Qarabağı da əhatə edəcək "Əli və Nino" beynəlxalq turizm marşrutunun iqtisadiyyata hansı təsirləri olacaq?
Qarabağı da əhatə edəcək "Əli və Nino" beynəlxalq turizm marşrutunun iqtisadiyyata hansı təsirləri olacaq?
"Əli və Nino" məhəbbət romanıdır. Dünyanın 33 dilinə tərcümə olunub. Qurban Səidin müəllifliyi ilə məşhurlaşsa da, ətrafında müzakirələr və mübahisələr bu günədək bitmir.
Ayrı-ayrı mənbələrdə əsərin müəllifinin Yusif Vəzir Çəmənzəminli, romanı alman reyesterlerində qeydiyyatdan keçirib "Qurban Səid" təxəllüsünün özünə aid olduğunu iddia edən avstriyalı baronessa Elfrida fon Ehrenfels, əsl adının Məhəmməd Əsəd bəy olduğunu irəli sürən yəhudi mənşəli yazıçı Lev Nissembauma olduğu qeyd edilir. Amma bu mübahisəli fikirlər nə müsəlman Əli Xan Şirvanşirlə gürcü qızı Nino Kipianinin sevgisindən bəhs edən əsərin məşhurlaşmasına, nə Azərbaycanda haqqında eyniadlı filmin çəkilməsinə, nə roman əsasında ilk dəfə virtual dekorasiyalı ritual faciənin səhnələşdirilməsinə, nə də eyniadlı kitab evinin yaranmasına mane ola bilib.
Eləcə də roman Batumi şəhərində Gürcüstanın o zamankı prezidenti Mixael Saakaşvilinin "Gürcü və Azərbaycan xalqlarının dostluq rəmzi" adlandırdığı məşhur "Əli və Nino" abidə-kompleksinin ucaldılmasına təkan verib.
Bundan sonra Əli və Nino bədii qəhrəman və heykəltaraşlıq obrazı çərçivəsindən çıxaraq geniş miqyaslı beynəlxalq turizm marşrutuna - Azərbaycanla Gürcüstan arasında körpüyə çevriləcək. Dünya turistlərinin diqqəti Qarabağı da əhatə edəcək bu marşruta yönələcək.
Mövzu ilə bağlı "Kaspi" qəzetində geniş məqalə yayımlanıb.
Turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edən Azərbaycan dövləti son illər ölkəmizdə bu sahənin inkişafı ilə bağlı islahatlar həyata keçirir. Beynəlxalq turizm bazarına inteqrasiya üçün müxtəlif layihələr üzərində iş gedir. Artıq ölkəmiz dünyada yeni turizm istiqaməti (destinasiya) kimi tanınmağa başlayıb.
Hazırda üzərində tamamlanma işləri gedən "Əli və Nino" da beynəlxalq turizm marşrutu kimi hazırlanır. Bu marşrutun yanvar ayında iki ölkə arasında müzakirə olunan "Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi"nin inkişafında mühüm rol oynayacağı da proqnozlaşdırılır. Belə ki, Azərbaycan və Gürcüstanın müəyyən hədəf bazarlar üçün birgə turlar və məhsullarla çıxış etməsi ilə yanaşı, müştərək marketinq və təbliğat kampaniyası aparılmasını, postpandemiya dövründə hər iki ölkənin turizminin bərpası və inkişafını nəzərdə tutur.
Pandemiya dövrü - quru sərhədlərin bağlı olması Gürcüstandan ölkəmizə gələn və gedən turistlərin sayının azalmasına ciddi təsir göstərib. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz rəqəmlər də bunu təsdiqləyir:
2021-ci ildə ölkəmizə gələn ümumi turistlərin cəmi 7.9 faizi Gürcüstanın payına düşüb. Bu isə əvvəlki illə müqayisədə 66 faiz azalma deməkdir. Eyni zamanda, 2021-ci ilin yanvar-oktyabr aylarında Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 65 867 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,1 faiz azdır.
Hesab edilir ki, postpandemiya dövrü yenidən ölkələrimiz arasında turist mübadiləsinin inkişafına yol açacaq. "Əli və Nino" layihəsi isə təkcə iki ölkənin deyil, həmçinin qonşu və Avropa ölkələrinin turistlərini cəlb edəcək.
"Əli və Nino" Qarabağı əhatə edən turizm marşrutu olacaq. Azərbaycan Turizm Assosiasiyası Bürosunun sektor müdiri Şərifə Həsənova marşrutun Qarabağı əhatə etməsi planının xüsusi önəm daşıdığını qeyd edir: "Əli xan Şirvanşirin Qarabağa, Şuşa şəhərinə böyük rəğbəti olub. Əsərdə "Onların diyarında hər şey gözəldir. Ancaq bu diyarın ən gözəli Qarabağ atıdır" fikirləri təsadüfən yer almayıb. Ona görə də turizm marşrutuna Şuşa şəhəri, Cıdır düzü, xanlıq dövrü abidələri və digər görməli yerlər daxil edilib. Layihəni həyata keçirməklə biz Avropadan gələn turistlər üçün həm Azərbaycana, həm də Gürcüstana səyahət etmək imkanı yaratmaq istəyirik. Çünki avropalı turistlər adətən bir turizm marşrutu üzrə Qafqaz ölkələrinə səfər etmək istəyirlər. Həmçinin turistlər Bakı, Gəncə və Şuşanı görmək imkanı qazanacaq, Qarabağın digər rayonlarına səfər edəcəklər". Sektor müdirinin sözlərinə görə, Gürcüstanda gəzməli yerlərin siyahısını gürcü həmkarları hazırlayır. Əsas istiqamət isə Tbilisi və Batumi olacaq: "Əli və Nino" əsəri Avropada da məşhurdur. Hesab edirik ki, belə bir tur təqdim etməklə avropalı turistlərin diqqətini cəlb etmək olar. Əsas məqsəd əsərdə qeyd edilən bütün regionlara turistləri cəlb etməkdir". Ş.Həsənova bildirir ki, bərpa işləri bitdikdən, infrastruktur formalaşdıqdan sonra yerində ətraflı araşdırmalar da aparılacaq: "İndiki şəraitdə marşrutun Bakı-Şəki, Gəncə-Qazax, ordan da Gürcüstana keçməklə davam etdirilməsini planlaşdırırıq. Əli xan Şirvanşirin Dağıstana, Qarabağa və İrana səyahətlərindən söhbət açıldığından marşrutun bu ölkələr tərəfindən də maraqla qarşılanacağı istisna edilmir".
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakişiyev "Əli və Nino"nun daxili və qonaq turizminin inkişafında müsbət rol oynayacağına şübhə etmir: "Bu marşrut üzərində hərtərəfli iş görmək lazımdır. Hər bir yeni marşrut turizmin inkişafına təkan verir və turistləri cəlb edir. İlk növbədə bu marşrutun təbliğatı hərtərəfli təşkil olunmalıdır ki, insanlar xəbərdar olsunlar və maraqları artsın. Hesab edirəm ki, "Şərab marşrutu", "Alman məskənləri" və "Aleksandr Dümanın Azərbaycanda olduğu yerlər" marşrutları kimi bu marşrut da turistləri cəlb edəcək. Sadəcə, təbliğatına, təqdimatına və yüksək səviyyədə təşkilinə ehtiyac var".
Turizm marşrutunun iqtisadi mənfəət gətirəcəyinə əmin olan millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirdi ki, müasir turizmdə vacib alətlərdən biri turizmin marşrut olaraq bir neçə ölkəni əhatə etməsidir. Gürcüstanla Azərbaycanı əhatə edəcək turizm marşrutu da daha çox turist cəlb etmək, eləcə də ölkələrin turizm potensialını təqdim etmək baxımından çox əhəmiyyətlidir: "Bu kontekstdən "Əli və Nino" turizm marşrutu daha çox turistin cəlb edilməsi, eyni zamanda iki ölkənin turizm potensialının təqdim edilməsi baxımından diqqət çəkir. Digər tərəfdən, nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərimizin böyük turizm potensialı var, bu marşrut, təbii ki, Azərbaycana daha çox turistin cəlb edilməsinə imkan yarada bilər".
Marşrutun iki ölkə arasında turizm əlaqələrinin, dostluq münasibətlərinin inkişafı ilə yanaşı, işğaldan azad olan Qarabağ turizminin tanıdılmasında da böyük rol oynayacağını Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Arzu Nağıyev də vurğulayır: "Belə bir turizm marşrutunun yaradılması ümumən region üçün mühüm əhəmiyyət kəsb edəcək, turizm infrastrukturunun inkişafında rol oynayacaq. Burda həm iqtisadi, həm də regional məsələlər var". Millət vəkilinin fikrincə, "Əli və Nino" marşrutunun Qarabağı əhatə etməsi bu bölgənin tanıdılmasında müsbət irəliləyişə səbəb olacaq: "İşğaldan azad edilən ərazilərimizdə hava limanlarının tikilməsi, beynəlxalq marşrutların yaradılması çox ciddi məsələdir. Artıq Laçın və Zəngilan istiqamətində də hava limanlarının açılması mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə Zəngəzur dəhlizinin açılışı ilə Avropadan Türkiyə və Naxçıvan vasitəsilə o əraziyə keçmək məsələsi də gündəmdədir. Bu gün Qarabağın tanıdılması, bu bölgənin gələcək inkişafı üçün turizm marşrutlarının açılması zəruridir".
Səyahətçi bloqer, telejurnalist Mirsəməd Cəfərli hesab edir ki, marşrut Qərbdən regiona marağı artırmaq baxımından maraqlı ideyadır: "Təsəvvür edin, turistlər Tbilisini gəzdikdən sonra avtobusla sərhədi keçir və Azərbaycan turu başlayır. Və yaxud Bakını, Gəncəni gəzəndən sonra Tiflisə gedirlər. Bu, çox yaxşı düşünülüb". Səyahətçi ölkəmizlə müqayisədə Gürcüstanda turizmin inkişafının daha yüksək olduğunu da qeyd edir: "Pandemiyadan əvvəl Gürcüstana gələn turistlərin sayı Azərbaycandan iki dəfə çox idi. Mən həmişə Gürcüstanda olanda "bu marşrutu necə Azərbaycana tərəf yönləndirmək olar?" deyə düşünürdüm. Tiflisdən bizim sərhədə 40-50 km dir. ATA-nın orda turizm bürosu açılsa, turizm şirkətləri turist mübadilələri etsələr, yaxşı nəticə olar". Səyahətçi gediş-gəliş zamanı sərhəddə problemin mövcud olduğunu da qeyd edir: "Qırmızı körpü sərhəd məntəqəsində Gürcüstan tərəfini sürətlə keçirsən, Azərbaycan tərəfində isə saatlarla dayanırsan. Sərhədçilərin, gömrük işçilərinin yoxlamaları həddən artıq uzun vaxt aparır. Bu proseslərin də asanlaşdırılmasına ehtiyac var".
Gürcüstanda yaşayan azərbaycanlı iş adamı Fərid Süleymanov qonşu ölkənin turizminə böyük maraq olduğunu təsdiqləyir: "Hazırda pandemiya turistlərin gəlməsinə mane olur. Bununla belə, qonşu ölkələr, avropalılar, xüsusən Azərbaycandan gələn turistlər bu ölkəyə böyük maraq göstərirlər. Liman şəhəri Batumi isə Qara dənizin çimərlikləri ilə turistləri daha çox cəlb edir. Bu baxımdan hesab edirəm ki, "Əli və Nino" marşrutu da hər iki ölkəyə turist cəlbində mühüm rol oynayacaq".
Qeyd edək ki, dünya turizmində "Əli və Nino" kimi analoji marşrutlar çoxdur. "Dünyada Romeo və Cülyettanın hekayəsindən daha kədərli hekayə yoxdur" deyə turistləri qarşılayan İtaliyanın Verona şəhərinə insanlar kədərlənmək üçün deyil, dünyanın ən romantik şəhərlərindən birinə baş çəkmək üçün gedirlər. Burada Verona tikişçiləri turistlərin adlarına romantik bir yastıq və ya dəsmal tikir, suvenir dükanı izdihamla dolub boşalır. "Əli və Nino"nun izi ilə də belə bir turist axınını yaratmaq mümkündür. Sadəcə, marşrut üzərində planlı işləmək, tanıtmaq, qiymətin münasibliyini təmin etmək və digər süni əngəlləri aradan qaldırmaq lazımdır. /oxu.az