Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir

Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir"Azərbaycanın Zəfər təqvimində 20 noyabrın xüsusi yeri var. Altı il əvvəl Qarabağın ən böyük iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri olan Ağdam 27 illik işğaldan azad edildi. Vətən müharibəsinin başa çatmasından cəmi on gün sonra Azərbaycan yüzlərlə kvadratkilometr ərazini əlavə hərbi əməliyyat aparmadan, yeni döyüş itkiləri vermədən geri qaytardı. Prezident İlham Əliyevin hərbi strategiyası və siyasi iradəsi Ermənistanı onilliklər ərzində möhkəmləndirdiyi hərbi mövqelərdən, böyük müdafiə istehkamlarından geri çəkilməyə məcbur etdi".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, Ağdamın qısa müddətdə təhvil alınması 44 günlük Vətən müharibəsinin miqyasını və nəticələrini qiymətləndirmək üçün mühüm tarixi faktdır:
"Azərbaycan döyüş meydanında qazandığı üstünlüyü siyasi müstəvidə daha böyük ərazi qələbəsinə çevirdi. Ağdamın işğaldan azad edilməsinin əhəmiyyətini rayonun Azərbaycanın iqtisadi və demoqrafik tarixində tutduğu mövqe ilə birlikdə qiymətləndirməyə ehtiyac var. Qarabağın dağlıq və aran hissələrinin qovşağında yerləşən Ağdam münbit torpaqları, zəngin kənd təsərrüfatı ənənələri, inkişaf etmiş emal sənayesi, böyük əmək ehtiyatları və əlverişli nəqliyyat imkanları ilə Azərbaycanın ən məhsuldar bölgələrindən biri idi. Bölgənin ötən əsrdə böyük iqtisadi yüksəlişində böyük dövlət xadimi Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövrünün müstəsna yeri var. 1969–1982-ci illərdə respublikada məhsuldar qüvvələrin regionlar üzrə yerləşdirilməsi, kənd təsərrüfatının sənayeləşdirilməsi və rayonların iqtisadi ixtisaslaşması istiqamətində genişmiqyaslı işlər görülmüşdü. Şərabçılıq, konserv, pambıq emalı, çörək, xalça istehsalı, avtomobil və traktor təmiri müəssisələrinin fəaliyyəti Ağdamı kənd təsərrüfatı məhsulları istehsal edən rayondan böyük aqrar-sənaye mərkəzinə çevirmişdi. İstehsalın artması yeni iş yerlərinin açılmasına, əhalinin gəlirlərinin yüksəlməsinə, şəhərin genişlənməsinə və rayonun demoqrafik inkişafına şərait yaradırdı".
Deputat əlavə edib ki, tarixi iqtisadi göstəricilər həmin yüksəlişin miqyasını aydın nümayiş etdirir:
"Ötən əsrin 80-ci illərində Ağdamın 28,8 min hektara yaxın əkin sahəsinin 13 min hektardan çoxunu üzümlüklər, 7,6 min hektarını taxıl, 7,5 min hektarını isə pambıq sahələri təşkil edirdi. Rayonun ticarət dövriyyəsi 1970-ci ildə 24,9 milyon rubl olduğu halda, 1980-ci ildə 53 milyon rubla, 1987-ci ildə isə 84,5 milyon rubla çatmışdı. Cəmi 17 il ərzində ticarət dövriyyəsinin 3,4 dəfə artması Ağdamın iqtisadi həyatındakı böyük dəyişikliklərin göstəricisi idi. Rayonun iqtisadi yüksəlişi onun mədəni həyatında da özünü göstərirdi. Şəhərin teatrı, muğam məktəbi, musiqi mühiti, dünyada nadir mədəniyyət müəssisələrindən olan Çörək Muzeyi, tarixi memarlıq abidələri və Qarabağ atçılıq ənənələri Ağdamın ümumazərbaycan miqyasında nüfuzunu artırırdı. Ağdamlı sənətkarların, musiqiçilərin, ziyalıların və təsərrüfat adamlarının fəaliyyəti rayonun sərhədlərini aşırdı. Şahbulaq qalası, Pənahəli xanın İmarət kompleksi, Cümə məscidi kimi tarixi abidələrin yerləşdiyi Ağdam Qarabağ xanlığının dövlətçilik irsinin də mühüm daşıyıcılarından idi. 1993-cü il iyulun 23-də Ağdam şəhərinin və rayonun böyük hissəsinin işğal olunması Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi ən ağır hərbi, siyasi və iqtisadi məğlubiyyətlərdən biri idi. İşğal ərəfəsində təxminən 143 min nəfər əhalisi olan Ağdam Azərbaycanın işğala məruz qalmış rayonları arasında ən böyük demoqrafik potensiala malik bölgə idi. Rayonun 1094 kvadratkilometrlik tarixi inzibati ərazisinin 846,8 kvadratkilometri işğal altında qaldı".
Zahid Orucun sözlərinə görə, işğal nəticəsində Ağdama vurulan maddi zərərin 13,1 milyard ABŞ dollarından artıq olduğu göstərilir:
"2020-ci ilin Vətən müharibəsində Azərbaycan işğal altında qalmış torpaqlarını azad etməklə onilliklər ərzində itirdiyi iqtisadi inkişaf imkanlarını da geri qaytardı. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuzun 44 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlar, xüsusilə Şuşanın azad edilməsi Ermənistanın qarşısında müharibəni davam etdirməyin ağır nəticələrini qoydu. 10 noyabr tarixli üçtərəfli Bəyanatla Ermənistan Ağdam, Kəlbəcər və Laçının işğal altında qalmış ərazilərindən öz hərbi qüvvələrini çıxarmaq öhdəliyini üzərinə götürdü. Noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana qaytarıldı. Ağdam istiqamətində uzun illər ərzində qurulmuş müdafiə istehkamlarının, çoxsaylı səngərlərin, mühəndis maneələrinin və mina sahələrinin birbaşa hərbi əməliyyatlarla keçilməsi ordumuz üçün əlavə itkilər bahasına başa gələ bilərdi. Ermənistanın 27 il ərzində möhkəmləndirdiyi həmin müdafiə sistemini tərk etməyə məcbur olması Azərbaycan Prezidentinin hərbi Qələbənin siyasi nəticələrindən maksimum istifadə etməsinin göstəricisi idi. Dövlət başçısı yüzlərlə kvadratkilometr ərazinin geri qaytarılmasını təmin etməklə yanaşı, müharibənin davam etməsi halında üzləşə biləcəyimiz yeni insan itkilərinin də qarşısını aldı. Nə qədər əsgərimizin həyatının qorunduğunu, nə qədər ailənin müharibənin yeni faciələrindən xilas olduğunu bu gün də düşünməliyik. Biz Ağdamı döyüşmədən qaytardıq, lakin Ağdam uğrunda Qələbəmizi məhz 44 günlük savaşda qazandıq. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və digər istiqamətlərdə ordumuzun əldə etdiyi hərbi nailiyyətlər Ağdamın azadlığının da təminatçısı oldu.
Prezident İlham Əliyevin 2020-ci il noyabrın 20-də xalqa müraciətində ağdamlılara ünvanladığı «Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız» sözləri yüz minlərlə insanın həyatında yeni mərhələnin başlandığını bildirirdi. Noyabrın 23-də dövlət başçısının Ağdam şəhərinə səfər etməsi, üçrəngli Azərbaycan bayrağını ucaltması, işğalın ağır nəticələri ilə yerində tanış olması rayonun gələcək taleyinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyırdı. Azərbaycan işğalçının xarabalığa çevirdiyi şəhəri yenidən qurmaq iradəsini bütün dünyaya nümayiş etdirirdi".
Müsahibimiz onu da vurğulayıb ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərinin bərpasının təməlinin qoyulması və Ağdam Sənaye Parkının yaradılması rayonun gələcək iqtisadi modelinin əsas istiqamətlərini müəyyənləşdirdi:
"Rayonun böyük demoqrafik potensialının geri qaytarılması onun istehsal güclərinin də bərpasını, daimi iş yerlərinin yaradılmasını, sahibkarlığın genişləndirilməsini və əhalinin dayanıqlı gəlir mənbələrinə malik olmasını tələb edir. Ağdamın digər işğaldan azad edilmiş bölgələrdən fərqlənən mühüm iqtisadi üstünlükləri var. Rayonun münbit torpaqları, geniş əkinçilik ənənələri, Azərbaycanın böyük istehlak bazarlarına yaxınlığı, Bərdə, Yevlax, Tərtər, Ağcabədi və Xankəndi ilə nəqliyyat əlaqələri burada kənd təsərrüfatı, sənaye, ticarət və logistikanın paralel inkişafına imkan verir. Bərdə–Ağdam avtomobil yolunun, dəmir yolu və avtovağzal kompleksinin, elektrik yarımstansiyalarının, rəqəmsal idarəetmə mərkəzinin və Xaçınçay su anbarının istifadəyə verilməsi rayonun iqtisadi potensialının reallaşdırılması üçün mühüm infrastruktur bazası yaradır. Ağdam Sənaye Parkının yaradılması bölgənin gələcək iqtisadi ixtisaslaşmasının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Böyük Qayıdış proqramı çərçivəsində 2025-ci il martın 27-dən etibarən Ağdam rayonuna keçmiş məcburi köçkünlərin köçürülməsinə başlanması iqtisadi quruculuğun yeni mərhələsini açdı. 2026-cı ilin noyabrına olan məlumatlara görə, Ağdam şəhərində, Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində ümumilikdə 2146 ailə, 8300 nəfər məskunlaşıb. Ağdam şəhərinin perspektivdə 100 min nəfər əhali üçün nəzərdə tutulması isə Qarabağın böyük şəhər mərkəzlərindən birinin yenidən yaradılması deməkdir".
Deputatın fikrincə, Ağdamın iqtisadi dirçəlişinin ümumrespublika əhəmiyyəti də böyükdür:
"İşğal illərində dövlətin əsas vəzifələrindən biri yüz minlərlə məcburi köçkünün sosial müdafiəsini təmin etmək idisə, indi həmin insanların doğma torpaqlarında məhsuldar əmək fəaliyyəti ilə məşğul olması üçün yeni imkanlar yaradılır. Vətənin bütövləşməsi sərhədlərin bərpasından başlayır, lakin onun iqtisadi, sosial və demoqrafik bütövləşməsi ilə daha geniş məzmun qazanır. Heydər Əliyevin böyük quruculuq fəaliyyəti nəticəsində ötən əsrdə Azərbaycanın qüdrətli aqrar-sənaye mərkəzlərindən birinə çevrilmiş Ağdam Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin yeni yüksəliş dövrünə qədəm qoyub. Altı il əvvəl Prezident İlham Əliyev Azərbaycanın hərbi Qələbəsinin siyasi nəticələri sayəsində Ağdamı əlavə döyüş itkiləri vermədən Vətənə qaytardı. İndi Azərbaycanın Ağdamdan qazanacağı böyük iqtisadi, demoqrafik və mədəni sərvətlər dövrü başlayır".
Aynur Babazadə

Siyasi       Tarix: 20 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. xəbə

Yaponiyaya dəstək, İrana təzyiq: ABŞ-ın pərdəarxası siyasəti

ABŞ-ın Yaponiyanın nüvə imkanlarından müdafiə məqsədilə istifadə etməsinə müsbət yanaşdığı halda, İranın nüvə proqramına qarşı sərt mövqe sərgiləməsi beynəlxalq müstəvidə müzakirələrə səbəb olur. Vaşinqtonun bu iki ölkəy

İqtisadi əlaqələr və investisiya perspektivləri

Azərbaycanilə Böyük Britaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.12 noyabr 2026-cı ildə Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığını

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bi

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

Azərbaycanla Özbəkistan arasında pensiya təminatı sahəsində əməkdaşlıq Sazişi təsdiqləndi

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb. Qeyd edək ki

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA

ABŞ və İran arasında son dövrlər artan hərbi-siyasi gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Tərəflərin qarşılıqlı təhdidləri, regionda hərbi fəallığın artması və diplomatik münasibətlərdə yaranan fikir ayrılıqlar

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber son xeberler bugun 2026 azerbaycan en son xeber sonxabar