İlham Əliyevin andiçmə mərasimindəki nitqində verdiyi MÜHÜM MESAJLAR
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi milli maraqlarımızın qorunması istiqamətində dünya birliyinə ünvanlanmış açıqlamalar, mesajlar və yeni mərhələdə xalqımızı böyük nailiyyətlərin gözləməsi barədə vədlərlə yadda qaldı.
İkinci Qarabağ müharibəsini Azərbaycanın şanlı tarixi adlandıran İlham Əliyev savaşın baş verməsinə görə bütün məsuliyyəti Ermənistanın və onun arxasında dayanan qüvvələrin daşıdığını bəyan etdi:
"Əgər Ermənistan, onun rəhbərliyi, arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, müharibə olmaya bilərdi. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı".
Dövlət başçısı nəzərə çatdırıb ki, müxtəlif tədbirlər və görüşlər zamanı dəfələrlə Ermənistan rəhbərliyinə və havadar dövlət başçılarına Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağı barədə xəbərdarlıq edib:
"Deyirdim ki, nə qədər gec deyil, Ermənistanı inandırın və özünüz də lazımi addımlar atın ki, bu işğala son qoyulsun. Ancaq əfsuslar olsun ki, bütün çağırışlarım, bütün xəbərdarlıqlarım havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik".
Azərbaycanın prinsipial mövqe və səbir nümayiş etdirdiyini xatırladan prezident Ermənistanın ağılsız davranışlarının lokal antiterror tədbirlərinə səbəb olduğunu vurğulayıb:
"Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən dövlət digər tərəfdən bizə qarşı ərazi iddialarından əl çəkmirdi. Bunu, həm onların açıqlamaları, həm də onların qanunları, o cümlədən əsas qanunu, separatçı qüvvələrə Ermənistan rəhbərliyi tərəfindən göndərilən təbrik məktubları göstərirdi. Bunu görmək istəməyənlər, bu gün Ermənistanın arxasında durmağa çalışanlar bilməlidirlər ki, heç nəyi gizlədə bilməyəcəklər".
Azərbaycan dövlətinin hər adddımın məntiqi mənasının olduğu, situativ, avantüra xarakter daşımadığı diqqətə çatdırılıb.
"Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var", – deyə İlham Əliyev əlavə edib.
Azərbaycanda separatizmin kökünün kəsildiyini vurulayan prezident Xankəndi şəhərində səs verməsinin də səbəbinə toxunub:
"Azərbaycanın istənilən yerində səs verə bilərdim. Ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırım planlaşdırılırdı və proses oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi. Bunu hər kəs bilir. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi".
Prezident qətiyyətlə qeyd edib ki, əgər vətənimizə qarşı ərazi iddialarına son qoyulmazsa, Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, sülh müqaviləsi olmayacaq.
Prezident ölkəmizin daha böyük nailiyyətlərinin olacağına şübhə etmədiyini söyləyib: "Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır. Biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun".
Prezident növbəti illərdə ordu quruculuğunun davam etdirilməsini, müdafiə potensialının artırılmasını, sərhədlərimizin güclü şəkildə qorunmasını, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsini, texnoloji inkişafın, şəhid ailələrinə və qazilərə qayğını əsas vəzifə adlandırıb. Dövlət qurumlarının, özəl sektorun və cəmiyyətin bütün digər seqmentlərinin gündəlik həyatımızın əlamətlərinə çevriləcək texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellektin tətbiq edilməsi prosesinə hazır olmağa çağırıb.
"Biz elə Ordu yaratmışıq ki, heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz. Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır", – deyə dövlət başçısı növbəti dəfə xəbərdarlıq edib.
"Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin", – deyən dövlət başçısı ideoloji risklərin sərhəd tanımadığını xatırladıb. Gənc nəslin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə olunmasını, bu istiqamətdə ailə və məktəb tərbiyəsinin əhəmiyyətini əsas məsələlərdən biri adlandırıb. "Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir. Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Onların beyinlərini zəhərləmək istəyəndə heç kim uğura nail olmasın".
Xalqımızın milli birliyinin daimi olmasının əhəmiyyəti, bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, azərbaycançılıq məfkurəsinin daha da gücləndirilməsi ilə bağlı addımların atılacağı vurğulanıb.
Ölkə iqtisadiyyatından danışarkən prezident bildirib ki, Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaranıb, hazırda qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir, əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə çox böyük sıçrayışa gətirib çıxaracaq: "Bunu hər kəs görəcək".
Hər il ölkəmizdə 10 minlərlə yeni iş yerinin yaradılmasının vacibliyinə toxunan dövlət başçısı qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafın yeni dayaq nöqtəsi olacaq, bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.
Azərbaycanın dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edildiyi, etibarlı tərəfdaş olduğu bir daha vurğulanıb: "Getdikcə rolumuz artacaq, bizə müraciətlər də çoxalacaq. Necə ki, bu gün xahişlə müraciət edirlər ki, bizə qaz verin, bizdə qaz çatmır və sair, burada da eyni mənzərə olacaq".
Çöx mühüm və həssas bölgədə yerləşdiyimizi xatırladan prezident parlaq qələbəmiz səbəbindən bizə ziyan vurmaq üçün fürsət axtaran qüvvələrin birləşdiyinə bir daha diqqəti cəlb edib: "Biz sarsılmaz hesab olunan elə daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq".
Prezident bəzən hansısa ölkənin və ölkələr qrupunun beynəlxalq ictimaiyyət funksiyasını öz üzərinə götürməyə çalışmasını "təvazökarlıqdan uzaq məsələ" adlandırıb: "Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz. Bir ölkə, ümumiyyətlə, danışa bilməz. Beynəlxalq ictimaiyyət bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil".
Bununla belə, dövlət başçısı ölkəmiz üçün hər hansı bir təhlükə, təhdid görmədiyini, dünya ictimaiyyətinin Azərbaycanın siyasətini dəstəklədiyini nəzərə çatdırıb: "Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi".
Türk Dövlətləri Təşkilatının ölkəmiz üçün əsas beynəlxalq təşkilat olduğunu, bizim ailəmizin Türk dünyası olduğunu söyləyən prezident bəzi beynəlxalq təşkilatların Azərbaycana qərəzli münasibətini açıq etiraf edib:
"Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur".
Prezident bildirib ki, ölkəmiz həmin ayırıcı xətlərin əleyhinədir və anti-Azərbaycan qüvvələrinə baş əyməyəcək. "Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!".
Prezident deyib ki, Qarabağ münaqişəsini təkbaşına həll edən ölkəmizin xarici siyasətində dünyanı narahat edən problemlərin həllində, o cümlədən iqlim dəyişikliyinə, dünyada islamofobiyaya, neokolonializmə qarşı mübarizədə fəal olmaq istiqamətləri üstünlük təşkil edəcək:
"Neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar".
Çıxışının sonunda İlham Əliyev xəbərdarlıq edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir:
"Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Gedin, öz işinizlə məşğul olun! Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Yolumuz açıq olsun!".
Xatirə SADİQ,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]