Münaqişələrə dair BMT-nin qətnamə təcrübəsi: Qarabağ və Küveyt nümunəsi

Münaqişələrə dair BMT-nin qətnamə təcrübəsi: Qarabağ və Küveyt nümunəsiAynur Əlişanova
BMT nizamnaməsinin ilk maddəsinə görə təşkilatın başlıca məqsədləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, millətlər arasında dostluq münasibətlərinin inkişafı, humanitar xarakterli beynəlxalq problemlərin həlli ilə bağlı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, insan haqlarına və əsas azadlıqlara hörmətin təşviqi və inkişaf etdirilməsi, bu ümumi məqsədlərə nail olmaqdan ötrü millətlərin fəaliyyətlərinin uzlaşdırılması üçün mərkəz olmaq zərurətindən ibarətdir. Yaradıldığı vaxtdan etibarən BMT-nin əsas vəzifəsi münaqişələrə yol verməməkdən ibarət olmuşdur. BMT Baş Assambleyası təşkilatın nizamnaməsi çərçivəsində hər hansı bir məsələni və ya problemi müzakirə etmək üçün geniş səlahiyyətlərə malikdir. 
Baş Assambleya dünyada sülhün və təhlükəsizliyin qorunması işində əməkdaşlığın ümumi prinsiplərini nəzərdən keçirməyə və bu prinsiplərlə bağlı üzv dövlətlərə və ya Təhlükəsizlik Şurasına tövsiyələr verməyə (BMT-nin nizamnaməsinin 11-ci maddəsinin 1-ci bəndi), Təhlükəsizlik Şurasının diqqətini beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edə bilən vəziyyətlərə yönəltməyə (11-ci maddə, 3-cü bənd), təşkilatın hər hansı bir orqanının səlahiyyətlərinə və funksiyalarına aid olan hər bir məsələ üzrə müzakirələr aparmağa və tövsiyələr verməyə (10-cu maddə) səlahiyyətlidir.  
BMT bu zamana qədər beynəlxalq təşkilat kimi münaqişələrin nizamlanması üçün bir sıra addımlar atmış, yeri gəldikdə təcavüzkar dövlətlərə müdaxilələrin edilməsini sanksiyalaşdırmış, ehtiyac olduqda bu cür dövlətlərə qarşı sanksiyaların tətbiqini məqbul variant kimi seçmişdi. BMT-nin münaqişələrin tənzimlənməsi prosesində ən effektiv vasitələrindən biri qətnamələrin qəbulu və bununla bağlı həyata keçirilən məcburetmə tədbirləridir. 
Lakin BMT-nin qətnamə təcrübəsini təhlil etdiyimiz zaman bununla bağlı ikili standartların tətbiq edildiyinin şahidi oluruq. Bunun ən bariz nümunəsi İraqın vaxtilə Küveyti işğal etməsi və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı qəbul edilən qətnamələrin müqayisəli təhlilində ortaya çıxır.
Belə ki, XX əsrin sonlarında İraq neft yataqları ilə zəngin olan Yaxın Şərq regionuna hakim olmaq məqsədilə ilk olaraq İranla müharibəyə girmiş, lakin uğur qazanmamışdı. 
Sonra isə 1990-cı ilin avqust ayının 2-də Küveyti işğal etmişdir. BMT Təhlükəsizlik Şurası 660, 661, 662, 664, 666, 667, 669, 670, 674 və 677 saylı qərarlarla İraqa qarşı güc tətbiq etmədən Küveyt ərazisindən öz qoşunlarını çıxartmasını təmin etməyə çalışmışdır. 
İlk olaraq, Təhlükəsizlik Şurası 660 saylı qərarla İraqdan qeydsiz-şərtsiz hərbi qüvvələrini Küveyt ərazisindən çəkməsini və aralarındakı problemi sülh yolu ilə həll etməyi tələb etmişdir. İraq bu tələblərə əməl etmədikdə isə Təhlükəsizlik Şurası hərbi səciyyə daşımayan məcburi tədbirlərə əl atmışdır. 
Təhlükəsizlik Şurası bununla bağlı 11 qərar qəbul etsə də, İraqın Küveytin işğal olunmuş ərazilərdə qoşunlarını çıxarması üçün bu tədbirlər bir nəticə verməmişdi. Belə olduqda, Təhlükəsizlik Şurası güc tətbiq etmədən əvvəl son şansı 1990-cı ilin noyabr ayında qəbul etdiyi 678 saylı qərarda vermiş, Küveytin işğalının dayandırılmasından ötrü İraqa 1991-ci il yanvarın 15-ə qədər vaxt verilmişdir. Bu qərarda görülən tədbir və tövsiyələrə əməl edilməyəcəyi təqdirdə hərbi səciyyə daşıyan güc tətbiqi də daxil olmaqla, bütün vasitələrdən istifadə üçün üzv dövlətlərə səlahiyyət verilmişdir. İraq bu qərara məhəl qoymadığı üçün Təhlükəsizlik Şurasının 678 saylı qərarı qəbul olunmuşdur. Qərara uyğun olaraq bölgə üzərində ortaq maraqları olan 38 ölkə ABŞ liderliyində BMT vasitəsilə İraqa qarşı koalisiya təşkil etmiş, 1991-ci ilin əvvəlində həyata keçirilən hərbi əməliyyatlardan sonra İraq qoşunlarının Küveytdən çıxarılmışdır. 
Daha sonra, BMT İraqın bir daha belə bir işğal təşəbbüsü irəli sürməməsi üçün sanksiya tətbiq etmək, eyni zamanda İraqın kütləvi qırğın silahlarından təmizlənməsi üçün yoxlanılması ilə bağlı qərar qəbul etmişdir. 
1991-ci ildən sonra ikinci dəfə 2003-cü il martın 20-də ABŞ hərbi təyyarələri İraqı bombalamağa başlamış və ABŞ Prezidenti Corc Buş təxminən 6 həftə sonra, mayın 2-də müharibənin başa çatdığını elan etmişdir. ABŞ BMT-nin razılığı olmadan İraqı işğal etməsinin səbəbini İraqın zənginləşdirilmiş uran əldə etməyə çalışması, kütləvi qırğın silahları layihəsini davam etdirməsi, Əl-Qaidə ilə əməkdaşlıq etməsi ilə əsaslandırmışdı. 
Bununla da, İraq hökumətini həm ABŞ-a, həm də beynəlxalq sülh və təhlükəsizliyə qarşı açıq bir təhdid kimi səciyyələndirmişdir. Ona görə Təhlükəsizlik Şurasının 1991-ci il tarixli 678 saylı qərarında İraqa qarşı güc tətbiqinə icazə verildiyini əsas götürmüş, 2002-ci il tarixli 1441 saylı qərarın 13-cü paraqrafında "İraqın ciddi nəticələrlə qarşılaşacağı" ifadəsinin güc tətbiq etmək kimi ifadə edildiyini iddia etmiş, bu səbəblərdən İraqa müdaxilə üçün yeni bir qərarın qəbul edilməsinə ehtiyac olmadığını bildirmişdir.
BMT-nin Azərbaycan ərazilərinin işğal edilməsi ilə bağlı qəbul etdiyi sənədlərlə bağlı isə belə qəti addımlar atılmamışdır. 1992-ci il mayın 12-də BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edərək bəyanat verməklə kifayətlənmişdir. Sənəddə Qarabağın dağlıq hissəsində vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili kömək edilməsinin zəruriliyi irəli sürülür, tərəflərin güc tətbiqinə son verməsi və BMT nizamnaməsinə riayət etmələrinin zəruriliyi vurğulanırdı. Belə bəyanatlar 26 avqust 1992, 27 oktyabr 1992, 20 yanvar 1993, 6 aprel 1993, 18 avqust 1993, 26 aprel 1995-ci il tarixlərində də verilmiş və bununla Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanatlarının sayı 7-yə çatmışdır. Həmin bəyanatların hamısının məzmunu demək olar ki, eyni idi. Bu sənədlərdə Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin pisləşməsindən, çox sayda insan tələfatından narahatlıq ifadə edilir və ATƏM-in (indiki ATƏT) problemin həlli istiqamətindəki fəaliyyətinin dəstəkləndiyi ifadə olunurdu. 
Belə yanaşma ondan irəli gəlirdi ki, təşkilatın nizamnaməsinin 52-ci maddəsinə görə, yerli mübahisələrin həll olunması məsələsi Təhlükəsizlik Şurasına verilməzdən əvvəl regional orqanlar tərəfindən tədbir görülə biləcəyini nəzərdə tuturdu. 
Təhlükəsizlik Şurası problemin həlli üçün danışıqların təcili olaraq başlanmasının zəruriliyini vurğulayaraq tərəfləri bu istiqamətdə qəti addımlar atmağa dəvət edirdi.
Beynəlxalq sülh və təhlükəsizliyin əsas təminatçısı rolunu oynayan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanatları ilə yanaşı, 30 aprel 1993-cüil tarixli 822, 29 iyul 1993-cü il tarixli 853, 14 oktyabr 1993-cü il tarixli 874 və 11 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələri də vardır. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası münaqişənin dərhal dayandırılması, Azərbaycan ərazilərindən bütün işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Qətnamələr münaqişənin beynəlxalq hüquq normaları əsasında həlli üzrə siyasi prosesin hüquqi əsaslarını müəyyən edərək Azərbaycan ərazilərinin işğalını pisləyir, güc tətbiqi vasitəsilə ərazilərin zəbt edilməsinin qəbuledilməzliyini vurğulayır, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq edirdi.
Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazilərinin 20%-nin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilməsinə baxmayaraq, BMT Təhlükəsizlik Şurası lazımi tədbirlər görməmişdir. Belə ki, Təhlükəsizlik Şurası BMT nizamnaməsinin 42-ci maddəsinə uyğun olaraq təcavüzkar dövlətə qarşı qəti addımlar atmamışdır. Təhlükəsizlik Şurasının təşkilatın bütün dövlətləri üçün məcburi səciyyə daşıyan qətnamələri Ermənistan tərəfindən yerinə yetirilməmiş, bu dövlət Təhlükəsizlik Şurasının sanksiyalar mexanizmindən kənarda qalmışdır. 
Bu isə BMT-nin beynəlxalq təşkilat olaraq münaqişələrə ayrı-seçkiliklə yanaşdığını, ikili standartların təşkilatların fəaliyyətinə də təsirlərini göstərirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında BMT-nin münaqişələrin tənzimlənməsinə fərqli yanaşdığını dəfələrlə vurğulamışdır. O, demişdir: "BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə - qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. 
BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır".
Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Helsinki Yekun Aktı çərçivəsində həll olunmasının dəstəklənməsinə baxmayaraq, Ermənistan heç bir sənədə məhəl qoymadan münaqişənin həllinin Azərbaycan xalqı, Ermənistan xalqı və qondarma "Dağlıq Qarabağ xalqı" üçün məqbul olması fikrini səsləndirərək işğal etdiyi ərazilərdə formalaşdırdığı terrorçu dəstəsini "Dağlıq Qarabağ Respublikası" adı altında münaqişə tərəfi kimi göstərməyə çalışırdı. Azərbaycan tərəfi işğalçı Ermənistanı BMT nizamnaməsinin 25-ci maddəsini nəzərə alaraq Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş dörd qətnamənin yerinə yetirməsi üçün çağırışlar edir və bu müddəaya əməl etməyəcəyi təqdirdə BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən suverenliyini bərpa edəcəyini bəyan edirdi. 
Münaqişənin hərbi yolla həlli prosesində də Azərbaycan Respublikası beynəlxalq hüquq normalarına, BMT sənədlərinə sadiq qalmış, bu təşkilatın nizamnaməsinin özünümüdafiə ilə bağlı olan 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini işğaldan azad etmək hüququndan istifadə etmişdir. Azərbaycan ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri, 17-də Füzuli şəhəri, 22-də Zəngilan şəhəri Ermənistanın işğalından azad olunmuş, bununla da BMT Təhlükəsizlik Şurasının 27 il icra olunmamış qalan 874 və 884 saylı qətnamələri yerinə yetirilmişdir. / azxeber.com

