Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?
Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmayan xəstələr hər gün səhər saatlarında WhatsApp vasitəsilə görüntülü zəngə cavab verməkdə çətinlik çəkirlər.
Şikayətçilərin sözlərinə görə, onlar illərdir mütəmadi olaraq dərman qəbul etsələr də, yeni tətbiq edilən nəzarət qaydası əlavə xərc və çətinlik yaradır.
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a açıqlama verən professor, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, vərəm ciddi xəstəlikdir və müalicə prosesi çox uzun çəkir:
"Ümumiyyətlə, vərəm kifayət qədər ciddi xəstəlikdir. Nəzərə alaq ki, hazırda vərəmin rezistent formaları, yəni rifampisin, izoniazid, etambutol, pirazinamid və streptomisin kimi dərmanlara davamlı formaları meydana çıxıb. Bu xəstəliklər tamamilə yeni preparatlarla müalicə olunur və müalicə prosesi də xeyli uzun çəkir.
Belə olan halda vərəm xəstələrinin müalicəsi sistemli şəkildə aparılmalı, onlara ümumi nəzarət mexanizmi tətbiq edilməlidir. İlk növbədə, bütün xəstələrdə vərəmin hansı formasının olduğu dəqiqləşdirilməlidir. Bu baxımdan bakterioloji analiz, yəni vərəm çöplərinin müəyyən edilməsi xüsusi əhəmiyyət daşıyır.
Digər tərəfdən, hər bir vərəm xəstəsi xüsusi DOTS və DOTS+ proqramları çərçivəsində müalicə olunur. Bu proqramlar dünyada, xüsusilə inkişaf etməkdə olan ölkələrdə humanitar yardımlarla da dəstəklənir. Azərbaycanda da bu istiqamətdə yardımlar göstərilir. Həbsxanalarda və digər müəssisələrdə vərəm xəstələrinin vaxtında aşkarlanması və müalicəyə cəlb olunması ilə bağlı müəyyən işlər görülür".
A. Qeybulla qeyd edib ki, ölkəmizdə vərəm xəstələrinin böyük bir qismi xəstəliyini gizli şəkildə müalicə etməyə çalışır:
"Onlar ətrafdakı insanların xəstəlikdən xəbər tutmasını istəmirlər. Bu isə düzgün yanaşma deyil. Çünki belə xəstələr ətrafdakıları, ailə üzvlərini və digər insanları yoluxdurmaq riski daşıyırlar. Onların ictimai nəqliyyatda və müxtəlif qapalı məkanlarda olması da yoluxma təhlükəsini artırır.
Ona görə də ildə ən azı bir dəfə əhali arasında dispanserizasiya aparılmalıdır. Bu məqsədlə kütləvi flüoroqrafiya müayinələri, hazırda mövcud olan Quantiferon testi və digər daha spesifik laborator müayinələrdən istifadə etmək mümkündür. Rəqəmsal rentgen və flüoroqrafiya müayinələri də belə xəstələrin aşkarlanması imkanlarını genişləndirir.
Düşünürəm ki, ölkədə vərəm xəstələrinin müntəzəm aşkarlanması və nəzarətə götürülməsi təmin edilməlidir. Bunun üçün xüsusilə rayonlardakı vərəm dispanserlərinin fəaliyyətini stimullaşdırmaq lazımdır. Xəstələr həmin dispanserlərdə qeydiyyatda olmalı, müalicə və nəzarət altında saxlanılmalıdırlar. Hər bir xəstənin tibbi kartı olmalı, ölkə üzrə vərəm xəstələrinin sayı və onların sağlamlıq vəziyyəti barədə dəqiq məlumat bazası yaradılmalıdır".
Həkim bildirib ki, bütün bunları yalnız görüntülü zənglər vasitəsilə həyata keçirməyi bir qədər absurd hesab edir:
"Bu üsula o halda müraciət etmək olar ki, ölkə üzrə ümumi statistika məlum olsun, sistemli nəzarət mexanizmi qurulsun və xəstəxanada müalicə aldıqdan sonra ambulator müalicəyə keçən pasiyentlərin vəziyyətini izləmək məqsədi daşısın. Digər hallarda bu metodun özünü doğruldacağına inanmıram.
Hesab edirəm ki, bu məsələdə dünya təcrübəsi öyrənilməli və ölkəmizdə də səmərəli nəzarət sistemi tətbiq olunmalıdır".

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
İlham Əliyev Türkiyəyə səfərə gəlib
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
Prezident polşalı həmkarına məktub göndərdi
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı
Kredit götürənlərə faiz güzəşti ediləcək? – Ekspertdən AÇIQLAMA
İllik 26 milyon avro maaşdan imtina edir
Arsen Venger FIFA prezidenti ola bilər
Türkiyə Ermənistanla sərhədi açır?
Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın
Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb
Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı
İzmirdə fabrikdə güclü partlayış: ölənlər var
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir