Şərəfsizə ŞƏRƏF ordeni verənin SÜLH ŞƏRTİ və hayların TERROR DƏRDİ - AÇIQ SÖHBƏT
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında (TŞ) Ermənistanın provokasiyalı bəyanatına cavab verib. Bildirilib ki, Laçın yolu ilə bağlı İrəvanın iradları əsassızdır, humanitar fəsadlarla bağlı situasiya yalandır. Buna rəğmən:
– Ermənistan Laçın dəhlizindən hərbi məqsədlərlə istifadə edir. Qondarma rejimə sursat ötürür;
– Mina xəritələrini bölüşməmək bir yana, postkonflikt dövrdə də mina basdırırlar;
– Məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasının qarşısını almaq üçün hər şey edirlər;
– Regionda ekoloji terror həyata keçirirlər;
– Ermənistan ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq əlaqələrinin qurulması təhlükəsiz, stabil və çiçəklənən Cənubi Qafqaz deməkdir.
KONKRET.azolaraq qısa təhlil aparmaq istəyirik. Əvvəla ondan başlayaq ki, Laçın yolu ilə İrəvan-Xankəndi əlaqəsi tam qaydasındadır və heç bir humanitar fəlakətdən söhbət gedə bilməz. Hər şey rus sülhməramlıların nəzarətindədir. Onlar isə ermənilərini o qədər sevir ki, öz boğazından kəsib haylara yedirdərlər. Sübut kimi Putinin Peqov, və Simonyan kimi şərəfsizlərə Şərəf ordeni verməsini göstərmək olar. Bu, həm də Rusiyanın Cənubi Qafqaz masasında açıq kartlarla oynadığına növbəti dəlildir. Yəni Kreml Qarabağda separatçı rejimə uzunömürlülük arzulamasaydı, "arsax" təbliğatçılarına orden verməz, milyarder "podelnik"lərindən olan Vardanyanı Xankəndiyə yollamazdı. Azərbaycan da beynəlxalq ədalətə ümidini çoxdan itirmiş və Moskvanın zəifləməsinə dua edən kimi görünür. BMT qətnamələrinin 30 illik icrasızlığından sonra Azərbaycan haqq savaşına qalxdı, işğalçı Ermənistanı məğlub etdi. Amma Rusiya Ermənistan boyda deyil. Ona görə də, danışıqlarla çözüm yolları axtarılır.
– Ermənistan Laçın dəhlizindən hərbi məqsədlərlə istifadə edir. Qondarma rejimə sursat ötürür.
Bu etirafda, sözügedən reallıqda çox məqam gizlənir. Buradakı qanunsuz fəaliyyət Ermənistana aiddirsə, bu cinayətlərə şərait yaratmaqda günahlandırılan Rusiyadır. Çünki Laçın yolu müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətindədir. Əlbəttə ki, beynəlxalq tribunalarda Azərbaycan həqiqətləri səsləndirilməlidir. Bir faydası olmasa da, siyasətin qaydası belədir. Lakin ümumi müddəalarla hesablaşmayan giclər, daha doğrusu, güclər az deyil. Elə 1813-cü ildən bu yana Azərbaycana qabırğa olmuş Rusiyanı götürək. XXI əsrdə bir ölkənin – Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü pozmaqla, orada qondarma rejim yaratmaqla məşğuldur. Bu miqyasda dərəbəyliklər hələ də qalıbsa, müasir dünya düzəni, diplomatiya uğurlarına arxayınlaşmaq sonunda Ukraynanın gününə düşmək kimidir. Azərbaycanın xarici siyasəti ideal olduğundan bütün bunlar nəzərə alınır. Bizə qarşı ikiüzlü olan hamıya ikili standartlar tətbiq edirik. Bir tərəfdən rus kontingentinə Qarabağ icazəsi verir, digər yandan onları tənqid hədəfinə çevirir, ruslarla möhkəm iqtisadi əlaqələr qurur, Ukraynaya humanitar yardım yollayırıq. Loru dildə desək, yalandan üzlərinə gülürük, əlacımız olsa, boğarıq. Çünki buna haqqımız var. Mən heç 2020-ci ilə qədər əsrlər boyu bizə yaşatdıqları qətliam və sürgünləri nəzərdə tutmuram. 2020-ci ildə Azərbaycanın qazandığı zəfəri gözlərinin götürmədiyinə eyham vururam. Yəni ruslar kapitulyant Ermənistanı yekəxana tərzdə minnət qoyan tərəfə çevirmək niyyətindədirlər. Guya ki, bu yolla hər iki tərəfi, həm İrəvan, həm də Bakını yenə Moskvadan asılı durumda saxlayacaqlar. Uzaq gələcəkdə nəyin necə olacağı sirr olaraq qalmaqdadır, amma yaxın zamanda Rusiya Qarabağ kartından istifadə gücünü qoruyacaq. Kreml bu kartı Türkiyə ilə tam bölüşmək niyyətində olmadığından İran ilə əməkdaşlığı gücləndirib. Rusiya ilə İran Azərbaycanın da iştirakı ilə vahid energetik sistem barədə düşünür, həmçinin 3 ölkəni birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər gedir. Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinin açılışı isə 2024-ə qalıb. Əjdaha ilində yaşıl eynəkli fars konsulluğunun yanına əjdaha başı qoyub sionist çığırmasa, rus separatçılıq niyyətilə neonasist bağırmasa, türk dünyasını birləşdirən Zəngəzur koridoru açılacaq.
– Mina xəritələrini bölüşməmək bir yana, postkonflikt dövrdə də mina basdırırlar.
Bəli, ermənilərin mina terroru davam edir. Sülh müqaviləsi bağlanandan sonra da daşnak trerroru davam edəcək. Bilirsiniz niyə? Çünki onlar xəstə təfəkkür sahibidirlər və hər vəchlə ölü sayını bərabərləşdirməyə, yaxud müharibələrdə ermənilərdən çox azərbaycanlıların həlak olmasına nail olmaq niyyətindədirlər. Vaxtaşırı baş verən təxribatların da özəyi budur. Biz kinli millət olmasaq da, onlar kidurət dolu orqanizmlərdir. Nə minlərlə şəhidimizin sayı qədər erməni öldürmək, nə I Qarabağ savaşında əsir, itkin və girov düşən və hələ də xəbər çıxmayan 4 min azərbaycanlı sayda ermənini həbsdə saxlamaq bizə görədir. Biz döyüşlər zamanı Laçın yolunu bağlayıb Xocalıda soyqırım törədənləri elə Xocalıdaca genosidə məruz qoymadıq. Biz Qarabağ ermənilərini 30 illik İrəvan "obşijitel"lərinə yollamadıq. Əksinə geri qaytarılan bəzi torpaqları da rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına verdik ki, sabah "arsax" bağıracaq ermənilər məcburi köçkün həyatını yaşamasınlar, Qarabağa qayıtsınlar. Axı biz məcburi köçkün həyatının çətinliklərini yaşamış xalqıq. "Bu həyatı düşmənimə də arzulamaram"ı o qədər dedik ki, istəklərimiz çin oldu. Düşmənimiz qaçqınlıq görmədi. Onlar bizim mərhəmətimizə sığınıb. Əgər bu gün azərbaycanlı tələbələr Qarabağdakı ermənilərə səslənir ki, "gəlin təbiəti terrorçulardan birgə qoruyaq" və bütün telekanallarımız bunu yayımlayırsa, mələklərin də təzim edəcəyi xalqıq. Ermənilər də baxır ki, azərbaycanlılar bütün terrora rəğmən onlara barış əlini uzadır. Buna görə də dəyişmirlər. Halbuki II Qarabağ müharibəsində Paşinyanın yalvarmadığı dünya lideri qalmamışdı ki, savaş dayansın. Bizim sülh niyyətimiz sülhməramlıların məkirinə oxşamır. Biz sülh istəyirik ki, regionda stabillik olsun və bəzi dövlətlərin pay qoparan əlləri bölgədən üzülüşsün. Yəni Azərbaycan dünyadakı xoruzdöyüşdürənlərin aləti olmadan müstəqil siyasət yürütmək fikrindədir. Belə olan halda isə Rusiya kimi dövlətlər öz məqsədləri naminə Zəngəzur və Qarabağı döyüş meydançasına çevirə bilməyəcək. Region aqressiv siyasət və federativ əsarətdən qurtulacaq. Ancaq indiki məqamda bu nikbinlik duyulmur.
– Məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmasının qarşısını almaq üçün hər şey edirlər;
Çünki erməniləri kimlərsə şirnikləşdirib, onlar yenə "böyük ermənistan" xülyasına, "miatsum" sevdasına düşüblər. Kremlin dəfnə yarpaqları sülhü dəfn eləmək üçün erməni qulaqlarına pıçıldayırlar ki, "azərbaycanlıların Qarabağa qayıdışına imkan verməsəniz, oralar yenə sizin olacaq". Əlbbətttə ki, bütün bunlar erməni xamxəyalları olaraq qalacaq. Çünki Azərbaycanın Böyük Qayıdış planı var və yaxın 8 ildə reallaşdırılması üçün işlər görülür. Erməni separatçılığı isə sülhməramlıların missiyası qədər müvəqqətidir. Təki müvəqqəti olsun. Olsun, amma Rusiya hər variantla Bakıya təzyiq edir ki, sülhməramlı mandatının qeyri-müəyyən vaxta uzadılmasına nail olsun. Azərbaycan isə buna getsəydi, heç 1988 mübahisələri, I Qarabağ savaşı da olmazdı. II Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ölkəmizin ən zəif zamanlarında belə, ruslarla ermənilərin Qarabağ hiyləsinə "hə" deyilməyib.
BMT-də Azərbaycan tərəfinin regionda ekoloji terror aparan Ermənistan və Cənubi Qafqazın stabillik açarı sayılan sülh haqqında səsləndirdiyi fikirləri təhlil etsək, deməliyik ki, Bakının da ekoloji və atmosfer vəziyyəti ürəkaçan deyil, yaşıllıq zonası beynəlxalq standartdan 24 faiz azdır. Hərçənd Bakı müharibə zonası deyil. Nə olsun, bu, qazanc üçün təbiəti sökənlərin yoxluğu anlamına gəlmir.
Ermənilər Qarabağdakı ekoloji terroruna qayıtsaq, dığalar bunu, əsasən özlərinin yaşamadığı ərazilərdə ediblər. Hazırda isə yaşadığı zonalarda faydalı qazıntıların talan edilməsi prosesi yaşanır ki, bu da ekoloji terrora yol açır. Əslində həmin ərazidə ekoloji terrorun əsas təhlükə mənbəyi rus sülhməramlılarıdır. Çünki Qarabağda müxtəlif təyinatlı hərbi bazalar qurmaq Kremlin adətidir. O ki qaldı Ermənistanla Azərbaycan arasındakı sülhün Cənubi Qafqazda stabilliyin bünövrəsi olacağına, bunu bütün dünya bilir.
Bunu bilmək bunu istəmək deyil.
KONKRET.az-ın Analitik Qrupu