Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?
Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?
Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəli məsələlərindən birinə toxunur. Söhbət təkcə NATO-nun şərqə doğru genişlənməsindən, Moskvanın buna etirazından və ya Qərblə Rusiya arasında kimin hansı razılaşmanı pozmasından getmir. Məsələnin daha dərin tərəfi var: Sovet İttifaqı dağıldıqdan sonra Avropada tamamilə yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Əgər mümkün idisə, niyə bu fürsətdən istifadə olunmadı?
Bəlkə də Qərbin SSRİ dağıldıqdan sonra yol verdiyi ən böyük strateji səhv NATO-nun genişlənməsi deyil, ümumiyyətlə, Rusiya ilə birlikdə yeni Avropa təhlükəsizlik arxitekturası qurmağa cəhd etməməsi idi?
Bu, məsələyə tamamilə fərqli yanaşmadır. Belə bir yanaşma indiki qarşıdurmanın tarixi baxımdan qaçılmaz olmadığını, onun bir sıra siyasi qərarların, buraxılmış imkanların, qarşılıqlı inamsızlığın və soyuq müharibənin qaliblərinin köhnə geosiyasi düşüncə tərzindən uzaqlaşa bilməməsinin nəticəsi olduğunu ehtimal edir.
Gəlin bu məsələyə nə Rusiya, nə ABŞ, nə də Avropa təbliğatının mövqeyindən yanaşaq. Onu beynəlxalq münasibətlər sisteminin strateji quruluşu və tarixi qərarların nəticələri baxımından təhlil etməyə çalışaq.
NATO-nun genişlənməsi niyə strateji səhv hesab olunur?
İlk növbədə qeyd edək ki, NATO-nun şərqə doğru genişlənməsinin tənqidi yalnız Rusiyanın siyasi təbliğatına xas mövqe deyil. Bu siyasəti ABŞ-ın özündə də kifayət qədər nüfuzlu diplomatlar, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, tarixçilər və keçmiş dövlət rəsmiləri tənqid ediblər.
Onların arasında ən məşhur simalardan biri Corc Kennandır. O, ABŞ-ın SSRİ-ni cilovlama strategiyasının əsas müəlliflərindən biri, soyuq müharibənin geosiyasi məntiqini dərindən bilən diplomat idi.
Kennan 1997-ci il fevralın 5-də The New York Times qəzetində dərc olunan məqaləsində NATO-nun genişlənməsi qərarını ABŞ-ın soyuq müharibədən sonrakı dövrdə yol verə biləcəyi ən böyük strateji səhvlərdən biri adlandırırdı. Onun fikrincə, bu addım Rusiyada millətçi, Qərbə qarşı yönəlmiş və militarist qüvvələri gücləndirə, ölkədə demokratik inkişafı zəiflədə və Şərqlə Qərb arasında yeni soyuq müharibə ab-havası yarada bilərdi.
Kennanın narahatlığı sonrakı hadisələr fonunda daha çox müzakirə olunmağa başladı.
NATO-nun genişlənməsinə tənqidi yanaşan digər tanınmış şəxslər arasında ABŞ-ın keçmiş dövlət katibi Henri Kissinceri, müdafiə naziri Uilyam Perrini, SSRİ-də sonuncu ABŞ səfiri Cek Metloku və Rusiya üzrə tanınmış tarixçi Stiven Koeni də qeyd etmək olar.
Onların mövqeləri eyni deyildi. Hər biri təhlükəsizlik, geosiyasi balans və Rusiya ilə münasibətlər məsələsinə fərqli prizmadan yanaşırdı. Lakin ortaq narahatlıq bundan ibarət idi: soyuq müharibənin başa çatmasından sonra Avropada yeni qarşıdurma xətlərinin yaranmasına yol açmaq nə dərəcədə düzgün qərar idi?
Bu mövzuda Kolumbiya Universitetinin professoru Kimberli Martenin "European Journal of International Security" jurnalında dərc olunmuş araşdırması da xüsusi maraq doğurur.
Marten NATO-nun genişlənməsinə alternativlərin olub-olmadığını və bu prosesin Rusiya ilə Qərb münasibətlərinin pisləşməsinə nə dərəcədə təsir etdiyini araşdırır. Onun gəldiyi nəticələr məsələnin birmənalı olmadığını göstərir.
Tədqiqatçı hesab edir ki, qərarların qəbulunda həm ABŞ-ın, həm də Rusiyanın daxili siyasi amilləri mühüm rol oynayıb. Rusiyanın Qərbə münasibətindəki mənfi dönüş NATO-nun genişlənməsi müzakirələrindən əvvəl başlamışdı. Moskvanın narazılığını yalnız hərbi təhlükə hissi deyil, beynəlxalq status və böyük dövlət kimi tanınmaq istəyi də şərtləndirirdi. Qərbin birtərəfli hərbi əməliyyatları, xüsusilə Kosovo hadisələri isə münasibətlərin pisləşməsini daha da sürətləndirmişdi.
Deməli, problem yalnız NATO hərbi infrastrukturunun coğrafi istiqamətdə genişlənməsində deyildi. Əsas məsələ soyuq müharibədən sonra Qərbin hansı siyasi və təhlükəsizlik arxitekturasını qurmaq qərarına gəlməsi idi.
Əldən verilmiş tarixi fürsət: Rusiya Qərbin bir hissəsinə çevrilə bilərdimi?
Məncə, bu mövzunun ən maraqlı tərəfi məhz buradadır.
1991-ci ildə Sovet İttifaqı dağıldı. Varşava Müqaviləsi Təşkilatı fəaliyyətini dayandırdı. Sovet qoşunları Şərqi Avropadan çıxarıldı, Almaniya birləşdi. Boris Yeltsinin rəhbərlik etdiyi Rusiya isə rəsmi bəyanatlarında Qərblə əməkdaşlığa və Avropa institutlarına inteqrasiyaya maraqlı olduğunu bildirirdi.
Avropa qitəsi tarixdə nadir fürsətlə üz-üzə qalmışdı. Onilliklər boyu ideoloji, hərbi və siyasi qarşıdurma şəraitində yaşamış iki sistem artıq mövcud deyildi. Dəmir pərdə dağılmış, Avropanın bölünməsi başa çatmışdı.
Belə bir şəraitdə tamamilə yeni təhlükəsizlik sistemi yaratmağa cəhd etmək mümkün idi.
Bu sistem Rusiyaya qarşı qurulan hərbi-siyasi ittifaq deyil, Rusiyanın da bərabərhüquqlu iştirakçısı olduğu ümumavropa təhlükəsizlik məkanı ola bilərdi.
Üstəlik, bu ideya sonradan ortaya atılmış nəzəri fantaziya deyildi. 1990-cı illərin əvvəllərində buna yaxın yanaşmalar həqiqətən müzakirə olunurdu.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM, sonradan ATƏT) bazasında bütün Avropa dövlətlərini əhatə edən ümumi təhlükəsizlik sistemi yaratmaq ideyası mövcud idi. Sülh Naminə Tərəfdaşlıq proqramı da NATO üzvləri, keçmiş Varşava Müqaviləsi ölkələri və Rusiya arasında əməkdaşlıq platforması kimi nəzərdə tutulurdu.
Lakin tədricən ABŞ siyasəti ümumi təhlükəsizlik sisteminin yaradılması istiqamətindən NATO-nun genişləndirilməsi modelinə yönəldi.
1994-cü ildə Klinton administrasiyası alyansın genişlənməsi məsələsini fəal şəkildə nəzərdən keçirməyə başladı. 1997-ci ildə Polşa, Macarıstan və Çexiya NATO-ya üzvlüyə dəvət edildi. 1999-cu ildə isə bu ölkələr alyansa qoşuldular.
Beləliklə, mühüm strateji seçim edildi: soyuq müharibənin hərbi-siyasi institutunu ləğv etmək və ya kökündən yenidən qurmaq əvəzinə, onu saxlamaq və yeni dövlətləri öz sıralarına qəbul etmək.
Qərb bunu Avropada sabitliyin və təhlükəsizliyin genişləndirilməsi kimi təqdim edirdi. Moskva isə bu prosesi özünün beynəlxalq mövqelərinin zəiflədilməsi və keçmiş rəqibin hərbi-siyasi təsir dairəsinin Rusiya sərhədlərinə doğru yaxınlaşması kimi qəbul edirdi.
Burada iki fərqli təhlükəsizlik təsəvvürü toqquşurdu.
Qərb dövlətləri hesab edirdilər ki, NATO-ya qoşulmaq istəyən ölkələrin seçim hüququ var. Rusiya isə hesab edirdi ki, onun həyati təhlükəsizlik maraqları nəzərə alınmadan Avropanın hərbi-siyasi xəritəsinin dəyişdirilməsi uzunmüddətli sabitliyə xidmət edə bilməz.
Əslində, bu ziddiyyətin yaranacağını qabaqcadan görmək mümkün idi.
Rusiya niyə NATO-ya daxil olmadı? Bu məsələ heç müzakirə edilmişdimi?
Bu sualın cavabı xüsusilə maraqlıdır. Çünki Rusiya rəhbərliyi NATO-ya üzvlük ehtimalını müəyyən dövrlərdə açıq şəkildə gündəmə gətirmişdi.
2000-ci il martın 5-də, prezident səlahiyyətlərini icra etdiyi dövrdə Vladimir Putin BBC telekanalına Devid Frostun müsahibəsində Rusiyanın NATO-ya üzvlüyü ilə bağlı suala cavab verərkən belə demişdi:
"Niyə də yox? Əgər Rusiyanın maraqları nəzərə alınacaqsa və o, bərabərhüquqlu tərəfdaş olacaqsa, mən belə bir imkanı istisna etmirəm".
Bu açıqlama təsadüfi deyildi. Həmin dövrdə Rusiya ilə Qərb arasında münasibətlərin gələcək istiqaməti hələ tam müəyyənləşməmişdi. Moskva özünü Avropa sivilizasiyasının bir hissəsi kimi təqdim edir, NATO-nu mütləq düşmən hesab etmədiyini bildirirdi.
Putin 2017-ci ildə Oliver Stouna verdiyi müsahibədə də 2000-ci ildə ABŞ prezidenti Bill Klintonla görüşünü xatırladaraq Rusiyanın NATO-ya üzvlüyü ehtimalını onunla müzakirə etdiyini söyləmişdi. Putinin sözlərinə görə, Klinton əvvəlcə bu ideyaya müsbət reaksiya vermiş, sonradan isə ABŞ nümayəndə heyətindən belə bir variantın nəzərdən keçirilmədiyi barədə mövqe səslənmişdi.
Burada vacib bir dəqiqləşdirmə var: Putinin xatirəsi həmin söhbətin müstəqil şəkildə təsdiqlənmiş stenoqramı deyil. Bununla belə, onun 2000-ci ildə BBC-yə verdiyi açıq müsahibə Rusiyanın NATO-ya üzvlüyü ehtimalını dilə gətirdiyini təsdiqləyir.
Bəs bu imkan niyə reallaşmadı?
Əslində, Rusiya ilə NATO arasında üzvlüklə bağlı razılaşdırılmış prosedur, konkret şərtlər və tərəflərin qəbul etdiyi inteqrasiya proqramı mövcud deyildi. Moskvanın bərabərhüquqlu tərəfdaşlıq tələbi ilə NATO-nun mövcud qərarvermə sistemi arasında ciddi fərqlər vardı.
Rusiya sadəcə alyansın daha bir üzvü olmaq deyil, Avropanın strateji qərarlarının qəbulunda böyük dövlət statusuna uyğun xüsusi mövqeyə malik olmaq istəyirdi. ABŞ və digər NATO üzvləri isə alyansın qərarvermə mexanizmini Rusiyanın iştirakı ilə yenidən qurmağa hazır deyildilər.
Beləliklə, qarşılıqlı maraq bəyanatları olsa da, onları real siyasi layihəyə çevirmək mümkün olmadı.
Təsəvvür edin, əgər 1990-cı illərdə Rusiyanın ümumi Avropa təhlükəsizlik sisteminə mərhələli inteqrasiyası istiqamətində ciddi danışıqlar aparılsaydı, bugünkü Avropa siyasi xəritəsi necə görünərdi?
Bunun cavabını dəqiq bilmək mümkün deyil. Amma bu ehtimalın özü belə ciddi müzakirəyə layiqdir.
Rusiyaya NATO daxilində veto hüququ vermək olardımı?
Burada məsələnin ən mürəkkəb institusional tərəfinə gəlib çıxırıq.
NATO-da qərarlar konsensus əsasında qəbul edilir. Yəni üzv dövlətlərin hər biri qərarların qəbulunda iştirak edir və razılıq olmadığı halda alyansın ortaq qərarı formalaşmır. ABŞ-ın hüquqi baxımdan digər üzvlərdən üstün səsvermə hüququ yoxdur. Bununla belə, Vaşinqtonun alyans daxilindəki real siyasi, iqtisadi və hərbi təsiri digər üzvlərlə müqayisədə daha böyükdür.
Əgər Rusiya NATO-ya üzv olsaydı, formal olaraq digər üzvlərlə eyni qərarvermə mexanizmində iştirak edə bilərdi. Ancaq burada fundamental ziddiyyət ortaya çıxırdı: Moskva özünün böyük dövlət statusuna uyğun təsir imkanları istəyirdi, Şərqi Avropa ölkələri isə Rusiyanın onların təhlükəsizlik məsələlərinə müdaxilə edə biləcəyi mexanizmin yaranmasını istəmirdilər.
Bu məsələdə 1997-ci il mayın 27-də imzalanmış NATO-Rusiya Təsis Aktı xüsusi əhəmiyyət daşıyır.
Sənəd tərəflər arasında əməkdaşlığın, qarşılıqlı məsləhətləşmələrin və təhlükəsizlik sahəsində əlaqələrin inkişafını nəzərdə tuturdu. Lakin onun mühüm müddəalarından biri NATO-ya və Rusiyaya bir-birinin müstəqil qərarlarına veto qoymaq hüququnun verilməməsi idi.
2002-ci ildə isə Rusiya-NATO Şurası yaradıldı. Bu platformada Rusiya və alyans üzvləri təhlükəsizlik məsələlərini müzakirə edir, terrorizmə qarşı mübarizə, silahlara nəzarət və digər sahələrdə əməkdaşlıq imkanlarını araşdırırdılar.
Lakin bu qurum da Rusiyaya NATO-nun qərarlarını bloklamaq səlahiyyəti vermirdi.
Səbəb aydın idi: Qərb Rusiya ilə əməkdaşlıq etmək istəyirdi, amma ona Polşa, Çexiya, Macarıstan və Baltikyanı ölkələrin xarici siyasətini müəyyənləşdirmək imkanı vermək niyyətində deyildi.
Burada mühüm bir prinsip ortaya çıxır. Əgər yeni Avropa təhlükəsizlik sistemi qurulurdusa, bir dövlətin təhlükəsizliyi digər dövlətin siyasi müstəqilliyi hesabına təmin edilə bilməzdi.
Rusiyaya veto hüququ verilməsi də avtomatik olaraq sülh yaratmayacaqdı. Əksinə, bu, Şərqi Avropa ölkələrində yeni narahatlıqlar doğura bilərdi. Polşa, Litva, Latviya və Estoniya öz təhlükəsizlik qərarlarının Moskvanın razılığından asılı olmasını qəbul etməzdilər.
Deməli, həll yolu Rusiyaya xüsusi veto hüququ vermək deyil, heç bir dövlətin digərinin təhlükəsizlik və xarici siyasət seçimlərini diktə edə bilməyəcəyi ümumi mexanizm yaratmaq idi.
Məsələn, aşağıdakı prinsiplərə əsaslanan yeni sistem formalaşdırıla bilərdi:
– Bütün Avropa dövlətlərinin təhlükəsizliyini əhatə edən vahid müqavilə;
– Ümumi strateji qərarların qəbulunda iştirak mexanizmi;
– Bütün iştirakçıların ərazi bütövlüyü və siyasi müstəqilliyinin təminatı;
– Hərbi infrastrukturun yerləşdirilməsi və hərbi fəaliyyətlər üzərində qarşılıqlı nəzarət;
– Müəyyən kateqoriyalı silahların yerləşdirilməsinə dair razılaşdırılmış məhdudiyyətlər;
– İştirakçı dövlətlər arasında mübahisələrin sülh yolu ilə həlli mexanizmi;
– Rusiya, ABŞ və Avropa ölkələrinin strateji sabitlik məsələlərində bərabərhüquqlu iştirakı.
Yəni Rusiyanı mövcud NATO-nun sadəcə daha bir üzvünə çevirmək mütləq deyildi. NATO-nun da tərkib hissəsi olacağı daha geniş ümumavropa təhlükəsizlik təşkilatı yaratmaq mümkün variantlardan biri idi.
Bəlkə də məhz belə bir yanaşma daha uzunmüddətli nəticələr verə bilərdi.
Bəs Ukraynanın taleyi necə olardı?
Məsələnin ən ağrılı və eyni zamanda ən maraqlı tərəfi məhz Ukraynadır.
Əgər 1990-cı illərdə Rusiya ilə Qərb arasında ümumi təhlükəsizlik sistemi yaradılsaydı, Ukraynanın geosiyasi vəziyyəti tamamilə fərqli ola bilərdi.
Moskva ilə Vaşinqton arasında iki rəqabət aparan hərbi-siyasi mərkəz arasında seçim etmək zərurəti yaranmaya bilərdi. Ukrayna həm Rusiya ilə iqtisadi münasibətlərini inkişaf etdirə, həm Avropa İttifaqı ilə inteqrasiya edə, həm də ABŞ-la əməkdaşlıq qura bilərdi.
Bütün bunları etmək üçün mütləq hansısa hərbi bloka qoşulmaq tələb olunmazdı.
Belə bir model Ukraynanın neytral dövlət kimi qalmasını da nəzərdə tuta bilərdi. Lakin neytrallıq burada məcburi siyasi seçim deyil, bütün tərəflərin təhlükəsizlik təminatları ilə qorunan suverenlik modeli olmalı idi.
Ancaq bir məqamı unutmaq olmaz: Ukrayna nə Rusiyanın, nə də Qərbin geosiyasi layihələrində sadəcə coğrafi ərazi və ya bufer zona kimi nəzərdən keçirilə bilər. O, öz siyasi iradəsi, milli maraqları və müstəqil inkişaf yolu olan suveren dövlətdir.
Ukrayna cəmiyyətinin müxtəlif dövrlərdə Avropa inteqrasiyasına, Rusiya ilə münasibətlərə və ölkənin gələcək təhlükəsizlik modelinə dair fərqli mövqeləri olub. Bu fikir ayrılıqları yalnız xarici təsirlərlə izah edilə bilməz.
Deməli, Rusiya ilə Qərb arasında qarşıdurma olmasaydı belə, Ukraynanın daxili siyasi problemlərinin tamamilə aradan qalxacağına zəmanət yox idi.
Amma bir ehtimal kifayət qədər ciddi görünür: ümumi Avropa təhlükəsizlik sistemi mövcud olsaydı, Ukraynanın böyük güclər arasında geosiyasi qarşıdurmanın mərkəzinə çevrilməsi riski xeyli aşağı ola bilərdi.
Bu, həmin sistemin yaradılmasının lehinə ən mühüm arqumentlərdən biridir.
Tarixi fürsət niyə əldən verildi? Dörd əsas səbəb
Məncə, bu sualın cavabını dörd əsas amildə axtarmaq lazımdır.
Birinci səbəb: ABŞ-ın soyuq müharibədə qələbədən sonra yaranan siyasi üstünlük hissi.
1991-ci ildən sonra Vaşinqtonda belə bir təsəvvür formalaşmışdı ki, ABŞ-ın beynəlxalq siyasi və iqtisadi modeli öz üstünlüyünü sübut edib. Sovet İttifaqı dağılıb, kommunist sistem çökmüşdü. Rusiya isə tədricən Qərbin mövcud institutlarına uyğunlaşmalı idi.
Belə şəraitdə keçmiş rəqiblə bərabərhüquqlu yeni təhlükəsizlik sistemi qurmaq üçün ciddi siyasi motivasiya yox idi.
Qalib tərəfin düşüncəsi təxminən belə idi: niyə mövcud alyansı yenidən qurmaq lazımdır, əgər onu genişləndirmək mümkündür?
Lakin bu yanaşma soyuq müharibənin başa çatmasını bütün geosiyasi ziddiyyətlərin aradan qalxması kimi qəbul etmək demək idi. Halbuki SSRİ-nin dağılması Rusiyanın təhlükəsizlik maraqlarının, tarixi təsəvvürlərinin və beynəlxalq statusla bağlı gözləntilərinin yox olması anlamına gəlmirdi.
İkinci səbəb: Şərqi Avropa ölkələrinin Rusiyanın təsir dairəsinə qayıtmaq qorxusu.
Burada Polşa, Çexiya, Macarıstan və Baltikyanı ölkələrin mövqelərini nəzərə almamaq olmaz.
Bu dövlətlər uzun illər sovet siyasi və hərbi təsiri altında yaşayıblar. Onların NATO-ya üzvlüyə can atması yalnız ABŞ-ın təşəbbüsü ilə bağlı deyildi. Əksinə, Şərqi Avropa ölkələri özləri alyansa qoşulmaq üçün fəal şəkildə çalışırdılar.
Onlar üçün NATO ilk növbədə Amerika ekspansiyasının aləti deyil, keçmiş tarixi təcrübənin təkrarlanmasının qarşısını almaq üçün təhlükəsizlik təminatı idi.
Bu qorxuların müəyyən tarixi və siyasi əsasları vardı. Polşa və Baltikyanı dövlətlər Rusiyanın yenidən regionda dominant mövqeyə sahib olmasını istəmirdilər.
Beləliklə, Qərb çətin seçim qarşısında qalmışdı: Rusiyanı ümumavropa təhlükəsizlik sistemində xüsusi statusla təmin etmək, yoxsa sovet nəzarətindən yenicə çıxmış Şərqi Avropa ölkələrinin müstəqil təhlükəsizlik seçiminə üstünlük vermək?
Bu iki yanaşmanı uzlaşdırmaq asan deyildi. Əslində, NATO-nun genişlənməsi mübahisəsinin mərkəzində duran əsas ziddiyyətlərdən biri də məhz budur.
Üçüncü səbəb: Rusiyanın öz daxilindəki siyasi transformasiya.
Bütün məsuliyyəti yalnız Vaşinqtonun üzərinə qoymaq düzgün olmazdı.
1990-cı illərin Rusiyası dərin iqtisadi və siyasi böhran yaşayırdı. Dövlət institutları zəifləmiş, iqtisadiyyat ciddi tənəzzülə uğramış, Çeçenistanda müharibələr başlamış, ölkə daxilində müxtəlif siyasi və iqtisadi qruplar arasında hakimiyyət uğrunda mübarizə güclənmişdi.
Yeltsin dövründə Qərblə inteqrasiya üçün müəyyən imkanlar mövcud idi. Lakin uzunmüddətli demokratik transformasiyanı təmin edə biləcək sabit siyasi və institusional sistem formalaşmamışdı.
Sonrakı illərdə Rusiyada hakimiyyətin getdikcə daha çox mərkəzləşməsi, siyasi sistemin şəxsiyyət ətrafında qurulması və böyük dövlət statusunun xarici siyasətin əsas məqsədlərindən birinə çevrilməsi Qərblə bərabərhüquqlu əməkdaşlığı daha da çətinləşdirdi.
Çünki həqiqi bərabərhüquqlu tərəfdaşlıq yalnız digər dövlətlərin qərarlarına təsir etmək imkanı deyil, həm də ümumi qaydalara əməl etməyə hazır olmaq deməkdir.
Dördüncü səbəb: Qərbin köhnə hərbi-siyasi düşüncə modelindən imtina edə bilməməsi.
Vahid təhlükəsizlik məkanı yaratmaq əvəzinə NATO-nun mövcud strukturu qorunub saxlanıldı və genişləndirildi. Rusiya isə bu sistemin tamhüquqlu iştirakçısına çevrilmədi.
Sonrakı hadisələr münasibətləri daha da gərginləşdirdi:
– 1999-cu ildə NATO-nun Kosovoda hərbi əməliyyatı;
– NATO-nun şərqə doğru genişlənməsinin davam etməsi;
– 2002-ci ildə ABŞ-ın Raketdən Müdafiə Müqaviləsindən (ABM) çıxması;
– 2008-ci il Buxarest sammitində Ukrayna və Gürcüstanın gələcəkdə NATO üzvü olacağı barədə siyasi bəyanat.
Bu hadisələrin hər biri Moskva ilə Qərb arasında qarşılıqlı etimadın azalmasına təsir göstərdi.
Amma bir məqamı xüsusi vurğulamaq lazımdır: bu qərarların heç biri Rusiyanın sonradan başqa dövlətlərə qarşı güc tətbiq etməsini qaçılmaz etmirdi. Geosiyasi narazılıq hərbi müdaxilə üçün hüquqi və siyasi bəraət sayıla bilməz.
Bununla belə, qarşılıqlı etimadın tədricən dağılması Avropada təhlükəsizlik mühitini getdikcə daha kövrək vəziyyətə gətirdi.
Tamamilə başqa Avropa modeli qurmaq mümkün idimi?
Məncə, tarixi baxımdan ən maraqlı alternativ Rusiyanın sadəcə NATO-ya qəbul edilməsi deyil, SSRİ dağıldıqdan sonra yeni ümumavropa təhlükəsizlik arxitekturasının yaradılması olardı.
Belə bir sistemdə müxtəlif dövlət və institutların özünəməxsus rolu ola bilərdi:
Bu, hazırda mövcud olan təşkilatların sadəcə birləşdirilməsi demək deyildi. Söhbət yeni qaydalar, qarşılıqlı təminatlar və kollektiv məsuliyyət prinsipləri əsasında qurulan daha geniş təhlükəsizlik sistemindən gedirdi.
Belə bir modeldə Moskva ilə Vaşinqton arasında seçim etmək zərurəti azala bilərdi. Ukrayna iki hərbi-siyasi mərkəz arasında bufer dövlətə çevrilməzdi. Rusiyanın Avropa ilə iqtisadi və siyasi inteqrasiyası təhlükə kimi deyil, ümumi inkişafın bir hissəsi kimi qəbul edilə bilərdi.
Bu ideyanın tarixi əsası da mövcuddur.
1990-cı il noyabrın 21-də Parisdə Yeni Avropa üçün Paris Xartiyası imzalandı. Sənəddə Avropada qarşıdurma və parçalanma dövrünün başa çatdığı, dövlətlər arasında münasibətlərin əməkdaşlıq, demokratiya və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmalı olduğu bəyan edilirdi.
Xartiya bütün Avropa dövlətləri üçün bərabər təhlükəsizlik ideyasını irəli sürürdü.
Əslində, bu sənəd tamamilə fərqli Avropa siyasi arxitekturasının ideoloji əsaslarından biri ola bilərdi. Lakin sonrakı onilliklərdə qəbul edilən qərarlar qitəni tədricən həmin hədəfdən uzaqlaşdırdı.
Əlbəttə, belə bir sistemin qurulması asan olmayacaqdı. ABŞ-ın, Rusiyanın, Avropa dövlətlərinin və xüsusilə Şərqi Avropanın maraqlarını uzlaşdırmaq ciddi siyasi iradə tələb edirdi. Lakin bu çətinlik həmin ideyanın əvvəlcədən mümkünsüz olduğu anlamına gəlmirdi.
Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi
Bütün bu tarixi hadisələri təhlil etdikdə daha geniş bir nəticəyə gəlmək mümkündür.
Bəlkə də Qərbin 1991-ci ildən sonrakı ən böyük strateji uğursuzluğu NATO-nun genişlənməsi deyil, soyuq müharibənin başa çatmasını iki tarixi rəqib arasında davamlı siyasi barışığa çevirə bilməməsi idi.
Qərb Rusiyanı ümumavropa təhlükəsizlik sisteminə inteqrasiya etmək üçün unikal tarixi fürsət əldə etmişdi. Lakin yeni təhlükəsizlik arxitekturası yaratmaq əvəzinə, mövcud hərbi-siyasi ittifaqı genişləndirmək yolunu seçdi.
Rusiya isə öz növbəsində beynəlxalq münasibətlərdə bərabərhüquqlu iştirak tələb etməklə yanaşı, qonşu dövlətlərin suveren seçim hüququna hörmət etməyin vacibliyini qəbul etməli idi. Moskva bunu təmin edə bilmədi və ya siyasi rəhbərliyi belə bir yanaşmanı üstün tutmadı.
Şərqi Avropa dövlətləri öz müstəqilliklərini və təhlükəsizliklərini qorumağa çalışırdılar. Lakin onların təhlükəsizlik axtarışları tədricən daha geniş geosiyasi qarşıdurmanın tərkib hissəsinə çevrildi.
Ukrayna isə Avropanın gələcək siyasi və təhlükəsizlik nizamı ilə bağlı bir-birinə zidd təsəvvürlərin toqquşduğu məkana çevrildi.
Bu gün nəticə göz qabağındadır: Avropa yenidən silahlanır, Rusiya Qərbi strateji rəqib hesab edir, NATO şərq cinahını möhkəmləndirir, Ukrayna isə dağıdıcı müharibənin ağır nəticələri ilə üzləşir.
ABŞ və Avropa dövlətləri onilliklər əvvəl başqa siyasi qərarlarla qarşısını almağa çalışa biləcəkləri problemləri indi hərbi, iqtisadi və diplomatik vasitələrlə həll etməyə çalışırlar.
Amma burada vacib bir məqamı unutmamalıyıq: tarixdə alternativ ssenarilərin mövcudluğu onların mütləq uğurlu olacağı anlamına gəlmir. NATO genişlənməsəydi, Rusiyanın demokratik və sülhsevər dövlətə çevriləcəyinə, Ukraynanın daxili siyasi ziddiyyətlər yaşamayacağına və Avropada yeni münaqişələrin baş verməyəcəyinə heç bir zəmanət yox idi.
Eyni zamanda, Rusiyanın təhlükəsizlik narahatlıqlarını görməzdən gəlmək də strateji baxımdan düzgün siyasət deyildi.
Məncə, bu tarixi prosesin ən mühüm dərsi məhz budur: böyük dövlətlərin təhlükəsizliyi kiçik və orta dövlətlərin suverenliyi hesabına qurulmamalıdır. Eyni zamanda, heç bir dövlət öz təhlükəsizlik maraqlarını əsas gətirərək qonşularının müstəqil seçim hüququnu əlindən ala bilməz.
Bu iki prinsipdən biri pozulduqda ümumi təhlükəsizlik sistemi etibarlılığını itirir.
Və burada daha bir maraqlı fikir təcrübəsi aparaq.
Təsəvvür edək ki, 1991-ci ildə NATO-nun genişləndirilməsi əvəzinə tamamilə başqa strateji məqsəd müəyyənləşdirilmişdi: növbəti iyirmi il ərzində Rusiya, Ukrayna, Polşa, Almaniya, Fransa və ABŞ-ın iştirak etdiyi, hər bir dövlətin ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunduğu vahid təhlükəsizlik sistemi yaratmaq.
Belə bir sistemdə heç bir dövlət qonşusunun xarici siyasətini müəyyənləşdirmək hüququna malik olmayacaqdı. Heç bir ölkə digərinin təhlükəsizlik seçimlərini öz maraqlarına uyğun məhdudlaşdıra bilməyəcəkdi. Mübahisələr hərbi güc vasitəsilə deyil, razılaşdırılmış beynəlxalq mexanizmlər əsasında həll ediləcəkdi.
Bəlkə də bu gün biz raket tədarükünü, sanksiyaları, səfərbərliyi və yeni cəbhə xətlərini deyil, Lissabondan Vladivostoka qədər dəmir yollarının inkişafını, birgə enerji layihələrini, elmi proqramları və iqtisadi inteqrasiyanı müzakirə edərdik.
Əlbəttə, belə bir model münaqişələrin tamamilə yox olacağına zəmanət verməzdi. Ancaq onların qarşısının alınması və həlli üçün daha əlverişli siyasi mühit yarada bilərdi.
Çünki əsl siyasi müdriklik rəqibi məğlub etmək, onu təcrid etmək və öz qaydalarınla yaşamağa məcbur etməkdən ibarət deyil. Əsl siyasi müdriklik qələbədən sonra elə bir sistem yaratmaqdır ki, keçmiş rəqibin artıq sənin düşmənin olmaq üçün səbəbi qalmasın.
Bəlkə də Qərb 1991-ci ildə məhz bu tarixi imtahandan keçə bilmədi. Rusiya isə sonrakı illərdə ümumi təhlükəsizlik sisteminin məsuliyyətli iştirakçısı olmaq imkanını qoruyub saxlaya bilmədi.
Nəticədə Avropa yeni bir soyuq müharibənin astanasına qayıtdı.
Tarixdən çıxarılan ən böyük dərs isə dəyişməzdir: sülh yalnız hərbi güc balansı ilə deyil, qarşılıqlı etimad, suverenliyə hörmət və hamı üçün işləyən ədalətli qaydalarla qorunur.
Hazırladı: KONKRET.az-ın Analitik Qrupu
Mövzu ilə bağlı mühüm tarixi mənbələr
– National Security Archive – 1990–1991-ci illərdə Qərb liderlərinin Mixail Qorbaçovla NATO-nun gələcəyi barədə apardıqları danışıqlara dair məxfilikdən çıxarılmış diplomatik sənədlər.
– National Security Archive – Boris Yeltsin və Bill Klinton arasında NATO-nun genişlənməsi ilə bağlı danışıqların arxiv materialları.
– Kimberly Marten, European Journal of International Security (2018) – NATO-nun genişlənməsinə alternativlər və Rusiya-Qərb münasibətlərinin pisləşməsinin səbəbləri haqqında elmi araşdırma.
– The New York Times, 5 fevral 1997 – Corc Kennanın NATO-nun genişlənməsini ABŞ-ın tarixi səhvlərindən biri hesab etdiyi A Fateful Error məqaləsi.
– NATO-Russia Founding Act (1997) – NATO ilə Rusiya arasında qarşılıqlı münasibətlərin, əməkdaşlığın və təhlükəsizlik prinsiplərinin əsaslarını müəyyənləşdirən sənəd.
– Charter of Paris for a New Europe (1990) – Avropada yeni siyasi münasibətlərin və ümumi təhlükəsizlik sisteminin əsas prinsiplərini müəyyənləşdirən tarixi sənəd.
Müəllif: Vladimir Kayqorodov
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