Azərbaycanda Türkiyə bazaları qaçılmazdır

Azərbaycanda Türkiyə bazaları qaçılmazdırAzərbaycan-Ermənistan  sərhədində son döyüşlərin səbəb-nəticələrinin siyasi və ekspert dairələrində təhlili davam edir. Bir sıra analitiklər bu qanlı olaylarla bağlı tez-tez cənub qonşumuz İranı barmaqla göstərməkdədir.
"Xarici işlər nazirləri (Bayramov-Abdullahian-red.) arasında telefon danışığına baxmayaraq, İran özünü təhlükədə hiss edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfəri onları narahat edir, ona görə də bölgədə vəziyyətin gərginləşməsində maraqlıdırlar".
KONKRET.az-ın məlumatına görə, bu sözləri Axar.az-a Azərbaycan sərhədinin Laçın istiqamətində baş verən döyüşlər haqqında danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib.
Karakuş Azərbaycanın daha çox İrana diqqət yetirməli olduğunu, Moskvanın bölgədə Qərbə qarşı Tehranı irəli verdiyini bildirib: 
"İranın Azərbaycanla bağlı narahat olduğu məsələlər bəllidir. Bunlardan birincisi Cənubi Azərbaycandakı türklər, ikincisi isə Zəngəzur dəhlizi məsələsidir. 4 min terrorçunun Suriya və İraqdan Qarabağa göndərilməsinə hazırlıq məsələsi, dünənki təxribata İrandan Ermənistana gedən xüsusi bir qrupun hazırlıq görməsi hamımıza məlumdur. Rusiya isə Ermənistanı Qərbə qapdırmaq istəmir, lakin Ukraynada gücdən düşdüyü üçün sərt addımlar da ata bilmir. Ona görə də İranı Cənubi Qafqazda Qərbə qarşı qoyur. İran isə öz növbəsində fürsətdən faydalanaraq Ermənistanda Rusiyanın yerini tutmaq istəyir".
Generalın fikrincə, digər məsələ Xankəndi və ətrafında yaşayan ermənilərə təsirdir:
"Azərbaycan Qarabağdakı ermənilərlə bağlı oranın infrastrukturunun yenilənməsindən tutmuş, reinteqrasiya məsələlərinə qədər, bütün sahələrdə təşəbbüsü əlinə almaq üçün həmlələr edir. Təbii ki, rəsmi Bakının qətiyyətli mövqeyi və atdığı addımlar bəzi ölkələrin narahatlığına səbəb olur. Zənnimcə, belə toqquşmalar yenə yaşana bilər, Azərbaycan İranın manevrlərinə daha çox diqqət yetirməlidir". Ərdoğan Karakuş onu da vurğulayıb ki, ehtiyac yaranacağı halda, Türkiyənin Azərbaycanda hərbi bazalar qurması mümkündür: "Türkiyə Cənubi Qafqazda sülhün bərqərar olmasını, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəyir. Ancaq öz mənfəətləri naminə buna əngəl törədənlər var. Ona görə bölgədə gərginliyin və təhdidlərin artması halında Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycanın bəlli yerlərində Türkiyə hərbi bazalarının qurulması mümkündür. Təbii ki, öncə rəsmi Bakı bununla bağlı Ankaraya müraciət etməlidir. Müraciət olunduğu halda Türkiyə üzərinə düşəni etməyə, qardaşının yanında olmağa hər zaman hazırdır".
Azərbaycan və Türkiyə arasında 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi, Müttəfiqlik haqqında Saziş hərtərəfli əlaqələrə yaşıl işıq yandırıb və qarşılıqlı şəkildə ölkələrimizin təhlükəsizliyi üçün çətir rolunu oynayan hüquqi bazadır. Bu mənada düşmənlərimizin vaxtaşırı Şuşa Bəyannaməsini unudaraq, Azərbaycanla təhdid və hədə dilində danışmaları, suverenliyimizə kobud müdaxilə etmələri Müttəfiqlik haqqında Sazişin həyata keçirilməsi istiqamətində zəruri addımların atılmasını, Türkiyə hərbi bazasının ölkəmizdə qurulmasını zəruri edir. Son olaraq Laçın istiqamətindəki erməni təxribatında İranın açıq və gizli şəkildə iştirakı, həmçinin digər güclərin proseslərdə katalizator rolunu oynaması Türkiyənin də heysiyyətinə toxunmaqdır. Elə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu da son hadisələrə reaksiya verərək, Ermənistana diplomatik mesaj yollayıb.
Bəs hazırkı durumda rəsmi Bakı hərbi bazalarla bağlı Ankaraya müraciət edəcəkmi, yoxsa Türkiyədəki seçkilərin nəticələrini gözləyəcək? Azərbaycanlı tarixçi-alimlərdən biri bildirib ki, hazırda Güney Qafqazda vəziyyət yüz il öncəkindən – XX əsrin 20-ci illərindəkindən daha mürəkkəb xarakter daşıyır. Bu mənada Türkiyə bazalarının ərazimizdə yerləşməsi məsələsində gecikmirik ki?
Mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı öncə qeyd etdi ki, vəziyyətin yüz il əvvəlkindən daha mürəkkəb olması fikri ilə razılaşmır:
 "İndi Türkiyə və Azərbaycan yüz il əvvəkindən bəlkə də yüz dəfə güclü mövqeyə malikdir. Region oyunçuları da bu reallıqla hesablaşmalı olurlar. Amma narahatlığı qəbul edirəm. Vəziyyət istənilən anda gərginləşə, hadisələrin gedişi nəzarətdən çıxa bilər. Rusiya və İran birlikdə hərəkət edir, niyyətlərini həyata keçirməyə çalışırlar. Rusiya prosesin içərisindədir, sülhməramlı adı altında hərbi kontingentini "qaynar nöqtə"nin mərkəzinə yerləşdirə bilib. Amma bu mövqeyini heç kimlə, o cümlədən İranla bölüşmək fikrində deyil".
A.Nağı qeyd etdi ki, Rusiya ən azından yaxın bir neçə il üçün regiondakı dominant rolundan imtina etməyəcək:
"İranın onunla rəqabət aparacaq gücü yoxdur, ona görə də Rusiyanın yanlısı olaraq fəaliyyətini davam etdirəcək. Sizin də qeyd etdiyiniz kimi, təhlükəli məqam İranın təşkilatçılığı ilə Qarabağda terror-təxribat dəstələrinin fəallaşmasına rəvac verilməsi ehtimalı ilə bağlıdır. Zatən orada erməni terror qrupları var, amma həm kifayət qədər gücləri, həm də xaricdən dəstəkləri yoxdur. Oraya əlavə qüvvələrin yeridilməsi, ciddi dəstəyin verilməsi regionu uzunmüddətli təhlükə mənbəyinə, qanlı qarşıdurma ocağına çevirə bilər. Yüngülləşdirici hal kimi qeyd edə bilərik ki, Rusiya hadisələrin bu məcrada inkişafında maraqlı deyil, onsuz da kifayət qədər təsir imkanlarına malikdir. Amma İran və Ermənistan bu məsələdə maraqlı ola bilər. Çünki hadisələrin gedişinə başqa təsir imkanları yox dərəcəsindədir".
Bütün bunlara rəğmən, A.Nağı qeyd etdi ki, istənilən halda, regionda Türkiyənin varlığının genişləndirilməsinə ciddi ehtiyac var:
"İkinci Qarabağ müharibəsinin gedişi və sonrasında Türkiyənin bölgəyə gəlişi reallaşdırılıb. İndi bu vəziyyət açıq və rəsmi hərbi bazalarla inkişaf etdirilməlidir. Hazırda təkcə regionda deyil, dünyada da bir çox məsələlər Türkiyədəki 14 may seçkilərinə köklənib. Bu seçkilərin nəticələri böyük ehtimalla, dostların gözlədiyi kimi olacaq. Sonra isə çox böyük proseslərə start veriləcək. Türkiyə artıq heç kəsdən soruşmadan regionda əhəmiyyətli addımlar ata biləcək. Türkiyənin bu gün yeganə və ən yaxın müttəfiqi Azərbaycandır. Yeni situasiyada iki qardaş ölkə birlikdə hərəkət edəcək. Bununla da təkcə Qarabağ, Zəngəzurda deyil, çox yerlərdə ədalətə və gücə söykənən nizam yaranacaq".
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov qeyd etdi ki, Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki Ərdoğan Karakuşun dedikləri maraqlıdır:
"İran və Rusiyanın Cənubi Qafqaza yönələn birgə siyasəti, İranın Ermənistanla dərinləşməkdə olan müttəfiqlik münasibətlərinin, o cümlədən hərbi sahədə əməkdaşlığının daha da dərinləşməsinin arxasında duran məqsədlər barədə dedikləri də düşündürücüdür. Türkiyənin Azərbaycan ərazilərində hərbi baza yerləşdirməsi fikrinə gəlincə, deməliyəm ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq mövcuddur və bu, özünü birgə hərbi təlimlərdə, Azərbaycan hərbiçilərinin Türkiyədə təhsil almasında, silah ticarətində daha çox göstərir. Azərbaycan dövləti və hakimiyyəti kimi, Azərbaycan cəmiyyəti də hərbi sahədə münasibətlərimizin genişlənməsini dəstəkləyir".
Sahib Məmmədov çox önəmli bir məqamı da xüsusilə vurğuladı:
"Xalqın genetik yaddaşında Türk ordusunun xilaskarlıq missiyası əbədi həkk olunub və biz türk əsgərinə xarici ölkə hərbçisi gözü ilə baxmırıq. Türk əsgəri də bizim əsgərdir".
Lakin ekspert qeyd etdi ki, bununla belə, hərbi bazanın yaradılması müəyyən məsələlərin həllini tələb edir:
"Türkiyə NATO üzvüdür və Alyans qarşısında öhdəlikləri var. Düzdür, NATO Nizamnaməsinin 8-ci maddəsinə görə, NATO üzvü olan dövlətin başqa dövlət qarşısında beynəlxalq öhdəlikləri varsa, Alyansda iştirak həmin öhdəliklərin yerinə yetirilməsinə mane olmur. Hər halda, belə bir addım atılacaqsa, həm Azərbaycan, həm qardaş Türkiyə bütün beynəlxalq və regional amilləri nəzərə alacaq. İstənilən halda, bizim müttəfiqlik müqaviləmiz var. Hər kəs də bilməlidir ki, Azərbaycana qarşı hər hansı qəsd Türkiyəyə qarşı qəsddir və əksinə, Türkiyəyə qarşı yönələn hər hansı qəsdi biz Azərbaycana qarşı yönələn qəsd hesab edirik".
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni bir siyasi nizam yaradıb:
 "Bu siyasi nizam Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əldə edilməsinə, iqtisadi inteqrasiyaya xidmət edir. Amma region ölkələri, xüsusilə İran Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini özünün maraqlarına zidd hesab edir və bununla bağlı açıq mövqeyini ortaya qoyub. Tehran rejimi Yaxın Şərqdə olduğu kimi, Cənubi Qafqazda da sabitsizliyin davam etməsi üçün öz hərbi qüvvələrini Azərbaycanla sərhəddə yerləşdirərək qeyri-konstruktiv mesajlar verir. Həmçinin Rusiyanın regionda davranışlarına fikir verdikdə bu ölkədə Ermənistan ordusunda kök salmış generallar vasitəsilə Azərbaycana qarşı hərbi təxribatlara əl atır, sülhün əldə edilməsinə imkan vermir".
M.Əsədullazadə qeyd etdi ki, Azərbaycana qarşı həm cənubdan, həm də şimaldan təhdidlər var:
"Bəli, Rusiya İranın Azərbaycana qarşı siyasətinə ciddi dəstək verir. Moskva İran rejimini Azərbaycanı açıq şəkildə hərbi təhdid etməyə sövq edir. Bununla Azərbaycanla Ermənistanın sülh imzalamasına mane olur, həmçinin rəsmi Moskvanın siyasətinin nəzərə alınmasını istəyir. Ona görə də Azərbaycana ciddi təzyiqlər edilir. Azərbaycanın indiki vəziyyətdə müttəfiqi Türkiyədir. Şuşa Bəyannaməsinə uyğun olaraq Türkiyə Azərbaycana hərbi yardım və müdafiə etmək hüququna malikdir. Hazırkı regionda gərgin bir hərbi vəziyyət mövcuddur. İran Azərbaycanı təhdid edir, Zəngəzur dəhlizinin açılmasının qarşısını alır. Bu, həm də Türkiyəyə qarşı olmaq deməkdir. Ümumiyyətlə, Tehran rejiminin hazırkı siyasəti Azərbaycanla yanaşı, Türkiyənin də təhdid edilməsinə xidmət edir".
Bütün bunları nəzərə alan politoloq hesab edir ki, Azərbaycan öz hərbi doktrinasında dəyişikliklər edərək, Türkiyənin hərbi bazasının Şərqi Zəngəzurda qurmasını reallaşdırmalıdır:
"Çünki Türkiyənin hərbi bazası ölkəmizdə olmasa, vaxtaşırı İranın bu kimi təhdidlərinin şahidi olacağıq. Rusiya da Azərbaycana ciddi təzyiqlər edəcək".
Ekspert sonda əlavə etdi ki, Türkiyədəki prezident seçkilərində yenidən cənab Ərdoğanın seçilməsi mümkündür:
"Çünki ona alternativ yoxdur. Bu il ərzində Türkiyənin hərbi bazası ölkəmizdə yaradılarsa, İran və Rusiya Azərbaycanı təhdid edə bilməyəcək. Geosiyasi şərtlər və çağırışlar hərbi bazanın qurulmasını tələb edir".

Siyasi       Tarix: 15 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri kriminal siyaseti xeberler bugun krminal bu gun