Gülyanaq Məmmədova: "Bütün mükafatlarımı öncədən yuxumda görmüşəm" - MÜSAHİBƏ
Gülyanaq Məmmədova: "Bütün mükafatlarımı öncədən yuxumda görmüşəm" - MÜSAHİBƏ
"Hər dəfə Türkiyəyə uçanda qayınanam məni hava limanında əlində güllə qarşılayıb. Yalnız son dəfə qarşılaya bilmədi, çünki o vaxt ağır xəstə idi, yatırdı".
Bu sözləri Lent.az-a müsahibəsi zamanı Azərbaycanın və Özbəkistanın Xalq artisti, xalq və bəstəkar mahnılarının, muğamlarımızın mahir ifaçısı Gülyanaq Məmmədova deyib.
Həmin müsahibəni təqdim edirik:
- Gülyanaq xanım, həmişəki kimi zərafətiniz yerindədir. Çəkinizi necə qoruyub saxlayırsınız?
- Yeməyə vaxtım olur ki? Elə hey qaçaqaçdayam. Çəkim həmişə 60-61 olub. Pandemiya dönəmində bir az kilo almışdım, işlər başladı, artıq kilo da getdi. İçdiyim antidepressantlar kökəltmişdi.
- Estetik, plastik əməliyyatlara necə baxırsınız? Deyəsən, üzünüzdə heç bir əməliyyat yoxdur.
- Plastik əməliyyatlara pis baxmıram, amma hər şey qədərində gözəl olur. Həddən çox etdirəndə xoş görünmür. Allah insana yaraşanı verir. Botoks etmirəm. İndi cüzi qırışlar var, o da olmasın? Yaş üstünə yaş gəlir axı. Ara-sıra təbii qulluq göstərirəm. Amma o da qədərində.
- Gülyaz xanımla daima birlikdəsiniz, həm sənətdə, həm evdə. Heç giley-güzarınız, incikliyiniz olmur?
- Əvvəllər qapıbir qonşu idik, indi blok qonşusuyuq. İnanın ki, nə Gülyazla, nə digər bacı qardaşlarımızla bir gün nədir, bir saat belə incik qalmamışıq. 10 bacı-qardaşıq. Gülyazla arabir sənətlə, geyimlə bağlı mübahisələrimiz olur. O da yarım dəqiqə çəkir. Bir az xəstələnim, Gülyaz başımın üstündən çəkilmir.
- Bayaq dediniz antidepressantlar içibsiniz. Səbəb nə idi?
- Koronovirus zamanı məndə panik atak yarandı, düz 6 ay xəstə yatdım. Öz canımdan qorxmurdum, uşaqlar, yoldaşım bacı-qardaş, hamının dərdini çəkə-çəkə özüm xəstələndim. Sağ olsun psixoloqum, bir dərmanla sağaltdı məni. Amma həyəcanlananda, qorxanda, stress yaşayanda yenidən qayıda bilər. Yoldaşımda polipdən çevrilmə adenokarsinoma aşkarlanmışdı. Bunu öyrəndiyimdə panik atak yenidən qayıtdı. 3 gün əlim-ayağım əsdi. Özümə dedim ki, mən güclü olmalıyam ki, onu qoruya bilim. Çöldə ağlayıb, yanında gülümsünürdüm ki, heç nə anlamasın. 8 aya yaxın Türkiyədə müalicə olundu. Əməliyyatla 2 kilo şiş çıxardılar. O qədər qorxu yaşadım ki, onu əməliyyatdan çıxarıb, məni əməliyyat otağına saldılar. Böyrəyimdən əməliyyat olundum. Stressdən bütün bədənim pozulmuşdu.
- Ərinizin türk olduğunu eşitmişdim.
- Yox Türkiyədə yaşayıblar. Əsilləri Zəngilandandır. Ata tərəfi də, ana tərəfi də Zəngilanın sayılıb seçilən ailələrindəndirlər. Türkiyədə tanış olmuşduq. Ailəliklə konsertimizə gəlib, sonra bizi evlərinə qonaq çağırmışdılar. Qaynım Hikmət bizim ansamblın üzvü, dostumuz Qorxmazla dost idi, gəldi ki, bizi gəzməyə aparsın. Birlikdə gəzdik. Yorulduq, çay içmək istədik, dedi evimiz yaxındı, gedək bizdə içək. Getdik. Anası bizi gözəl qarşıladı, plov bişirdi. Yeməkdən sonra biz Gülyazla qalxdıq, süfrəni toplamağa kömək etdik, qabları yuduq. Qayınanam Hikmətdən soruşdu ki, qonaqlarımız kimdir? Hikmət də güldü ki, ay ana, dünən konsertlərinə getdiyin qızlardır, niyə tanımadın? Təəccübləndi, dedi bu balaca qızlar onlardır? Konsertdə çox ucaboylu görünürdülər axı. Hikmət də güldü ki, Azərbaycanın sənətkarları sənin üçün qab da yudular. Təbii ki, biz səhnədə müğənni, evdə xanımıq, hər işi bacarırıq.
