Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA
Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasda olmaq sağlam insanlar üçün yoluxma riski yaratmır. Bununla belə, bəzi virus və bakteriyalar müəyyən xərçəng növlərinin yaranmasında mühüm rol oynayır.
Bəs bu infeksiyalar hansı yollarla ötürülür və xərçəng xəstəliyinin inkişafına necə təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, xərçəng yoluxucu xəstəlik deyil və xəstə ilə eyni evdə yaşamaq heç bir təhlükə yaratmır.
Onun sözlərinə görə, bəzi onkoloji xəstəliklərin yaranmasında viruslar və digər infeksiyalar mühüm rol oynayır. Məsələn, hepatit B və hepatit C virusları qaraciyər xərçənginin inkişaf riskini artıran əsas amillərdəndir.
Həkim qeyd edib ki, qadınlar arasında rast gəlinən uşaqlıq boynu xərçənginin yaranmasında isə insan papilloma virusu (HPV) xüsusi əhəmiyyət daşıyır. Mədə xərçənginin inkişafı ilə əlaqəli əsas infeksiyalardan biri də Helicobacter pylori bakteriyasıdır.
F.Museyibov vurğulayıb ki, bu infeksiyaların ötürülməsi ilə xərçəng xəstəliyinin bir insandan digərinə keçməsini fərqləndirmək lazımdır. Belə ki, hepatit B və C virusları qan vasitəsilə, hepatit B isə cinsi əlaqə yolu ilə də ötürülə bilər. Bu infeksiyalara yoluxma müəyyən xərçəng növlərinin yaranma ehtimalını artırsa da, xərçəngin özünün yoluxması demək deyil.
Onkoloq, həmçinin xərçəng xəstəliklərinin yaranmasında qidalanma vərdişlərinin də roluna diqqət çəkib. Onun sözlərinə görə, fast-food məhsullarının, xüsusilə sosis və kolbasa kimi emal edilmiş ət məhsullarının həddindən artıq istehlakı bəzi xərçəng növlərinin yaranma riskini artıra bilər.
Beləliklə, xərçəng xəstəsi ilə gündəlik ünsiyyətdən və fiziki təmasdan çəkinməyə ehtiyac yoxdur. Əsas məsələ xəstəliyin yoluxucu olmadığını anlamaq, infeksiyalardan qorunma qaydalarına əməl etmək və sağlam həyat tərzinə üstünlük verməkdir.
Aynurə İsmayıl
KONKRET.az

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU