"Qarabağı tərk edən Rusiya deyil" - Putin nə demək istədi

"Qarabağı tərk edən biz deyilik, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistandır".
azxeber.com musavat.com-a istinadən xəbər verir ki, bunu dekabrın 14-də Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında söyləyib. "Ermənistanda Qarabağla bağlı sadə proseslər getmir. Bunu hamımız başa düşürük. Qarabağı tərk edən biz deyilik, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistandır.
Onlar əslində bunu öz təşəbbüsləri ilə ediblər və bunu bəyan edərkən Rusiyaya məlumat verilməyib. Bunun həm müsbət, həm də mənfi tərəfləri var, bu, bir faktdır. Yaxşı, belə olsun, orada daxili siyasi proseslər mürəkkəbdir", - Putin bildirib. "MDB və KTMT üzvlüyünə xitam verilməsi Ermənistanın maraqlarına cavab vermir". Bunu da Putin söyləyib.
Göründüyü kimi, rəsmi Moskva hələ də Paşinyan hökumətinin Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə barışa bilmir. Niyə? Nədən Rusiya hələ də narazı və narahatdır? Axı 44 günlük müharibədən cəmi bir neçə gün sonra V.Putin müsahibələrinin birində etiraf etmişdi ki, bütün dünya, o cümlədən Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bəs "Ermənistanda vəziyyət mürəkkəbdir" deməklə Kreml rəhbəri nəyə işarə vurur, nəyin anonsunu verir? Nə vaxtsa Rusiyapərəstlərin hakimiyyətə qayıdışınımı?
Kreml liderinin sözlərindən belə çıxır ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanımasaydı, Rusiya hələ də separatizmə dəstək verəcəkdi, qondarma rejim mövcud olacaqdı, ermənilər Xankəndidə rus qoşunlarının nəzarəti altında yaşayacaqdılar, münaqişə davam edəcəkdi. Burada təhrikedici mesaj da var - yəni Qarabağı biz yox, Paşinyan təslim etdi, ayağa qalxıb onu devirin! Rusiya prezidenti "Valday" klubunda çıxışı zamanı da demişdi ki, ortada bütün Qarabağı Azərbaycana verən Vaşinqton sənədi var, əgər erməni xalqı buna razıdırsa, biz hörmətlə yanaşacağıq. O zaman bu çıxışı rezonans doğurmuşdu, Xankəndidə və İrəvanda mitinqlər keçirilmişdi. Putin yenidən eyni ritorika ilə çıxış edərək Paşinyanı ittiham etməyə çalışıb.
Ümumiyyətlə, Kreml rəhbərinə görə, Nikol rus imperiyasının planlarını pozdu və Putinin təbirincə desək, Qarabağın statusunu müəyyən etdi. Bu da, şübhəsiz ki, rus qoşunlarının Qarabağı tərk etməsini sürətləndirdi. Bu situasiyada Kreml rəhbəri bəyan etdi ki, sülhməramlılar 2025-ci ilin noyabrınadək formal fəaliyyət göstərəcək, yəni Qarabağ mövzusu qapandı, rus əsgəri evinə qayıtmalıdır. Əgər Ermənistan Qarabağ məsələsində Rusiyanın istəklərinə uyğun davransaydı, hazırda bölgədə ayrı mənzərə olacaqdı: rus sülhməramlılarının qalma müddətinin uzadılması çağırışları səslənəcəkdi, separatçılar təxribatları genişləndirəcəkdi, "artsax" rəhbərləri boyundan hündürə tullanan bəyanatları davam etdirəcəkdi, Vardanyan hələ də katalizator kimi qızışdırıcı hərəkətləri davam etdirəcəkdi. Hətta Paşinyan Soçi səfəri ərəfəsində demişdi ki, sülhməramlıların 30 il Qarabağda qalmasına təminat verən sənədə imza atmağa hazırdır.
Ətraflı
Lakin sonrakı dönəmdə Ermənistan hakimiyyəti Rusiyanı ittiham etməyə başladı: KTMT və Rusiya bizi müdafiə etmir, "Laçın" postunun qurulması rusların anlaşmanı pozmasıdır, Qarabağa girişdə blokada yaradılmasında Moskva da iştirak edir, sülhməramlılar təhlükəsizliyə daha təminat deyil, öz işlərini yerinə yetirmirlər... Bu da azmış kimi, Paşinyan KTMT tədbirlərini saymamağa başladı, bu blokun üzvü ola-ola amerikalı hərbçilərlə birgə təlim keçirdilər, Avropa Birliyinin mülki missiyasının genişlənməsi prosesi start götürdü, ardınca Roma statutu ratifikasiya edildi, Paşinyan Avropa Parlamentində antirus bəyanatlarla çıxış etdi, Simonyan Ukrayna konfransında iştirak etdi, indi də erməni tərəfi Rusiya telekanallarının yayımında pozuntular aşkarlayır və bütün bu addımları Moskva diqqətlə izləyir. Hətta Rusiyanın Birinci kanalı Paşinyan iqtidarını müvəqqəti adlandırdı və Ermənistan dövlətini hakimiyyətdən ayırdı. Sözsüz ki, İrəvanın bu hərəkətləri də Qarabağdakı hadisələrə ciddi şəkildə təsir etdi və Rusiya qoşunlarının bölgədə qalması indi heç kəsə lazım deyil.
"Yeni Müsavat"a bu açıqlamanı təhlil edən professor Qabil Hüseynlinin sözlərinə görə, Putin siyasi çıxış edib. Onun fikrincə, Kreml rəhbəri məhz Rusiyanın maraqlarını müdafiə etmiş olub. Q.Hüseynli eyni zamanda, erməni auditoriyasını Nikola qarşı çevirmək cəhdi olduğunu da istisna etmir: "Həmçinin revanşist qüvvələri təhrik etməyə və "Qarabağ uğrunda mübarizə gedir" həvəsi yaratmağa çalışıb. Eyni vaxtda Serj Sərkisyan da deyib ki, "artsax" ideyası ölməyib, "vaxt gələcək nəyi nəzərdə tutduğumu görəcəksiniz". Yəni sinxronluq təşkil edən bir siyasi xətt mövcuddur". Q.Hüseynliyə görə, Putin əvvəldən fikirlərini ikibaşlı ifadə edirdi: "Qarabağ müharibəsi başlayanda bu torpaqların Azərbaycana aid olduğunu açıqlamışdı. Vlodivostokda isə özünü daha aydın göstərmişdi. Orada bəyan etdi ki, Dağlıq Qarabağı Azərbaycana biz yox, Ermənistan hakimiyyəti verib. İndi də bu siyasi xətt davam edir. Məncə, qarşıda bu təhlükəli xəttə əlavə çalarlar ola bilər".
Bu mövzuda REAL Partiyasından Siyasi Komitənin üzvü Natiq Cəfərli çağırış edib ki, Paşinyanı, komandasını, Avropa Birliyi və ABŞ-ı tənqid etməyi tərgidin, çünki Putinin və Kremlin bütün planlarını pozublar: "Putin demək istəyir ki, biz qoymazdıq, imkan verməzdik, amma məhz Qərbin təkidi və təklifi ilə Paşinyan bu addımı atıb. Üzərinə də Azərbaycan son 3-4 ildə Rusiyanı urvatsız edib bölgədə nüfuzunu azaltdı - İrəvan və Bakı Qərbin koordinasiyası və Türkiyənin iştirakı ilə Cənubi Qafqazda Rusiyanı xeyli "əzdi", son 300 ildə bölgədə Rusiya heç vaxt bu qədər zəif olmamışdı".
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, sanki qeyri-adi hadisə baş verib: "Ermənistan müharibədə məğlub olub və bu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb. Putinin geniş mətbuat konfransındakı sonrakı cümləsi də düşündürücüdür: "Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bunu bəyan edərkən Rusiyaya məlumat verilməyib". Kreml sahibinin məntiqinə görə, İrəvan Qarabağdan imtina etməsəydi, Rusiya Azərbaycanın öz ərazisi üzərində suverenliyinin bərpasına imkan verməyəcəkdi".
Yeri gəlmişkən, dekabrın 15-də Belarus prezidenti Aleksandr Lukaşenko tarixə qovuşan bu münaqişə barəsində eyhamlı çıxış edib.
"Bəli, biz hardasa səhv etmişik, bəli, hardasa Ermənistanda və Azərbaycanda alınmadı. Gəlin bunu düzəldək... Ermənistan və Azərbaycanda bir dəfə deyilənlərə qulaq assaydılar, bu baş verməzdi və bunlar Paşinyanın günahı deyil. O, bütün bunları miras alıb. Mən Əliyevlə Serj Sarqsyanın arasında qaldım və açıq şəkildə təklif etdim ki, bu gün mümkün olanı həll etmək lazımdır, nəyə gedilə biləcəyi ilə bağlı qərar verməliyik. Bunu etmədilər, əvəzini də aldılar. İndi Ermənistan üçün yaxşıdır? Heç Azərbaycan üçün də asan deyil".

Siyasi       Tarix: 16 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Putinin partiyası nə qədər səs toplayıb?

Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb. xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezenesi sonxeber.az cəbhədən son xəbər xeberler bugun 2026