"Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur" – Deputat
"Əgər ölkəmizdə aqrar sahə üzrə diplomlu, lakin iş axtaran məzunların sayı bu qədərdirsə və eyni zamanda aqroparkların ehtiyaclarını ödəmək üçün xaricdən mütəxəssis cəlb edilməsinə xüsusi hüquqi şərait yaradılırsa, deməli, qarşımızda cavab tapmalı olduğumuz mühüm suallar dayanır".
azxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Deputat qeyd edib ki, aqroparkların rezidentlərinə, eləcə də onların əmək fəaliyyətinə cəlb etdiyi aqronomlara, bağçılıq üzrə mütəxəssislərə və baytar həkimlərə iş icazəsinin alınması tələbinin aradan qaldırılması aqrar sektorun inkişafı baxımından əhəmiyyətlidir:
"İlk baxışdan qanun layihəsi miqrasiya sahəsini əhatə etsə də, əslində, aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Təklif olunan dəyişikliyə əsasən, aqroparkların rezidentlərinə, habelə həmin rezidentlər tərəfindən əmək fəaliyyətinə cəlb edilən aqronomlara, bağçılıq üzrə mütəxəssislərə və baytar həkimlərə, müvafiq sahələr üzrə təcrübəyə malik olduqları halda, iş icazəsinin alınması tələb olunmayacaq. Dəyişikliyin beş il müddətində tətbiqi nəzərdə tutulur. Bu isə onun müvəqqəti və konkret hədəflərə hesablanmış tədbir olduğunu göstərir".
Deputat vurğulayıb ki, Azərbaycanda aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanması üçün ali və orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərir:
"Ölkəmizdə aqrar sahə üzrə ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi Azərbaycan Dövlət Aqrar Universitetidir. Bununla yanaşı, daha altı universitetdə aqrar sahəyə aid ixtisaslar tədris olunur. Hər il universitetləri, kollecləri və peşə təhsili müəssisələrini minlərlə gənc bitirir. Xarici ölkələrdə dövlət proqramları çərçivəsində aqrar sahə üzrə təhsil alan məzunlarımız da ölkəyə qayıdırlar.
"Məzunların məşğulluq reytinqi"nə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetindən 2018-2023-cü illərdə 5648 nəfər məzun olub. Onlardan 2468 nəfəri, yəni 43,3 faizi hələ də işlə təmin olunmayıb. Bu, kifayət qədər düşündürücü göstəricidir. İşlə təmin olunanların bir hissəsi də fərdi təsərrüfatla məşğul olan şəxslərdir".
Elçin Mirzəbəyli bildirib ki, mövcud vəziyyət aqrar təhsil ilə əmək bazarının tələbləri arasında uyğunsuzluğun olub-olmaması məsələsini gündəmə gətirir:
"Əgər bütün bunlara baxmayaraq, aqrar sektorun ehtiyaclarını ödəmək üçün yenə də xarici mütəxəssislərə müraciət etmək zərurəti yaranırsa, deməli, məsələyə kompleks yanaşmaq lazımdır. İlk növbədə, aqroparkların və digər kənd təsərrüfatı müəssisələrinin real mütəxəssis ehtiyacları müəyyənləşdirilməli, mövcud yerli kadr potensialı, aqrar təhsil müəssisələrinin məzunlarının məşğulluq vəziyyəti və tədris proqramlarının əmək bazarının tələblərinə uyğunluğu qiymətləndirilməlidir.
Eyni zamanda, xarici mütəxəssislərin cəlb edilməsi imkanlarından yerli mütəxəssislərin hazırlanması, müasir bilik və texnologiyaların ötürülməsi, aqrar təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə də istifadə olunmalıdır".
Fəridə Əsədzadə

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir
Bir aylıq 'qardaş' qaralama kampaniyası