Sosial     Baxılıb: 163   Tarix: 19 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yekaterinburqda zorakılıqla saxlanılan azərbaycanlıların məhkəməsi başa çatıb

Yekaterinburqda Rusiya güc strukturları tərəfindən zorakılıqla saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə iclası başa çatıb. "Report"a istinadən xəbər verir ki, üç şəxs – Akif, Ayaz və Məzahir Səfərovlar barəsind

Kəlbəcərdə yük maşını çaya aşıb, sürücü ölüb

Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb. Tovuz rayon sakini 1998-ci il təvəllüdlü O. Mustafayev idarə etdiyi "HOWO" markal

SON DƏQİQƏ: Azərbaycanda devalvasiya qərarı VERİLƏ BİLƏR

"Bir neçə ay əvvəl Azərbaycan manatının mümkün devalvasiyası ilə bağlı proqnoz vermişdim. Hazırda ABŞ-ın nüfuzlu reytinq agentlikləri də eyni risklərə diqqət çəkir. Manatın ABŞ dollarına qarşı 1.98 – 2.05 intervalınd

ABŞ İran müharibəsi dolların məzənnəsini dəyişib, bəs manatı nələr gözləyir? - VACİB AÇIQLAMA

Son günlər ABŞ və İran arasında artan gərginlik beynəlxalq maliyyə bazarlarında dalğalanmalara səbəb olub. Xüsusilə, dolların məzənnəsində müşahidə olunan dəyişikliklər bir sıra ölkələrin milli valyutalarına təsir göstərib

Dollarla bağlı kritik durum: vəziyyət dəyişir – Tarix verildi

ABŞ-ın İranın nüvə obyektlərinə mümkün zərbələri qlobal maliyyə bazarlarında gərginliyi artırıb. Bildirilir ki, belə vəziyyətlərdə investorlar riskli aktivlərdən uzaqlaşıb dollara yönəlir. Bu isə valyutanın möhkəmlənəcəy

Azərbaycanda iki valyuta yenidən bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, 2025-ci il iyunun 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0429 manat təşkil edib. Rusiyanın 100 rublu 2,173

Əli Əsədov yeni qərar imzaladı

Nazirlər Kabineti "Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası"nı təsdiq edib. xəbə

Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir

Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir. APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb. xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin birində lentə alınıb. Məlumata görə, həmyerlilərimiz 1 həftə əvvəl Novosibirsk bazarınd


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı xeber.az xəbər az zelzele