Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır
Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharibə təhlükəsi, kiberhücumlar, təbii fəlakətlər və infrastrukturun sıradan çıxması kimi risklər dayanır.
Bəs dünyada artan münaqişələr, nüvə təhdidləri və mümkün iqtisadi böhran fonunda bu təhlükələr Azərbaycan üçün nə dərəcədə realdır? Vətəndaşlarımız da mümkün fövqəladə vəziyyətlərə hazırlaşmalıdırmı? Ümumiyyətlə, ölkəmiz hansı risklərlə üzləşə bilər?
KONKRET.azxəbər verir ki, politoloq Turan Rzayev mövzu ilə bağlı "Yeni Sabah"a açıqlamasında bildirib ki, hazırda dünyada münaqişələrin xarakteri dəyişir, eyni zamanda dondurulmuş münaqişələrin yenidən alovlanması və müxtəlif təhdidlərin artması müşahidə olunur.
"Ümumiyyətlə, hazırda dünya miqyasında genişmiqyaslı münaqişələr və müharibələr gedir. Üstəlik, dondurulmuş münaqişələr də yenidən oyanmaqdadır. Paralel olaraq bir sıra təhdidlər mövcuddur. Məsələn, İran-ABŞ gərginliyi fonunda nüvə silahından istifadə ehtimalı ilə bağlı xəbərdarlıqlar səsləndirilir. Ukrayna müharibəsində də bu təhdid hələ qalmaqdadır.
Münaqişələrin motivləri də dəyişib və bu, öz növbəsində Avropanı çətin vəziyyətə salıb. Avropa uzun müddətdir rifah və azadlıqlar içərisində yaşayıb. Bu da cəmiyyətlərdə müəyyən mənada laqeydlik yaradıb. İndi isə verilən mesajlar Avropanın da dəyişməyə doğru getdiyini, əvvəlki vəziyyətin artıq olmadığını göstərir. Avropada davam edən etiraz aksiyaları da kifayət qədər ciddi siqnaldır.
İlkin mərhələdə mən bu prosesi 2012-ci ildə dünyanın sonunun gələcəyi ilə bağlı yayılan ssenarilərə bənzədirəm. Həmin vaxt Maya təqviminə əsaslanan iddialar insanları ərzaq, konserv və şam almağa sövq edirdi. Təbii ki, indiki vəziyyət tamamilə eyni deyil. Çünki hazırda real təhdidlər də mövcuddur.
İndi nüvə təhlükəsi, internet kabellərinin zədələnməsi nəticəsində yarana biləcək problemlər, dünyada ərzaq qıtlığı və iqtisadi böhran ehtimalları gündəmdədir. Bütün bunlar bir araya gəldikdə, dövlətlərin vətəndaşlarına hazırlıqlı olmaqla bağlı mesajlar verməsi o qədər də təəccüblü görünmür.
Amma düşünürəm ki, məsələyə bəzən lazım olduğundan artıq diqqət ayrılır. Bu tip mesajlar iqtisadi proseslərə də təsir göstərə bilər. Məsələn, Donald Trampın sosial şəbəkədəki bir paylaşımı dünya bazarında neft və qaz qiymətlərinə ciddi təsir etmək gücündədir. Bu, o demək deyil ki, onun hər açıqlaması konkret hərbi əməliyyatla nəticələnəcək. Lakin həmin mesajlar birjalara təsir edir. Eyni yanaşma Avropada iqtisadi aktivliyin artmasına da səbəb ola bilər. Məncə, burada bu amili də nəzərə almaq lazımdır".
Politoloq Azərbaycanın mümkün münaqişə ssenarilərində üzləşə biləcəyi risklərə də diqqət çəkib:
"Azərbaycan İran ərazisinə müdaxiləni prosesin əvvəlindən istəmir və dövlətlərin ərazi bütövlüyü prinsipini dəstəkləyir. Bakı İranla birbaşa sərhədinin olmasını, eləcə də regiondakı enerji və nəqliyyat layihələrini, Xəzər hövzəsindəki geosiyasi maraqlarını nəzərə alır. Müharibənin genişlənməsinin, əlbəttə ki, Azərbaycana da təsiri olacaq.
İlk növbədə, İran daxilində sabitliyin pozulması və mümkün humanitar böhran bu ölkədə yaşayan azərbaycanlıların və digər etnik qrupların sərhədə axın edərək Azərbaycana üz tutması ilə nəticələnə bilər.
Bundan başqa, ABŞ və İsrailin hərbi əməliyyatlarının genişlənməsi Tehran tərəfindən region dövlətlərinə münasibətin sərtləşdirilməsinə səbəb ola bilər. Yaxın keçmişdə Tehranın belə situasiyalarda nəzarəti itirdiyinin şahidi olmuşuq.
Neft qiymətlərinin artması müəyyən iqtisadi üstünlüklər yaratsa da, qlobal ticarət, logistika və maliyyə bazarlarındakı qeyri-sabitlik Azərbaycan iqtisadiyyatı üçün risklər formalaşdıra bilər".

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir