Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, ilkin hesabatdan Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin təyyarəsinin Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşdiyi aydın olur.
Hesabatda qeyd olunur ki, hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.
CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.
Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.
Təyyarənin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.
Təyyarənin qalıqlarının kor zədələrində olan, hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib.
Hesabatda bildirilir ki, 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer "Ковер" əməliyyatı barədə Qoznıya məlumat verir.
Hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb.
Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.
Hesabatdan bu çıxarışları verməkdə məqsədimiz Rusiya tərəfinə məsuliyyətini bir daha xatırlatmaqdır. Belə ki, dünən hesabat yayılandan sonra Rusiyanın aidiyyəti qurumları, xüsusən də "Rosaviasia" məsuliyyətdən yayınmaq üçün əsassız açıqlamalarla çıxış edib. Bu məsələdə Rusiya mətbuatı da geri qalmır.
Görünən budur ki, Rusiya tərəfi məsələni ört-basdır etmək, məsuliyyəti təyyarə heyətinin üzərinə atmaq istəyir. Bunu rəsmi qurumların, ayrı-ayrı şəxslərin açıqlamalarından, eləcə də Rusiya mətbuatında gedən materiallardan aydın görmək mümkündür.
Rusiya tərəfi bununla "Malayziya Boing-2" vəziyyəti yaratmaq niyyəti güdür. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır.
Rusiya rəsmilərinin, ekspertlərinin və mətbuatının AZAL-ın təyyarəsi ilə bağlı addımları onların eyni taktikanı seçdiyini söyləməyə əsas verir. Lakin araşdırmaların nəticələri, qəzanın ardıcıllığı, faktlar və dəlillər başqa şey deyir.
Hesabatdan da göründüyü kimi, Azərbaycan təyyarəsi Qroznı üzərində atəşə məruz qalıb, ardıcıl bir neçə atəş açılıb, hava gəmisinin əsas idarəetmə sistemləri 05:13:32-də sıradan çıxıb, əlaqələndirici dispetçer isə "Ковер" əməliyyatı barədə Qoznıya 8 dəqiqə sonra – 05:21:42-də məlumat verib. Burdan aydın olur ki, Azərbaycan tərəfinin və təyyarə ekipajının "Ковер" əməliyyatından xəbəri ola bilməzdi. Bu da onu göstərir ki, Rusiya tərəfi məsələni gizlətmək istəyib.
Qazaxıstanın açıqladığı ilkin hesabatda açıq şəkildə qeyd olunub ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr təyyarənin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.
Təyyarənin füzelyajında aşkar olunan zədələr kənar obyektlərin təsiri nəticəsində yaranıb. Hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.
Bu qədər açıq-aydın, faktlar və sübutlarla yazılmış hesabatın ardından Rusiya tərəfinin öz israrından dönmək istəməməsini anlamaq mümkün deyil.
Kənar obyektlərin təsirindən danışarkən vurğulamaq yerinə düşər ki, hazırda Çeçenistanın paytaxtı Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədə hadisə ilə bağlı istintaq davam edir. Azərbaycan təyyarəsinə atəşin məhz bu hərbi hissənin ərazisindən açıldığına dair məlumatlar var.
Atəş əmri verənlərin və atəş açanların kimliyi Azərbaycan tərəfinə bəllidir. Rusiyalı müstəntiqlər isə atəşin niyə açılmasının səbəblərini müəyyənləşdirmək istəyir, dindirmə zamanı məhz bu suala cavab almağa çalışırlar.
Azərbaycan tərəfinə atəşin hansı silahdan açıldığı da məlumdur. Azərbaycan hökumətindəki mənbə fevralın 4-də "Reuters" agentliyinə bildirib ki, təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.
"Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş "Pantsir-S" raketinin fraqmenti var", – deyə mənbə bildirib.
Bu qədər fakt, sübut və dəlillər ortada olduğu halda Rusiyanın məsələni başqa istiqamətə yönəltmək niyyəti, günahı ekipajın üzərinə atmaq cəhdləri acı təəssüf doğurur. Halbuki araşdırmalarda Qazaxıstanla yanaşı, Azərbaycan, Rusiya və istehsalçı ölkə olan Braziliyadan olan mütəxəssislər də iştirak edir. Başqa sözlə, ilkin hesabatda əksini tapmış məqamlar Rusiya tərəfinə də məlumdur.
Azərbaycanın şərtləri, nə istədiyi bəllidir və bunlar ali səviyyədə də elan edilib. Artıq qeyd olunduğu kimi, Azərbaycanın əlində təyyarənin vurulduğu "Pantsir-S" raketlərinin hissələri də var. Sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır.
Bununla belə, Rusiya ilə dialoq üçün qapı açıqdır. Moskva öz günahını açıq şəkildə etiraf edib məsuliyyəti üzərinə götürməlidir. Əks halda Bakı növbəti addımlara hazırdır.
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Siyasi       Tarix: 05 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri sosial yardim son xəbərlər