- O vaxta qədər kimin qonaq gəldiyini bilməmişdi?
- Yox. Ziya məni həmin gün bəyənib. Dalımca Bakıya gəldi. İlk dəfə özü tək elçilik etdi. 5 il razılaşmadım. Sənətimi atıb getmək istəmirdim, axır ki, ürəyimi oğurladı.
- Və indi 4 gözəl balanız var...
- Bəli 3 oğlan bir qız. Qızım 11-ci sinifdə, oğlanlar 10-da, 6-da və 1-də oxuyurlar. Uşaqlarımın yolumla getməsini istərdim, amma həvəs göstərmirlər.
Əslində 4 yox, 6 uşağım var. Qayınanam Ziyanı da, qayınım Hikməti də mənə əmanət edib.
(Elə bu vaxt telefon zəng çalır. Gülyanaq xanım üzr istəyib telefonu açır. "Komandirdir, açmasam olmaz. Kişi zəng edəndə gərək açasan" deyib gülümsünür).
- Yoldaşınız nəçidir?
- Hazırda ikinci dərəcəli əlildir. Öncələr peşəkar futbolçu olub.
- Qayınananız bu izdivaca necə münasibət göstərdi?
- Allah rəhmət eləsin, o həm anam, həm qayınanam, həm dostum idi. Elçi gələndə oğluna dedi ki, bax, bilirsən kimi alırsan. Qısqanclıq filan olmasın. Yoldaşım da, o da, sənətimə çox anlayışla yanaşdılar. Hər dəfə Türkiyəyə uçanda qayınanam məni hava limanında əlində güllə qarşılayıb. Yalnız son dəfə qarşılaya bilmədi, çünki o vaxt ağır xəstə idi, yatırdı. Nə qədər yalvardım, Bakıya gətirə bilmədim.
- Gülyanaq xanım, kənddə doğulub böyümüsünüz. Uzun illərdir şəhərdə yaşasanız da, dünyanın bir çox ölkələrini gəzib-dolaşsanız da, kənd qızı sadəliyini qoruyub saxlamısınız...
- Allaha gecə-gündüz yalvarıram ki, ağlımı almasın, bir də eqoizmdən uzaq eləsin. Məni mən edən insanların sevgisidir. Bu sevgiyə qarşı necə eqolu olmaq olar? Sizə bir şey danışım, indiki evimdən öncəki ev "Xruşşovka" idi, beşinci mərtəbədə yaşayırdım. Tanınırdım, Əməkdar artist idim. Arabir səhər saat 5 də durub beşinci mərtəbədən birinci mərtəbəyə qədər pilləkənləri süpürüb yuyurdum. İstəyirdim təmizlik olsun. Heç kəs də bilmirdi ki, bunu mən edirəm. Süpürgə əlimə yapışmayacaqdı ki. Kənddə doqqazdan evə qədər meydan boyda yer idi, hər gün süpürmürdükmü? Tütün düz, su daşı, həyət-baca təmizlə. Kənd uşaqları hamısı görür bu işləri.
- Evdə köməkçiniz var?
- Bacılarım həmişə kömək edib. Onlar bizə, Gülyazla mən də onlara. Bir-birimizə dəstək olmuşuq.
- Maraqlı adınız var. Adınızı kim qoyub?
- Əslində adımı Gülyaza yaraşdırıb Elnaz qoyacaqlarmış. Nənəmə bir kağız verib göndəriblər ki, adını yazdır. Yolda kağızı itirib, ad da yadına düşməyib. Həkim soruşub ki, necə uşaqdır, o da deyib yanaqları gül kimi qırmızıdır. Nənəmin qardaşı İsrafil dayı deyib ki, onda adını Gülyanaq yazdıraq. Məndən sonra doğulan bacımın adını Elnaz qoyublar.
- Bildiyimə görə, ailədə hamınızın səsiniz var. O biri bacı-qardaşlarınız oxuyur?
- Rəhilə bacım, mən və Gülyaz Asəf Zeynallı adına musiqi kollecini bitirmişdik. O, ailə qurandan sonra oxumadı, musiqi müəllimi işləyir. Biz əslində 1989-cu ildə Respublika üzrə keçirilən ailə ansambllarının müsabiqəsi ilə ilk dəfə səhnəyə çıxdıq. Həmin konsertdə 4 bacı-qardaş "Bülbüllər" kompozisiyası ilə iştirak etdik. "İstedadlar axtarırıq" müsabiqəsi var idi, böyük sənətkarlar el-el gəzib istedadlar axtarırdılar. Mirzə Babayev, Şövkət Ələkbərova, Əlibaba Məmmədov bəyənib seçmişdi bizi. Sonralar musiqi texnikumunu, daha sonra İncəsənət Universitetinin aktyorluq fakültəsini oxudum. İndi İncəsənət Universitetinin dosentiyəm.
- Səsini sevərək dinlədiyiniz, ürəyinizə toxunan müğənni kimdir?
- Yetirməm Məftun Səfərlinin səsini, ifasını sevirəm. Ürəyə toxunan hər musiqini dinləyirəm.
- Canlı ifalar zamanı çox zilə qalxmağınız var. O anda səsinizin batmasından qorxmursunuz?
- O qorxu ilə oxusam, oxuya bilmərəm. Amma illər öncə bir dəfə səsim batıb. 4 gün yuxusuz toy oxumuşdum. Yevlaxda toyda idik. "Şahnaz" muğamı istədilər. Muğamı bitirib yerimə oturdum, səsim tamamilə batdı. Danışa da bilmədim. Gülyaz dedi həyəcanlanma. Toyu o oxudu, mən yalandan yanında dayanıb ağzımı açdım, yumdum. Bakıda səsimin dərdinə dərman tapa bilmirdilər. Bir gün həmkarım Cabir Abdullayevlə qarşılaşdıq, dedim mən ölürəm, oxumasam, öləcəyəm. Məni öz həkiminə apardı və o gündən o xanım bizim hamımızın səs həkiminə çevrildi. Sonradan mən də Röyaya və bir neçə həmkarıma o həkimi tövsiyə etdim. Səs tellərimə qan sızmışdı. 8 günə səsim açıldı oldu şüşə kimi.
- Özbəkistanın Xalq artisti adını aldınız. Nazirlə duet oxudunuz. Bildiyimə görə, qapalı ölkə sayılan Türkmənistandan da böyük mükafatlar almısınız. Bu necə oldu?
- Sizə maraqlı bir hadisə danışım. Bütün uğurlarımı mükafatlarımı öncədən yuxumda görmüşəm. Özbəkistana yolum Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin xətti ilə düşüb. Samir Abbasov dəvət etmişdi. Özbəkistanı Azərbaycan mahnıları ilə qarış-qarış gəzmişəm. Təmənnasız səfərlər idi. Özbəklər çox gözəl tamaşaçıdırlar. O sevgini görüb həvəslənirdim, burda toyları qoyub ora konsertlərə gedirdim. Sonralar dəfələrlə Qənirə xanım Paşayeva ilə səfərlərimiz olub. Özbəkistanın bütün vilayətlərində Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Günləri keçirilirdi. El-el gəzmişik. Qənirə o qədər enerjili insan idi, o qədər işi yorulmadan necə gördüyünə, çatdırdığına heyran qalırdım. Görüşlər, tədbirlər, hələ vaxt tapıb orda dini ziyarətgahlara da gedirdi. Xalqına çox bağlı idi. Özü üçün yox, xalqımız üçün dua edirdi həmişə. Oteldə çox zaman eyni otaqda qalırdıq. O, mədə kiçiltmə əməliyyatı etdirmişdi deyə, yemək yeyə bilmirdi, boşqabındakıları ana balasına yedirən kimi öz əli ilə mənə yedizdirirdi. Özbəkistanın Xalq artisti adını alanda məəttəl qaldım, xəbərim yox idi. Amma bunu düz 1 il öncə yuxuda görmüşdüm. Hər görülən yuxu çin olmaz, amma bu mükafatlarla bağlı yuxularım çin olub. Mükafat gözləmirdim, sadəcə yuxuda agah olurdu. Yuxuda Türkmənistan Prezidentinin konsertində mənə Özbəkistan Prezidentindən hədiyyə gəldiyini görmüşdüm. 4 dəfə Türkmənistan Prezidentinin ad günü məclisinə dəvət almışam. Hər dəfə də səhəri gün orada solo konsertim olub. Mənə ölkəsinin ən ali mükafatlarından olan "Qızıl medal" mükafatı vermişdi. Bu mükafatı heç bir xarici vətəndaşa vermir. Bizim ölkədən bir mənə verib, bir də onun məqalələrini tərcümə etmiş Filologiya elmləri doktoru Ramiz Əsgərə.
- İfanızda ən sevilən mahnı "Mən bu ömrü elə-belə yaşadım"dır. Çox yanıqlı, hissiyyat dolu ifadır. Öz ömrünüzdən orada bir şey var?
- Mahnının müəllifləri ona ürək qoyublar. Olmasa elə gözəl alınmazdı. Mən həm də aktrisayam, başqalarının duyğularını əks etdirməyi bacarıram. Əslində onu dinləyən hər kəs deyir ki, sən bu mahnı ilə mənim ömrümü oxumusan. Ömür necə axıb gedir xəbərimiz olmur. Gənclikdə fərqində olmuruq, yaşlanınca dönüb geri baxanda ötən ömrə hamının heyfi gəlir. Ailə sarıdan özümü şanslı sayıram. Xoşbəxt qadınlardanam. Məni, balalarını sevən ömür-gün yoldaşım var. 3 dövlətin Prezidenti mənim əməyimə qiymət verib, buna görə də çox xoşbəxtəm.
f Paylaş
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]