İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzaladı
Prezident İlham Əliyev akademik Teymur Bünyadovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
azxeber.com xəbər verir ki, mətndə deyilir:
"Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın qocaman tarixçi-etnoqrafı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Teymur Əmiraslan oğlu Bünyadov 2022-ci il aprelin 8-də ömrünün 95-ci ilində vəfat etmişdir.
Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almış, 1951-ci ildə isə SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş və burada 1955-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Teymur Bünyadov 1955–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1993-cü ildən ömrünün sonunadək AMEA-nın hazırkı Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda tarixi etnoqrafiya şöbəsinin müdiri olmuşdur.
Teymur Bünyadov 1968-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikamızda ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə professor elmi adına layiq görülmüşdür.
O, 1989-cu ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik Teymur Bünyadov yarım əsrdən artıq bir dövr ərzində respublikada etnoqrafiya elminin inkişafına sanballı töhfələr vermişdir. Geniş elmi maraq dairəsi olan alim Azərbaycanın tarixşünaslıq baxımından xüsusi əhəmiyyət kəsb edən qədim dövrlərinin bir sıra problemlərini araşdırmışdır. O, 30-dan çox kitab və monoqrafiyanın, yüzlərlə məqalənin müəllifi idi. Alimin Azərbaycanda əkinçilik ənənəsi, təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyət, sənətkarlıq və xalq məişəti ilə bağlı silsilə tədqiqatları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış və lazımınca dəyərləndirilmişdir. Azərbaycanın etnoqrafiyasına dair fundamental üçcildlik onun bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə işıq üzü görmüşdür.
Teymur Bünyadov yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmişdir. O, elmi yaradıcılığını pedaqoji fəaliyyətlə ahəngdar şəkildə əlaqələndirərək, uzun illər ölkənin aparıcı ali təhsil ocaqlarında mühazirələr oxumuşdur. Teymur Bünyadov bir sıra mötəbər beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan etnoqrafiya elmini layiqincə təmsil etmişdir.
O, eyni zamanda zəngin bədii və publisistik fəaliyyəti ilə tarixi-mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin təbliğində təqdirəlayiq xidmətlər göstərmişdir.
Teymur Bünyadov respublikanın elmi-mədəni həyatında yaxından iştirak etmiş, fəal ictimai işlə məşğul olmuşdur. O, birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Akademik Teymur Bünyadovun uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafında xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.
Görkəmli alim, səmimi insan Teymur Bünyadovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Emin Əmrullayev
Arif Həşimov
İsa Həbibbəyli
Nailə Vəlixanlı
Yaqub Mahmudov".
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı