Orxan Ismayılov: 2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

Orxan Ismayılov: 2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili olduAccessBank-ın İdarə Heyəti Sədrinin müavini, Baş Maliyyə İnzibatçısı Orxan İsmayılov  müsabibə verib.
azxeber.com həmin müsahibəni təqdim edir:
- 2025-ci ili AccessBank üçün maliyyə nəticələri baxımından necə dəyərləndirirsiniz? İlin yekunları ilə bağlı hansı əsas məqamları qeyd etmək istərdiniz?
2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə göstəriciləri ilə xarakterizə olunmuşdur. Hesabat dövründə ölkə iqtisadiyyatında, xüsusilə qeyri-neft sektorunda müşahidə olunan 2.7%-lik real artım maliyyə sektorunun fəaliyyətinə müsbət təsir göstərmiş, bankın əməliyyat və biznes göstəricilərində artım dinamikasını dəstəkləmişdir.
Hesabat ili ərzində Bankın əsas maliyyə göstəriciləri müsbət dinamika nümayiş etdirmişdir. Aktivlər ötən illə müqayisədə 19.2% və ya 285 mln manat artaraq 1.8 mlrd manat təşkil etmişdir. Kredit portfeli 15.9% artım göstərərək 1.3 mlrd manatı ötüb. Cəmi öhdəliklər 17.9% artaraq 1.5 mlrd manat səviyyəsinə çatmışdır. Depozit portfeli 1.1 mlrd manat olmuş, aktiv müştəri sayı isə 300 mini keçmişdir.
Kredit portfelinin artımı əsasən Bankın strateji prioriteti olan biznes seqmenti hesabına təmin edilmişdir. Hazırda kredit portfelinin 75%-dən çoxu biznes kreditlərinin payına düşür. Bu istiqamətdə portfel il ərzində 121 mln manat artmışdır. Bank mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi sahəsində bazarda liderlik mövqeyini qoruyub saxlamış, sektor üzrə maliyyə institutlarının təqdim etdiyi ümumi kredit portfelində təxminən 25% paya sahib olmuşdur.
Hesabat dövründə iri korporativ müştərilərlə əməkdaşlıq da genişləndirilmişdir. Xüsusilə, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Risklərin Bölgüsü Mexanizmi çərçivəsində bir sıra maliyyələşdirmə layihələri həyata keçirilmişdir. Bu mexanizm üzrə "AZZA" şirkəti ilə 14 mln manat, "AzVirt" MMC ilə isə 5 mln avro məbləğində üçtərəfli kredit müqavilələri bağlanmışdır.
Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq 2025-ci ildə daha da intensivləşmişdir. İl ərzində beynəlxalq maliyyə qurumlarından 100 mln manatdan artıq vəsait cəlb edilmiş, əlavə olaraq 10 mln ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi əldə edilmişdir. Bunun nəticəsində xaricdən cəlb olunmuş maliyyə vəsaitlərinin ümumi həcmi 200 mln manatı ötmüşdür.
Maliyyə göstəricilərinə gəldikdə, faiz gəlirləri 256 mln manat təşkil etmiş, bu da əvvəlki illə müqayisədə 14.1% artım deməkdir. Xalis faiz gəlirləri 156 mln manat səviyyəsində olmuşdur. Əməliyyat mənfəəti 76 mln manata çatmış, bu göstərici 2024-cü illə müqayisədə 6 mln manat artım nümayiş etdirmişdir.
Bank hesabat ilini 49.1 mln manat xalis mənfəətlə başa vurmuşdur. Kapitalın gəlirliliyi (ROE) 25.5% təşkil etmişdir. Məcmu kapital 238 mln manata yüksəlmişdir ki, bu da Bankın kapital mövqeyinin və maliyyə dayanıqlılığının gücləndiyini göstərir. 
- 2025-ci ilin maliyyə yekunları AccessBank-ın müəyyən etdiyi strateji hədəflərlə nə dərəcədə uyğunluq təşkil edir? Əvvəlki illərlə müqayisədə bankın maliyyə göstəricilərində hansı əsas dəyişiklikləri qeyd edərdiniz? 
Nəticələrin təhlili göstərir ki, Bank tərəfindən müəyyən edilmiş strateji plan sistemli və ardıcıl şəkildə icra edilmişdir. Strateji hədəflərin qiymətləndirilməsi qısamüddətli nəticələrlə deyil, uzunmüddətli dinamikanın təhlili ilə daha obyektiv şəkildə aparılır. Bu baxımdan, müqayisə üçün post-pandemiya dövrünün başlanğıcı olan 2021-ci ilin son göstəriciləri əsas götürülmüşdür.
2021-ci ilin sonu ilə müqayisədə Bankın əsas maliyyə indikatorlarında əhəmiyyətli artım qeydə alınmışdır. Aktivlər təxminən iki dəfə artaraq 1.8 mlrd manata, kredit portfeli isə iki dəfədən çox artaraq 1.3 mlrd manata çatmışdır. Məcmu kapital 80 mln manatdan 238 mln manata yüksəlmiş, yəni təxminən üç dəfə artım nümayiş etdirmişdir. Eyni dövrdə kapital adekvatlığı göstəricisi 11.9%-dən 16.3%-ə yüksəlmişdir. Strateji dövr ərzində kapitalın gəlirliliyi (ROE) göstəricisi isə davamlı olaraq 20%-dən yuxarı səviyyədə qorunub saxlanılmışdır.
Qeyd olunan dinamika Bankın strateji prioritetlərinin düzgün müəyyənləşdirilməsi və icrasının nəticəsi kimi qiymətləndirilə bilər. Bu inkişaf eyni zamanda risklərin idarə olunması mexanizmlərinin gücləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması, məhsul və xidmət portfelinin təkmilləşdirilməsi, eləcə də müştərilər üçün maliyyə əlçatanlığının genişləndirilməsi istiqamətində atılmış ardıcıl addımların məntiqi nəticəsidir.
Beləliklə, strateji dövr ərzində əldə edilmiş nəticələr Bankın dayanıqlı biznes modelini, kapital bazasının möhkəmlənməsini və uzunmüddətli inkişaf potensialını təsdiqləyir.
- Əldə olunan maliyyə nəticələri bankın maliyyə dayanıqlılığı və uzunmüddətli inkişaf potensialı baxımından hansı qiymətləndirməyə imkan verir?
Bankın dayanıqlılığı ilə bağlı məsələni qiymətləndirərkən, ilk növbədə risklərin idarə olunması çərçivəsinə diqqət yetirmək vacibdir. Risklər kontekstində adətən iki əsas komponent nəzərə alınır: gözlənilən zərərlər və gözlənilməz risklər. Gözlənilən zərərlərə qarşı bank tərəfindən yaradılmış ehtiyatların həcmi, gözlənilməz risklərə qarşı isə kapital mövqeyinin adekvatlığı əsas qiymətləndirmə meyarları hesab olunur.
Hesabat ili ərzində Bank tərəfindən potensial risklərə qarşı 16.3 mln manat məbləğində əlavə ehtiyat yaradılmışdır. Nəticədə, formalaşdırılmış ümumi ehtiyatların həcmi mövcud qeyri-işlək kreditləri üstələmişdir. Bu göstərici riskə məruz qalmış portfel üzrə ehtiyatlanmanın aparıldığını və mümkün zərərlərin bankın maliyyə sabitliyinə təsir imkanlarının minimuma endirildiyini göstərir.
Gözlənilməz risklərə qarşı dayanıqlılıq isə kapital mövqeyi ilə ölçülür. Hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 234.4 mln manat təşkil etmiş, məcmu kapitalın adekvatlıq əmsalı isə 16.3%-ə yüksəlmişdir. Nəzərə alsaq ki, müvafiq requlyativ minimum normalar məcmu kapital üzrə 50 mln manat, kapital adekvatlığı əmsalı üzrə isə 10.5% səviyyəsində müəyyən edilmişdir, Bankın bu göstəricilər üzrə əhəmiyyətli ehtiyat buferinə malik olduğu görünür.
Formalaşdırılmış kapital və ehtiyat mövqeyi Bankın risklərin absorbsiya qabiliyyətini gücləndirir, eyni zamanda qarşıdakı dövrlərdə planlaşdırılmış artım strategiyasının daha dayanıqlı əsaslar üzərində həyata keçirilməsinə imkan yaradır.
- Mövcud maliyyə göstəricilərini nəzərə alaraq, 2026-cı il üçün bankın əsas maliyyə gözləntiləri nədən ibarətdir? Gələn il üzrə maliyyə planlamasında daha çox ehtiyatlı yanaşma, yoxsa artıma yönələn strategiya üstünlük təşkil edəcək?
Növbəti dövrlər üzrə planlaşdırma prosesi həyata keçirilərkən Azərbaycanın makroiqtisadi gözləntiləri, ölkənin müəyyən etdiyi iqtisadi prioritetlər, dövlət büdcəsi üzrə təsdiq edilmiş parametrlər və strateji hədəflər nəzərə alınmışdır. Mövcud proqnozlara əsasən, 2026-cı ildə iqtisadi artımın davam edəcəyi, ümumi daxili məhsulun real ifadədə təxminən 2.4%, qeyri-neft sektorunun isə 4%-dən artıq artacağı gözlənilir. Əvvəlki illərdə olduğu kimi, artımın əsas hərəkətverici qüvvəsinin məhz qeyri-neft sektoru olacağı proqnozlaşdırılır.
Bankın biznes modelini və investisiya portfelinin strukturunu nəzərə alsaq, əsas prioritet istiqamətin real sektorun, xüsusilə biznes seqmentinin maliyyələşdirilməsi olduğu aydın görünür. Bu baxımdan, növbəti dövr üçün planlarımız iqtisadi fəallığın genişlənməsi ilə paralel şəkildə kredit portfelinin keyfiyyətli və balanslı artımını nəzərdə tutur.
Bank 2026-cı ildə də biznes mühitinin maliyyələşdirilməsi vasitəsilə iqtisadi artım hədəflərinə töhfə verməyi planlaşdırır. Xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi diqqət mərkəzində saxlanılacaqdır. Bu yanaşma həm iqtisadi şaxələndirmə siyasətinə, həm də inklüziv maliyyələşmə prinsiplərinə uyğun olaraq formalaşdırılmışdır.
- 2026-cı ildə AccessBank-ın maliyyə inkişafını şərtləndirəcək əsas prioritetləri necə müəyyən edərsiniz?
Bankın strateji prioritetləri dəyişməz olaraq qalır. Əsas inkişaf istiqamətimiz mikro, kiçik və orta biznesin maliyyələşdirilməsidir. Mövcud makroiqtisadi konyunktur və qeyri-neft sektorunda müşahidə olunan artım tendensiyası bu seqmentlərin növbəti dövrdə də genişlənməsi üçün əlverişli zəmin yaradır. Bu baxımdan, Bank tərəfindən sözügedən istiqamətdə kreditləşmənin balanslı və keyfiyyətli artımı planlaşdırılır.
Artımın maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi prioritet olaraq qalır. 2025-ci il xarici borclanma baxımından aktiv dövr olmuş, Bank xarici mənbələrdən 100 mln manat ekvivalentindən artıq vəsait cəlb etmişdir. Hesabat ilinin sonuna ümumi xarici cəlbetmələrimiz 200 mln manat ekvivalenti üzərində olub. Eyni zamanda, il ərzində BlueOrchard Finance beynəlxalq maliyyə fondundan 10 mln ABŞ dolları məbləğində uzunmüddətli subordinasiya olunmuş borc öhdəliyi cəlb edilmişdir ki, bu da Bankın kapital bazasının əlavə olaraq gücləndirilməsinə xidmət etmişdir.
2025-ci ilin avqust ayında Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmanın davamı olaraq ölkənin beynəlxalq ticarətdə artan rolu, qeyri-neft sektorunda icra olunan iri layihələr və yaşıl enerji istiqamətində aparılan islahatlar Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini daha da artırmışdır. Bu dinamika çərçivəsində Bank həm mövcud, həm də potensial beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi imkanlarını qiymətləndirir.
Eyni zamanda, xidmət şəbəkəsinin genişləndirilməsi və müştərilərə sürətli, yüksək keyfiyyətli xidmətlərin təqdim olunması əsas prioritetlər sırasında qalır. Müştəri məmnunluğunun artırılması yalnız fiziki filial şəbəkəsi vasitəsilə deyil, rəqəmsal kanalların inkişafı hesabına da təmin ediləcəkdir. Xüsusilə mobil tətbiqin funksionallığının və istifadəçi təcrübəsinin daha da təkmilləşdirilməsi, əsas bank xidmət və ödəniş alətlərinin rəqəmsal mühitdə əlçatanlığının artırılması planlaşdırılır.
Yuxarıda qeyd olunan istiqamətlər üzrə tədbirlərin icrası nəticəsində 2026-cı ilin də maliyyə göstəriciləri baxımından müsbət dinamika ilə yekunlaşacağı proqnozlaşdırılır. Bank kapital buferinin daha da möhkəmləndirilməsini, risklərin idarə olunması çərçivəsinin davamlı gücləndirilməsini və mənfəətlilik göstəricilərinin yaxşılaşdırılmasını strateji hədəf kimi müəyyən etmişdir.

İqtisadiyyat     Baxılıb: 178   Tarix: 19 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır

13-31 mart tarixlərində Baku Electronics-də sərfəli təkliflərlə dolu "Bayrama çevir" kampaniyası baş tutur. Nağd alışda 60%-dək endirim, endirimli qiyməti 24 aya bölmə imkanı müştəriləri gözləyir!. İndi "Samsung"

"Qlobal Pul Həftəsi"ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT

Həyata keçirdiyi layihələr ilə seçilən Bank of Baku gənc nəslin maliyyə dünyasına marağını artırmağı hədəfləyən növbəti təşəbbüsünü reallaşdırıb. Bank 16-22 mart "Qlobal Pul Həftəsi" (Global Money Week) çərçivəsind

Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşdı

Neft qiymətləri ötən gün kəskin ucuzlaşmadan sonra yenidən bahalaşıb. xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:13-ə qədər Londonun ICE birjasında may ayına çatdırılm

Dövlət qulluğunda köklü dəyişiklik: mükafat sisteminin ləğvi nəyi dəyişəcək?

Xəbər verdiyimiz kimi, "Dövlət qulluğu haqqında" qanunda və müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu sahəsində əməkhaqqı sistemində köklü dəyişikliklərə qərar verildiyin

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı

Unibank biznes müştəriləri üçün yeni Visa Platinum Business kartını təqdim edir. xəbər verir ki, kart sahibkarlara gündəlik maliyyə əməliyyatlarını rahat idarə etməklə yanaşı, səyahət, sağlamlıq və biznes xidmətləri üzr

Taksilər və sərnişinlər üçün vacib qərar: Gediş haqqı artacaq?

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub. Belə ki, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişi

Azərbaycana turist axını azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 163 ölkəsindən 337,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə -a Dövlət Statistik

Unibank sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi keçirib

UnibankNovruz bayramı münasibətilə Gəncə şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi bayram tədbiri təşkil edib. Sosial məsuliyyət təşəbbüsü çərçivəsindəhəyata keçirilən bu tədbirin əsas məqsədi uşaqlara bayra

"Azeri Light" bahalaşdı

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 10,89 ABŞ dolları və ya 8,3 faiz artaraq bir barel üçün 141,68 ABŞ dolları təşkil edib


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər xeber.az krimnal bugun son xeber.az