Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?
Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib.
"Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarlar ittifaqları isə təxminən 1,6 milyon nəfər göstərib. Etirazçılar əməkhaqqılarının artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, təhsil sisteminə daha çox vəsait ayrılmasını və yaşayış xərclərinin artmasına qarşı tədbirlər görülməsini tələb ediblər.
Parisdə nümayişlər iğtişaşlara çevrilib, polis gözyaşardıcı qazdan istifadə edib. Hakimiyyət ictimai asayişi qorumaq üçün ölkə üzrə 70 min polis və jandarm cəlb edib. Aksiyalar ictimai nəqliyyatın və məktəblərin fəaliyyətində də fasilələrə səbəb olub.
Qeyd edək ki, etirazlar sentyabr ayında başlayıb. Sonradan bahalaşma, aşağı əməkhaqqıları və dövlət xidmətlərinin keyfiyyətinin pisləşməsi ilə bağlı narazılıqlar da aksiyalara əlavə olunub.
Mövzu ilə bağlı politoloq Xəyal Bəşirov azxeber.com-a açıqlamasında bildirib ki, bu etiraz aksiyaları Emmanuel Makron hakimiyyətə gəldikdən sonra mütəmadi olaraq davam edir:
"Lakin son dövrlərdə etirazlar daha geniş miqyas alıb və ciddi nəticələrə səbəb olur. Ölkə daxilində baş verən etirazlar, iğtişaşlar və bir sıra xaotik proseslər artıq Fransanı dünyanın diqqət mərkəzinə gətirib. Bu, yalnız Fransa ilə bağlı məsələ deyil. Uzun illər, hətta onilliklər ərzində Avropanın yürütdüyü siyasətin məntiqi nəticəsidir. Həmin siyasət bu gün bumeranq effekti yaradaraq Avropanın özünə, ayrı-ayrı dövlətlərinə təsir göstərir. Hazırda təkcə Fransada deyil, Almaniya, İtaliya və digər Avropa ölkələrində də zaman-zaman bu cür etirazların şahidi oluruq. Ona görə də hesab edirəm ki, bu, ümumilikdə Avropanın ciddi problemidir. Bununla belə, Fransada etirazların yaranmasının spesifik səbəbləri də var. İnsanlar uzun müddətdir sosial qanunvericilikdə dəyişikliklərin aparılması, həyat şəraitinin və sosial rifahın yaxşılaşdırılması, əməkhaqlarının və pensiyaların artırılması, eləcə də digər məişət problemlərinin həlli ilə bağlı tələblər irəli sürürlər. Lakin hələlik hökumətin və müvafiq dövlət qurumlarının etirazçılarla danışıqlara getməsi, onların səslərini eşitməsi istiqamətində ciddi addımların şahidi olmuruq".
Analitik qeyd edib ki, əksinə, dünyanın müxtəlif dövlətlərində insanların etirazlarına münasibətdə tolerantlıq, dözümlülük və dialoq yolu ilə problemlərin həllini tələb edən Fransa özü öz vətəndaşlarının haqlı etirazlarına dəyənəklə, polis gücü ilə, silah və digər inzibati vasitələrlə cavab verir:
"Təbii ki, bu, problemin həlli yolu deyil. Söhbət 5-10 və ya 15 min insandan getmir. Etirazlarda yüz minlərlə, hətta milyonlarla insan iştirak edir. Bu qədər insanın narazılığına güc yolu ilə cavab vermək heç vaxt problemin həllinə gətirib çıxarmayacaq.
Hazırkı mərhələdə Fransa hakimiyyəti bu problemin köklü xarakter daşımadığı, sadəcə epizodik olduğu və zamanla aradan qalxacağı görüntüsünü yaratmağa çalışır. Lakin görünən odur ki, bu, keçici və epizodik problem deyil. Əksinə, ölkə daxilindəki xaotik proseslərin getdikcə dərinləşdiyini göstərir.
Bu baxımdan Avropada məsələyə ümumi yanaşma dəyişməlidir".
Xəyal Bəşirovun fikrincə, Avropa İttifaqına üzv dövlətlər, xüsusilə də bu gün Avropada söz və nüfuz sahibi olan ölkələr proseslə bağlı fərqli mövqe nümayiş etdirməlidirlər:
"Eyni zamanda, Fransaya da bu istiqamətdə ciddi çağırışlar edilməlidir. Çünki biz bu ölkənin həm daxili, həm xarici siyasətində, eləcə də Avropa İttifaqı daxilindəki fəaliyyətində uğursuzluqların şahidi oluruq.
Bütün bunlar problemin kompleks və sistemli yanaşma tələb etdiyini göstərir. İnsanlarla, etirazçılarla danışıqlara üstünlük verilməsə, dialoq yolu ilə problemlərin həllinə çalışılmasa, böhran getdikcə daha da dərinləşəcək. Bu isə ölkədə ciddi siyasi və sosial böhrana, hətta hökumətin dəyişməsinə gətirib çıxara bilər. Lakin hökumət dəyişsə belə, etirazların və narazılıqların səngiməyəcəyi ehtimalı da var. Hesab edirəm ki, Fransa hakimiyyəti bu ehtimalı daha ciddi şəkildə nəzərə almalıdır".
Aynur Babazadə

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev