Azərbaycandakı dini konfessiya rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı bəyanat yayıb

Azərbaycandakı dini konfessiya rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı bəyanat yayıbAzərbaycandakı dini konfessiya rəhbərləri Qarabağda dağıdılan dini abidələrimizlə bağlı bəyanat yayıb
Azərbaycandakı dini konfessiyaların rəhbərləri Qarabağda erməni vandallar tərəfindən dağıdılan və zərər vurulan dini abidələrimizlə bağlı birgə bəyanat veriblər.
Bu barədə QMİ-nin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bəyanatda bildirilir:
"Biz, Azərbaycandakı müsəlman, pravoslav, alban-udi və yəhudi dini konfessiyalarının rəhbərləri dindarların arzu və iradəsini ifadə edərək xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edirik.
Bu günlərdə öz ərazi bütövlüyünü bərpa etmək uğrunda 30 illik mücadilədən sonra Azərbaycanın üçrəngli dövlət bayrağının Qarabağ torpaqları üzərində yenidən dalğalanması çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə tarixi ədalət və istiqrarın qələbəsi anlamını verir. Azərbaycan dövləti və onun Prezidenti Zati-aliləri cənab İlham Əliyev sülhsevər siyasət yeridərək, uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında sülh yolu ilə həllində ardıcıllıq nümayiş etdirirdi. Bu illər ərzində siyasi danışıqlar nəticə vermədi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT qətnamələri yerinə yetirilmədi. Ermənistan tərəfinin növbəti hərbi təxribatlarının qarşısını almaq məcburiyyətində qalan Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etmək uğrunda Vətən müharibəsinə qalxdı və bu savaş beynəlxalq hüququn və ədalətin təntənəsi ilə nəticələndi. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanlar arasında müsəlmanlarla yanaşı xristian və yəhudilər də var.
Lakin dünya ictimaiyyəti bilməlidir ki, Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırım və işğal deyil, uzun illər ərzində ölkəmizin öz müxtəlifliyi ilə fərqlənən mədəni və mənəvi irsinə qarşı təcavüz siyasəti yeridib. Ermənistanın monoetnikliyə söykənən dövlət siyasəti onun işğal etdiyi ərazilərdə də yalnız erməni izi yaratmağa xidmət edib. Digər xalqlara və dinlərə qarşı dözümsüzlüklə səciyyələnən cəmiyyət yaratmış Ermənistan çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın işğal altında olan ərazilərində tarixən mövcud olmuş qədim alban, pravoslav, müsəlman dini və mədəni irsini tamamilə silməyə çalışıb. Mədəni-mənəvi irs nümunələrimizi ya tamamilə dağıdıb, ya da tarixini və mənşəyini saxtalaşdıraraq özününküləşdirib – erməniləşdirib, qriqoryanlaşdırıb.
Ermənistandan fərqli olaraq Azərbaycanda, paytaxt Bakıda və müxtəlif bölgələrdə minlərlə erməni əsilli vətəndaş əmin-amanlıq şəraitində yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası dövlət tərəfindən abadlaşdırılaraq qorunur. Azərbaycanın işğal olunmuş ərazilərində isə məscid, məbəd və məzarlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar dağıdılıb və talan edilib, Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb.
Qarabağ ərazisində mövcud olan 67 məsciddən 63-ü yerlə yeksan edilib, qalan 3 məscidə isə ciddi zərər vurulub. Ermənistan öz ərazisində yerləşən tarixi Azərbaycan dini abidələrini – İrəvan "Şah Abbas", "Sərdar", "Hacı Novruz Əli" və digər məscidləri tamamilə uçurub, Göy məscidin arxitektura xüsusiyyətlərini dəyişərək özününküləşdirib. Yalnız müsəlman məscidlərini məhv etməklə kifayətlənməyən Ermənistan Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki alban-udi məbədlərini qəsb edərək qriqoryanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi "Böyük Ermənistan" yaratmaq xülyası ilə bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.
İllərlə öz təcavüzkar siyasətini davam etdirən Ermənistan rejimi beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına heç bir məhəl qoymayıb, işğal etdiyi torpaqlarda yanğınlar, fosforlu bombalar, zəhərli maddələr və minalar vasitəsilə ekoloji cinayətlər törədib. Bu gün onların Azərbaycan ərazilərindən çıxarkən törətdikləri vəhşiliklər, maddi-mənəvi sərvətlərin talan edilməsi, sənət əsərlərinin oğurlanması, meşələrə və mülki obyektlərə od vurulması kimi real faktlar dünya mediası tərəfindən geniş işıqlandırılır.
Ermənistanın çoxmillətli və çoxkonfessiyalı Azərbaycan xalqının dini və mədəni irsinin məhv edilməsi və saxtalaşdırılmasına yönəlmiş əməlləri beynəlxalq humanitar hüquq, o cümlədən Cenevrə konvensiyalarının açıq-aşkar pozulması ilə yanaşı, bütün bəşər mədəniyyətinə və ümumdünya əhəmiyyətli irsinə qarşı təcavüzdür.
Multikultural ənənələrə sadiq olan Azərbaycan hökuməti mədəni-mənəvi dəyərlərin qorunması siyasətini prioritet istiqamət kimi dəyərləndirir və nəinki ölkə daxilində, hətta dünyanın müxtəlif bölgələrində, o cümlədən Vatikanda, Fransada, Bolqarıstanda, Serbiyada tarixi abidələrin, məscid və kilsələrin bərpasına əvəzsiz töhfələr verir. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqu təşviq edən bir sıra nüfuzlu beynəlxalq tədbirlərə, o cümlədən 2019-cu ilin noyabr ayında Dünya dini liderlərinin II Bakı sammitinə ev sahibliyi edib. 2016-cı ilin oktyabr ayında Azərbaycana səfər edən Roma Papası Fransisk ölkəmizdə müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq və dialoqu yüksək qiymətləndirib.
Hazırda Ermənistan Azərbaycana qarşı dini mövzuda yalan təbliğat aparır, işğaldan azad olunmuş ərazilərimizdə dini-mədəni abidələrin guya Azərbaycan tərəfindən dağıdılmasına yönələn addımların atıldığını iddia edir, öz təxribatını ölkəmizin adına yazmağa cəhd göstərir. Bu qədər real faktların müqabilində təcavüzkar Ermənistanın davamlı riyakar çıxışları, saxta xəbərləri, özünü məzlum göstərən yalan informasiyaları Azərbaycan vətəndaşlarının, tolerant, multikultural ölkədə yaşayan bütün dini konfessiya nümayəndələrinin haqlı qəzəbinə səbəb olur.
Azərbaycanın dövlət başçısı öz müraciət və müsahibələrində dəfələrlə bəyan edib ki, Azərbaycanın digər ərazilərində olduğu kimi işğaldan azad olunmuş torpaqlarda da bütün dini və mədəni abidələr, ibadət evləri bərpa ediləcək, hər bir insanın inancına hörmətlə yanaşılacaq, sülh şəraitində birgəyaşayış təmin olunacaq. Tarix boyu Azərbaycanda firavan yaşayan və öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirən xristian pravoslav, katolik, Dağ yəhudiləri, Alban-udi xristian, aşkenazi-Avropa yəhudiləri və digər dini icmalarının rəhbərləri olaraq Azərbaycanın bu sülhpərvər siyasətini dəstəkləyir, tariximizin və mədəniyyətimizin bərpası sahəsində görüləcək möhtəşəm quruculuq işlərinə xeyir-dualar veririk.
Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edərək, onları ölkəmizdə və yaşadığımız bölgədə sülh, əmin-amanlıq və birgəyaşayışın bərqərar olmasına dəstək verməyə çağırırıq!"
Müraciəti aşağıdakı şəxslər imzalayıb:
Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri
ALEKSANDR 
Bakı və Azərbaycan Arxiyepiskopu
Milix YEVDAYEV
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
Aleksandr ŞAROVSKİ
Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri
Şneor SEQAL
Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini
Robert MOBİLİ
Alban-udi icmasının rəhbəri /oxu.az

Sosial       Tarix: 24 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu krimnal bugun cebheden xeberler hava haqqinda