İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb - VİDEO

İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb - VİDEOKoronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyata göstərdiyi təsirlər artıb. Yaranmış vəziyyətə Azərbaycan hökuməti çevik reaksiya verib. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-yə müsahibəsində deyib.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış İşçi Qrupun koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırladığı təkliflər barədə danışan İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov bildirib ki, bütün dünyada iqtisadi artım templəri səngiyib. Pandemiyanın təsiri altında enerji və səhm bazarlarında durğunluq yaranıb, dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb.
Nazir qeyd edib ki, hazırda Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir. Hazırda hökumət məşğulluğun, maliyyə-bank sektorunun sağlamlığının qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün gələcək addımlarla bağlı çevikliyin saxlanılmasına çalışır.
M.Cabbarov vurğulayıb ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılan İşçi Qrupun əsas məqsədi bu təsirlərin və belə təsirlərə məruz qalan sahələrin müəyyən edilməsi, iqtisadiyyata və sahibkarlığa dəstək paketinin formalaşdırılmasıdır. İqtisadi bloka daxil olan qurumların birgə və intensiv fəaliyyəti nəticəsində bu işi qısa bir müddətdə əsasən yekunlaşdırmaq mümkün olub.
Dövlət dəstəyinin göstərilməsi üçün 10 proqram hazırlanıb
Qeyd edək ki, iqtisadiyyata dövlət dəstəyinin göstərilməsi ilə bağlı Azərbaycanda 10 proqram hazırlanıb. Proqramlar hazırlanarkən ilk növbədə pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Ümumilikdə, dövlət dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Yəni, bu, 2,5 milyard manatlıq dəstək sistemi deməkdir və Azərbaycanın ÜDM-nin 3%-ni təşkil edir. Odur ki, iqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə də regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb.
Şəffaf işləyən sahibkarlar dövlət dəstəyi proqramından faydalana biləcəklər
Xatırladaq ki, karantin rejiminin tətbiqi, iqtisadi fəallığın məhdudlaşdırılması ilə bağlı qərarların qəbul olunması zamanı hökumət sahibkarlara və müəssisələrə müraciət edərək iş yerlərini ixtisar etməməyə və işçilərin əmək haqlarını ödəməyə çağırış etmişdi. Hazırlanmış dövlət dəstəyi mexanizmi bu çağırışlara əməl edən, iş yerlərini və əməkhaqlarını qoruyub saxlamış sahibkarlara şamil ediləcək. Yəni, işinişəffaf quran, işçilərlə əmək müqavilələri bağlayan, fəaliyyətini "ağardan" sahibkarlar dövlət dəstəyi proqramlarından daha çox faydalanacaqlar.
300 mindən çox işçinin əmək haqqının bir hissəsini dövlət ödəyəcək
Birinci və əhatəli olan proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir. Bu proqramın fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. Qeyd edək ki, hazırda ölkədə 1 milyon 555 min əmək müqaviləsi (muzdlu işçi) var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir. Qiymətləndirmələrə əsasən, baş verən neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100% təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və Mall-lar, əyləncə, nəqliyyat və s. sahələrdir (bu sahələr barədə detallı məlumatlar yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlanacaq). Bu sektorlarda olan şirkətlərdə muzdlu işçi kimi çalışan hər bir vətəndaş bu proqramla əhatə olunacaq. Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada güzəştlərin tətbiqində 70%-lik dəstək tətbiq ediləcək. Ümumiyyətlə, proqramın tətbiq mexanizmi ondan ibarətdir ki, burada ya işçinin real maaşı və ya respublika üzrə orta aylıq əməkhaqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əməkhaqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50%-nin birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir. Eyni zamanda, orta aylıq əməkhaqqı maksimal hədd kimi götürülüb. Burada yanaşma ondan ibarətdir ki, əgər hər hansı işçi orta aylıq əmək haqqından çox əməkhaqqı alırsa, onun belə bir dəstəyə ehtiyacı daha aşağı əməkhaqqı alana nisbətən fərqlidir. Yuxarı əmək haqqı alan muzdlu işçilər əsasən minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələrdə cəmlənib. Bunlar, məsələn maliyyə, bank, sığorta, rabitə sektorlarıdır.
Dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq
İkinci böyük proqram 290 mindən çox mikro və fərdi sahibkarı əhatə edir. Burada söhbət fərdi şəkildə fəaliyyət göstərən sahibkarlardan gedir. Bir qayda olaraq, mikro sahibkarların maliyyə yastığı dardır. İqtisadi fəaliyyətə tətbiq edilən iqtisadi fəaliyyətə məhdudiyyətlər, ilk növbədə, bu sektora təsir edib. Bu sektorun qorunub saxlanması üçün dəstəyə ehtiyacı var. Burada baza kimi mikro sahibkarların 2019-cu il ərzində həyata keçirdiyi vergi ödənişlərinə istinad ediləcək, ödənişlərin və birbaşa yardımların edilməsində həmin bazaya əsaslanılacaq. Bu iki proqramın əhatə dairəsinə baxılarsa, 2 vacib məqam vurğulanmalıdır; Birincisi, bu, biznesin dəstəyinə yönəlmiş proqramdır. Hər bir sahibkar üçün əməkhaqqı fondu kifayət qədər əhəmiyyətli, bir çox hallarda böyük xərc istiqamətidir. Ona görə də dövlət burada birbaşa maliyyə dəstəyi ilə yardımını edir və bu əhəmiyyətli bir dəstəkdir. Bu proqramlar 600 minə yaxın insanı əhatə edir.
Biznesə vergi güzəştləri və imtiyazlar veriləcək
Üçüncü proqram biznes üçün vergi güzəştləri, tətilləri və imtiyazları ilə bağlıdır. Burada əsasən, pandemiyanın mənfi təsirləri altında olan və həmçinin bir sıra digər sahələrə də müxtəlif güzəştlər nəzərdə tutulur. Burada da əsas məntiq ondan ibarətdir ki, güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və sferalar qorunsun, onların əlavə likvidlik təzyiqi ilə üzləşməsinə imkan verilməsin. Vergi sahəsində əsas güzəştlər paketinə gəldikdə isə qeyd etmək lazımdır ki, pandemiyadan zərər çəkən sahələr, o cümlədən mikrosahibkarlıq subyektləri üçün vergi güzəştləri və imtiyazlar həm birbaşa vergi ödəmələrini, həm də bəyannamələrin təqdim edilməsi ilə bağlı inzibatçılıq məsələlərini əhatə edəcək. Belə ki, vergi güzəştləri üzrə Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi, müvafiq müddətə əmlak və torpaq vergisindən azad olmalar; Vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətdə azadolmalar; İctimai iaşə fəaliyyəti ilə məşğul olanlar üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi; Bəzi vergi ödəyicilərinin müvafiq bir müddətə ƏDV-dən azad edilməsi; Güzəştlər veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi; Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad olunması); Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad olunması; Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması; Epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması nəzərdə tutulur. Bəyannamələr üzrə isə 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması, vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması kimi məsələlər yer alır.
İpoteka kreditləri dəstəklənəcək
Azərbaycanda biznesə və iqtisadiyyata dəstək üçün nəzərdə tutulan dördüncü proqram ipoteka kreditlərinə dəstək proqramıdır. İşçi qrupun fəaliyyətinin əsas hədəflərində və ölkə Prezidentinin sərəncamında verilən tapşırıqlarda yalnız qısamüddətli təsirin qiymətləndirilməsi və qısamüddətli addımların atılması deyil, həmçinin orta müddətli dövrdə ölkənin yeni iqtisadi çərçivəsinin və yeni iqtisadi şəraitdə təkliflərin hazırlanması müəyyən edilib. Bu baxımdan, koronavirus pandemiyasından sonrakı dövrdə tikinti sektoru iqtisadiyyatın yenidən sürətli inkişaf tempi üçün aparıcı sektorlarından biri olacaq. Bunun bir neçə səbəbi var. Bu səbəblər sektorun əmək tutumlu olması, tikinti sektoruna zəruri olan böyük həcmdə xammal və materialların ölkəmizdə istehsal olunması, eləcə də, tikinti sektorunun, bir qayda olaraq, "multiplikativ" effektə malik olmasıdır. Eyni zamanda, bu həm də sosial sahədir, çünki, vətəndaşlar yeni mənzillərə sahib olarkən bu onların rifah səviyyəsini qaldırır. Ölkədə həm sosial mənzil layihələri, həm də özəl sektorda tikinti uğurla həyata keçirilir. Bu baxımdan, sahənin canlanması ölkə üçün çox vacibdir.
Vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək
Ölkə Prezidentinin birbaşa tövsiyəsinə əsasən, dəstək proqramlarının hazırlanması ayrılmış 1 milyard manatlıq vəsaitin çərçivəsi ilə məhdudlaşılmayıb, proqramlar daha geniş və əhatəlidir. Belə ki, bank sektoru ilə bağlı 2 proqram hazırlanıb. Bunlardan biri 1 milyard manat həcmində olan mövcud kredit portfelinə dəstək proqramıdır. Proqramın mahiyyəti ondan ibarətdir ki, sahibkarların və müəssisələrin bank kreditləri var və bu kredit portfelinin keyfiyyətinin qorunub saxlanılması vacibdir. Hazırda bu portfelin elementləri bank sektoru ilə - Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası, Sahibkarlar Konfederasiyası və digər qurumlarla müzakirə edilir. Burada əsas hədəf biznes kreditləri olacaq. Bu proqramın mahiyyəti ondan ibarətdir ki, dövlət bu proqram çərçivəsində xüsusi meyarlara cavab verən, mənfi təsirlərə məruz qalan sektorları əhatə edən, 9-10 mart tarixindən əvvəl götürülmüş, vaxtlı-vaxtında indiyədək ödənilən kreditlərə və qeyd edilən meyarlara cavab verən kreditlər portfelinə baxaraq, onların faizlərinin ödənilməsində mövcud yükün 10%-nin (əksər biznes kreditləri 11-15% çərçivəsindədir) Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət tərəfindən ödənilməsinə dəstək verəcək. Beləliklə, bu 1 milyard manat kredit portfeli sahibkarala dəstək proqramı kimi formalaşacaq. Növbəti böyük proqram isə yeni verilən kreditlərə şamil edilir. Real sektorun kreditləşməsi hökumətin prioritetidir. Bu baxımdan, bundan sonra da bank sektorunda canlanmanı təmin etmək üçün real sektorun banklar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulur. Beləliklə, banklar tərəfindən yeni verilən kreditlərin 60%-nə dövlət tərəfindən zəmanət veriləcək. Belə kreditlərin maksimal illik faizi 15%-i keçməməlidir, müddəti isə 3 ilə qədər olmalıdır. Bu kreditlər üzrə faizlərin yarısı (15%-in 7.5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.
Təkliflər sırasında əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması var
Hazırlanan daha bir proqram sərnişindaşıma fəaliyyəti sahəsinə dəstək proqramıdır. Bu sahədə fəaliyyət göstərən subyektlərə (AZAL, avtobus, metro, dəmiryolu) məqsədli dəstək veriləcək. Belə ki, əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket (işsizlik müavinəti, sosial yardım və s.) vəsaitlərin ayrılmasını nəzərdə tutur. Həmçinin, əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da təkliflər arasında yer alıb. Karantin rejimi ilə əlaqədar insanların evdə qalması səbəbindən istehlak olunan enerjinin həcmi artıb. Əhalinin həssas qrupları üçün bu xüsusilə nəzərə alınacaq. Həmin qrup üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması nəzərdə tutulur. Nəhayət, mühüm proqramlarlardan biri də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramı olacaq.
Proqramlar postpandemiya dövründə inkişafa hesablanıb
Mövcud şərait öz unikallığı ilə seçilir və qeyri-müəyyənlik elementlərinə malikdir. Azərbaycanda qərarların vaxtında verilməsi mümkün təsir ssenarilərdən ən yumşağına istiqamətlənməyə imkan yaradıb. Verilən qərarlarda həm çeviklik, həm keyfiyyət ön plana çıxıb. Buna görə də Azərbaycan hökuməti dəstək proqramlarını "böhrandan sonrakı iqtisadiyyatımızın necə olmalıdır və hansı şərtlərə cavab verməlidir" sualını əsas götürərək hazırlayıb. Hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır. Bu, dövlətin qanunlarına riayət edən, "kölgə"də deyil, "ağ" iqtisadiyyatda fəaliyyət göstərən, vergilərini ödəyən, İşçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarət bir iqtisadiyyat olmalıdır. Nəhayət, çətin gündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, başqa sözlə, fəaliyyətində yüksək sosial korporativ məsuliyyət hissini və hərəkətlərini həyata keçirən sahibkarlardan ibarət iqtisadiyyat görmək istəyirik. Eyni zamanda, ölkənin sağlam və dayanıqlı maliyyə-bank sektoruna malik olan bir iqtisadiyyata ehtiyacı var. Məhz bu istək sözügedən proqramların ərsəyə gəlməsinə səbəb olub. Qarşıdakı dövrdə bu proqramlar dövlət qurumları və özəl sektorun nümayəndələri ilə birlikdə bir daha nəzərdən keçiriləcək. Onu da vurğulamaq lazımdır ki, bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş gedir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 02 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon - 490 ton buğda göndəriləcək. xəbər verir ki, qatar sabah Biləcəri stansiyasından yola salınacaq

Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR

ABŞ və İran arasında əldə olunan tarixi saziş fonunda qlobal bazarlarda neftin qiyməti kəskin şəkildə ucuzlaşaraq son ayların ən aşağı səviyyəsinə geriləyib. Nüfuzlu iqtisadi nəşrlərin yaydığı məlumata görə, "Brent"

Neftdən asılılığın azalması davam edir – Yeni göstəricilər açıqlandı

"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb" . xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasınd

Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən "BeynəlxalqMaliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyəİnteqrasiyası" adlı forumunda (IFBS 2026) rəsmi tərəfdaş olaraq iştirak edib. xəbər veri

Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu rəhbər heyətin strateji idarəetmə bacarıqlarının inkişafı, komanda əməkdaşlığının gücləndirilməsi və süni zəka dövrünün yaratdığı yeni çağırışlara hazırlığın artırılması məqsədilə "Süni Zək

TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir

TuranBank ICD ilə 15 milyon dollarlıq əməkdaşlıq sənədi imzaladı

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sekto

Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Təqaüdünü Birbank-dan alanlara şad xəbər var. Ölkənin ilk rəqəmsal bankı təqaüdçü müştəriləri üçün maliyyə xidmətlərinin əlçatanlığını daha da genişləndirib. Yeniliyə əsasən, təqaüdçülərin kredit əldə etmək üçün mümkün ola

"7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi" keçirilir - FOTOLAR

300-dən çox şirkət, mindən artıq çeşiddə məhsul və xidmətlər "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə nümayiş olunur. . Bugündən etibarən Bakı Ekspo Mərkəzində "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi son xeber az maraqlı xəbərlər xeber.az son xeberler