ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrlik Azərbaycana keçdi

ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrlik Azərbaycana keçdiXarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) Azərbaycanın sədrliyi ilə keçirilən açılış iclasında çıxış edib.
Bu barədə Azxeber.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazir rəsmi Bakının TƏF sədrliyinin prioritet məsələlərindən və müəyyən edilən Təhlükəsizlik Dialoqlarından danışıb.
O, aşağıdakı məqamları xüsusilə vurğulayıb:
- Azərbaycanın TƏF-də sədrliyi sonuncu dəfə 17 il bundan öncə olub və o vaxtdan bəri ATƏT regionunda ümumi təhlükəsizlik mühitini mürəkkəbləşdirən bir çox hadisələr baş verib. Dəyişilməz qalan isə bizim həm ATƏT, həm də TƏF çərçivəsində əməkdaşlığımızın təməl prinsipləridir. Buraya, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental normalara, prinsiplərə və öhdəliklərə qeyd-şərtsiz hörmət, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi daxildir.
- Dövlətlərarası davranışın əsas prinsiplərinin kobud şəkildə pozulması nəticəsində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri təhlükə altına düşmüşdü. Lakin, 2020-ci ilin payızında silahlı qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatı bu vəziyyətə son qoydu.
- Azərbaycanın sədrlik gündəliyinə TƏF üçün yüksək əhəmiyyət kəsb edən və aktual məsələlər üzrə Təhlükəsizlik Dialoqlarının həyata keçirilməsi daxil edilib. Belə ki, ilk Təhlükəsizlik Dialoqu gələn həftə beynəlxalq humanitar hüquqa riayət olunması və mülki şəxslərin müdafiəsi mövzusu üzrə keçiriləcək. Biz, bu Təhlükəsizlik Dialoqu vasitəsilə dövlətlərin beynəlxalq humanitar hüquq və ATƏT-in müvafiq öhdəliklərinə əməl etməsini təşviq etmək və gücləndirməyi, habelə onların pozuntularına görə cavabdehliyin vacibliyi məsələsinin müzakirəsini təşkil etməyi hədəfləyirik.
- Digər iki Təhlükəsizlik Dialoqunu Yüngül və Atıcı Silahların və Adi Sursat Ehtiyatlarının müxtəlif aspektlərinə həsr edəcəyik. Onlardan biri əldə edilmiş təcrübəyə diqqət yetirməklə, ATƏT-in müvafiq öhdəliklərinin yerinə yetirilməsi mövzunu əhatə edəcək. Digər Təhlükəsizlik Dialoqu minalarla mübarizə məsələsinə diqqət yetirəcək.
- ATƏT-in hərtərəfli və çoxölçülü təhlükəsizlik konsepsiyası nöqteyi-nəzərindən, praktiki yardım layihələrinin həyata keçirilməsi digər təhlükəsizlik sahələrində, məsələn, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasının asanlaşdırılması ilə bağlı öhdəliklərimizin yerinə yetirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
- ATƏT-in "hərbi-siyasi bloka qoşulmayan" iştirakçı dövləti olan Azərbaycan, həmişə ATƏT-i ümumavropa təhlükəsizlik arxitekturasının əsas sütunu kimi görüb və hesab edib ki, ATƏT-in fundamental sənədlərində dəstəklənən təhlükəsizliyin bölünməzliyi qorunmalıdır. Sədrliyimiz çərçivəsində Təhlükəsizlik Dialoqlarından biri də, heç bir siyasi-hərbi alyansa daxil olmayan ölkələrin Avropa təhlükəsizlik arxitekturasındakı yeri və roluna, eləcə də ATƏT məkanında təhlükəsizlik və sabitliyə töhfə verməklə bağlı yanaşma və təcrübələrinə həsr olunacaq.
- Sədrliyimizin növbəti Təhlükəsizlik Dialoqu terrorizmin bütün forma və təzahürləri ilə mübarizəyə həsr olunacaq. ATƏT özünün unikal hərtərəfli təhlükəsizlik konsepsiyasına əsaslanaraq, terrorizmin maliyyələşdirilməsi, xarici terrorçu döyüşçülər fenomeni və terrorizm, o cümlədən çirkli pullarla muzdluların və terrorçuların maliyyələşdirilməsi, habelə separatizm və zorakı ekstremizm, mütəşəkkil cinayətkarlıq və digər qeyri-qanuni fəaliyyətlər arasında əlaqələr daxil olmaqla, vahid yanaşma vasitəsilə terrorizmlə mübarizə və onun qarşısının alınması üçün yaxşı mövqeyə malikdir.
- Növbəti Təhlükəsizlik Dialoqumuz adi silahlara nəzarət, eləcə də etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərini əhatə edəcək. Azərbaycan öz təcrübəsinə əsaslanaraq, bu sahədə mövcud olan təhlükə və çağırışlara yaxşı bələddir. Son otuz ilə yaxın müddətdə biz, ərazilərimizin işğalı ilə bağlı status-kvonu gücləndirmək kimi yanlış cəhdlər çərçivəsində bütün tətbiq edilən silahlara nəzarət rejimlərinə, habelə etimad və təhlükəsizlik tədbirlərinə qəsdən məhəl qoyulmadığının və onlardan boyun qaçırıldığının şahidi olduq. Bu təcrübəyə əsaslanaraq, biz əminik ki, dövlətlərin mövcud rejimlər altında silahlara nəzarət və etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinə dair öhdəliklərini yerinə yetirməsi həm sözdə, həm də əməldə ATƏT regionunda sülh, təhlükəsizlik və sabitliyə mühüm töhfə verə bilər.
- Nəhayət, yekun Təhlükəsizlik Dialoqumuz münaqişədən sonrakı yenidənqurma məsələlərinə diqqət yetirəcək və ATƏT regionunda əldə edilmiş təcrübəyə əsaslanacaq. ATƏT-in münaqişə dövrü ilə bağlı alətləri Təşkilatın münaqişədən sonrakı yenidənqurmada geniş və əhatəli şəkildə iştirakı üçün əsası təmin edir.
- Azərbaycan TƏF sədrliyi müddətində Təşkilatın əsasını təşkil edən fundamental prinsiplərə hörməti təmin etməklə yanaşı, ümumi siyasi və hərbi öhdəliklərimizin həyata keçirilməsini təşviq etmək və gücləndirmək üçün digər iştirakçı dövlətlərlə fəal şəkildə işləyəcək.
İclasın sonunda nazir C.Bayramov Azərbaycanın TƏF sədrliyini təbrik edən, Azərbaycanın prioritetlərini dəstəkləyən və bu istiqamətdə Azərbaycanla birgə işləməyə hazır olduğunu ifadə edən bütün iştirakçılara minnətdarlığını ifadə edib, səsləndirilən bir sıra rəy və təkliflərə münasibət bildirib. Eyni zamanda müzakirələr zamanı Ermənistan nümayəndəsi tərəfindən səsləndirilən əsassız iddialar rədd edilib və Azərbaycanın regional təhlükəsizliklə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırılıb.

Siyasi       Tarix: 20 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpas

İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb

Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpas

SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum

ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər

Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV

İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. KONKRET.azapa-ya istinadla xəbər verir ki, bu barədə "Nyu York Tayms"da dərc olunan yazıd

Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?

Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Paşinyan brifin

Prezident Gürcüstanla bağlı bu sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş" təsdiq edilib. xəbər veri

İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır

Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçıs

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verdi

Özbəkistan vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmaların


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberlər cebheden xeber sonxeber az novruz bayramı