Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb
ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb.
Qəzetin araşdırmasına görə, Lumer X sosial şəbəkəsində siyasi mesajların yayılması müqabilində ödəniş etdiyi iddia olunan şəxsi sifarişçilərdən on minlərlə dollar alıb. Bununla belə, onun izləyicilərinə bəzi paylaşımların kommersiya əsaslı olduğu barədə heç bir məlumat verilməyib.
Jurnalistlər bank sənədlərini, elektron ödəniş təsdiqlərini və pul köçürmələri ilə bağlı məlumatları araşdırıblar. Nəticədə ən azı dörd ödəniş müəyyən edilib. Həmin köçürmələrin ümumi məbləğinin 60 min dollardan çox olduğu bildirilir.
Pul köçürmələri 2025-ci ilin mayından etibarən birbaşa Lumerin özünə, eləcə də Floridada onun adına qeydiyyatdan keçmiş King Breaker Media şirkətinə daxil olub.
Bank sənədlərində ödənişlərin konkret təyinatı göstərilməsə də, The Washington Post qəzetinin iki həmsöhbəti bu vəsaitlərin məhz siyasi xarakterli paylaşımlar üçün nəzərdə tutulduğunu təsdiqləyib. Daha iki mənbə isə belə maliyyə razılaşmalarının mövcudluğundan xəbərdar olduqlarını bildirib.
Qəzet jurnalistləri həmsöhbətlərin ödənişli hesab etdikləri bəzi paylaşımlarla da tanış olublar. Lakin sifarişçilərin məxfiliyini qorumaq məqsədilə həmin paylaşımların məzmununu açıqlamamaq qərarına gəliblər.
Mənbələrin bildirdiyinə görə, Lumerin bir paylaşımının standart qiyməti 3-5 min dollar arasında dəyişib. Bəzi hallarda isə bu məbləğin daha yüksək olduğu iddia edilir.
Lumerin X hesabını təxminən 1,9 milyon istifadəçi izləyir. Donald Trampla şəxsi münasibətləri sayəsində onun bəzi paylaşımları birbaşa Ağ Evin diqqətini cəlb edə bilir.
Qalmaqalın arxasında Trampın keçmiş müşaviri dayanır
İttihamların əsas mənbəyi Donald Trampın 2024-cü il prezident seçkiləri kampaniyasında keçmiş müşavir olmuş Aleks Bruzevitsdir.
O bildirib ki, dövlət siyasəti ilə bağlı müəyyən mesajların yayılması üçün Lumerə edilən ödənişləri şəxsən özünün siyasi konsaltinq şirkəti olan X Strategies vasitəsilə təşkil edib.
Qalmaqal noyabrın 5-də X sosial şəbəkəsində tərəflər arasında baş verən açıq mübahisədən sonra gündəmə gəlib. Bruzevits Lumerin siyasi paylaşımlara görə pul aldığı halda özünü müstəqil jurnalist kimi təqdim etməsinin nə dərəcədə doğru olduğunu sual altına alıb.
"Mən sənə artıq tvitlərə görə pul ödəmişəm. Düzdür, bu, ən azı bir il əvvəl baş verib. Həmçinin bilirəm ki, başqaları da tvitlərinə görə sənə pul ödəməyə davam edir. Buna görə də səni influenser adlandırmağı kifayət qədər ədalətli hesab edirəm. Bəs paylaşımlarının neçə faizi ödənişlidir?" – deyə Bruzevits yazıb.
Daha sonra o, The Washington Post jurnalistlərinə də bu sözlərini təsdiqləyib. Bununla belə, maraqlarına uyğun paylaşımların hazırlanmasını sifariş edən müştərilərin adlarını açıqlamaqdan imtina edib.
Bruzevits sosial şəbəkələrdə gizli siyasi reklam bazarının faktiki olaraq nəzarətdən çıxdığını etiraf edib. O, sifarişçilərlə tanınmış bloqerlər arasında mövcud olan maliyyə münasibətlərinin açıqlanmasına dair daha sərt tələblərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Lumer ittihamları rədd edir
Lora Lumer siyasi paylaşımları pul müqabilində yayması barədə ittihamları qəti şəkildə rədd edib.
O, Bruzevitsin şirkətinin xidmətləri üçün ona müraciət etdiyini təsdiqləsə də, sifarişli siyasi mesajların yayılması ilə məşğul olmadığını bildirib.
