost qonşusu olan Ukraynanı yüzilliklər boyu, yeddinci nəslə qədər davam edəcək qəti düşmənə çevirmək!
Avropanın qaz bazarını belə geniş miqyasda və, görünür, əbədi olaraq itirmək də xüsusi istedad tələb edir. Xüsusilə də Qərbin iyirmi il ərzində sənə qaz üçün milyardlar ödədiyi, itaətkarlıqla "Şimal axını" qaz kəmərlərini tikdiyi, özünü rus qazından asılı vəziyyətə saldığı, bütün şıltaqlıqlarına və hər bir «qırmızı xəttinə» güzəştə getdiyi, iqtisadiyyatına isə sərmayə axıtdığı bir şəraitdə.
Əsl dahinin əl izini Rusiyanın dünyanın ən böyük demokratik iqtisadiyyatlarının eksklüziv klubunun hörmətli və tamhüquqlu üzvündən Çinin itaətkar vassalına və xammal tədarükçüsünə çevrilməsində də görmək mümkündür. Bütün bunlar isə Kiçik Tokmaçka xarabalıqları naminə baş verdi.
Həqiqətən də, bütün dövlət aparatını elə bir özünüaldatma vəziyyətinə salmaq lazımdır ki, həmin aparat üç günə Kiyevi ələ keçirmək planı ilə "kiçik qələbəli müharibə"yə başlasın. Sonra bu planı möhtəşəm şəkildə iflasa uğratsın, təxminən beş ildir Donbasda divara dirənib qalsın və Pokrovsk uğrunda döyüşlərdə, iddialara görə, 1945-ci ildə Berlin əməliyyatı zamanı Stalinin verdiyi itkilərdən daha çox insan itirsin. Bütün bunlar isə yalnız məğlubiyyəti etiraf etməmək naminə!
Guya qeyri-mümkündür ki, qat-qat zəif və kasıb Ukrayna İkinci Dünya müharibəsindən bəri Avropada baş vermiş ən böyük müharibəyə nəinki tab gətirsin, hətta praktiki olaraq donanması olmayan, ordusu isə dağıdılmış dinc bir periferiya ölkəsindən dünyanın ən böyük və döyüş qabiliyyətli hərbi qüvvələrindən birinə çevrilsin. Üstəlik, XXI əsrin ən qabaqcıl müharibə üsullarını tətbiq etmək sahəsində misilsiz təcrübə qazansın. Amma əsl geosiyasi dahi bunu da bacardı!
Taxtında oturub dünyaya fəlsəfi nəzərlərlə baxan bu "müdrik" liderin inanılmaz nailiyyətlərini sadalamaqla bitirmək mümkün deyil. Cəmi bir neçə il ərzində Cənubi Qafqazda Rusiyanın təsirini, demək olar ki, sıfıra endirmək, Suriyada, Venesuelada və Macarıstanda Rusiyaya yaxın rejimləri itirmək, onilliklər boyu davam edən dostluq və neytrallıq münasibətlərindən sonra Finlandiya və İsveçi NATO-ya üzv olmağa sövq etmək, Avropada 300 milyard dollar dəyərində Rusiya aktivlərinin dondurulmasına nail olmaq — bütün bunlar yalnız böyük "strateq"in qüdrətinə dəlalət edə bilər.
Çingiz xan, Hannibal, Makedoniyalı İsgəndər və Napoleon belə bu cür əzəməti yuxularında da görə bilməzdilər!
Təxminən beş illik müharibənin nəticəsinə baxaq: Rusiyanın Qara dəniz donanması ya dənizin dibindədir, ya da öz bazalarında gizlənməyə məcburdur. Krım körpüsü sıradan çıxarılıb, Sankt-Peterburqdan Omska qədər neft terminalları və neftayırma zavodları yanır. Dörd mindən çox tank məhv edilib, müxtəlif hesablamalara görə, 700 min və daha çox rus hərbçisi həlak olub, iyirmiyə yaxın general öldürülüb.
Dünya siyasətinin bu «qrossmeysteri» isə bütün bunların fonunda ABŞ prezidentinə zəng edərək Ukraynadan şikayətlənir və ondan Kiyevi cilovlamağı xahiş edir.
Bəs bütün bunlara təsadüfən nail olmaq mümkündürmü?
Əlbəttə, yox. Bunun üçün əsl "dahi" olmaq lazımdır!
Müəllif: İllia Ponomarenko,
Təqdim etdi: Ağagül Mürsəlov,
KONKRET.az

Tanışının fotolarını çəkib şantaj etməkdə ittiham olunan qardaşlarla bağlı QƏRAR
Qazın qiyməti bahalaşır
ABŞ-ın elan edilməmiş informasiya müharibəsi: USAID-in 248 məxfi sənədi nəyi üzə çıxarır?
Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?
Lənkəranda ev yanaraq külə döndü
Dünənki oyunda ölən əcnəbi baş direktor imiş
Yevlaxda avtomobil yük maşını ilə toqquşdu, iki nəfər öldü
Tramp Çindəki görüşdə Putinə nə dediyini ilk dəfə açıqladı
ABŞ-da fövqəladə vəziyyət: məşhur parad təxirə salındı
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi
Tərtər 'Gənclər paytaxtı', Masallı isə 'İdman paytaxtı' seçilib
9 məşhur sərbəst buraxıldı - biri həbs olundu
Sülh körpüsü' təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək