Fazil Mustafa KİMDİR? - "Nursuzluq təhlükəsi"nin ideoloqu haqqında DETALLAR

Fazil Mustafa KİMDİR? - Rusiyanın təcavüzkar hücumu başlayandan bəri Ukraynanın bütün təbəqələrinin bir nöqtəyə vurmasına, Prezident Volodimir Zelenskidən tutmuş siyasi elitanın bütün təmsilçilərinin sarsılmaz mövqeyinə qibtə etməmək mümkün deyil. Ən heyrətamiz cəhət isə ukraynalı parlamentarların bütün dünyanı öz tribunalarına çevirmək bacarığıdır.
Deyəcəksiniz ki, nə olsun, 44 günlük müharibə dövründə bizə qələbə qazandıran,  bir neçə dildə müxtəlif KİV-lərə və jurnalistlərə müsahibə verən, dürüst, qətiyyətli mövqeyi, diplomatik bacarığı ilə özünə böyük rəğbət qazanan Prezident İlham Əliyev həmin missiyanın öhdəsindən təkbaşına gəlirdi. Üstəlik, Prezident Administrasiyasının üzdə olan bəzi məmurları da alnımızı açıq, üzümüzü ağ edirdilər. Amma cağdaş dövrdə erməni faşistləri üzərində qazandığımız parlaq qələbəni həzm edə bilməyən bəzi azğın dünya quzğunlarının müstəqil dövlətimizin üzərinə gəldiyi kritik və vacib mərhələdə bu proses daha geniş miqyası əhatə etməlidir.
Bəzi istisnalar olmaqla, biz bacarıqlı, dünyanın bütün tribunalarından istifadə edə biləcək millət vəkillərinə həsrət qalmışıq. Qabaqcıl texnologiyanın inkişaf etdiyi bir zamanda özlərini millətin vəkilləri kimi qələmə verənlərin səsi dünyada eşidilmir. Halbuki dövlətimizə və xalqımıza qahmar çıxmaq birbaşa onların boynunun borcudur. Parlamentdə mikrofonu kəsilən və yaxud telekanallardakı ictimai rəyə təsir etməyən verilişlərə dəvət almayan kimi (oxu: şəxsi maraqlarına toxunulanda) özlərini az qala cəmiyyətin "vicdanı" kimi qələmə verənlərin sükuta dalması dərin düşüncələrə yol açır.
Əlbəttə, açıqlamaları ermənilərin "Noyan Tapan" kimi eybəcər kanallarında deyilənlərdən fərqlənməyən radikal müxalifətin funksionerlərinin və Qərbin qarşısında təzim edən, Gəncənin, Bərdənin dinc sakinlərinin gecəyarısı yataqlarında olarkən bombalanması göstərişini verən Paşinyanı demokrat adlandırmaq qədər özlərini alçaldan bəzi "azərbaycanlı" jurnalistləri bir kənara qoyuruq.
Azərbaycandakı bütün proseslərdə yalnız qara rəngi axtaran qüvvələrə Prezident İlham Əliyevin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" cavabını  hamı yaxşı xatırlayır. Amma dövlət başçısının bu bəyanatı iqtidar cinahında olan qüvvələrin susması üçün səsləndirmədiyini də sağlam düşüncəli insanlar çox yaxşı anlayır.
Elə təəssürat yaranır ki, bəzi qüvvələr sanki pusquda dayanıb, hadisələrin kimin xeyrinə nəticələnəcəyini gözləyirlər. Artıq adət etmişik, İlham Əliyev administrasiyasının səyləri ilə proseslər Azərbaycanın xeyrinə həll olunan kimi həmin qüvvələr "mən də varam" görüntüsü yaratmağa çalışırlar. Halbuki dövlətimizin müstəqilliyini sidq-ürəkdən istəməli olan millət vəkilləri milli maraqlar naminə hakimiyyətin ağır yükünü xəfiflətməyə çalışmalıdırlar. Deyəsəksiniz ki, belələrinin danışmağındansa, susması daha yaxşıdır, çünki indiyədək siyasi səhvləri və ya tarixi şəxsiyyətlərə "divan" tutmaları ilə əllərini üzlərinə-gözlərinə bulaşdırıblar.
Çox uzağa getməyək. Bu günlərdə ermənilərin və havadarlarının təşəbbüsü ilə BMT-nin Təhlükəsizlik Şurasında ölkəmizə qarşı qətnamə qəbul edilməsinə növbəti cəhd oldu. Parlament üzvlərimizdən biri olan Qüdrət Həsənquliyev iclas bitən kimi Ermənistanın və Fransanın istəyinə çatmamasını "Azərbaycanın böyük diplomatik uğuru" adlandırdı. Amma dərhal həmin uğurda rolu olan Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevi tənqid etməyi də unutmadı. Sən demə, Yaşar Əliyev həmin gərgin iclasda zərərçəkən kimi ciddi tələblərlə (Ermənistanın Azərbaycana kompensasiya ödəməsi, müharibə cinayətlərinə dair xüsusi tribunalın yaradılması) çıxış etməyib və müdafiə olunub.
Bu sözləri vaxtilə guya Qarabağ məsələsinin həlli məqsədilə Azərbaycanın dövlət müstəqilliyinə zidd təkliflər (Qoşulmama Hərəkatından imtina etmək, Rusiyanın ölkəmizdəki maraqlarını təmin etmək, Moskvanın yaratdığı Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq, Qəbələdə Rusiyanın hərbi bazasını bərpa etmək) səsləndirən bir zatın söyləməsi həqiqətən nonsensdir! Gör kim BMT-nin Təhlükəsizlik Şurasında çıxışını, heç şübhəsiz, rəsmi Bakı ilə razılaşdıran daimi nümayəndəmizə nəyi necə deməyi öyrədir?!
Biz az qala dünyanın müxtəlif ölkələrinin deputatlarını və siyasətçilərini tanıyır, onların müxtəlif tədbirlərdə və ya telekanallarda müsahibələrini dinləyirik. Bu gün demək olarmı ki, bizim "millət vəkilləri" ABŞ və Ukrayna KİV-lərində Azərbaycanın və Türkiyənin mənafe və maraqlarını, Qarabağ həqiqətlərini vaxtilə rəsmi Bakının kəskin tənqidçisi olmuş, 44 günlük Vətən savaşından sonra isə bütün narazılıqlara moratorium qoymuş politoloq Ramiz Yunus kimi müdafiə edə bilir? Əlbəttə, yox.
Qüdrət Həsənquliyevin həm partiya sədri, həm də deputat kimi həmkarı olan Fazil Mustafa isə informasiya savaşında sipər olmaq əvəzinə ya Babəki, ya da Şah İsmayılı təftiş edir. Vaxtilə Fazil Mustafa da Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub. Onun Strasburq tribunasından erməni faşistlərini və ya ermənilərə havadarlıq edən avropalı siyasətçiləri ifşa edən alovlu çıxışını xatırlayan varmı?! Hər halda bizim yadımıza gəlmir. Çıxış bir yana qalsın, indiyədək Fazil Mustafanın hansısa avropalı siyasətçini və ya jurnalisti ölkəmizin dostları sirasına cəlb etdiyi və ya beynəlxalq mediada çıxış etdiyini görən olub?
Amma Fazil Mustafanın ölüb getmiş tarixi şəxsiyyətlərlə (Şah İsmayıl, Babək) "informasiya savaşı"na çıxmasını, xalqımıza Məmməd Əmin Rəsulzadənin yolu ilə getməyi tövsiyə edib, Cümhuriyyət qurucusunun dövründə qəbul edilən Azərbaycanın Dövlət himninin dəyişdirilməsi təklifini dəstəklədiyini "məmə deyəndən pəpə deyənə" kimi hamı bilir.
Üstəlik, belə adam Mədəniyyət Komitəsinin üzvüdür. Düzdür, Fazil Mustafa gəncliyində şeir yazdığını, hətta dərc olunduğunu da vurğulayıb. Amma, yəqin ki, şair kimi "Xətai" təxəllüsünü daşıyan Şah İsmayıl onun Mədəniyyət Komitəsi üzvü olmasını özünə həqarət saya bilərdi. Üzeyir bəyin və Əhməd Cavadın müəllifləri olduqları Dövlət himninin müdafiəsinə qalxan və Fazil Mustafaya peşəkar cavabı verən bəstəkar Cavanşir Quliyevin də eyni cür düşündüyünü təxmin etmək olar.
"Sənin xuliqanlığına cavab verməyəcəm. İnsanın bir sifəti olar, bir vicdanı olar. …bu adam Üzeyir bəyin yaratdığı o gözəl himni sevmir və bunu açıq bəyan edir. Himn qəbul olunarkən (1992) ordaydı (hökümətdə) və susdu… Bir də unutma: sən və sənin kimiləri heç vaxt Üzeyir bəyi təftiş edə bilməzsiniz. Sizin buna nə ağlınız, nə istedadınız, nə də gücünüz yetər", – deyə bəstəkar vaxtilə "facebook" səhifəsində Fazil Mustafaya cavab yazmışdı.
Qeyd edək ki, Fazil Mustafa "Azərbaycan əsgəri" marşı ilə təkcə ordumuzu deyil, bütün xalqımızı ruhlandıran Çavanşir Quliyevi o zaman "ağılsız və geri zəkalı" adlandırmışdı…
Həqarət siyahısı isə tükənmək bilmir. Bu yaxınlarda Fazil Mustafanın "Qarabağ gündəliyi" ilə biabır olan, "Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifovu "dostum" adlandıran (atalar demişkən, "Dostunu göstər, sənin kim olduğunu deyim"), indiki kritik mərhələdə Laçın yolundan selfi çəkərkən böyük siyasi səhvə yol verən Eynulla Fətullayevin müdafiəsinə qalxması da həmin qəbildəndir.
Dünyada tendensiya var: kriminal dünyanın adamları ilə dostluq edən şəxs siyasətdə və ya jurnalistikada fəaliyyət göstərə bilməz. Mənfi imicə malik olan belə siyasətçilərə və jurnalistlərə hörmət edilmir, yazdıqlarına etibar göstərilmir. Bir sözlə, ictimai rəyə təsirləri sıfıra bərabərdir.
Ötən ilin yayında çirkli pulların yuyulmasında və fırıldaqda ittiham olunan kürd əsilli türkiyəli iş adamı Sezgin Baran Korkmazın bir sıra jurnalistlərlə əməkdaşlıq etməsi Türkiyə cəmiyyətində əsl bomba effekti yaratdı. Həmin jurnalistlərin adlarının iş adamının haqqında qaldırılmış cinayət işində sadalanması onların işgüzar nüfuzuna böyük zərbə vurdu.
Bizdə isə millət vəkili Fazil Mustafa Azərbaycan torpaqlarını vəhşicəsinə işğal edən, Qarabağdakı azərbaycanlıların başına müsibətlər gətirən, xocalılara qarşı insanlığa zidd bəşəri cinayət törədən faşist xislətli separatçıları demokrat cildində təqdim edən Eynulla Fətullayevin müdafiəsinə qalxır. Fazil Mustafanın "Kaş ki, bu adamların bircəsi sizin 44 günlük savaşda informasiya cəbhəsində gördüyünüz möhtəşəm işin bircə faizini edəydilər. Hələ Laçında erməni terrorçularının qərargahına  daxil olub, müsahibə aldığınız məqamı demirəm. İstedadlı insanlara istedadsızların atdığı çirkaba görə ümidsizləşmək olmaz. Və bu Vətəni qaraguruhun mühakiməsinə qətiyyən tərk etmək olmaz" şərhini yazması heç bir əndazəyə sığmır.
Deyəsən, Fazil Mustafa düşünür ki, söhbət Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Qasım bəy Zakir, Mirzə Fətəli Axundov, Üzeyir bəy Hacıbəyov kimi cəmiyyətin nöqsanlarını işıqlandıran, cahilliyə qarşı fədakarlıqla mübarizə aparan, maarifçiliyi təbliğ edən milli istedadlardan gedir. Halbuki söhbət pusquda dayanan (bunu ağlı başında olan hər kəs bilir), türməyə düşən kimi Azərbaycan Prezidentindən imtina edən, bu iqtidarın yıxılmasını 4 gözlə gözləyən, "skeleti şkafda" saxlayan erməni xislətli adamdan gedir.
Yeri gəlmişkən, bizimkilər hər zaman bütün dünyada ermənilərin yalanlarına qapıların taybatay açıldığından şikayətlənirlər. Bu, həqiqətən ciddi problemdir. Lakin Azərbaycanda pul qazanıb, erməni faşizminin ideoloqlarının söylədikləri absurd, xəstə təxəyyülün məhsulu olan fikirləri ölkəmizdən yaymağın adı nədir? Youtube kanalında açdığı kanalda Eynulla Fətullayevin erməni ideoloqları Mark Qriqoryan, Aleksandr İsgəndəryan və digər "yan"lardan müsahibələr alması erməni lobbisinə xidmət sayılmır? Axı bunun adı söz azadlığı, fikir müxtəlifliyi və ya "xalq diplomatiyası" da deyil.
Yoxsa Fazil Mustafa zehniyyətində olanlar düşünürlər ki, Eynullanın "istedadı" elə zirvəyə çatıb ki, bir müsahibə ilə qriqoryanları, isgəndəryanları Azərbaycan sevdalısına çevirəcək? Məgər "yan"ların nə düşündükləri və necə hərəkət etdikləri  20 mindən çox şəhidi olan, namusu tapdanan, şərəfi ayaqlar altında qalan xalqımıza aydın deyilmi?  
Görün xalqımız və hakimiyyətimiz necə səbirli və dözümlüdür ki, ölkəmizin maraqlarına dəfələrlə zərbə vuran Eynulla kimi adam Azərbaycanda nəinki yaşayır, həm də pul qazanır, yüksək vergi ödəməsi ilə öyünür, üstəlik əməkdar jurnalist adına layiq görülür, jurnalistlərin evindən mənzillə mükafatlandırılır…
Əlbəttə, müstəqillik illərində zabit kimi Azərbaycan Ordusuna hərbi xidmətə göndərildiyi üçün Azərbaycan hakimiyyətini məhkəməyə verən Fazil Mustafadan da nəhəng addım gözləmək niyyətində deyilik. Əslində iqtidar ona böyük yaxşılıq edib. Çünki Fazil Mustafa indi Milli Məclisin deputatı kimi bioqrafiyasında Azərbaycan Ordusunda xidmət etdiyini xüsusilə qeyd edir. "2001 – 2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş bölgəsində tağım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmət keçib".
Hərçənd bərbad babəkşünaslığı onun adını sosial şəbəkələrdə gülüş obyektinə çevirib. Bu günlərdə Rasim Balayevlə görüşü zamanı İlham Əliyevin "xalq qəhrəmanımız Babək" deməsi, tanınmış kinoaktyorun isə "Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək sizsiniz, biz onun obrazını oynayırıq" deməsi yenidən Fazil Mustafanın adının sarkazmla gündəmə gətirilməsinə səbəb oldu.
2014-cü ildə Azərbaycan hökumətinin Fətullah Gülən camaatına məxsus nurçular təriqətinə qarşı kütləvi həbsləri başlanan zaman deputat Fazil Mustafa onlardan biri olduğu barədə ittihamları rədd etdi. Biz də "əcinnə ovu"na çıxmağın tərəfdarı deyilik. Amma həmin vaxt Fazil Mustafa "Nursuzluq təhlükəsi" məqaləsi ilə Azərbaycanda Gülən camaatına məxsus təhsil ocaqlarının bağlanmasına etiraz etdi və nurçuları "fədakar pedaqoqlar" adlandırdı.  "Azərbaycanın təhsilinin daha da geriləməsində, bu fədakar pedaqoqlara, bu məktəblərin savadlı və dövlətinə, millətinə bağlı məzunlarına qarşı ədalətsiz ittihamların, böhtanların səsləndirilməsində rol aldığınıza görə, mütləq utanacaqsınız. Bundan sonrasına bu gözəl məmləkətimiz üçün tək bir təhlükə görürəm: Nursuzluq təhlükəsi", – yazmışdı Fazil Mustafa.
Amma 2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd və gecədən səhərə kimi Ankara və istanbulda davam edən qorxunc hadisələr, 265 nəfər Türkiyə vətəndaşının həlak olması, yüzlərlə insanın yaralanması Gülən camaatının necə nursuzluq təhlükəsi olduğunu sübut etdi. Sonrakı illərdə ABŞ-ın qoruyub-saxladığı Fətullah Gülənin isə adının və milliyyətinin dəyişdirildiyi, dinə sızan bir erməni oğlu olduğu üzə çıxdı. Bu həm də Fazil Mustafanın siyasi korafəhimliyinin sübutu idi. Amma buna görə deputatın utanc hissləri keçirib-keçirmədiyindən xəbərimiz yoxdur.
Bir məsələ isə tamamilə aydındır. Gələcək nəsillər də Şah İsmayılı Səfəvilər dövlətinin qurucusu, bəd ayaqda "Xətai" təxəllüslü şair, Babəki 22 il ərəblərə qarşı mücadilə aparan xalq qəhrəmanı kimi xatırlayacaqlar.
Əsrlər öncə dünyasını dəyişmiş insanlara mənasız hücum edən, milli-azadlıq hərəkatından doğan Azərbaycan Xalq Cəbhəsinin sıralarında olarkən Cümhuriyyət dövrünün qəbul etdiyi Azərbaycan himninin sədaları altında yumruğunu göyə qaldıran, amma AXC-ni tərk etdikdən və deputat olduqdan sonra həmin himnin dəyişdirilməsi təklifini dəstəkləyən, "qanuni oğru"nu dostu adlandıran jurnalistin və "feto"çuların müdafiəsinə qalxan Fazil Mustafanı isə heç xatırlamayacaqlar…
Çünki AXC-Müsavat hakimiyyəti dövründə təcrübəsiz olduğunu bilə-bilə yüksək vəzifədən imtina etmədiyini və hazırda da yaxşı millət vəkili olmadığını etiraf edən də Fazil Mustafa özüdür. (.
Onun "…Təcrübəsiz, 27 yaşında dövlət hüquq şöbəsinin müdiri postunu tutmuşdum" və "Hesab edirəm ki, yaxşı millət vəkili deyiləm. O baxımdan ki, yaxşı millət vəkili olmaq üçün deputatın fəaliyyət göstərə biləcəyi mühit olmalıdır" etirafları heç də səmiyyətdən irəli gəlmir. Bu, "mən yaxşıyam, amma hakimiyyətlər pisdir" mesajının verilməsi deməkdir.
İngilislər demişkən, "no comment"…
KONKRET.az-ın ANALİTİK QRUPU

Siyasi     Baxılıb: 140   Tarix: 22 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Türkiyəyə getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə -a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində C.Bayramovu

Prezident: Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır

Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir. xəbər verir ki, bu fikirlər Prezident İlha

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib. xəbər verir ki, söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafında

ABŞ nəşrindən ŞOK: İsrail TÜKƏNİR - Nəticələri DƏHŞƏTLİ OLACAQ

İsrailin raket əleyhinə müdafiə raketlərinin ehtiyatı tükənmək üzrədir. xəbər verir ki, ABŞ-ın nüfuzlu The Washington Post qəzetinin yaydığı məlumata görə, İsrail İranla davam edən gərgin qarşıdurma fonunda bahalı raket əleyhin

ABŞ və müttəfiq donanmaları Fars körfəzində hərəkətə keçdi - BAŞLAYIR

Fars körfəzində gərginlik kulminasiya nöqtəsinə çatır. -ın OSINTdefender platformasına istinadən məlumatına görə, ABŞ və müttəfiq ölkələrin bütün hərbi gəmiləri Bəhreyndəki dəniz bazasını tərk edərək dənizə çıxıb. Bu, Vaşinqtonu

Asif Əli Zərdari İlham Əliyevi təbrik etdi

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Zati-aliləri, əziz Qardaşım. Ölkənizin milli bayramı - Müstəqillik Gün

Yeri bəlli olsa da ABŞ Xameneinin ölüm fərmanını niyə vermir? - ŞOK SƏBƏBLƏR

"Xameneini əsas hədəf kimi seçən İsrail dini liderin ölümünün İran rejiminin çökməsi ilə nəticələnəcəyini hesab etsə də, ABŞ bu məsələyə ehtiyatlı yanaşır. Tramp Xamenei ilə bağlı son açıqlamasında bəyan etdi ki, "onu

Ceyhun Bayramov və Böyük Britaniyanın XİN başçısı arasında telefon danışığı baş tutub

17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub

İsrail-İran münaqişəsinə Çin liderindən reaksiya

Pekin İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Yaxın Şərqdə gərginliyin qəfil artımından narahatdır. xəbər verir ki, bunu Çin lideri Si Szinpin Qazaxıstanda keçirilən Çin-Orta Asiya sammitində çıxışında deyib


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun cəbhədən ən son xəbər apa.az xeberler valyuta mezennesi banklar