"Yerli turistlərdən çox, xaricilər gəlirlər" - Şəki hostellərindən FOTOREPORTAJ

"Yerli turistlərdən çox, xaricilər gəlirlər" - Şəki hostellərindən FOTOREPORTAJ
Şəkidə hostel və kirayə evlərə tələbat hər gün artır.
Bu tarixi abidələr və memarlıq şəhərinə istirahətə gələn hər kəsin büdcəsinə uyğun istirahət etmək imkanı var. Sadəcə zamanında doğru seçim etmək lazımdır.
Qədimdən də qədim Şəki…
Bizim.media-nın yerli bürosu xəbər verir ki, yaz-yay ayları gələndə hamı səsli-küylü Bakıdan uzaqlaşıb istirahətə can atır. Bu mənada ölkəmizdə yerli və xarici turistlərin ən çox üz tutduğu məkanlardan biri Şəki sayılır.
Xüsusən turistlər "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisinə baş çəkirlər. Bu ərazidə yerləşən muzey və karvansaralar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı, həmçinin "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi, "Sənətkarlar evi" yerli və xarici turistlərin daha çox marağına səbəb olur.
Məsələnin bir tərəfi bəlli. Bəs gecələməyə gəlincə, vəziyyət nə yerdədir?
Əməkdaşlarımız bu istiqamətdə araşdırma aparıblar.
Bu işin ilk bünövrəsini qoyan, onu inkişaf etdirən qadının bir iş günü
İlhamə Hüseynova artıq 20 ildən çoxdur ki, turizm sektorunda fəaliyyət göstərir. Dünyanın elə ölkəsi olmaz ki, oradan qonaq qarşılamasın. Göz açdığı Kiş kəndi Böyük Qafqazın ətəklərində yerləşdiyindən bu kənd hər zaman yerli və xarici turistlərin diqqətini cəlb edib.
İlhamə xanımın evi Kiş Alban məbədi yaxınlığında olduğundan o, əvvəllər qonaqları mürəbbəli çaya dəvət edir və yola salırdısa, sonradan onların gecələməsi üçün kirayə evlər axtarmağa başlayıb. Sonradan isə "Niyə öz xidmətimi təşkil etmirəm?" - deyə özünə sual edib və bu istəyini reallaşdırmaqla, yəni hostel təşkil etməklə Şəkidə bir ilkə imza atıb.
O, səhər tezdən ayılan kimi əvvəlcə qonaq-qarasının yatdığı yerlərdə köməkçisi ilə səliqə-sahman yaradır. Sonra qonşu həyətdəki iaşə xidmət sahəsinə keçir. Burada tamam fərqli bir mənzərə ilə qarşılaşmaq mümkündür. Əlbəttə ki, qonaqlara milli adət-ənənəyə uyğun samovar çayı və kənd qadınlarının müxtəlif meyvələrdən hazırladığı mürəbbələr təqdim edilir.
Həmçinin gələn qonaqlara kənd qadınlarının əl işləri nümunə kimi göstərilir və onlara təndirdə bişirilən çörəkarası nümunələrdən ikram edilir. İlhamə xanım deyir ki, kim gəlir gəlsin, mütləq bu təamdan dadmalıdır. Çünki bu onun öz brendidir.
İlhamə xanım burada özü və oğlu ilə qonaqlara xidmət göstərir. O, bu illər ərzində ingiliscəsini də təkmilləşdirib və gələn qonaqlarla ünsiyyət qurmaqda heç bir çətinlik yaşamır.
Hostel qiyməti müştərini qane edirmi?
İlhamə Hüseynovadan fərqli olaraq şəhərin mərkəzində fəaliyyət göstərən digər bir hostelə də baş çəkirik. Menecer İlkin Camallı burada qonaqların gecələməsi üçün lazımi şərait yaratdıqlarını dilə gətirir. O bildirir ki, hosteldə 13 otaq, 44 çarpayı var. Burada bir nəfər 15 manata, iki nəfər isə 30 manata gecələyə bilər. Səhər yeməyi 6 manatdır. Əgər qrup şəklində gələn olursa, həmin komandaya endirim təklif olunur və səhər yeməyi həmən xərclərə daxil edilir. İlkin bəyin sözlərinə görə, yaz-yay aylarında xarici qonaqları daha çox olur, nəinki yerlilər.
Kirayə evlər
Hazırda Şəkidə 100 dən çox evin gələnlərə kirayə verildiyini deyən turizm meneceri Aqil Məsimov qiymətlərin ev şəraiti ilə yanaşı mənzərəsinin də rol oynadığını bildirir. Belə ki, şəhər mərkəzində kirayə verilən evlərlə dağ mənzərəli evlərin qiymətləri arasında fərq var. Menecerin sözlərinə görə yaz-yay aylarında dağətəyi, yaşıllıqları bol olan lazımi şəraitə malik evlərin qiyməti daha baha olur, nəinki şəhər mərkəzində bütün infrastruktura yaxın olanların.
Hazırda günlük evlərin qiyməti bir gecəsi üçün 5 manatdan başlayır və 30 manata çatır. Dörd-beş nəfərlik ailələr üçün evlər isə 80-100 manat arasında dəyişir. 
Hostellərin sayı 50-ni ötür
Yerli və xarici turizm şirkətləri ilə sıx əməkdaşlıq edən Yusif Yusifov hələ qədimdən Şəkinin qonaqlı-qaralı bir məkan olduğunu və son illər bu sahədə xeyli iş görüldüyünü diqqətə çatdırır.
Özünün də turizm şirkəti olan Yusif Yusifov bildirir ki, son bir neçə ildə Şəkidə 50-dən artıq hostel və motel fəaliyyətə başlayıb.
İndi turizm sektorunda olanlar daha çox iri hotellərə deyil, əsasən hostel və motellərə sərmayə yatırdığını qeyd edən həmsöhbətimiz bu sırada fərdi evlərin də yer aldığını bildirir.
Pandemiyadan sonra iş adamlarının Şəkidə turizm sektoruna olduqca diqqətlə yanaşdığını, xüsusən bütün şəraiti olan hostellər, eləcə də fərdi evlər aldığı, ya inşa etdiyini də sözlərinə əlavə edib.    
Yeri gəlmişkən….
Şəkiyə gələn hər kəs onun dadlı, əsrarəngiz mətbəx nümunələrindən dadmamış getməz. Digər tərəfdən bu rayonun növbənöv şirniyyatı da gələnlərin diqqətindən yayınmır. 
Şəki Turizm İnformasiya Mərkəzindən bildirildi ki, rayonda hostel və kirayə evlərin qiymətləri digər regionlarla demək olar eynilik təşkil edir. Sadəcə Şəkidə gəzməyə bol tarixi məkanlar, qalalar, sənətkarlıq emalatxanaları, muzeylər var. Digər tərəfdən daimi müştərisi, qonağı olan hotel, kirayə ev və restoranlar var ki, onlara xüsusi güzəşt tətbiq olunur.
Ən vacib və diqqəti cəlb edən məqam isə Şəkidə müştərinin cibinə girməyəcək, onu aldatmayacaq qədər öz halal çörəyini qazanan sahibkarlar yetərincədir. Sadəcə onları axtarıb, tapmaq yetər.

Turizm     Baxılıb: 294   Tarix: 17 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın


azerbaycan xeberleri son xeberler yeni xeberler iqtisadiyyat xeberleri bugun azerbaycanda son xeberler son xeber xeberler bugun 2026