Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kibercinayətkarlığın dünya iqtisadiyyatına vurduğu illik zərər son beş ildə 75 faiz artaraq 6 trilyon dollardan 10,5 trilyon dollara yüksəlib. Xaraktercə qlobal miqyasda geniş yayılan kibercinayətkarlığın yaratdığı təhlükələr, heç şübhəsiz ki, Azərbaycandan da yan keçmir.
Kibercinayətkarlığın transmilli xarakter alması, cinayətkar şəbəkələrin müxtəlif ölkələrdən idarə olunması və qanunsuz maliyyə əməliyyatlarında müasir texnoloji imkanlardan istifadə edilməsi bu sahədə mübarizənin əhəmiyyətini daha da artırır. Belə cinayətlərin qarşısının alınması sadəcə ayrı-ayrı hüquqpozma hallarının aşkarlanmasını deyil, həm də onların təşkilatçılarının, xarici əlaqələrinin və maliyyə mexanizmlərinin müəyyənləşdirilməsini zəruri edir.
Bu istiqamətdə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) Ukrayna polisi ilə birgə həmin ölkənin ərazisində keçirdiyi növbəti əməliyyat da kiberdələduzluğun beynəlxalq miqyasda təşkil olunduğunu və Azərbaycan vətəndaşlarının xaricdən idarə edilən mütəşəkkil şəbəkələrin hədəfinə çevrildiyini ortaya qoyub.
Keçirilən tədbir nəticəsində Azərbaycan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə Ukraynadan idarə olunan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyəti ifşa edilib.
Mövzu ilə bağlı azxeber.com-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib ki, vətəndaşlar bank kartlarından istifadə zamanı kiberdələduzluq hallarından qorunmaq üçün bir sıra təhlükəsizlik qaydalarına əməl etməlidirlər:
"İlk növbədə, bankın SMS və push bildirişlərini aktiv saxlamaq vacibdir. Beləliklə, kartla həyata keçirilən hər bir əməliyyat barədə dərhal məlumat əldə etmək və şübhəli hallara vaxtında reaksiya vermək mümkündür. Eyni zamanda, gündəlik və əməliyyat limitlərinin təyin edilməsi, xüsusilə onlayn ödənişlər üçün limitlərin aşağı saxlanılması təhlükəsizliyi artıran amillərdəndir. Kartdan yalnız rəsmi tətbiq və internet saytlarında istifadə edilməli, ödəniş zamanı daxil olunan ünvanın düzgünlüyü yoxlanılmalıdır. Bank adından zəng edən şəxsin kimliyinə əmin olmadıqda danışığı dayandırmaq və kartın arxasında göstərilən rəsmi nömrə vasitəsilə banka özünüz müraciət etmək tövsiyə olunur. Həmçinin OTP, PIN, CVV və SMS təsdiq kodları heç kimlə paylaşılmamalıdır. Hətta qarşı tərəf özünü bank əməkdaşı, polis və ya Apple/Google dəstək xidmətinin nümayəndəsi kimi təqdim etsə belə, bu məlumatları tələb etməsi dələduzluq əlaməti hesab olunur".
Ekspert qeyd edib ki, açıq Wi-Fi şəbəkələri üzərindən bank əməliyyatları aparmaqdan çəkinmək, mobil internetdən və ya etibarlı şəbəkədən istifadə etmək lazımdır:
"Telefon və kompüterlərdə antivirus proqramlarının quraşdırılması, əməliyyat sisteminin və tətbiqlərin mütəmadi yenilənməsi də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Kart itirildikdə və ya şübhəli əməliyyat aşkarlandıqda isə vaxt itirmədən kart bloklanmalı və banka məlumat verilməlidir. Vətəndaşların yol verdiyi ən geniş yayılmış səhvlərdən biri kartın CVV, PIN və OTP kodlarını başqaları ilə paylaşmaqdır. Digər təhlükəli davranış isə SMS və ya elektron poçt vasitəsilə göndərilən şübhəli linklərə daxil olaraq kart məlumatlarını qeyd etməkdir. Xüsusilə "Hesabınız bloklanıb" və ya "Ödənişiniz təsdiqlənməyib" kimi məzmunlu mesajlar fişinq hücumlarının bir hissəsi ola bilər. Bu səbəbdən belə linklərə etibar edilməməli, bank hesabına yalnız rəsmi tətbiq və ya sayt vasitəsilə daxil olunmalıdır. Kartın şəklini çəkmək və ya sosial şəbəkələrdə paylaşmaq da ciddi təhlükə yaradır. Çünki kartın nömrəsi, son istifadə tarixi və CVV kodu görünərsə, həmin məlumatlardan icazəsiz əməliyyatlar üçün istifadə oluna bilər. Eyni zamanda, tanınmayan saytlarda kart məlumatlarını yadda saxlamaq, bankomatda PIN kodu daxil edərkən klaviaturanı əllə örtməmək və şübhəli görünüşlü bankomatlardan istifadə etmək də riskli davranışlardandır. Bank bildirişlərinin söndürülməsi şübhəli əməliyyatların gec aşkarlanmasına səbəb ola bilər. Bütün ödənişləri yalnız bir kartla həyata keçirmək əvəzinə, onlayn alış-veriş üçün ayrıca və ya virtual kartdan istifadə etmək daha məqsədəuyğundur. Kartın itirildiyi halda banka gec məlumat verilməsi də maddi zərərin artmasına səbəb ola bilər".
Müsahibimiz vurğulayıb ki, diqqət edilməli digər məsələ isə özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxslərin dələduzluq cəhdləridir:
"Belə şəxslər vətəndaşa zəng edərək hesabının cinayət işində istifadə olunduğunu bildirə, pulunu "təhlükəsiz hesaba" köçürməyi tələb edə bilərlər. Halbuki real polis və ya prokurorluq əməkdaşları telefon vasitəsilə vətəndaşlardan pul köçürməyi, bank məlumatlarını və ya təsdiq kodlarını paylaşmağı tələb etmirlər. Bu cür zənglə qarşılaşdıqda danışığı dərhal dayandırmaq, 102-yə və ya aidiyyəti qurumların rəsmi əlaqə nömrələrinə özünüz müraciət etmək lazımdır. Hər hansı şübhəli hal baş verdikdə isə ilk növbədə bank məlumatlandırılmalı, kart bloklanmalı və hadisə barədə polisə və ya aidiyyəti kibertəhlükəsizlik qurumuna müraciət edilməlidir. Vaxtında görülən tədbirlər mümkün maddi itkilərin qarşısını almağa kömək edə bilər".
Aynur Babazadə

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı