İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə

İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbəİtaliya-Azərbaycan əlaqələri hər keçən gün özünün inkişaf xəttini qorumaqda davam edir. İki ölkənin iqtisadi, siyasi, mədəni və digər sahələrdə yüksələn inkişaf tempi qarşılıqlı münasibətlərin şəffaflıq və dərinliyindən xəbər verir. Cari ilin 6 sentyabr tarixində İtaliyada təşkil olunan "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbi Forumunda "Yeni gosiyasi şəraitdə Azərbaycanın rolu" adlı platformada Azərbaycan həqiqətlərinin və inkişaf faktorlarının dünyaya çatdırılması prezident İlham Əliyevin tarixin yaddaşına atdığı növbəti imzalardandır. Çünki bu platformada Azərbaycanın yalnız həqiqətləri səslənmədi, həmçinin bizə qarşı olan ikili standartlara qarşı çağırış mesajları da vurğulandı. AŞPA-dakı nümayəndə heyətimizin fəaliyyətinin bərpasına da çağırış edildi. 
Təbii ki, İtaliya ilə müxtəlif sahələrdə olan münasibətlər və bu münasibətlərin möhkəmliyini sübut edən ticarət dövriyyəsinin həcmi hər iki ölkənin maraqları çərçivəsində inkişaf etdirilir. Hazırda İtaliyanın dünyada Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması iki ölkə arasındakı münasibətlərin sağlam təməllərə dayandığını göstərir. 
Altı sentyabr tarixində "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbi Forumunda "Yeni gosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edən prezident İlham Əliyev iki ölkənin uzun illərdən bəri strateji tərəfdaş kimi fəaliyyət göstərdiyi qeyd edib: "Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir".
Ölkə başçısı forumda həmçinin iki ölkə arasındakı ticarət dövriyyəsinin xüsusi önəminə də diqqət çəkib: "Bizim ticarət əməkdaşlığımız olduqca fəaldır. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır".
Azərbaycanın qaz təchizatı sahəsində Avropaya üzv ölkələrin böyük üstünlük təşkil etməsi və bu sahədə Cənub Qaz Dəhlizinin önəmli yer tutması Avropa-Azərbaycan münasibətlərinə xüsusi təsir göstərir. Bu sahədə tələb-təklif münasibətlərini və Azərbaycanın qaz hasilatında artım tempinə uyğun olaraq növbəti illərdə İtaliya başda olmaqla Avropaya nəql edilən qazın artırılması mövcud münasibətlərin inkişaf dinamikasına təsirsiz ötüşməyəcək. 
Forumda enerji məsələsinə diqqət çəkən İlham Əliyev enerji təhlükəsizliyini milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib: "Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Qeyd etdiyim kimi, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya çoğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq".
Azərbaycan İtaliya ilə yalnız enerji və ticari sahədə deyil, mədəniyyət sahəsində də mühüm əlaqələrə malikdir. Xüsusən İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərində fəal iştirakı buna nümunədir. Bu məsələyə də diqqət çəkən İ.Əliyev İtaliya-Azərbaycan Universitetinin önəmini də vurğulayıb: "Bizim ikitərəfli əlaqələrimiz, əlbəttə ki, enerji və ticarətlə məhdudlaşmır. Biz hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyirik. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək".
Azərbaycan-İtaliya münasibətləri həmçinin fərqli coğrafiyalarda yerləşən ölkələr üçün dostluq nümunəsi ola bilər. Bu dostluq münasibəti isə qarşılıqlı etimada, hörmət və qarşılıqlı maraqlara əsaslanır. 
Prezident İlham Əliyev Çernobbi Forumunda Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazilərini güc və cəsarətlə bərpasından da söz açıb və 30 illik işğal dövründə ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyini qeyd edib: "Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var. Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir. ATƏT bu məsələ ilə məşğul olacaq xüsusi bir qrup da yaratmışdır və həmin qrup 28 il ərzində sıfır nəticə hasil etmişdir. Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır. O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən Müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu və bu, məhz belə də olmalı idi".
Azərbaycan 30 illik işğala son qoymaqla dünya üçün nümunə oldu. Lakin bu işğaldan azadlıq formulu və bu formulun tərkib elementlərindən biri olan dövlət-xalq birliyi yeni siyasi nəticələrin əsaslarındandır. Bu faktor ərazisi işğal altında olan dövlətlər üçün də bir siyasi nümunədir. Məhz bu yeni siyasi reallığın sayəsində Qafqaza sülh gətirmək uzun illərdən sonra ilk dəfə mümkün görünür. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin demək olar ki, böyük bir hissəsinin razılaşdırılması və demarkasiya prosesində kiçik də olsa, müəyyən addımların atılması sülhə yaxınlığın xəbərçisidir.
İ.Əliyev forumda bu mesajı da dünyaya verdi: "Bu, bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər. Beləliklə, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir ki, biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır".
Azərbaycanın qlobal arenada güvənilir bir ölkəyə çevrilməsi və ona qlobal layihələrə ev sahibliyi etməsinin həvalə olunması rəsmi Bakıya olan etimadın göstəricisidir. Bu sahədə xüsusi təcrübəyə malik olan və digər ölkələrə də töhvə verə biləcək statusu Azərbaycanı qlobal Cənubla qlobal Şimal arasında vasitəçi rolunu üstlənib körpü ola biləcəyinin də göstəricisidir. 
Bu məsələlərə toruxunan İ.Əliyev Rusiya-Ukrayna münasibətlərində də praqmatik münasibətlər fonunda rəsmi Bakının rol oynaya biləcəyini bildirib: "Azərbaycan iki aydan sonra ən böyük iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyik. Bununla bağlı qərar ötən ilin dekabrında verildi və bizim hazırlıq üçün bir ildən az vaxtımız var idi. Burada ən vacib məqam ondan ibarətdir ki, bu qərar 200-yə yaxın ölkə arasında konsensusa əsaslanırdı. Biz bunu Azərbaycana olan ehtiramın təzahürü hesab edirik. Biz qlobal arenada müxtəlif aktorlar arasında körpülərin qurulması üzərində fəal çalışırıq. Hər kəsə məlumdur ki, iqlim mövzusu ölkələri və xalqları ayıran bir mövzudur. Qarşılıqlı iddialar və ittihamlar var – kim planetimizə xələl gətirməkdə daha çox günahkardır, kim daha çox ödəməlidir və sair. Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür.
Bununla yanaşı bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlığa malik olmağımız, – yeri gəlmişkən Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrliyimiz onu nümayiş etdirir ki, biz yaxşı nəticə hasil edə biləcək ölkəyik. Rusiya və Ukrayna ilə yanaşı, biz 70 il ərzində Sovet İttifaqının tərkib hissəsi olmuşuq. Bizim xalqlararası və siyasi səviyyədə şaxələndirilmiş münasibətlərimiz var. Bu gün bizim Rusiya və Ukrayna ilə çox yaxşı münasibətlərimiz var. Biz Ukrayna da daxil olmaqla, bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini güclü şəkildə dəstəkləyirik. Bununla yanaşı, biz Rusiyaya qarşı sanksiyalar kampaniyasına qoşulmamışıq və belə bir niyyətimiz yoxdur. Beləliklə, biz praqmatik münasibətlərin mövcudluğu fonunda rol oynaya bilərik".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna ərazisində qazın tranziti məsələsinə də toxunub və bildirib ki, qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamən iflic olar: "Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Hazırda hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır".
Avropanın Azərbaycana qarşı ikili standartı yalnız işğal dövründə deyil, zəfər dövründə də davam edir. Belə ki, AŞPA-da Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi AŞPA-nın növbəti məzhəkəsidir. 
İ.Əliyev forumda bu məsələni də xüsusi vurğulayaraq Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin fəaliyyətinin bərpa olunmalı olduğunu qeyd edib: "Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub. Bu illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik. Süverenliyimizi bərpa edəndən bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq. Vəziyyəti yaxşılaşdırmaq üçün imkan var. Bizim nümayəndə heyətimizin fəaliyyəti bərpa edilməlidir".
Prezidentin son sözləri Avropanın Azərbaycana qarşı ikili standarına vurulan ölümcül zərbədir. 
Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru / azxeber.com


Siyasi     Baxılıb: 47   Tarix: 10 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Prezidentdən nazirlə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasının ədliyyə Naziri Fərid Turab oğlu Əhmədova II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayı

Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı - FƏRMAN

Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb. xəbər verir ki, Fərmana əsasən, Nazirlər Kabinet

Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, davamlı sabitlik və etibarl

COP29-da Paris Sazişi tam icra olunacaq - FOTO

Bakıda keçirilən COP29 sammiti, Paris İqlim Sazişinin ən mühüm maddələrinin tam icrasını təmin edən tarixi qərarlarla yadda qaldı. xəbər verir ki, yekun plenar iclasda Paris Sazişinin 6.2 və 6.4-cü bəndlərinin icrası təsdiqlənib

"Bu qış daha "isti" keçəcək" - Bəşəriyyət Üçüncü Dünya müharibəsinin astanasında

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Olaf Şolts arasında iki illik fasilədən sonra telefon danışığı oldu. Söhbət zamanı Almaniya Kansleri Rusiyanı ədalətli və uzunmüddətl

COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir - Prezident

COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarında bildirib

NATO-nun Baş katibi Türkiyəyə səfər edəcək

NATO-nun Baş katibi Mark Rütte noyabrın 25-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.  xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat verilib. Məlumata görə, Rütte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xaric

Marina Silva: 'İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür

"İnkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə ayırması inkişafda olan ölkələrə xüsusi güzəşt sayılmamalıdır". "Report" xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim nazir

İranın nüvə obyektlərinə hücum olacaq - Razılıq əldə edildi

İsrail Ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib. xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti mənbələrə istinadən yazıb. Qeyd olunub ki, Təl-Əviv Tehranın nüvə proqramına qarş


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar cəbhədən son vəziyyət hava proqnozu ensonxeberler