"Silk Way West Airlines" tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
"Silk Way West Airlines" tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır
COVID-19 virusuna qarşı vaksinasiya prosesinin dünyada geniş vüsət aldığı bir dövrdə logistika məsələləri son dərəcə aktuallaşıb. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş icraçı direktoru Aleksandr de Jünyakın sözlərinə görə, COVID-19 peyvəndlərinin etibarlı çatdırılması hava yolu ilə beynəlxalq yükdaşımalar sənayesi üçün əsrin missiyası olacaqdır.
Hava nəqliyyatı sənayesinin qarşısında duran vəzifələrin əhəmiyyət və miqyasını nəzərə alaraq, hava yükdaşımaları bazarında aparıcı şirkətlərdən biri olan "Silk Way West Airlines" son aylar ərzində böyük həcmdə hazırlıq işləri görməklə Əsrin Missiyasında aktiv iştirak etməyə tam hazır olduğunu əminliklə bəyan edib.
COVID-19 pandemiyası dövründə "Silk Way West Airlines" müxtəlif tibbi təyinatlı yüklərin çatdırılması üçün 100-dən artıq çarter reysi həyata keçirib. Hazırda termohəssas yüklərin çatdırılmasını təmin etməyə hazırlaşan şirkət bir sıra iddialı müqavilələr imzalayıb. Həyati önəm kəsb edən daşımaları təmin etmək məqsədilə yüklər təhlükəsiz şəkildə müvafiq avadanlıqlarla təchiz edilmiş anbarlara çatdırılıb və tələblərə əsasən proses xüsusi təlim keçmiş işçi heyəti tərəfindən idarə edilib.
Əməliyyat proseslərinin optimallaşdırılması və müasir logistika texnologiyalarının tətbiq olunması məqsədilə "Silk Way West Airlines" şirkətinin beynəlxalq yük logistikası üzrə vitse-prezidenti Aydın Hüseynovun rəhbərlik etdiyi ekspertlər qrupu tərəfindən xüsusi plan tərtib edilərək həyata keçirilib. Eyni zamanda, Heydər Əliyev adına Beynəlxalq Bakı Hava Limanının sahəsi 1500 m²-dən artıq olan yük terminalının müasirləşdirilməsi işləri də başa çatıb. Termohəssas yük daşımalarının həcmində gözlənilən artım ehtimalı nəzərə alınmaqla, soyuducu və dondurucu anbarların yerləşdiyi ərazi yoxlanılıb və təkmilləşdirilib.
"Ümid edirik ki, COVID-19 peyvəndlərinin sürətli çatdırılması bütün dünyada insanların normal gündəlik həyat tərzinə tezliklə qayıtmasına təsir edəcək", - deyə Aydın Hüseynov bəyan edib.
Cənab Hüseynov əminliklə qeyd edib ki, "Silk Way West Airlines" peyvəndlərin genişmiqyaslı nəqli kimi qarşıda duran qlobal vəzifənin öhdəsindən gəlməyə, habelə xüsusi hərarət rejimi tələb edən digər yüklərin daşınmasını həyata keçirməyə tam hazırdır. "Daxili prosedurlarımız Avropa İttifaqının prinsiplərinə əsaslanan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunan Müvafiq Distribyutor Təcrübəsi (GDP) standartına uyğunlaşdırılıb", - şirkətin vitse-prezidenti vurğulayıb.
Xəzər dənizi bölgəsində ən böyük yük hava yolu şirkəti olan "Silk Way West Airlines" şirkətinin əsası 2012-ci ildə İpək Yolunun mərkəzi olan Bakı şəhərində qoyulub. Heydər Əliyev Beynəlxalq Aeroportun ərazisində yerləşən şirkət hər ay Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 50-dən artıq istiqamətinə təxminən 250-dək müntəzəm və çarter reysləri yerinə yetirir. "Silk Way West Airlines"ın genişlənən aviaparkı ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz edilmiş 15 Boeing 747-8F və Boeing 747-400 F təyyarələrindən ibarətdir. Boeing tərəfindən donanmanın böyüklüyü, coğrafi areal və yük həcmi baxımından ən sürətlə böyüyən hava yolu şirkəti kimi tanınmış aviaşirkət hazırda bu üç meyara görə Avropada üçüncü pillədədir və davamlı olaraq Avropa, MDB, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiyanın əsas hava limanlarını əhatə edən marşrut şəbəkəsini genişləndirməkdədir. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var