"O, mənə bir səhifəlik tədqiqat sənədinin hazırlanmasına görə pul ödədi, daha sonra isə həmin məlumatı yaymağımı xahiş etdi. Mən də belə etdim", – deyə Lumer öz mövqeyini izah edib.
Hazırlanmış materialın harada dərc olunmalı olduğu barədə suala cavabında isə bunun X sosial şəbəkəsində paylaşım və ya ayrıca məqalə formasında yayımlana biləcəyini bildirib.
Fəal konsaltinq xidmətləri üçün sabit tariflərinin olmadığını, bir tvitə görə heç vaxt 5 min dollar tələb etmədiyini də vurğulayıb. O, Bruzevitsi siyasi fikir ayrılıqlarına görə şəxsi hesablaşma aparmağa çalışmaqda ittiham edib.
Lumer öz fəaliyyətinin yalnız sosial şəbəkə paylaşımlarından ibarət olmadığını, tədqiqat, məsləhətçilik və media ilə əlaqələr sahələrini də əhatə etdiyini bildirib.
"Mənim biznesim ictimaiyyətlə əlaqələr və kompromatların axtarışıdır. Həmçinin media şirkətim var. Amerikada özünə dolanışıq qazanmaq qanunsuz deyil", – deyə o vurğulayıb.
Lumer müqavilələrinin əksəriyyətinin şərtlərini açıqlamaqdan da imtina edib. O, bunu məxfilik öhdəlikləri və hesab-fakturaların mühasibi tərəfindən tərtib olunması ilə əlaqələndirib.
Ağ Evə çıxışı olan fəalın siyasi təsiri
Araşdırmaya xüsusi maraq doğuran məqam Lumerin ABŞ siyasətindəki qeyri-adi mövqeyidir.
O, heç vaxt Tramp administrasiyasında rəsmi vəzifə tutmayıb. Bununla belə, dəfələrlə Ağ Evdə prezidentlə görüşüb, onu səfərlərində müşayiət edib və kifayət qədər sadiq hesab etmədiyi dövlət məmurlarının vəzifədən azad edilməsini açıq şəkildə tələb edib.
2025-ci ildə Lumerin Trampla görüşündən sonra Ağ Ev Milli Təhlükəsizlik Şurasının bir neçə əməkdaşı işdən çıxarılıb.
Tramp Lumerin kadr qərarlarını birbaşa müəyyənləşdirdiyini təkzib etsə də, onun bəzi məmurların vəzifədən uzaqlaşdırılmasını tövsiyə etdiyini təsdiqləyib.
"Bəzən bu tövsiyələrə qulaq asıram", – deyə ABŞ prezidenti həmin vaxt bildirib.
The Washington Post qəzetinin həmsöhbətlərinin fikrincə, siyasi məsləhətçilərin Lumerə müəyyən məlumatların yayılması üçün minlərlə dollar ödəməyə hazır olmasının əsas səbəblərindən biri də onun vasitəsilə prezidentin diqqətini cəlb etmək imkanının mövcudluğudur.
Sifarişçilərdən biri Lumerin təsir imkanlarını nüvə bombası ilə müqayisə edib. Onun sözlərinə görə, fəal çox böyük təsir gücünə malikdir, lakin eyni zamanda xidmətlərindən istifadə edən şəxslərin maraqlarına ciddi zərər vura bilər.
Lumer isə bu xarakteristikadan narahat olmadığını bildirib. Əksinə, effektivliyinin etiraf edilməsindən məmnun olduğunu və öz nüfuzundan qazanc əldə etmək imkanına görə üzr istəmək fikrində olmadığını vurğulayıb.
Ekstremizm və dezinformasiyanın yayılmasını araşdıran Open Measures təşkilatının tədqiqatçısı Cared Holt da Lumerin qeyri-adi mövqeyinə diqqət çəkib.
Onun sözlərinə görə, Lumer təkcə böyük auditoriyaya deyil, həm də ABŞ prezidentinə birbaşa çıxış imkanına malikdir. Bu isə onun sosial şəbəkə paylaşımlarını yalnız ictimai rəyə deyil, Amerika administrasiyasının qərarlarına da potensial təsir göstərə biləcək alətə çevirir.
Ukrayna səfəri: Lumerin mövqeyi niyə dəyişdi?
The Washington Post qəzetinin araşdırması Lumerin Ukraynaya son səfəri fonunda da diqqət çəkir.
2026-cı ilin iyulunda əvvəllər Ukraynaya Amerika hərbi yardımını qəti şəkildə tənqid edən və özünün də etiraf etdiyi kimi, Rusiya təbliğatının yaydığı iddiaları müdafiə edən fəal gözlənilmədən mövqeyini 180 dərəcə dəyişib.
Lumer Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Prezidentin xarizması və şəxsi cazibəsinin onu ciddi şəkildə təsirləndirdiyi bildirilir. Görüşdən sonra fəal özünün Loomer Unleashed proqramı üçün Zelenski ilə yanaşı, "Azov"un qurucusu Andrey Biletski ilə də müsahibə hazırlayıb.
Səfər zamanı Lumer Kiyevdə olub, Kiyev-Peçersk Lavrasını ziyarət edib və ona paytaxtın küçələrini gəzdirən Prezident Ofisi rəhbərinin birinci müavini Sergey Kislitsya ilə görüşüb.
"Mən anladım ki, Rusiya təbliğatının təsiri altına düşmüşəm və Ukrayna haqqında çoxlu yalan məlumatlara inanmışam. Əvvəllər düşünürdüm ki, bu ölkə nasistlərlə doludur", – deyə Lumer Zelenski ilə söhbətində etiraf edib.
Raket hücumu təhlükəsi zamanı Kiyevdəki sığınacaqda jurnalistlərə müsahibə verən Lumer əvvəlki mövqeyini niyə dəyişdirdiyini də izah edib.
"Hansısa podkast aparıcısına qulaq asıb onun sizin ölkə haqqında fikirlərinizi formalaşdırmasına imkan vermək lazım deyil. Faktları özünüz araşdıra bilərsiniz", – deyə o bildirib.
Lumer uzun müddət Rusiya informasiya resurslarının təsiri altında olduğunu da etiraf edib. Xüsusilə bir neçə Amerika sosial platformasında bloklandıqdan sonra Telegram-dan daha fəal istifadə etməyə başladığını qeyd edib.
"Ruslar insanların qəzəbindən çox yaxşı istifadə etməyi bacarırlar. Mən isə çox qəzəbli idim", – deyə fəal bildirib.
Kiyevdə olarkən Lumer mövqeyindəki dəyişikliyin artıq Trampın digər tərəfdarlarına da təsir göstərdiyini iddia edib.
"Bütün gün ərzində media nümayəndələrindən, siyasətçilərdən və sadəcə izləyicilərimdən mesajlar alıram. Onlar nə qədər güclü şəkildə aldadıldıqlarını təsəvvür belə etmədiklərini deyirlər", – deyə o bildirib.
Səfərin siyasi nəticələri də olub. Lumer Trampla danışdığını və Ukrayna ilə bağlı təəssüratlarını şəxsən ona çatdırmaq niyyətində olduğunu açıqlayıb. ABŞ prezidenti isə onun Zelenski ilə görüşünü müsbət qiymətləndirərək Truth Social platformasında "Çox yaxşı!!!" sözlərini yazıb.
Bununla belə, həmin vaxt da amerikalı fəalın Ukraynadakı vəziyyəti obyektiv işıqlandırmadığı barədə tənqidlər səsləndirilib. Lumer daha sonra səfərinin Ukrayna hakimiyyəti tərəfindən maliyyələşdirildiyi ehtimallarını qəti şəkildə təkzib etməli olub.
"Zəmanət verə bilərəm ki, mənə heç kim pul ödəməyib. Ukrayna hökuməti də bu səfər üçün mənə qətiyyən vəsait ayırmayıb", – deyə o bəyan edib.
Lakin diqqətçəkən məqam budur ki, The Washington Post qəzetinin araşdırmasında Zelenski ilə müsahibənin, Ukraynaya səfərin və ya Lumerin Rusiya-Ukrayna müharibəsinə münasibətdə mövqeyinin dəyişməsinin maliyyələşdirilməsinə dair heç bir sübut təqdim olunmur.
Qəzetin araşdırması məzmunu tam açıqlanmayan digər maliyyə razılaşmalarına aiddir. Buna görə də həmin ödənişləri Ukrayna səfəri ilə birbaşa əlaqələndirmək üçün əsas yoxdur.
Lumer siyasi şousunu dayandırır
Qalmaqal fonunda daha bir gözlənilməz hadisə Lumerin öz siyasi proqramını müvəqqəti dayandırmaq qərarı olub.
The Washington Post jurnalistləri ilə ittihamlar barədə söhbətindən təxminən bir saat sonra fəal X hesabında həftədə iki dəfə yayımlanan Loomer Unleashed proqramının fəaliyyətini dayandırdığını elan edib.
Lumer qərarın qalmaqalla əlaqəsi olmadığını və bu barədə əvvəlcədən düşündüyünü iddia edir.
"Mən artıq çox uzun müddətdir imkanlarımın son həddində işləyirəm. Ailə, şəxsi həyat, qarşıdakı toy, iş və istirahət arasında sağlam balans yaratmaq kimi məsələlərin hamısını sonraya saxlamışam", – deyə o yazıb.
Fəalın sözlərinə görə, bəzən gündə 18 saatdan çox işləyir. Uzun illər davam edən siyasi fəaliyyəti isə şəxsi həyatına demək olar ki, vaxt qoymayıb.
"Mənə sadəcə işlərdən bir qədər uzaqlaşmaq, qüvvəmi bərpa etmək, özümə diqqət yetirmək və həyatıma sakitliklə aydınlıq gətirmək lazımdır", – deyə Lumer qərarını izah edib.
Bununla belə, o, siyasətdən tamamilə uzaqlaşmaq niyyətində deyil. Lumer Trampı dəstəkləməyə, şəxsi araşdırmalarını davam etdirməyə və 2028-ci il prezident seçkilərinə hazırlıq prosesində fəal iştirak etməyə hazırlaşır.
Yəni onun siyasi səhnədən birdəfəlik çəkildiyini düşünmək hələ tezdir.
ABŞ-da siyasi reklamın gizli maliyyələşdirilməsi problemi
The Washington Post qəzetinin araşdırması ABŞ-da sosial şəbəkələrdə siyasi reklamın maliyyələşdirilməsi və şəffaflığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mövcud vəziyyət göstərir ki, məşhur bloqerlər və influenserlər siyasi sifarişləri yerinə yetirərkən maliyyə mənbələrini və sifarişçilərin kimliyini açıqlamadan fəaliyyət göstərə bilirlər.
ABŞ Federal Ticarət Komissiyası (FTC) influenserlərdən reklamını etdikləri məhsulların istehsalçıları və ya şirkətləri ilə maliyyə münasibətlərini açıqlamağı tələb edir. Lakin qurum siyasi reklamın tənzimlənməsi ilə bağlı səlahiyyətə malik olmadığını açıq şəkildə bildirir.
2025-ci ilin oktyabrında Campaign Legal Center təşkilatı Federal Seçki Komissiyasına müraciət edərək influenserlərin ödənişli siyasi reklamın sifarişçilərini açıqlamasını tələb edən qaydaların qəbulunu təklif edib.
Təşəbbüs müəlliflərinin fikrincə, siyasi qərargahlar, müstəqil siyasi komitələr və maliyyə mənbələri gizli saxlanılan təşkilatlar öz mesajlarını yaymaq üçün sosial şəbəkələrin tanınmış simalarından getdikcə daha çox istifadə edirlər. Nəticədə seçicilər qarşılarına çıxan siyasi mesajların arxasında kimin dayandığını müəyyənləşdirə bilmirlər.
Cared Holt hesab edir ki, bu sahədə şəffaflığın olmaması insanların internetdə yayılan məlumatlara inamını sarsıdır. Çünki istifadəçilər səmimi siyasi mövqe ilə pul müqabilində həyata keçirilən təsir kampaniyası arasındakı fərqi müəyyən etməkdə çətinlik çəkirlər.
Ağ Ev isə The Washington Post qəzetinin araşdırmasını şərh etməkdən imtina edib.
Ağagül Mürsəlov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Yağışa görə bu oyun təxirə düşdü
Azərbaycan millisinin heyətində dəyişiklik
Özgür Özəl İlham Əliyevi təbrik edib
Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş
Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA
Qızıl və gümüş bahalaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil